Həlledici döyüş, alçaldıcı sülh, sönməyən qisas hissi... –Moskvanın uğursuz işğal cəhdi nə ilə nəticələndi?
85 il əvvəl, 1939-cu il noyabrın 30-da SSRİ Finlandiyaya qarşı hərbi təcavüzə başladı. Üç həftəyə yekunlaşması nəzərdə tutulan savaş üç aydan çox çəkdi. Finlər inanılmaz müqavimət göstərərək, bütün dünyanı mat qoydular. SSRİ sonda qalib gəlsə də, bu qələbə ağlasığmaz itkilər bahasına əldə olundu.
Yenixeber.org: “Radio Svoboda”nın sovet-fin müharibəsi haqda məqaləsini təqdim edirik.
Əvvəli: Burada
Bacarıqla deyil, sayla qalib gəlmək
Kareliya bərzəxindəki birinci hücumun uğursuzluğundan sonra sovet ordu komandirləri Kiril Meretskov və Qriqori Ştern Ladoqa ətrafında və Şərqi Kareliya meşələrində aparılan döyüşlərdə əzici canlı qüvvə və texnika üstünlüyündən istifadə etmək qərarına gəldilər. Savaşda iştirak üçün bərzəxdə 750 minə qədər hərbi qulluqçu toplandı.
Söhbət Leninqrad ətrafına gətirilən bütün ehtiyat qüvvələri Kareliya bərzəxinin yetərincə dar sahəsində toplamaqdan və itkilərlə hesablaşmayaraq, fin müdafiəsini sözün hərfi mənasında sındırmaqdan, taran zərbəsi ilə birbaşa Vıborqa çıxmaqdan gedirdi. Komandarm Meretskovun bu planı fevralda həyata keçirilməyə başladı.
Uzunmüddətli atəş nöqtələrini dağıtmaq üçün ağır artilleriyadan - 203-280 mm kalibrli 81 topa malik 14 diviziondan - istifadə olunurdu. Fevralın 1-də Summa rayonunda sutka boyu 3 minə qədər ağır mərmi atıldı. Bu, Verden döyüşündən sonra ən kütləvi artilleriya atəşi idi: finlərin 16 batareyasına 440 topdan ibarət 104 sovet batareyası atəş açırdı. 16 diviziya Hatyalaxti və Muola göllərindən tankların və 500 təyyarənin dəstəyi ilə hücuma keçdi. Semyon Timoşenkonun rəhbərlik etdiyi Şimal-Qərb cəbhəsinin qoşunları Mannerheym xəttindəki istehkamlara hər gün 12 min mərmi tökürdü. Finlər hazırlanan yeni zərbəni əks-hücumlarla pozmağa çalışırdılar.
On günlük artilleriya hazırlığından sonra fevralın 11-12-də Qırmızı ordunun əsas hücumu başladı. Artilleriya atəşi və tank hücumları üzündən finlərin böyük itkilər verdiyi Lahde rayonunda müdafiə yarıldı. Ağır KV-1 və odsaçan tanklardan kütləvi istifadə olunurdu. Üç günlük döyüşlərin gedişində 7-ci ordunun hissələri müdafiənin birinci zolağını yardı və yaranan boşluğa atılan tank birlikləri müvəffəqiyyəti inkişaf etdirdilər. Fin ordusunun hissələri fevralın 17-də müdafiənin ikinci zolağına çəkildilər. Onlar qəhrəmancasına müdafiə olunurdular, amma Mannerheym mühasirəyə düşüb məhv olmamaları üçün qoşunları ehtiyat məntəqələrə çəkdi.
Fevralın 21-də 7-ci ordu ikinci zolaqda, 13-cü ordu isə artıq əsas müdafiə zolağında döyüşlər aparırdı. Şimal-Qərb cəbhəsinin iki ordusu Vuoksa gölündən Vıborq körfəzinə qədər sahədə yenidən hücuma keçəndə yorğun fin qüvvələri fevralın 28-də geri çəkilməyə başladılar. Qırmızı ordu Vıborqu martda ələ keçirmək üçün səylərini artırırdı. Bu məqsədlə qoşunların bir hissəsi Vıborq körfəzinin buzu üzərindən hücuma göndərildi və böyük itkilərlə qarşı tərəfdə kiçik, finlər üçün təhlükəli plasdarm yaradıldı. Finlər savaşın sonuna qədər bu təhlükəni bloklaya bildilər. Fin ordusunun mənəvi ruhu hələ də yetərincə yüksək idi, çünki düşmən böyük itkilər verirdi. Hərbçilər tezliklə Britaniya və Fransa qoşunlarının yardıma gələcəyinə inanırdılar.
