Qərb siyasi dairələri hesab edirlər ki, Tramp hakimiyyəti dönəmində ABŞ Avropaya və NATO-ya arxa çevirərək, Rusiyanın maraqlarına uyğun mövqeyə yönələ bilər... Bu səbəbdən də, hazırda həm Bayden administrasiyası, həm də ABŞ-ın strateji müttəfiqləri hər ehtimala qarşı Trampın fakt qarşısında qalacağı situasiya yaratmağa can atır...
Yenixeber.org: Ukrayna savaşında situasiya ciddi şəkildə dəyişib. Savaşın əvvəlindən hücum taktikası üzrə irəliləyən Rusiya bu dəfə müdafiə olunmaq məcburiyyətində qalıb. Üstəlik, Rusiya ordusu müdafiə taktikasına Ukrayna deyil, öz sərhədləri daxilində keçməli olub. Halbuki savaşın ilk günlərində Rusiya ordusu Ukrayna paytaxtı Kiyevin ətraflna qədər gəlib, çıxa bilmişdi. Və indi Kreml üçün ən uğursuz situasiya hökm sürmıkdədir.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna ordusunun Rusiya ərazisinə girməyi bacarması Kreml üçün gözlənilməz xarakter daşıyır. Çünki Rusiya hərbi-siyasi dairələri nə vaxtsa, belə vəziyyətin yarana biləcəyinə ehtimal belə vermirdilər. Əksinə, Rusiya ordusunun sürətlə Ukrayna ərazilərində irəliləyəcəyini və qısa müddətdə qalib gələcəyi iddia edirdilər. Və bu, Kremldə Rusiyanın hərbi qüdrətinə olan əminliyin nəticəsi idi.
Ancaq indi Rusiya ordusu məhz ölkə sərhədləri daxilində müdafiə olunur. Üstəlik, mövcud situasiyadan necə çıxacağını da hələ tam müəyyən etməyə nail olmayıb. Ona görə də, Rusiya siyasi dairələrində müəyyən mənada, panik durumun mövcud olduğu da qətiyyən diqqətdən yayınmır. Hər halda, Rusiyanın iki önəmli bölgəsindən - Kursk və Belqorod vilayətlərindən məcburi evakuasiya prosesi başlayıb. Və bu, yalnız Kremldə deyil, ümumiyyətlə, Rusiya cəmiyyətində müəyyən mənada, narahatlıq doğurub.
Maraqlıdır ki, Rusiya informasiya məkanında ziddiyyətli məlumatlar indi daha intensiv şəkildə yayılmağa başlayıb. Rusiyanın bəzi teleqram kanallarında Kremldə mövcud situasiyanın günahkarlarının müəyyən edilməsinə cəhd göstərildiyi bildirilir. Hətta Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinə daxil olan bəzi yüksək rütbəli hərbçilərin Federal Təhlükəsizlik Xidmətinin Ukrayna ordusunun hücum edəcəyi barədə əvvəlcədən etdiyi xəbərdarlığa əhəmiyyət vermədikləri də bildirilir. Və bu, birmənalı şəkildə sabotaj kimi dəyərləndirilir.
Maraqlıdır ki, Rusiya prezidenti Vladimir Putinin mövcud situasiyaya olduqca sərt reaksiya verdiyi barədə də məlumatlar mövcuddur. Çünki FTX-nin xəbərdarlığı barədə Kreml sahibinin vaxtında məlumatlandırılmadığı barədə də xəbərlər dolaşır. Ona görə də, Kremlin divarları arasında gərginliyin hökm sürdüyü və prezident Vladimir Putinin baş verənlərlə bağlı cavabdeh şəxslərdən izahat tələb etdiyi bildirilir. Və bu barədə məlumatların doğru ola biləcəyi Kreml sahibinin açıqlamalarından da nəzərə çarpır.
Məsələ ondadır ki, prezident Vladimir Putin Rusiyanın Ukrayna ilə sərhəd bölgələrində baş verən hadisələrə lazımi qiymətin veriləcəyini vurğulayıb. Ancaq Kreml sahibi hesab edir ki, hələlik əsas məsələ Ukrayna ordusunun darmadağın edilərək, Rusiya ərazisindən çıxarılmasına nail olmaqdır.
