Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Nazirlər Sovetinin tualetində intihar –Beriyanın iki qardaşa qarşı ikibaşlı oyunu...  

Onun heç bir təhsili olmayıb, heç üçillik ibtidai təhsil də almayıb. Amma buna baxmayaraq Mixail Kaqanoviç Stalinin hakimiyyəti illərində komissar (nazir) vəzifəsinə qədər yüksəlib. Son dərəcə qaba, sərt xarakterə malik, hər addımda kobudluğunu nümayiş etdirən Mixail Kaqanoviçin vəzifə karyerasında yüksəlişinin iki səbəbi olub. O, bolşevik hərəkatında, inqilabi proseslərdə fəallığı ilə fərqlənib. İkinci səbəb isə Mixail Kaqanoviç Stalinin ən yaxın silahdaşlarından biri olan qardaşı Lazar Kaqanoviçdən böyük dəstək alıb. Ancaq Mixail Kaqanoviç bu “güzəştlərindən” sona qədər istifadə edə bilməyib.

Yenixeber.org: 1988-ci ildə Kiyevdə anadan olan Mixail Kaqanoviç usta yanında dəmirçi peşəsini öyrəndikdən sonra ilk əmək fəaliyyətinə də elə dəmirçi köməkçisi kimi başlayıb. Gənclik illərindən bolşevik hərəkatına qoşulan Mixail Kaqanoviç siyasi fəaliyyətinə görə bir neçə dəfə həbs olunub.

Sovet hakimiyyəti qurulduqdan sonra Mixail Kaqanoviç Çerniqovda, Nijeqorodda partiya orqanlarında çalışıb, 1923-1927-ci illərdə Nijeqorod sovetinin sədri vəzifəsində işləyib.

7n1kzilqva4u7wtu_1024.jpg (63 KB)

1928-ci ildə Mixail Kaqanoviç Lazar Kaqanoviçin köməkliyi ilə Moskvaya gəlib və Fəhlə-kəndli Müfəttişliyi Komissarlığında işə düzəlib. Qardaşının sayəsində vəzifələrini üzüyuxarı tez-tez dəyişən Mixail Kaqanoviç 1932-ci ildə ağır sənaye komissarının (nazirinin) müavini, sonra komissar, daha sonra isə yeni yaradılmış SSRİ Müdafiə Sənayesi Komissarlığında komissar (nazir) vəzifəsinə təyinat alıb.

Mixail Kaqanoviçin komissar kimi fəaliyyəti heç vaxt müsbət xarakterizə edilməyib. Komissarlığın baş idarə rəislərindən biri olan Vasili Yemelyanov öz xatirələrində Kaqanoviç haqqında yazıb:

“Mixail Kaqanoviç komissar vəzifəsində olarkən onun bütün işlərini müavinləri, idarə rəisləri görürdü. O, rəhbərlik etdiyi sahə ilə bağlı heç bir təşəbbüs, təklif vermək imkanında deyildi. Çünki bu sahədə elementar bilgiləri yox idi. Kaqanoviç özünü işgüzar göstərmək üçün yalnız qışqırmağı bacarırdı. Bir də bir neçə elmi termin əzbərləmişdi, səsinin tonunu qaldıraraq tez-tez onları təkrar edirdi. Kaqanoviç olduqca kobud bir şəxs idi. Bu kobudluq nəticəsində komissarlıqda gestapo rejimi hökm sürürdü. İşimizdə isə heç bir müsbət göstərici yox idi. Planı yerinə yetirə bilmirdik. Bu, ona çox da təsir etmirdi. Çünki yuxarıda Lazar Kaqanoviç var idi...”

Lavrentiy_Beria_portrait_2.jpg (36 KB)

1939-cu ildə Müdafiə Sənayesi Komissarlığından aviasiya sənayesini ayıraraq ayrıca Aviasiya Sənayesi Komissarlığı yaradılanda, Mixail Kaqanoviçin komissar vəzifəsindən çıxarılması məsələsi qalxıb. Bu dəfə də Lazar Kaqanoviç Stalindən qardaşının xahişi edərək onu yeni quruma, Aviasiya Sənayesi Komissarlığına rəhbər təyin etdirə bilib. Amma bir il keçməmiş Xalq Komissarları Sovetinin iclasında Mixail Kaqanoviç Stalinin tənqidinə məruz qalıb. Stalin çıxışının sonunda “Kaqanoviç pis işləyir” ifadəsini işlətməklə onu vəzifəsindən uzaqlaşdırıb.

Komissar vəzifəsindən çıxarılan Mixail Kaqanoviç 1940-cı ildə Kazan Aviasiya Zavoduna direktor təyin edilib. O, bu vəzifədə də çox qala bilməyib.

Məxfi mənbələrdən Stalinə Mixail Kaqanoviçin antisovet fəaliyyəti haqqında məlumatlar daxil olub. Bəzi versiyalara görə belə məlumatların ötürülməsini Beriya təşkil edib. Düzdür, Beriyanın Lazar Kaqanoviçlə münasibətləri normal olub, onlar bir komandada təmsil olunublar. Amma Beriya onun qardaşı ilə anlaşa bilməyib. Belə ki, Mixail Kaqanoviç hələ nazir vəzifəsində olarkən Beriya onun rəhbərlik etdiyi sahəni də nəzarətə götürmək istəyəndə Mixail Kaqanoviç buna imkan verməyib. Beriya isə qisası qiyamətə saxlamayıb.

1941-ci ilin yayında Stalin Lazar Kaqanoviçi yanına çağıraraq bəzi mətləblərdən onu agah edib. Həmin görüşdə Vyaçeslav Molotov da iştirak edib. Stalin Lazar Kaqanoviçlə bu mövzuda söhbət etdiyindən təəssüfləndiyini bildirib:

-Lazar Moiseyeviç, mən sizi məyus etmək məcburiyyətindəyəm və buna görə çox təəssüflənirəm. Sizin qardaşınız Mixail Kaqanoviç bir qrup adamla antisovet fəaliyyətdə ittiham olunur. Bunu təsdiq edən şəxslər də var. Odur ki, lazımi tədbirlərin həyata keçirilməsi qaçılmazdır. İnanmaq istəyirəm ki, qardaşınızın antisovet fəaliyyətində sizin heç bir rolunuz yoxdur...

kaganovich_mihail.jpg (41 KB)

Kaqanoviç yaxşı anlayıb ki, məsələ əvvəlcədən Stalinlə Molotov arasında müzakirə olunub və artıq qərar da qəbul edilib. Amma buna baxmayaraq, o, qardaşını xilas etməyə cəhd edib:

-Yoldaş Stalin, Mixail Kaqanoviç əsl partiyaçıdır və sizə sadiqdir. O, heç vaxt belə bir addım ata bilməz. Mən buna inana bilmirəm. Bu böhtandır. Xahiş edirəm üzləşmə aparılsın.

Stalin Kaqanoviçin təklifini qəbul edib. Səhəri gün Malenkov, Mikoyan və Beriyanın iştirakı ilə üzləşmə aparılıb. Mixail Kaqanoviçi vətənə xəyanətdə, xarici kəşfiyyata işləməkdə ittiham edən öz keçmiş müavini Boris Vannikov üzləşməyə çağırılıb. O, Kaqanoviçin əleyhinə ifadələr verəndə Mixail Kaqanoviç əsəblərinə hakim kəsilə bilməyib, Vannikovun üstünə cumub və üzləşmədə iştirak edənləri yaramaz, alçaq və şərəfsiz adlandırıb.

Elə həmin gün, 1 iyul 1941-ci ildə Xalq Komissarları Sovetində müdafiə sənayesi ilə bağlı müşavirə keçirilib. Zavod direktoru kimi Mixail Kaqanoviçin işi tənqid olunub, planı yerinə yetirə bilməyəcəyi halda ciddi cəzalandırılacağı barədə xəbərdarlıq edilib.

scale_1200-1.jpg (104 KB)

Müşavirənin gedişi zamanı Mixail Kaqanoviç zalı tərk edərək hökumət binasının tualetində silahından atəş açaraq intihar edib.

Bu hadisədən bir həftə sonra  Lavrenti Beriya Mixail Kaqanoviç haqqında Stalinə geniş arayış təqdim edib, onun heç bir antisovet fəaliyyətinin olmadığını bildirib. Bununla da Beriya məqsədli şəkildə gecikdirdiyi arayışla öz istəyinə nail olub, Mixail Kaqanoviç intihar edib, Lazar Kaqanoviç isə qardaşı ilə bağlı həqiqəti üzə çıxardığına görə Beriyaya təşəkkür edib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam