Nələri uydurur, nələri “unudurlar”?
Yenixeber.org: Baş nazir Nikol Paşinyan və komandasının nümayəndələri yüksək səslə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının Ermənistanın müstəqilliyi və suverenliyinin ən yaxşı təminatı olduğunu bəyan etdikləri halda, bu hökumətin keçmiş üzvü bir vaxtlar ölkəsinin ideal xarici siyasətinin mövcudluğundan danışır. Belə ki, Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan (2020–2021) bəyan edib ki, Ermənistana əsl sülh xarici siyasətdə tarazlıq bərpa olunan zaman gələcək.
Onun sözlərinə görə, Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyan balanslaşdırılmış xarici siyasət, ikinci Prezident Robert Köçəryan isə bir-birini tamamlayan xarici siyasət yürüdüb, 2018-ci ildə isə narrativ dəyişib və “çoxvektorlu xarici siyasət” termini yaranıb.
Ancaq bu, Ayvazyanın xəstə təxəyyülünün bəhrəsidir. Müstəqillik əldə etdikdən sonra Ermənistan heç vaxt balanslaşdırılmış xarici siyasət aparmayıb. Bu günə qədər ölkə ərazisində 102-ci Rusiya hərbi bazasının olması və Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədinin Rusiya sərhədçiləri tərəfindən mühafizəsi artıq öz sözünü deyir.
Hələ 20 il əvvəl Rusiya Federasiyası Dövlət Dumasının rəhbəri Boris Qrızlov bəyan etmişdi ki, Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostudur. Bu sözlər Azərbaycan ərazilərini işğal altında saxlayan və bununla da özünü tamamilə Rusiyadan asılı vəziyyətə salan Ermənistanın xarici siyasətini dəqiq səciyyələndirirdi. Burada onu da xatırlamaq yerinə düşər ki, 2013-cü ildə o vaxtkı Prezident Serj Sarqsyan Avropa İttifaqı ilə birləşmək əvəzinə Ermənistanın Gömrük İttifaqına, daha sonra isə Rusiyanın aparıcı rol oynadığı Avrasiya İqtisadi İttifaqına qoşulması barədə göstəriş vermişdi.
Ayvazyanın xatırlamamağa üstünlük verdiyi bu hadisələri nəzərə alsaq, Ermənistanın hər hansı balanslaşdırılmış xarici siyasətini iddia etmək mümkün deyil. Ermənistan-Azərbaycan sərhədinin hazırkı delimitasiyası prosesinə gəlincə, XİN-in sabiq rəhbəri bildirib ki, “bu, Azərbaycan və onun arxasında duran Türkiyənin uzunmüddətli strateji plandır”.
“Məqsəd ən yaxşı halda Ermənistanı yaşayış üçün mümkün olmayan ölkə, kiçik ərazisi və təsiri olan cırtdan dövlət vəziyyətinə salmaqdır”, - dey Ayvazyan qeyd edib.
Sabiq nazirdən soruşmaq istərdik: məgər bu ölkədə uzun illərdir ki, oxşar vəziyyət hökm sürməyibmi? Ötən əsrin 90-cı illərində Azərbaycana qarşı Azərbaycan ərazilərinin işğalı, azərbaycanlıların kütləvi şəkildə məhv edilməsi və öz doğma yurdlarından didərgin salınması ilə nəticələnən hərbi təcavüz nəticəsində Ermənistan Azərbaycan, Türkiyə və Gürcüstana ərazi iddiaları ilə çıxış edərək Cənubi Qafqazda autsayder ölkəyə çevrildi.
Bu vəziyyətdə son illər Ermənistan dövlətçiliyinin gələcək taleyinin sual altında qalması təəccüblü deyil. Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları Ermənistan Konstitusiyasında təsbit olunub və hazırkı hakimiyyətin addımları İrəvanla bu ölkələr arasında sülh və normal münasibətlərin bərqərar olmasına yönəlib. Əks halda, bunun alternativi yuxarıda Ayvazyanın özünün təsvir etdiyi kimi olacaq.
Dəhşət hekayələri ilə ictimaiyyəti qorxudan Ayvazyan söyləyib ki, o, Ermənistanın birinci Prezidenti Levon Ter-Petrosyanın dövründə də diplomat olub və ölkənin sərhədlərinin dəqiqləşdirilməsi və ya legitimliyi məsələsi ilə üzləşdiyi bir hadisəni xatırlamır. Onun sözlərinə görə, heç bir dövlət belə bir tələbi heç vaxt formalaşdırmayıb və irəli sürülməyib. Və “dəmir arqument” olaraq bildirib ki, dünyada dəqiq müəyyən edilmiş sərhədləri olmayan bir çox dövlətlər var və bu, heç vaxt qonşuları ilə münasibətlərdə problem yaratmayıb.
Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri yenə qeyri-səmimidir. Gürcüstan müstəqillik əldə etdikdən sonra Ermənistan-Gürcüstan sərhədinin demarkasiyası və delimitasiyasında israrlı idi. Ermənistan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiya hələ 1995-ci ildə yaradılıb. 2003-cü ildə Ermənistan və Gürcüstan prezidentləri Robert Köçəryan və Eduard Şevardnadze bu qurumun işini gücləndirəcəklərini vəd etmişdilər. Lakin yalnız 2006-cı ildə Mixail Saakaşvilinin hakimiyyətə gəlişi ilə 206 km-lik sərhədin 110 kilometri artıq razılaşdırılıb, qalan 96 km isə mübahisəli olaraq qaldığı elan edilib. Delimitasiyanın davam etdirilməsi məsələsini 2019-cu ildə Ermənistana səfəri zamanı Gürcüstan Prezidenti Salome Zurabişvili yenidən gündəmə gətirib. Və bu yaxınlarda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi başlayandan sonra eyni mövzu Tbilisi ilə İrəvan arasında danışıqların predmetinə çevrilib.
Ayvazyan əvvəlki dövrlərdə olduğu kimi, nazir postunu tutduğu zaman da, bu gün də baş verənlərin mahiyyətini anlamadan yeni reallığa baxır. Yəni Ermənistanı acınacaqlı vəziyyətə salan məhz onun kimilərin fəlakətli səhvləri olub. İndi o, başqa bir cəfəngiyatdan danışaraq özü ilə dürüst olmaq istəmir - həqiqət göz qabağında olsa da. Ermənistanın sadəcə olaraq başqa yolu yoxdur və indiki hakimiyyətin Azərbaycanla sülh yaratmaq addımları ölkəni Ayvazyanın və onun kimi boş danışanların sürüklədiyi bataqlıqdan çıxarmağa hesablanıb.(AYNA)