Yəni, əslində, Kreml sahibi mövcud situasiyanın Rusiya hərbi-siyasi dairələrində olan günahkarlararının mütləq cəzalandırılacağına eyham vurur. Və indi bu məsələdə günahkarların özlərini xilas etməsi üçün onlara son şans verilmiş kimi görünür.
Kreml sahibi onu da vurğulayıb ki, rəsmi Kiyev Rusiya ərazisinə hücum etməklə, gələcək sülh danışıqlarında Ukraynanın mövqeyini nisbətən yaxşılaşmağa cəhd göstərir: "Zelenski hakimiyyəti Ukrayna xalqını məhv etmək yolunu tutub. Qarşı tərəf öz davranışlarına görə layiqli cavab alacaq və xüsusi əməliyyatın bütün məqsədlərinə nail olunacaq. Heç bir fərq qoymadan mülki əhaliyə, mülki infrastruktura zərbələr endirən və ya nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışan şəxslər ilə hansısa danışıqlardan söhbət belə, gedə bilməz".
Göründüyü kimi, Kreml sahibi indiki şərtlər altında, yəni Rusiyanın əlinin ciddi şəkildə zəiflədiyi bir şəraitdə Ukrayna ilə danışıqlar masası arxasına keçmək niyyətində olmadığını qabartmağa da çalışır. Yəni, prezident Vladimir Putin rəsmi Kiyevin daha əlverişli danışıqlar vəziyyətinə nail olmaq ümidlərini elə bəribaşdan qırmağa üstünlük verir. Və bu, Kreml sahibinin strateji taktikası da ola bilər.
Hər halda, Kreml sahibi Ukrayna ilə sülh danışıqları masası arxasında əslində, rəsmi Kiyevin siyasi iradəsi ilə deyil, məhz ABŞ və Qərbin tələbləri ilə qarşılaşacağını anlamamış deyil. Ona görə də, açıq mətnlə real savaşın Ukrayna ilə deyil, elə NATO ölkələrinə qarşı apardığını vurğulayıb. Kreml sahibinin fikrincə, Qərb dövlətləri Ukrayna vasitəsilə Rusiyaya qarşı müharibə aparırlar. Və bu baxımdan, məğlubiyyət Rusiya üçün faciəvi nəticələr verə bilər.
Hər halda, indiki situasiya Rusiyanın beynəlxalq imicinə sarsıdıcı zərbələr vurub. Xüsusilə də, Rusiya ordusunun ölkəni müdafiə etmək potensialı indi kifayət qədər ciddi şübhələrlə müzakirə olunur. Hətta Rusiya ordusunun bir müddətdən sonra döyüş qabiliyyətini ümumiyyətlə, itirə biləcəyi də istisna edilmir. Yəni, Qərb siyasi dairələri Rusiyanı çıxılmaz vəziyyətə sala bildiklərinə indi daha çox inanmağa başlayıblar. Və Rusiya ilə bağlı planların yaxın bir neçə ay ərzində reallaşdırılmasının həm mümkün, həm də vacib olduğu qənaətinə gəliblər.
Belə anlaşılır ki, Qərbdə ABŞ prezidentliyinə namizəd Donald Trampın hakimiyyətə gəlməsi ilə bağlı ehtimala sürətlə hazırlamağa çalışırlar. Çünki Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə, ABŞ-ın xarici siyasət kursunda, xüsusilə də, Ukrayna savaşına münasibətdə tutacağı mövqeyində radikal dəyişikliklərin ola biləcəyini düşünürlər.
Yəni, Qərbdə hesab edirlər ki, Tramp hakimiyyəti dönəmində ABŞ Avropaya və NATO-ya arxa çevirərək, Rusiyanın maraqlarına uyğun mövqeyə yönələ bilər. Və bu səbəbdən də, hazırda həm Bayden administrasiyası, həm də ABŞ-ın strateji müttəfiqləri hər ehtimala qarşı Trampın fakt qarşısında qalacağı, geri çevirə bilməyəcəyi situasiya yaratmağa can atır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert