Rəşt-Astara: Bakı üçün fürsət, yoxsa tələ? -Moskva və Tehran qalmaqallı dəmir yolunun tikintisinə hazırlaşır

“Moskvada ümid edirlər ki, Rəşt-Astara dəmir yolu xəttinin tikintisi yaxın vaxtlarda başlayacaq”.
Yenixeber.org: Bu barədə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov açıqlama verib.
“İranlı dostlarımız tikintiyə başlamazdan əvvəl görülməsi vacib olan bütün tədbirləri həyata keçirirlər. Biz bundan məmnunuq”, – o, Tehranda iranlı həmkarı Abbas Arakçi ilə görüşdən sonra bildirib.
Lavrov vurğulayıb ki, Rəşt-Astara dəmir yolu Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tam fəaliyyətə başlaması üçün vacib hissə olduğundan, çox mühüm addım atmağa imkan verəcək.
“Ümid edirik ki, tikinti ən qısa zamanda başlayacaq və Rusiya bu məqsədlə ixrac krediti ayıracaq”, – deyə nazir əlavə edib.
Hələ tikinti başlamayıb və indiki dövrdə Azərbaycan necə davranmalıdır? Azərbaycan ərazisindəki dəmir yolu ilə birləşməsi nəzərdə tutulan bu yolun peyda olması Bakının maraqlarına uyğundurmu? Axı, bu proses Moskvada və Tehrandakı qlobal siyasətdə təcrid edilmiş hakim rejimlər çərçivəsində gedir. Deməli, bu layihənin həyata keçməsi Bakının sanksiyalara məruz qalan ölkələr və onların azsaylı müttəfiqləri arasında iqtisadi əlaqələrə birbaşa dəstəyi anlamına gələcək.
Bakının bu planlardan daha əlverişli vaxtlara qədər imtina etməsi çox gec deyilmi? Əslində, layihənin özündə heç bir mənfilik yoxdur və reallaşdırılmağa layiqdir. Lakin yalnız o halda ki, iştirakçı ölkələr işğalçı müharibələr aparmasınlar və beynəlxalq terroru dəstəkləməsinlər.
Şərqi Avropa ölkələri üzrə rusiyalı eksperti, “Azadlıq Radiosu”nun jurnalisti Vadim Dubnov (Praqa) bununla bağlı fikirlərini bizimlə bölüşüb.
Dubnov hesab edir ki, bu layihədə həddən çox mənfi məqamlar var və buna görə də, Rəşt-Astara layihəsinin uğur qazanacağına inanmır.
“Bu layihə artıq uzun müddətdir müzakirə olunur, lakin kifayət qədər obyektiv çətinliklər mövcuddur. Əslində, İran özü də lazım olan sayda qatarı qəbul etməyə tam hazır deyil. Üstəlik, İranın yol infrastrukturu texniki baxımdan yetərli səviyyədə deyil və beynəlxalq standartlara tam cavab vermir. Amma bu layihə Rusiya üçün çox sərfəli olardı.
Mənə elə gəlir ki, burda siyasi amillər də rol oynayır. İran üçün bu layihə o qədər də cəlbedici deyil. Görünən odur ki, Moskva hazırda İrana təzyiq göstərərək, onu Rusiyaya Zəngəzur dəhlizinin alternativini təmin edə biləcək digər yol variantından yayındırmağa çalışır. Rusiya üçün Araz dəhlizindən keçə biləcək alternativ yol marşrutu o qədər də maraqlı deyil.
Mən düşünürəm ki, Moskva Tehranın bu ideyadan əl çəkməsi üçün onu böyük kreditlər və iqtisadi imkanlarla cəlb etməyə çalışır. Amma bu, çox da uğurlu olmayacaq”, - deyə Dubnov bildirir.
Bundan əlavə, ekspertin fikrincə, burada siyasi məqamlar da var. Lavrovun İrana səfəri məhz Rusiya-Azərbaycan münasibətlərinin yaxşı olmadığı bir dövrə təsadüf edir. Belə məqamda Azərbaycanın siyasi rəqibi ilə görüşmək bir növ mesaj xarakteri daşıyır.
“Bu, eyni zamanda İranla danışıqlar apararaq sonradan Bakıya təzyiq göstərmək cəhdidir. Məncə, bu, Moskvanın qurduğu böyük siyasi oyunun tərkib hissəsidir.
Lakin hesab etmirəm ki, Azərbaycan Rəşt-Astara layihəsində maraqlıdır. Rəsmi Bakı bundan əvvəl də bu layihəyə ciddi maraq göstərmirdi.
Əlbəttə, müzakirələr davam edəcək, amma layihənin böyük uğur qazanması çətin görünür. İndiki dövrdə Azərbaycan üçün nə Rusiya, nə də İranla belə iri iqtisadi layihədə birgə çalışmaq əlverişli deyil. Çünki hazırda dünyada çox maraqlı proseslər gedir. Ola bilsin ki, Bakı artıq tamamilə başqa istiqamətə yönələcək və bu məsələdə ABŞ-nin mövqeyinə üstünlük verəcək”, - deyə Dubnov vurğulayıb.(pressklub)
Rauf Orucov