Yenixeber.org: ABŞ Prezidenti Donald Trump Ukraynaya müharibə zamanı göstərilən yardımların əvəzi olaraq, ölkənin təbii ehtiyatlarının yarısının ABŞ-a verilməsini təklif edib. Bu təkliflər Ukrayna hökumətini çətin seçim qarşısında qoyub və ABŞ ilə Aİ arasında müəyyən gərginliyə səbəb olub.
Ukrayna Baş naziri Denys Shmyhal ABŞ ilə aparılan danışıqlarda təhlükəsizlik zəmanətlərinin vacibliyini qeyd edərək, bu məsələ həll olunmadan hər hansı razılaşmanın imzalanmayacağını bildirib. Bu vəziyyət, Ukraynanın strateji əhəmiyyətini artırmaqla yanaşı, ABŞ və Aİ arasındakı rəqabəti də gücləndirir.
Ukraynanın təbii ehtiyatları ilə bağlı ABŞ və Aİ arasında yaranan bu fikir ayrılıqları, hər iki tərəfin regiondakı maraqlarını və strateji mövqelərini yenidən nəzərdən keçirməsinə səbəb olur.
ABŞ və Avropa İttifaqı arasında gərginliyin əsas səbəbi
Ukraynalı siyasi ekspert Aleksandr Kovalenko Apa-ya açıqlamasında tərəflər arasında fikir ayrılığının kökündə, əslində, Ukrayna məsələsinin dayanmadığını düşünür.
“ABŞ və Avropa İttifaqı arasında münaqişənin əsas səbəbi, əslində, Ukrayna deyil. Bu münaqişənin kökləri hələ Donald Trampın ilk prezidentlik dövrünə gedib çıxır. O vaxt əsas səbəb Avropanı NATO-nun büdcəsinə daha çox maliyyə ayırmağa məcbur etmək cəhdi idi. ABŞ-nin məqsədi o idi ki, NATO-nu maliyyələşdirən əsas tərəf ABŞ deyil, Avropa özü olsun, yəni Avropa ölkələri öz təhlükəsizliklərinə daha çox qayğı göstərsinlər və xərclərin əsas hissəsini öz üzərlərinə götürsünlər. Donald Tramp bu kontekstdə, əlbəttə ki, nə siyasi korrektlik, nə də diplomatiya çərçivəsində hərəkət etmir, Avropanı ABŞ üçün sərfəli şəkildə davranmağa məcbur etmək istəyir. Avropa İttifaqı da, öz növbəsində, bu ritorikanı tamamilə qəbuledilməz sayır. Ümumilikdə, sosial uyğunlaşma qabiliyyəti aşağı olan Donald Trampın belə qeyri-diplomatik ritorikası ona ciddi nəticələr qazandırmayacaq.”
“Ukrayna Aİ ilə ABŞ arasında balans rolunu oynamayacaq”
Kovalenkonun sözlərinə görə, Ukrayna hazırda ABŞ ilə yüksək səviyyəli əlaqələri qorumağa çalışır, eyni zamanda Avropa İttifaqı ilə kifayət qədər stabil münasibətlərə malikdir.
“Biz Avropa ilə ABŞ arasında balans rolunu oynamaq niyyətində deyilik, bu, bizim üçün əlavə yük olar. Onsuz da həll etməli olduğumuz çoxlu məsələ var. Bununla belə, bu, o demək deyil ki, biz bu geosiyasi qarşıdurmanın hər hansı tərəfi ilə əlaqələrimizi kəsəcəyik. Ukrayna hər zaman bütün tərəfdaşlarla qarşılıqlı faydalı, dostluq və anlaşmaya əsaslanan münasibətlər qurmağa çalışıb. Amma Donald Tramp kimi mürəkkəb siyasi fiqurla Avropanın ambisiyalarını təmin etmək naminə dil tapmağa çalışmaq – bu, mümkün bir şey deyil. Bununla belə, Ukrayna mövzusu həm Avropa liderlərinin, həm də Ağ Evin daxili münasibətləri kontekstində dəfələrlə gündəmə gəlib”, - deyə ekspert vurğulayıb.
Ukrayna hansı ölkələrə üstünlük verəcək?
