İlham İsmayıl: “Tərəflər sülh sazişi ilə bağlı bəzi məsələlərdə razılaşsalar da, əsas prinsipial bir neçə məsələdə bir-biri ilə heç razı deyillər”
Yenixeber.org: “Sülh sazişinin mətninə gəldikdə, mənə xarici işlər naziri tərəfindən verilən məlumata görə, mətnin 80-90 faizi razılaşdırılıb. Ona görə də Ermənistan həmin o müddəanı və terminologiyanı oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verdi. Ancaq burada yenə də hazırda iki məsələ var. Birincisi, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir ki, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk Qrupu ləğv edilsin. Çünki artıq uzun müddətdir bu qrup fəaliyyətsizdir, bəlkə də bir-iki ildir. Minsk Qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Çünki həmsədrlər de-fakto bir-biri ilə müharibədədir, yəni onların ikisi digərinə qarşı bir yerdədirlər. Fransa burada bütün imkanlardan məhrum edilib. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər. Bizsiz onu etmək istəyirlərsə, onlar uğursuzluğa düçar olacaqlar və bu, bir daha onlar üçün çox acınacaqlı və ağrılı bir məsələ olacaq. Yəni Minsk Qrupunun burada bir növ “canlı” saxlanılmasında nə fayda var, nə məqsəd var?! ATƏT daxilində konsensus şəklində qərarlar qəbul edilir. Ermənistan Minsk Qrupunu hələ də fəaliyyətdə saxlamaq istəyirsə, bu o deməkdir ki, Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiası var və bu, çox ciddi bir faktordur. Bu, bir testdir, bu, bir göstəricidir. Onlar bəyanatlarında bəzən bir şey deyirlər, əməldə isə tam fərqli hərəkət edirlər. Onlar bu gün ən yüksək səviyyədə deyirlər ki, “Qarabağ Azərbaycandır!”. Halbuki 2019-cu ildə bir neçə kilometr buradan uzaqda həmin şəxs çox emosional şəkildə bəyan edirdi ki, “Qarabağ Ermənistandır!”. Bu gün həmin adam deyir ki, “Qarabağ Azərbaycandır!”. Bu, çox gözəl transformasiyadır və mən bunu təqdir edirəm. Ancaq indi bunu əməli addımlarla sübut etmək lazımdır. Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciət edilməlidir”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.
Dövlət başçısının sözlərinə görə, növbəti şərt odur ki, Ermənistan konstitusiyasında dəyişikliklər edilməlidir: “Bizim onların daxili işlərinə hər hansı bir müdaxilə etmək niyyətimiz yoxdur. Ermənistan konstitusiyasında müstəqillik barədə müddəa var və orada Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə var, təhdid var. Orada Ermənistanın və dırnaqarası “Dağlıq Qarabağ”ın birləşməsindən söhbət gedir. Yəni ki, bu müddəa o konstitusiyada olduğu müddətdə sülh sazişi mümkün deyil. Bir daha demək istəyirəm ki, məni hər kəs yaxşı başa düşsün. Ermənistanın daxili işlərinə bizim hər hansı müdaxiləmizdən söhbət gedə bilməz. Ancaq konstitusiyada belə bir maddənin olması sülh sazişini mümkünsüz edir. Çünki konstitusiya hər hansı bir beynəlxalq müqavilədən üstün sənəddir. Ona görə biz o vəziyyətdə olmaq istəmirik ki, bir gün onlar yenə də öz fikirlərini dəyişəcəklər və biz sentyabrda atdığımız addımları təkrar etməyə məcbur qalacağıq”.
“Bununla yanaşı, mətn üzərində danışıqlar davam edir. Deyə bilmərəm ki, xarici işlər nazirləri növbəti görüşü nə zaman keçirəcək? Bu gün mən daha az nikbinəm. Çünki bildiyiniz kimi, Baş nazir Paşinyan mənimlə Britaniyada görüşməkdən imtina etdi. Bu, Britaniya Hökumətinin təşəbbüsü idi. Təklif o idi ki, bizim aramızda belə bir görüş keçirilsin, həmin Oksford tədbiri çərçivəsində. Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik, çünki dörd ay bundan əvvəl Kansler Şolts Münhen şəhərində bənzər bir görüş təşkil etdi. O, görüşdə iştirak edirdi, 5-6 dəqiqə ərzində bizimlə bir yerdə oldu, sonra otağı tərk etdi. Detallar bu idi. Belə bir format düşünülmüşdü ki, o, giriş sözündən sonra otağı tərk etsin. Beləliklə, görüşümüz ikitərəfli qaydada davam etdi. Britaniya Hökuməti də eyni təklifi verdi. Görüşdə Britaniyanın Baş naziri iştirak edəcəkdi və sonra çıxacaqdı. Baş nazir Paşinyan bundan imtina etdi. Yəni o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər. O, Britaniyanın Baş naziri ilə danışmaq istəmirsə, Londona və Oksforda niyə səfər edirdi? Yəni, bir sıra məsələlərdə çox ciddi ziddiyyət var. Ancaq biz baxacağıq, dediyim kimi, mən Londondan dünən qayıtmışam. Bir istiqamət mətndir - sülh sazişinin mətni, digəri isə, əlbəttə ki, dediyim kimi, Ermənistan konstitusiyasıdır”, - deyə Prezident vurğulayıb.
Mövzu ətrafında suallarımızı cavablandıran təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib ki, Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı tələbi qətidir:
- Bu tələbi Prezident İlham Əliyev əvvəl də bildirmişdi, Şuşada yenidən mesaj verdi. Rəsmi Bakı hesab edir ki, Ermənistanın ana qanununda dəyişiklik edilmədən imzalanacaq sülh sazişi dayanıqlı olmayacaq. Hesab edirəm ki, Azərbaycan tərəfi bu mövqeyində haqlıdır.
