"SUİ-QƏSDƏ BƏNZƏYİR..." - Trampa bu dəfə güllə atmaq istəyən kim olub?
Sentyabrın 16-da Donald Trampa qarşı daha bir sui-qəsdin baş verdiyi barədə məlumatlar yayıldı. Daha doğrusu, ona aid qolf klubunun yaxınlığında atışma səsləri eşidildi.
Yenixeber.org: Sonradan məlum oldu ki, atəş açan Trampı qoruyan xüsusi təhlükəsizlik xidmətinin əməkdaşları olub. Onlar bu zaman şübhəli şəxsi zərərsizləşdirməyə çalışıblar. Şübhəli isə Uesli Rut adlı şəxsdir. Məlumata görə, Rut avtomatının lüləyini Trampın Qolf Klubunu əhatə edən tor hasardan keçirməyə çalışıb. Təhlükəsizlik əməkdaşları bu zaman onu zərərsizləşdirərək, həbs ediblər. Həmin vaxt şübhəli şəxs Trampdan 270-450 metr məsafədə olub. ABŞ FTB-si hadisənin “sui-qəsd cəhdinə bənzədiyini” bəyan edib.
Xarici KİV-lər U.Rut barədə bəzi detalları açıqlayıblar. Məlum olub ki, Rut Rusiyanın işğalı başlayan gündən sosial şəbəkələrdə Ukraynaya dəstək ifadə edib. “CNN”-in Rutun sosial şəbəkələrdəki paylaşımlarına istinadla verdiyi məlumata görə, o, çoxsaylı paylaşımlarında Ukraynaya güclü dəstəyini ifadə etməklə yanaşı, hətta döyüşdə Ukrayna üçün ölməyə hazır olduğunu qeyd edib, “Kremli dibinə qədər yandırmaq lazımdır” kimi ifadələr işlədib.
Rut “facebook”-da əcnəbiləri Ukrayna tərəfində müharibədə iştirak etməyə çağırıb, özünü Ukrayna hakimiyyətinin “qeyri-rəsmi əlaqəçisi” adlandırıb və Əfqanıstanda döyüşmüş əsgərləri Ukrayna uğrunda döyüşməyə təşviq edib.
Göründüyü kimi, Trampın nisbətən rusiyapərəst mövqeyi ona qarşı radikallığı xeyli artırıb. Lakin eyni zamanda, xarici KİV-lərin yazdığına görə, bu “sui-qəsd” onun reytinqini yenidən az da olsa yüksəldib. Tramp özü isə növbəti “sui-qəsd cəhdi”ndən öz kampaniyasının maraqları üçün istifadə etməyə çalışır. Hadisədən dərhal sonra verdiyi açıqlama da bunu sübut edir: "Yaxınlığımda silah səsləri eşidildi. Şayiələr nəzarətdən çıxmağa başlamazdan əvvəl bunu eşitməyinizi istərdim: mən təhlükəsiz yerdəyəm və sağlamam! Heç nə mənə mane ola bilməz. Mən heç vaxt təslim olmayacağam. Mən hər zaman sizi məni dəstəklədiyiniz üçün sevəcəyəm".
Xatırladaq ki, bundan əvvəlki - iyulun 14-də baş verən sui-qəsd Trampın həyatı üçün daha real təhlükə yaratmış və böyük səs-küyə səbəb olmuşdu. Həmin sui-qəsddən sonra onun reytinqi xeyli artmış, hətta çoxlarının fikrincə, az qala qarşıdan gələn prezidentlik yaraşında qələbəsini təmin etmişdi. Lakin az müddət sonra bu hadisə demək olar ki, unuduldu və hazırda onun reytinqi Kamala Harrisin reytinqindən artıq deyil. Növbəti “sui-qəsd cəhdi”nin də eyni effekti verəcəyi, az sonra isə unudulacağı ehtimalı daha real görünür.(azpolitika)
C.Məmmədov