Əsgərlərdən fərqli, Finlandiya siyasətçiləri anlayırdılar ki, Fransa-Britaniya ekspedisiyası qarşısında İsveç və Norveçin bitərəfliyi kimi keçilməz əngəl var. Mənəvi və maddi dəstək mümkün idi, amma hərbi əməliyyatlarda bilavasitə iştirak imkansız idi.
Fin hökuməti çaş-baş qalmışdı. Nə etməli: dünya müharibəsində iştirak riskini gözə alaraq Britaniya və Fransaya hərbi yardım üçün müraciət etmək, ya da ağır ərazi güzəştlərinə razı olmaq? Xarici işlər naziri Vaynö Tanner yenə İsveçə uçdu. Orada əmin oldu ki, İsveçin sosial-demokrat hökuməti nizami ordusunu göndərməyəcək, Britaniya-Fransa qüvvələrinə də tranzit icazəsi verməyəcək. İndi Tanner ağır sülhün tərəfində idi, baş nazir Rütinin aydın mövqeyi yox idi, müdafiə naziri Niukkanen isə Qərb ölkələrinin köməyi ilə müqaviməti davam etdirməyi təklif edirdi. Baş komandan Mannerheym fevralın 22-də bildirdi ki, qoşunlar, ola bilsin, Kareliya bərzəxini müdafiə edə bilməsinlər.
İsveçdəki sovet səfiri Aleksandra Kollontay ilə yeni əlaqə yaratmaq cəhdi ağır xəbərlər gətirdi: Kremlin “sülh” tələbləri böyümüşdü. Molotov - yəqin ki, Stalinin tapşırığı ilə, - fevralın sonlarında Stokholma sülhün bədəlini xəbər verdi. SSRİ Hanko yarımadasının icarəsindən və Fin körfəzindəki bütün adaların verilməsindən başqa Finlandiyanın ikinci şəhəri olan Vıborqla birlikdə bütün Kareliya bərzəxinin və Sortavala ilə birlikdə bütün Ladoqa ətrafını tələb edirdi. Deyilirdi ki, bu, minimum tələblərdir. Qırmızı ordu müharibənin gedişində bu əraziləri tutmamışdı, hərçənd döyüşlər Vıborqa yaxınlaşırdı. Seymin deputatı Paasikivi Stalinin tələblərini “qorxunc” adlandırdı.
İsveç silah verməyə və könüllülər dəstəsini buraxmağa hazır idi, amma ingilis və fransızlar üçün tranzit qapanmışdı: Almaniyanın reaksiyasından qorxurdu. Ancaq Britaniya və Fransa nəticəsi məlum olmayan desant əməliyyatına yenə də hazırlaşırdılar. Britaniyanın Helsinkidəki səfiri Vereker fevralın 24-də xəbər verdi ki, müttəfiqlər qış kampaniyası üçün hazırlıqlı 24 min nəfərlik qüvvə göndərməyi planlaşdırırlar. Qərb qüvvələri gecikə və ya yetərli olmaya bilərdilər. Sonralar məlum olduğuna görə, müttəfiqlər apreldə 100 minə qədər qüvvə çıxarmağı planlaşdırırmışlar, amma onun çox hissəsi Norveçlə İsveçin dəmir filizi mədənlərinin işğalı və sahilboyunun müdafiəsi üçün nəzərdə tutulurdu. Finlandiyaya kömək üçün birinci mərhələdə 15 mindən çox olmayan qüvvə göndərmək planlaşdırılırdı, o da ağır texnikasız.
Çarəsizlik və məcburi sülh
Fin siyasətçilər ağır seçim etməli idilər. Ölkənin cənubunun işğalı kimi real təhlükə vardı, bunun da ardınca hökumətin sovetyönümlü ilə dəyişdirilməsi, sonra da ilhaq gələcəkdi. Rütinin sözlərinə görə, Finlandiya, haradan olur-olsun, yardım qəbul etməyə hazır idi. Bu barədə Stokholma xəbər verdilər, amma İsveç hökumətinin yardım və tranzitlə bağlı mövqeyi dəyişmədi. Baş nazir Hansson Tanneri xəbərdar etdi ki, əgər müttəfiq qoşunları İsveçin razılığı olmadan onun ərazisindən keçərlərsə, İsveç SSRİ-nin tərəfində onlarla savaşmalı olacaq.