Ermənistan tərəfi, konkret desək, Nikol Paşinyan və onun hökumətinə daxil olan rəsmilər bildirirdilər ki, konstitusiya dəyişikliyi labüddür. Amma son vaxtlar ritorikalarında dəyişiklik edilib. Konstitusiya referendumunun müddətini uzatmaq istəyirlər. Bunun da səbəbi Ermənistan daxilindəki böhranlı siyasi vəziyyətdir. Erməni müxalifəti “Paşinyan Azərbaycanın istəklərini yerinə yetirir, Ermənistanı türkün ayağı altına atır” kimi şüarlarla Baş naziri devirmək istəyirlər. Paşinyan görünür ki, müxalifətin ittihamlarını neytrallaşdırmaq üçün konstitusiya referendumunu uzatamaq niyyətindədir. Təbii ki, bu, Azərbaycanın problemi deyil. Ermənistan sülh sazişində həqiqətən də maraqlıdırsa, o zaman Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır, ərazi iddialarını özündə ehtiva edən müddəalar Ermənistan Konstitusiyasından çıxarılmalıdır. Bundan sonra sazişin imzalanmasından danışmaq olar.
- Prezident Londonda Ermənistan tərəfinin görüşdən imtinası məsələsinə də toxundu və “o, mənimlə danışmaq istəmirsə, hansı sülh sazişindən söhbət gedə bilər?” söylədi. Sizcə, Paşinyanın imtinasının səbəbi nə idi?
- Londonda tədbir qəfl keçirilmədi, ən az bir ay qabaq bilinirdi ki, belə bir tədbir olacaq. Demək ki, Ermənistan tərəfi hazırlıqsız idi, yox. Onu da bildirək ki, Böyük Britaniyanın Baş naziri vasitəçi yox, təşəbbüskar kimi çıxış etmişdi. Amma Paşinyan ikitərəfli görüşdən imtina etdi. Azərbaycan tərəfi Ermənistan tərəfinin görüşdən imtinası barədə məlumat yayandan sonra İrəvandan bildirildi ki, guya Azərbaycan imtina edib. Amma bu, yalandır, çünki Azərbaycan danışıqlarda hər zaman maraqlı olduğunu, görüşlərə açıq olduğunu bəyan edib.
Ermənistanın imtinası onu göstərir ki, tərəflər sülh sazişi ilə bağlı bəzi məsələlərdə razılaşsalar da, əsas prinsipial bir neçə məsələdə bir-biri ilə heç razı deyillər. Razılıqlar olsaydı, görüşün baş tutmamasına heç bir əsas yox idi.
Başqa bir səbəb, yenə də deyirəm, Ermənistan daxilindəki məsələdir. Ermənistan müxalifətinin konstitusiya dəyişikliyinə təpkisidir. Paşinyan isə bilirdi ki, İlham Əliyevlə görüşdə bu məsələ gündəmə gələcək. Ola bilsin ki, bu məqsədlə görüşdən imtina etdi. Amma bu səbəblər Azərbaycan üçün önəmli deyil. Azərbaycan tələblərini yerinə yetirilməsi şərti ilə sazişə hazırdır.
- Azərbaycanın tələblərini bilən İrəvandan tez tez “bir aya sülh sazişi imzalamağa hazırıq” bəyanatları eşidilir. Bu nədən qaynaqlanır?
- Ona görə “bir aya sülh sazişi imzalaya bilərik” sözünü israrla bildirirlər ki, konstitusiya dəyişikliyi olmadan saziş imzalansın. Ermənistan bilir ki, konstitusiya dəyişikliyi zaman aparan bir prosesdir. Hətta Ermənistanda bu gün referenduma qərar verilsə, ən azıdörd ay müddət lazımdır. Elə təkcə 60 gün bunun ictimai müzakirəsinə zaman lazımdır. Paşinyan isə indiki şəraitdə öz üzərinə daha bir yükü almaq istəmir, etiraz dalğası ilə üz-üzə gəlmək istəmir. Paşinyan deyir ki, konstitusiyanı dəyişəcəyik, amma indi yox. Azərbaycan isə konstitusiya dəyişikliyində israrlıdır. Çünki Prezidentin də dediyi kimi, ərazi iddialarına son qoyulmasa, sülh sazişi kövrək olacaq. Bəli, Azərbaycan Ermənistanın daxili işlərinə qarışmır, amma sülh sazişi imzalanırsa, o zaman ərazi iddiası son tapmalıdır. Çünki konstitusiya bütün beynəlxalq müqavilələrdən üstündür. Sabah Paşinyan hakimiyyətdən gedərsə, yeni qüvvələr konstitusiyaya əsaslanaraq, sazişdən imtina edə bilər. Bu zaman nə baş verəcək?
- Prezident həmçinin Minsk Qrupundan birgə imtinanı gündəmə gətirdi. Bundan Ermənistan niyə imtina etmir?
- Görünür İrəvanın nəyəsə ümidi var. Xüsusilə, Fransanın təmsilçiliyi Ermənisatnın bundan imtina etməsinə mane olur. Amma Minsk Qrupu artıq tarix olub və faktiki olaraq, ləğv edilib. Sadəcə İrəvan rəsmi bəyanat verməlidir ki, bu institutla məsələ bitsin. Yenə deyirəm, güman ki, Ermənistan hansısa məsələdə, gələcəkdə sülh sazişində Minsk Qrupunun nəsə edəcəyinə ümid edir. Amma bu ümid əbəsdir. Güman ki, Ermənistan rəhbərliyi də bunu dərk edir.(AYNA)