Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SİNQAPUR NİYƏ ASİYANIN ƏN XOŞBƏXT ÖLKƏSİ SAYILIR? – “Asiyanın İsveçrəsi”nin sirləri haqqında reportaj/FOTOLAR

Bura dünyanın ən təmiz, ən bahalı, ən təhlükəsiz və ən çox müşahidə kameraları olan şəhəridir

1951-ci ilin oktyabrında bir quldur dəstəsi Sinqapurun şimal-şərqində yerləşən Punqol liman şəhərində böyük bir tiryək partiyasını qaçırır. O dövrün Sinqapuru bu gün bildiyimizə çox az bənzəyirdi: Ada Hindistan və Çin arasında narkotik ticarətində əsas məntəqə kimi cinayət və korrupsiya ilə əhatə olunmuşdu...

Yenixeber.org: İngilis müstəmləkə orqanları oğurluğu araşdırdıqda, aralarında Sinqapur polisinin bir neçə yüksək rütbəli əməkdaşının olduğunu aşkar edir. Qalmaqaldan sonra müstəmləkə administrasiyası Korrupsiya Təcrübələri İstintaq Bürosunu yaradır.

Sinqapur müstəqillik əldə etdikdən bir neçə il sonra yeni Baş nazir Li Kuan Yu ölkəni rüşvətxorluqdan təmizləməyə söz verdi və qətiyyətli addımlar atdı: güclü qanunvericilik bazasının yaradılması, antikorrupsiya qanunlarının ciddi şəkildə icrasının həyata keçirilməsi, hökumətdə və cəmiyyətdə dürüstlük və hesabatlılıq mədəniyyətinin təşviqi də daxil olmaqla, kompleks tədbirlər vasitəsilə Sinqapurda korrupsiyanı azaltdı. Li Kuan Yu həmçinin, rüşvətxorluğu azaltmaq üçün dövlət qulluqçularının yaxşı maaş almasını təmin və hökumət proseslərində şəffaflığı təşviq, rüşvət alarkən tutulanlar üçün sərt həbs cəzaları tətbiq etdi. Ölkədə korrupsiyanın kökünü kəsmək üçün hətta nazirləri, yaxınlarını həbsə atdırdı. Bu yolda intihar edən, güllələnənlər də oldu.

Beləliklə, Li Kuan Yunun rəhbərliyi və korrupsiyanın aradan qaldırılması öhdəliyi Sinqapurun təmiz və səmərəli idarəçiliyi ilə tanınan ölkəyə çevrilməsində mühüm rol oynadı. O, öz eksperimental ölkəsini “Asiya İsveçrəsi”nə çevirə bildi.

İndi kiçik, dövlət-şəhər olan Sinqapur dünyanın ən təmiz, təhlükəsiz, firavan, korrupsiyadan uzaq bir ölkəsinə çevrilib. “Yüz eşitməkdən, bir görmək yaxşıdır” deyib, yol aldım Sinqapura...

Sinqapura səyahət üçün e-viza tələb olunur. Viza 3-5 günə şəxsin email ünvanına göndərilir.

Nəhayət, Dohadan Qətər Hava Yolları ilə 8 saatlıq uçuşdan sonra Cənub-Şərqi Asiyada dəniz sahilində yerləşən kiçik ada ölkəsi və şəhər dövləti olan Sinqapurdayam.

Asiyanın əsas beynəlxalq aviasiya mərkəzi olan “Sinqapur Changi” (Çanqi) Hava Limanı dünyada ikinci və üçüncü ən işlək beynəlxalq hava marşrutuna malikdir. O, Cənub-Şərqi Asiyanın ən böyük və ən işlək sərnişin mərkəzlərindən biridir və misilsiz təcrübəsi ilə tanınır. “Skytrax” tərəfindən 2013-cü ildən 2023-cü ilə qədər dünyanın ən yaxşı hava limanı kimi qiymətləndirilərək ilk yerdə qərarlaşıb. 12 dəfə “Skytrax World Airport Awards” mükafatına sahib olub. 2024-cü ildə yerini Dohanın Hamad Beynəlxalq Hava Limanına verərək, ikinci pilləyə enib.