“Kiyev ilk növbədə, Rusiya ilə qarşıdurmada ona uzunmüddətli dəstək vəd edən ölkələrə üstünlük verəcək. Bu isə, əsasən, Avropa ölkələridir. ABŞ isə, xüsusən də respublikaçılar etibarsız tərəfdaş olduğunu göstərib. Bəli, onlarla iş aparmaq mümkündür, amma bu, kazinoya bənzəyir. Donald Tramp özü də kazinoya xas bir insandır – hər şey qoyulan mərclərdən asılıdır. O, səninlə yaxşı münasibət qura bilər və sən “cekpot” uda bilərsən, yaxud əksinə – hər şeyini uduzarsan. Bundan əlavə, Ukrayna müxtəlif istiqamətlərdə sıx əlaqələrini inkişaf etdirir. Xaricdə bizi dəstəkləyən çox sayda tərəfdaşımız var. Ukraynanın əsas məqsədi – siyasi cəhətdən sabit olan və gözlənilməz sürprizlər etməyəcək ölkələrə üstünlük verməkdir” Kovalenko qeyd edib.
ABŞ və Rusiya arasında keçirilən İstanbul görüşünə toxunan ukraynalı ekspert qeyd edib ki, bu, sıradan bir görüş olacaq və ciddi irəliləyiş baş verməyəcək: “Səudiyyə Ərəbistanında keçirilən görüş kimi, burada da əsas mövzu “razılaşmaq barədə razılığa gəlmək” olacaq. Yəni, ABŞ və Rusiya müəyyən məsələləri müzakirə edəcək. Ukrayna və Avropa kimi əsas tərəflərin iştirakı olmadan konkret nəticələr gözləmək mənasızdır. Belə görüşlər, sadəcə, gələcək danışıqlar üçün zəmin hazırlayır. Gələn həftə, iki həftə və ya bir ay ərzində Ukrayna-Rusiya qarşıdurmasının həll ediləcəyini düşünmək real deyil. Hətta Donald Tramp və ətrafının hər şeyin tez bir zamanda həll oluna biləcəyinə dair bəyanatlarına baxmayaraq, yaxın altı ay ərzində diplomatik gərginlik davam edəcək. Üstəlik, Trampın diplomatiya ilə arası heç də yaxşı deyil. Bu, çox çətin danışıqlar prosesini əhatə edəcək. Hərbi əməliyyatların tam dayanması isə gözlənilmir. Qarşıdurmalar müəyyən intensivlikdə davam edəcək. Bu müddət ərzində elə hadisələr baş verə bilər ki, danışıqlara təsir etsin. Ona görə də bu görüşləri yalnız ilkin mərhələ hesab etmək olar. Bu görüşlər son qərarların açarı deyil”.
“ABŞ Avropanın müharibə vərdişini təkrarlamaması üçün İkinci dünya müharibəsindən bu yana Avropadadır”
Amerikalı jurnalist və ekspert Nurit Qrinqer isə APA-ya açıqlamasında qeyd edib ki, ABŞ Aİ-nin müharibə etmək kimi vərdişini yenidən təkrarlamaması üçün İkinci dünya müharibəsindən bu yana Avropada mövcudluğunu davam etdirir:“ABŞ Avropanın insan ölümlərinə səbəb olan yeni müharibələr başlatmaması üçün oradadır. Avropa ABŞ-nin orada olmasını təbii qəbul edib. NATO üzvü olan ölkələr öz öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir və Aİ-də belə bir düşüncə var ki, müharibə yenidən başlasa, ABŞ yardım edəcək. Avropa qitənin sağlam idarə edilməsini təmin etməyib, nəticədə, qitə daxildən qeyri-əmin məkana çevrilib”.
ABŞ-nin 46-cı Prezidenti olmuş Cozef Bayden dövrünü Vaşinqtonun siyasi cəhətdən pis dövrü adlandıran ekspert Qrinqer Donald Trampı ölkənin çətin vəziyyətdən çıxarılması üçün seçildiyini deyib.
“Cozef Bayden ABŞ üçün bir fəlakət oldu. O, ölkəni qarışdırdı. Tramp Bayden Administrasiyasının ölkəyə vurduğu zərəri aradan qaldırmaq üçün seçilib. Trampın bütün hərəkətlərinin doğru olub-olmaması barədə heç bir şey demək olmaz, amma o, millətlərin bir-birinə qarşı müharibə etməsini istəmir. Rusiya lideri Putin isə siyasi cəhətdən lunatikdir, digər ölkələrə qarşı imperiya və genişlənmə ambisiyaları var. Putin heç bir səbəb olmadan Ukraynanı işğal etdi. İndi Putin yenidən eyni işi görür, iqtisadi baxımdan Rusiyadan asılı olan Avropa İttifaqı ölkələri isə nə edəcəyini heç bilmir. 2022-ci ildə ABŞ-də Prezident Tramp olsaydı, bu müharibə başlamayacaqdı. Tramp nə Rusiya, nə də Ukraynanın uduzmayacağı, ədalətli və davamlı sülh sazişinə vasitəçilik etmək istəyir. Nəticəni görəcəyik”, - deyə amerikalı ekspert bildirib.
“Aİ öz təhlükəsizliyini təmin etməlidir”
Nurit Qrinqer Rusiyaya qonşu olan Avropa ölkələrinin öz təhlükəsizliklərini təmin etməli olduğunu vurğulayıb: “Onlar ABŞ-nin onları qorumasına arxayın olmamalıdırlar. Tramp artıq bildirib ki, ABŞ heç bir qarşılıq görmədən xeyriyyəçi kimi çıxış etməyəcək”.
Avropa ölkələrinin yeni ərazi reallığını tanımalarını gözləmək olmaz
Avropa Parlamentində Slovakiyadan olan müşavir, xarici siyasət üzrə ekspert Marian Duris isə APA-ya açıqlamasında Aİ və ABŞ arasında münaqişənin iki səviyyədə mövcud olduğunu bildirib.
“Birinci səviyyə ideoloji xarakter daşıyır, çünki Avropa Komissiyasındakı insanlar keçmiş Ağ Ev rəhbərliyi ilə daha çox uzlaşırdılar. Bu gün isə orada cənab Donald Tramp əyləşib və onun fikirləri komissarların dəyərlərə əsaslanan düşüncə tərzi ilə ziddiyyət təşkil edir. İkinci səviyyə isə münaqişənin özüdür. ABŞ və Rusiya arasında keçirilən görüşlərdə Avropa İttifaqı iştirak etməyib. Məsələn, bu gün İstanbulda görüş keçirilir, amma Aİ-nin iştirakı olmadan. Biz ABŞ-nin öz maraqlarını Rusiya Federasiyası ilə uzlaşdırmağa daha çox hazır olduğunu müşahidə edirik. Avropa ölkələrinin isə yeni ərazi reallığını tanımalarını gözləmək olmaz”, - deyə o vurğulayıb.
2008-ci il: Rusiya-Gürcüstan müharibəsi
Xatırlatmaq yerinə düşər ki, 2008-ci il avqust ayında baş verən Rusiya-Gürcüstan müharibəsi zamanı Avropa İttifaqı (Aİ) və NATO Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etsə də, Tbilisiyə hərbi dəstək verilmədi. Rusiya sürətlə hərbi müdaxilə edərək Gürcüstan qüvvələrini geri çəkilməyə məcbur etdi. NATO isə Gürcüstanı dəstəklədiyini ifadə etsə də, sonralar ölkənin Şimali Atlantika Alyansına qoşulması istiqamətində heç bir addım atılmadı, əksinə, ciddi maneələr ortaya çıxdı. Doğrudur, Gürcüstana siyasi və iqtisadi dəstək göstərildi, lakin bu, Rusiya-Gürcüstan münaqişəsinin nəticələrini dəyişdirmədi.
Gürcüstan-Rusiya müharibəsində olduğu kimi, Aİ və NATO-nun Ukrayna müharibəsinə də reaksiyası daha çox diplomatik və siyasi dəstək üzərində qurulub, bu dəstəyin isə müharibənin gedişatına və yekun nəticəsinə ciddi təsir göstərmədiyi müşahidə olunur.(Apa)
Faiq Mahmudov
Lamiyə Şirinova