Berlinin mövqeyi Moskva ilə bağladığı paktla və hərbi əməliyyatların gedişinə qarışmamaqla müəyyənləşirdi. Amma 2 saylı nasist Herman Görinq fin diplomata konfidensial şəkildə bildirdi: “Yadda saxlayın, istənilən şərtlərlə sülh bağlamalısınız. Sizi əmin edirəm, biz qısa müddət sonra Rusiya üzərinə savaşa gedəndə, hər şeyi faizi ilə birlikdə geri alacaqsınız”.
Bir neçə günlük diskussiyalar zamanı Rüti və Tannerin başçılıq etdiyi hökumət çoxluğu ultimativ sülh şərtlərini qəbul etmənin tərəfdarı oldu. Qorxurdular ki, Stalin şərtləri ağırlaşdırar.
Əgər Britaniya və Fransa qoşunlarını Narvikə çıxarsaydılar belə, isveçlilər və norveçlilər onların Finlandiyaya hərəkəti ilə barışsaydılar belə, ən yaxşı halda, bir aydan sonra cəbhədə olacaqdılar, özü də uğura təminat verməyəcək sayda. Bu vaxt ərzində Qırmızı ordu Vıborqu tutar və Helsinkiyə doğru irəliləməyə çalışardı.
1940-cı il martın əvvəllərində Rüti və Tannerə aydın oldu: Finlandiyanı tək qoyublar. Ölkəni xilas etmək üçün danışıqlara getmək lazımdır. Siyasətçilərə “mübarizəni təkbaşına aparmağın mümkünsüzlüyü”ndən çıxış etməyi məsləhət görən Mannerheym də eyni mövqeni bölüşürdü.
1940-cı il martın 7-də Moskvada başlayan danışıqlar martın 12-də Stalinin şərtləri ilə Moskva sülh müqaviləsinin imzalanması ilə yekunlaşdı. Finlər güzəşt qopara bilmədilər. Sərhəd, faktiki, 1721-ci ilin “I Pyotr xətti” ilə keçirdi, üstəlik, SSRİ Vıborq quberniyasını və Ladoqa ətrafını ilhaq edirdi. Sovet İttifaqı Hoqland adasına sahiblənir, Hanko bazasını isə icarəyə götürürdü. Bundan əlavə, şimalda Staraya Salla ərazisini kəsirdi: guya Murmansk dəmiryolunun təhlükəsizliyindən ötrü. Petsamoda Barens dənizinə çıxış Finlandiyada qaldı. Hərbi əməliyyatlar martın 13-də günorta dayandırıldı.
Finlandiya 26 min nəfər itirdi, 43 min nəfər də yaralandı. Stalin təcavüzü SSRİ-yə 131 min ölü və itkin hesabına başa gəldi, 250 minə yaxın da yaralı vardı.
Əsirlikdən qayıdanların taleyi acınacaqlı oldu: 158 nəfər güllələndi, 4354 nəfər NKVD yanında Xüsusi müşavirənin qərarı ilə 5-8 il müddətinə həbs düşərgəsinə göndərildilər. Yalnız 450 keçmiş əsir azad edildi. Finlərdən isə 847 nəfər əsirlikdən qayıtdı, 20 nəfər SSRİ-də qaldı.
Finlandiya üç şəhərdən - Vıborq, Sortavala və Kakisalmi, - iki iri qəsəbədən - Lahdenpohya və Koivisto, - bir necə yüz kənddən, 227 müəssisədən, 19 elektrik stansiyasından məhrum oldu. Kommunist işğalçıların hakimiyyəti altında olmayan demokratik ölkədə yaşamaq hüququ finlərə qoparılan ərazilər, itirilən mülkiyyət və 100 min insanın köçü bahasına başa gəldi.
Stalin sülh sazişinə niyə razılaşdı? Artıq verilmiş və veriləcək yeni böyük itkilər diktatorda çətin ki, tərəddüd yaradardı. Çox güman, bir siyasətçi kimi SSRİ-nin Böyük Britaniya və Fransa ilə birbaşa toqquşmasının təhlükəsini anlayırdı. Sovet rəhbəri Finlandiyada hücumun davam edəcəyi təqdirdə Almaniyanın tərəfində Qərb ölkələri ilə müharibəyə cəlb olunmağa risk etmədi. Ola bilər, Stalin sanballı ərazi qazancı ilə kifayətlənməyi, məğlubların işğalını və sovetləşdirilməsini təxirə salmağı, hələlik isə Baltik respublikalarına yönəlməyi qərara aldı.
1940-1941-ci illərdə baş verən hadisələrdən belə nəticə çıxarmaq olur. Moskva sülhünün imzalanmasından sonra da Stalin nüfuz dairəsi uğrunda mübarizəsinin bitdiyini düşünmürdü. Fransanın 1940-cı ilin mayında məğlubiyyətindən sonra o, Finlandiya üzərində tam nəzarətə yiyələnmək fikrindən əl çəkmirdi. SSRİ gah taxıl ixracını kəsərək, gah nikel tədarükü, gah da fin hökumətində dəyişikliklər tələb edərək, qonşusuna təzyiq göstərməyə çalışırdı.
1940-cı ilin payızında Berlinə səfər edən Molotov Hitlerə bildirdi ki, Almaniya ilə razılaşma “yerinə yetirilib, Finlandiya haqqında bənd istisna olmaqla”. Amma sovet hökumətinin başçısı fürerin yeni müharibənin yolverilməzliyi haqda sərt tələbi ilə üzləşdi. Htler qətiyyətlə bildirdi ki, Finlandiyanı indi də SSRİ-nin maraq dairəsi hesab edir, amma müharibə vaxtı Almaniyanın “Finlandiyada iqtisadi maraqları var, çünki oradan ağac və nikel alır”. Almanlar Finlandiya hökumətini Molotovun təhlükəli niyyətlərindən xəbərdar etdilər.
SSRİ şimal-qərb sərhədlərində, 1939-cu ildə olduğu kimi, neytral ölkə əvəzinə acıqlı, üstəlik, Baltik ölkələrinin 1940-cı ilin yayında ani sovetləşməsindən qorxuya düşən qonşu qazandı. Fin hakim elitasının bir hissəsi revanş həsrətində idi. Stalinin siyasəti və İkinci dünya müharibəsində yaranan şərait Helsinkini Berlinlə əməkdaşlığa sövq edirdi. Finlandiya silah təchizatı müqabilində alman qoşunlarının Laplandiyaya tranzitinə icazə verdi. Həmin vaxt Almaniya Finlandiyanın müstəqilliyinin təminatçısı idi: bunu hətta fin sosial-demokratları da təsbit edirdilər. Almaniya ilə yaxınlaşma artan sovet siyasi təzyiqinin qarşısını alma vasitəsi oldu.
İndi Berlində Qırmızı ordunu çox aşağı qiymətləndirirdilər, bu da Hitler rejimini sovet ordusunun Qış müharibəsi zamanı aşkara çıxan problemlərindən istifadə edərək, guya “birinci dərəcəli hərbi faktor təşkil etməyən” SSRİ üzərinə hücuma sürükləyirdi. Finlandiyanın alman müttəfiqinə yardımı cəlb etmə faktoru kimi təxmin edilirdi: SSRİ ilə sərhəddə səfərbər edilmiş fin ordusu şəklində.
Helsinki mümkün qədər neytrallığı qorumaq niyyətində idi, amma Stalin yenə də hadisələrin gedişini dəyişdi. 1941-ci il iyunun 25-də sovet aviasiyası iri fin şəhərlərini bombardman etdi [bundan əvvəl Finlandiya aerodromlarından qalxan alman təyyarələri sovet ərazisini bombardman etmişdilər - Pressklub]. Mülki obyektlər zərər gördü. 263 bombardmançının iştirak etdiyi hava hücumu artıq prezident olan Risto Rütini və hökumət başçısı Yohan Rangelli Finlandiyanın SSRİ ilə müharibə vəziyyətində olduğunu bəyan etməyə vadar etdi.
Qış müharibəsi olmasaydı, Finlandiya sonrakı sovet-alman müharibəsi zamanı bitərəf qalacaqdı. Ölkə prezidentinin də, sol mərkəzçi hökumətin də mövqeyi belə idi. O zaman qurbanlarının sayına görə dəhşətli Leninqrad blokadası çətin ki, yaşanardı. Bu halda fin cəbhəsi olmayacaqdı və SSRİ-nin gücü vermaxtı Leninqradın uzaq həndəvərində durdurmağa yetə bilərdi. Amma Finlandiya və SSRİ sülh əvəzinə 1939-cu ilin sonlarında sovet təcavüzü ilə başlayan ağır qarşıdurmanı hələ bir neçə il yaşamalı oldular.(pressklub)
Hazırladı: Yadigar Sadıqlı