Hava Limanının pasport nəzarəti proseduru zamanı əcnəbi vətəndaşların iki baş barmağının izi götürülür. Çox zaman vizanın olub-olmaması soruşulmur, gediş-gəliş biletinə baxmaq kifayət edir. Hamı hörmətlə qarşılanır, hörmətlə yol göstərilir. Baqaj alınma zonasında baqajını gözləyən insanlara pulsuz və limitsiz su, süd, şirniyyat, peçenyelər paylanılır.

                  Siqaret kötüyünü yerə atana 300 dollar cərimə

Göydələnlər şəhərində heç bir tıxac yoxdur. Sürücülər və piyadalar çox məsuliyyətlidir, işıqforun yaşıl işığı yanmadan heç vaxt hərəkət etmirlər.

Ölkənin bir neçə rəsmi dili olsa da, rəsmi səviyyədə hamı ingilis dilində danışır. Valyuta Sinqapur dolları – SGD-dır. 100 ABŞ dolları 135 Sinqapur SGD-dır.

Havası isti, yağışdan sonra rütubətli olur. Bütün şəhər video kamera ilə təchiz edilib. Dünyanın ən demokratik dövləti sayılan bu ölkədə oğurluq, narkotik maddələrdən istifadə, zorlama və korrupsiyaya görə ciddi cəzalar tətbiq olunur. Video kameralarla dolu olan şəhərdə demək olar ki, oğurluq hadisəsi, avtomobil qəzaları baş vermir. Sinqapur dünyanın ən son "mavi zonasıdır" - insanların daha uzun və daha sağlam ömür sürdüyü yer kimi müəyyən edilir. Həmçinin, Qlobal Qida Təhlükəsizliyi İndeksində 1-ci yerdədir. Bu arada, otellərdə və küçələrdə borularla gələn suyu içmək olar. Bunu otel rəhbərliyi tövsiyə edir və küçələrdəki kranların yanında bu barədə məlumatda qeyd olunur. Sinqapurda mətbuata ciddi nəzarət var. Qəzetlərə intimdən və siyasətdən yazmaq qəti qadağan edilib. Eyni zamanda səhiyyədən tutmuş təhsilə qədər hər şeyə diqqət yetirilir. Bu ölkədə işləmək üçün yaş kateqoriyası tələb olunmur. Otellərdə, restoranlarda yaşı 60-ı keçmiş kişi və qadınlar işləyir və hər biri müştəriylə çox çevik davranır. Digər Asiya ölkələri kimi burda da otel menecerləri və otel restoranının baş aşbazı yeni gələn qonaqlara yaxınlaşaraq xidmətlərdən razı qalıb-qalmadığını soruşurlar.

2023-cü ildə Sinqapur, “Transparency International”ın Korrupsiya Qavrama indeksində 5-ci pilləyə yüksələrək, dünyanın ən az korrupsiyalaşmış ölkələrinin ilk 10 indeksinə daxil olan yeganə Asiya ölkəsi olub. Amma ara-sıra məmurların rüşvət alması barədə məlumatlar da olur. Düzdür, yerli insanlar bu haqda xəbərdar ola bilmir, çünki mətbuata ciddi nəzarət olduğu üçün sözügedən məlumatlar KİV-də dərc edilmir. Adının çəkilməməsini istəyən yerli məmurlardan biri deyir ki, Sinqapurda korrupsiyanın səviyyəsi sadəcə 1 (bir) faizdir. O da nəqliyyat və tikinti sahəsində baş verir. Sübuta yetirildiyi zaman sərt cəza tətbiq olunur. Korrupsiyaya Qarşı Mübarizə Aktında (PCA) korrupsiyaya görə cəza 100.000 SGD dollarına qədər cərimə və ya 7 ilə qədər həbs cəzası, və yaxud, hər ikisi nəzərdə tutulub. Və bu cərimə və cəza artırıla bilər. Ölüm cəzası tətbiq edilir. Dövlət vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıyır. Ölkənin sərt qanunları, o cümlədən ölüm hökmü və qanunların ciddi şəkildə icrası Sinqapuru dünyanın ən təhlükəsiz yerlərindən birinə çevirib.

Şəhərdə çoxlu yaşıllıq və istirahət məkanları, parklar var. Deyildiyi kimi, şəhər gözəl, tər-təmiz, çiçək kimidir. Yerdə sadəcə ağac yarpaqları və gül ləçəkləri görmək olar. Hər yerdə siqaret çəkmək olmaz, bu qadağandır. Siqaret çəkmək üçün xüsusi yerlər var. Bu məsafə nisbətən uzaq da ola bilər. Şəhəri zibilləyən (yerə plastik qab, kağız salfet atmaq və s.), siqaret kötüyünü yerə atanın cəzası 300 dollar - SGD-dır. İkinci dəfə təkrar olunarsa həmin şəxs yenə də 300 SGD cərimə ödəyir. 3-cü dəfədə 500 SGD cərimə ödəməklə yanaşı hər hansı bir polis məmuru və ya səlahiyyətli məmur tərəfindən order olmadan həbs olunaraq məhkəmələr qarşısına çıxarılır. Şəhər bələdiyyəsi tərəfindən 1 günlük təmizlik işlərinə - ictimai yerləri təmizləməyə cəlb edilir. Bura zibil daşımaq, tualet təmizləmək, yol süpürmək və s. kimi işlər daxildir. Əgər 300 dollar cərimə ödəmək yerinə icra məmuruna ondan az miqdarda pul təklif edib yaxanı qurtarmaq kimi bir addım atılarsa, bu, bir neçə həftəlik həbs cəzasına bərabər olar. Çünki siz rüşvət verməkdə ittiham olunursunuz.

...Sinqapur həqiqətən də bahalı şəhərdir. Hamı tələsir: səhər işə, axşam evə. Saatlarla küçədə, kafedə boş vaxt keçirənlərə rast gəlmək olmur. Burda da yerli insanlar yaşayış səviyyəsindən razı deyil. Hətta açıq şəkildə hökumətin yürütdüyü siyasətdən narazlıq edənlər də az deyil. Məsələn, bir nəfərin bir aylıq normal yaşayışı üçün 2500- 3000 SGD kifayət etmir. Mərkəzdə satılan evlər bahadır: qiymətlər 1 milyon 500 min SGD-dan başlayır. Şəhərdən kənardakı 2-3 otaqlı mənzillər 500.000 SGD-dır. Mənzillər kimi avtomobillərin də qiyməti yüksəkdir. Məsələn, “Mercedes-Benz EQE SUV Electric” markalı avtomobil 401.000 SGD, “Mercedes – Benz GLC – Class Coupe Mild Hybrid” isə 360.000 SGD-dan aşağı deyil.

                              Küçələri itsiz, pişiksiz, dilənçisiz şəhər

Valyuta məntəqələri şəhərin hər tərəfində yoxdur. Müəyyən yerlərdə fəaliyyət göstərir. Aeroport, müxtəlif bank və valyutadəyişmə məntəqələrində valyutanın kursu cüzi fərqlə demək olar eynidir.

Otellər və ticarət mərkəzlərinin Wi-Fi-ından yerləşdiyi məkanın küçələrinin 150-200 metrliyindən açıq şəkildə istifadə etmək olur. Hava limanının pulsuz interneti yüksək səviyyədə təmin edilib.

