Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əliyev əsas sülh şərtini sərt mesajla elan etdi:İrəvan, Ağ Ev və Brüssel “labirint”də qalıb, çıxış yolu isə təkdir

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan konstitusiyası dəyişdirilməyəcəyi təqdirdə, yekun sülh sazişinin imzalanmasının baş tutmayacağını birmənalı şəkildə vurğulayıb... Ona görə də, ABŞ və Avropa Birliyi Cənubi Qafqazda sülh prosesinin uğurunda doğrudan da maraqlıdırsa, dərhal Paşinyan hakimiyyətinə birbaşa təzyiq göstərilməlidir...

Yenixeber.org: Cənubi Qafqazda sülh prosesi hazırda kifayət qədər ciddi ziddiyyət predmetinə çevrilməyə başlayıb. Belə ki, Rusiya və Fransa bu önəmli regional prosesin uğur qazanmasında qətiyyən maraqlı deyil. Fransa Cənubi Qafqazda ümumiyyətlə, yeni savaşın əsas sponsoru statusunda çıxış edir. Rəsmi Paris Fransanın Cənubi Qafqaza “geopolitik pəncərə” açmasına bəhanə qazanmaq üçün Azərbaycan və Ermənistan arasında növbəti hərbi toqquşmalarda birbaşa maraqlıdır. Və son vaxtlar bu niyyətinə nail olmaq üçün Ermənistanın silahlandırılması da daxil olmaqla, bütün imkanlardan istifadə etməyə çalışır.

Rusiyaya gəldikdəsə, Kreml də Cənubi Qafqazda sülh prosesinin pozulmasında müəyyən mənada, maraqlıdır. Ancaq Kremlin regional mövqeləri ciddi şəkildə zəiflədiyindən Rusiya Cənubi Qafqazda sülh prosesinin inkişaf istiqamətlərinə birbaşa müdaxilə etməkdə çətinlik çəkir. Ona görə də, Kreml sülh prosesinə əngəl törədə bilməsə də, heç olmasa, Azərbaycan və Ermənistan arasında danışıqların Rusiyanın vasitəçiliyində davam etməsinə cəhd göstərir. Və Kremldə hesab edirlər ki, əgər, yekun sülh sazişi Moskvada Rusiyanın vasitəçiliyi ilə imzalanarsa, bunun özü də böyük geopolitik uğur demək olacaq.

08d7627d-c37a-4027-b621-d957c3ed31d5.jpg (105 KB)

Ancaq ABŞ və Avropa Birliyi Fransa-Rusiya cütlüyündən daha fərqli mövqeyə üstünlük verir. Belə ki, Ağ Evdə və Brüsseldə Azərbaycan-Ermənistan yekun sülh sazişinin mümkün qədər tez bir zamanda imzalanmasını vacib hesab edirlər. Eyni zamanda, ABŞ və Avropa Birliyi Rusiyanın regional sülh prosesindən kənar tutulmasında da birbaşa maraqlıdır. Yəni, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin Rusiyada deyil, məhz Qərb ölkələrindən birində imzalanmasını istəyirlər. Və bununla da Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb çıxarılmasında növbəti mərhələnin başladılmasına cəhd göstərirlər.

Maraqlıdır ki, ABŞ son vaxtlar Cənubi Qafqazda sülh prosesinə xüsusi diqqət yetirdiyini və hətta bunun əsas səbəblərini qabarıq şəkildə gündəmə gətirir. Bir müddət öncə Azərbaycana səfər etmiş ABŞ-ın dövlət katibinin köməkçisi Ceyms Obrayen yalnız Cənubi Qafqaz dövlətlərinin deyil, Orta Asiya ölkələrinin də Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasına ciddi ehtiyac duyduğunu vurğulamışdı. Və ABŞ təmsilçisi bu fikrini hələlik daha çox Rusiya ərazisindən istifadə etmək məcburiyyətində qalan Orta Asiya ölkələrinin dünya bazarlarına daha əlverişli marşrut qazanması baxımından, Cənubi Qafqazın önəmini ön plana çıxartmaqla, izah etməyə çalışmışdı.

Belə anlaşılır ki, ABŞ və Avropa Birliyi ən qısa zamanda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasında maraqlıdır. Əsas səbəb isə məhz Zəngəzur dəhlizinin açılacağı təqdirdə, geopolitik və geoiqtisadi proseslərin inkişaf perspektivləri ilə birbaşa bağlıdır. Yəni, ABŞ və Avropa Birliyi Zəngəzur dəhlizi üzərindən Orta Asiya ölkələri ilə yaxınlaşma prosesini intensivləşdirmək niyyətindədir. Və bununla da Orta Asiyanın Rusiya-Çin cütlüyünün təsir dairəsindən çıxartmaq məqsədi güdülür.

1712667597_photo_5235601370919329952_y.jpg (116 KB)

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın dövlət katibi Entoni Blinken Azərbaycan-Ermənistan sülh danışıqlarını diqqətlə izlədiklərini və dəstəklədiklərini bildirib. Onun fikrincə, regional sülh prosesinin uğur qazanması ilk növbədə Cənubi Qafqazın iqtisadi inkişafına böyük təkan verəcək və bundan hər kəs faydalanacaq. ABŞ-ın dövlət katibi onu da vurğulayıb ki, hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün tarixi imkanlar açılıb. Və hər iki münaqişə tərəfi bu imkanlardan maksimum səviyyədə istifadə etməlidir.

Digər tərəfdən, dövlət katibi Entoni Blinken yekun sülh sazişinin imzalanacağı təqdirdə, Cənubi Qafqazın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəaliyyətini təmin edə biləcəyinə əmindir. Onun qənaətinə görə, bu önəmli geoiqtisadi hədəflərin reallaşmasında Azərbaycan həlledici rol oynaya bilər. Yəni, Ağ Ev təmsilçisi dolayısı ilə etiraf edib ki, ABŞ və Avropa Birliyinin Cənubi Qafqaz planlarının reallaşma ehtimalı indi daha çox rəsmi Bakının mövqeyindən asılıdır. Və Azərbaycanın verəcəyi geopolitik qərarlar isə taleyüklü xarakter daşıyacaq.

Əslində, rəsmi Bakı yekun qərarını verib və bunu açıq şəkildə bəyan edib. Azərbaycan Cənubi Qafqazın Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə əsas tranzit region olmasından tamamilə məmnundur. Üstəlik, rəsmi Bakı bütün bunların reallaşması istiqamərində prinsipial addımlar da atmaqdadır. Sadəcə, məsələlərin həlli qarşısında Fransanın hərbi-siyasi dəstəyinə arxayın olan Ermənistan əsas əngəl rolunu oynayır. Və rəsmi İrəvan Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində irəli sürdüyü sülh şərtlərinin yerinə yetirilməsini müxtəlif siyasi manipulyasiyalar ilə ləngidir.

foto-4.jpg (74 KB)

Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev də yaxın bir neçə ay ərzində yekun sülh sazişinin bütün maddələrinin razılaşdırılmasının mümkün ola biləcəyini qətiyyən istisna etməyib. Ancaq Azərbaycan lideri onu da vurğulayıb ki, yekun sülh sazişinin imzalanması birmənalı şəkildə qarşılıqlı ərazi iddialarından imtina edilməsiylə, mümkün ola bilər. Halbuki, rəsmi İrəvan bu istiqamətdə mövcud olan əsas problemin həllindən hələ də yayınmağa çalışır. Və Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsini yaxına buraxmaq istəmir.

Təbii ki, bu, hazırda Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasını qeyri-mümkün edir. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan konstitusiyası dəyişdirilməyəcəyi təqdirdə, yekun sülh sazişinin imzalanmasının baş tutmayacağını birmənalı şəkildə vurğulayıb. Yəni, Prezident İlham Əliyev Azərbaycanın sülh sazişi üçün əsas şərtini artıq rəsmən elan edib. Ona görə də, rəsmi İrəvan əgər, doğrudan da, sülh sazişi istəyirsə, ilk növbədə Azərbaycan liderinin şərtinə uyğun olaraq, Ermənistan konstitisiyasını ən qısa zamanda dəyişdirmək barədə düşünməlidir. Eyni zamanda, ABŞ və Avropa Birliyi də bu məsələdə həqiqətən maraqlıdırsa, onda Paşinyan hakimiyyətinə birbaşa təzyiq göstərməlidir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam