“ABŞ Prezidenti Rusiya diktatorundan Rusiyanın üç ildir müharibə apardığı ölkə ilə bağlı məsləhət istəmişdi”
Yenixeber.org: “Tramp müsahibələrində və çıxışlarında Ukraynadan danışanda davamlı olaraq özünü təkrarlayır və illərdir düşmənçilik edir. Bu düşmənçilik amerikalı jurnalistləri və politoloqları maraqlandırmaya bilməz. Bu yaxınlarda “The New York Times” araşdırması bu münasibətin necə inkişaf etdiyini və nədən qaynaqlandığını göstərdi. Başlanğıc nöqtəsi 28 yanvar 2017-ci ildir. Tramp cəmi bir həftə idi ABŞ Prezidenti idi. O, Putinə zəng edir, Ukrayna məsələsini qaldırır və məsləhət istəyir – Putinin Ukrayna haqqında fikrini öyrənir. Fikir verin, ABŞ Prezidenti Rusiya diktatorundan Rusiyanın üç ildir müharibə apardığı ölkə ilə bağlı məsləhət istəyir”. Bu sözləri ABŞ-da olan siyasi şərhçi Dmitri Abramson UNİAN-a yazdığı analitik məqaləsində qeyd edib.
Analitik yazısına belə davam edir: “Putin, təbii ki, məmnuniyyətlə “Ukrayna korrupsiyası” haqqında monoloq söyləyir. Yəni ki, “korrupsiya çempionu” ukraynalılardan danışır... Və həmin gün Tramp Almaniyaya zəng edərək Angela Merkellə danışıb. O, Amerika və Avropanın Ukraynanı niyə dəstəklədiyini və Rusiyanın təcavüzünə qarşı durmağın nə üçün lazım olduğunu öyrənməyə çalışıb. Lakin Tramp qəfildən söhbəti kəsib, artıq bununla maraqlanmayıb. Növbəti anti-Ukrayna əhval-ruhiyyəsi Trampda bir il sonra, 2018-ci ilin fevralında hiss olundu. Sonra Putin açıq şəkildə elan etdi ki, əslində Rusiya deyil, Ukrayna Amerika seçkilərinə bir namizədi – qadın namizədi dəstəkləməklə müdaxilə edib. Məncə, bu bəyanat Tramp üçün xüsusi olaraq verilmişdi...”.
“Burada Trampın psixologiyasından bir az danışmaq və onun ABŞ prezident seçkilərində qələbəsinin böyük sürpriz olduğunu xatırlatmaq lazımdır. Hər şey ədalətli getdi, amma bizim bir sıra kəşfiyyat orqanlarımız Amerika seçkilərinə Trampın tərəfində müdaxilə edənin Rusiya olduğunu söyləməyə başladılar. Və bununla bağlı onun iki problemi var. Birincisi, o, istintaqdan qorxur (xüsusi prokuror Robert Müller Tramp şirkətinin əməkdaşları ilə Rusiya agentləri arasında bir neçə əlaqə tapıb). İkincisi, adamların təkbaşına qalib gəlmədiyini söyləməsi onu hiddətləndirir”, deyə Abramson qeyd edib.
Siyasi şərhçinin yazdığına görə, Trampın narsisistik şəxsiyyət pozğunluğu var: “Bunun nümunəsi kimi onun Şimali Karolinadakı son çıxışından sitat gətirəcəyəm: “Ukrayna Prezidenti bizim ölkədədir və o - sizin sevimli Prezidentiniz, mənim haqqımda çirkin bəyanatlar verir”... Beləliklə, Putin bu əsasda belə bir fikir ortaya qoyur ki, əslində Trampın tərəfində seçkilərə müdaxilə edən Rusiya deyil, Klintona kömək edən Ukrayna olub. Nəzərə alsaq ki, Trampın əlində fakt yoxdur və onun üçün konkret məqamda həqiqət faydalıdır, o, bu fikri qəbul edib. Daha sonra, 2018-ci ilin mayında Lavrovla görüşəndə artıq ondan Ukrayna ilə Hillari Klinton arasındakı münasibətləri soruşmağa başladı. Daha bir neçə ay keçdi, Tramp Hamburqda Putinlə görüşdü. O bildirdi ki, administrasiyası Ukraynaya silah ötürmək istəyir və soruşur: “Bu barədə nə düşünürsünüz?”. Bu, əlbəttə, pis zarafat kimi səslənir. Və rusiyalı “korrupsiya eksperti” olan Putin yenidən Ukraynanın korrupsiyaya uğradığını deyir. Əlavə edir ki, Rusiya Federasiyası Ukraynanın şərqindəki rusdilli əhalini “etnik təmizləmə”dən qorumağa borcludur. Nəticədə, 2019-cu ilin yayında Tramp təkbaşına Konqresdən 250 milyon dolları hərbi yardım olan 391 milyon dollarlıq paketin qarşısını aldı. Tramp 2023-cü ilin avqustundan 2024-cü ilin aprelinə qədər Ukraynaya yardımı effektiv şəkildə bloklamışdı”.
“Yeri gəlmişkən, ukraynayönlü Tramp tərəfdarları hələ də sübut edirlər ki, Ukraynaya “Javelin” verən Tramp olub. Təbii ki, vermədi, amma satılmasına icazə verdi. Söhbət ümumilikdə 47 milyon dollar dəyərində 37 qurğu və 210 raketdən gedir. Şərt də var idi: Donbassda yerləşdirmək olmaz. Ancaq Tramp tərəfdarları deyir ki, Ukrayna hələ də bu “Javelinlər”lə müharibə aparır...”, - deyə analitik qeyd edib.
Politoloq xatırladıb ki, jurnalist Bob Vudvord “Müharibə” kitabında Trampla Putin arasındakı əlaqələrdən də yazıb: “O, COVID-19 pandemiyasının başlanğıcında Trampın Putinə şəxsi istifadəsi üçün gizli şəkildə bir neçə test verib. O günlərdə heç kim pandemiya ilə necə mübarizə aparacağını bilmirdi, kifayət qədər test yox idi. Bu “Abbott” aparatları Amerika xəstəxanalarında işləməli idi və onlar şəxsən Putinə təhvil verildi. Çünki Putin yoluxmaqdan çox qorxurdu. Belə bir hərəkəti izah etmək çətindir. Nə qədər ki, Tramp Putini çox sevir və ona açıq-aşkar paxıllıq edir, Ukraynaya münasibət eyni olacaq. Tramp Putinin Rusiyada sahib olduğu gücə ABŞ-da sahib olmaq istəyir... Nəzərə alsaq ki, belə liderlərin mafioz düşüncəsi var, bu, bir jestdir: “Bizim öz prinsiplərimizə uyğun olaraq hər şeyimiz var”. Bob Vudvord yazır ki, Tramp Ağ Evi tərk etdikdən sonra da Putinlə ən azı 7 dəfə gizli danışıb. Bu söhbətlərdə onu mütəmadi olaraq “Müharibəni 24 saata bitirəcəyəm” ifadəsini təkrarlamağa vadar edən manipulyasiyalar olubmu?.. Bu suala isə dəqiq cavab vermək olmur”.(AYNA)