Parkların müəyyən yerlərində və oturacaqların yanında “ventilyator”lar qurlaşdırılıb ki, isti və bürkülü havada küçədə gəzən insanlar onun altında dayanıb sərinlənə bilsin. Bu “ventilyator”lar həmçinin, küçədə və parklardakı tualetlərin yanlarında da qurlaşdırılıb. Günlərlə Sinqapurun küçələrini piyada dolaşsam da, küçələrdə sahibsiz küçə heyvanlarına (it, pişik) rast gəlmədim, bir neçə dəfə sahibiylə gəzən itlər xaric. Digər qonşu ölkələrlə müqayisədə küçələrdə dilənçilər yoxdur.

Sinqapur vergi cənnəti kimi də tanınır. Ölkəyə daxil olan turistlər də vergidən azaddır. Turistlər getmək istədiyi məkanı, yeri yerli insanlardan soruşduqda, dayanaraq kömək edir, təyinat nöqtəsinə rahat getmək üçün hətta müəyyən məsafəyə kimi yol yoldaşlığı edirlər. Hamı noviqatordan istifadə edir.

Şəhərin dörd bir yanında tikinti işləri gedir: yol çəkilir, yeni binalar tikilir, köhnələr bərpa edilir və ya sökülür. Bununla yanaşı həmin ərazi də təmiz saxlanılır, ətrafa toz, torpaq yayılmır.

Yeraltı keçidlər axşam saatlarında kiçik yaşlı məktəblilərin və yeniyetmələrin ixtiyarına verilir, rolik sürərək əylənirlər. Bu əyləncə heç də keçiddən istifadə edənlərin hərəkətinə mane olmur.

Küçədə, marketlərdə, otellərdə, rəsmi dairələrdə, avtobuslarda hələ də tibbi maska ilə gəzənlər var. Sinqapurda xarici görünüşündə estetik etdirən, bədən şəkilləndirən qadın gözə dəymədi. Bir neçəsinə bu barədə sual verdikdə, “biz təbiiliyi sevirik” deyə cavab verdilər.

                            Müxtəlif dinlər, dillər, dinsizlər şəhəri

Sinqapur çoxlu turistik yerləri olan unikal və gözəl şəhərdir. Burda turistlərin marağına səbəb olan bir çox muzeylər - İncəsənət Muzeyi, Red Dot Dizayn Muzeyi, Lotus formalı ArtScience Muzeyi, Asiya Sivilizasiyaları Muzeyi, Peranakan Muzeyi, İncəsənət Evi, Esplanade və s. fəaliyyət göstərir. Hər muzey səni fərqli bir dünyaya aparır.

“Gardens by the Bay” (“Körfəzdəki bağlar”) - 101 hektar ərazini əhatə edən bu təbiət parkı ən çox ziyarət edilən, görməli yerlərdəndir. 2012-ci ildə açılışı olan bu bağı bu günə kimi 60 milyona yaxın insan ziyarət edib. Parkın özündə müxtəlif adlarda parklar var: Malay bağı, Hind bağı, Çin bağı, Ağacların gizli həyatı, OCBC Skyway, Palma dünyası və s. Hər bağın daxilini ayrı-ayrılıqda seyr etmək ödənişlidir. Bir biletin qiyməti 16 SGD-dır. Bu gözəl bağda 2500-dən çox bitki növü var ki, bu da onu dünyada öz növünün ən böyük canlı kolleksiyalarından birinə çevirir. Həmçinin, yüzlərlə nadir və nəsli kəsilməkdə olan ağac növləri var. Flora, fauna, təbiətin gözəlliyi, çoxlu sayda gül-çiçək, ağaclar, maraqlı və heyrətamiz memarlıq – sanki cənnətdəsən. Bura sehirli meşəyə bənzəyir. Bu gözəlliyi görmək üçün bir gün gəzmək kifayət etmir. Ən heyranedici mənzərə OCBC Skyway bağıdır. Yerdən 22 metr hündürlükdə iki Superağac arasında asılmış bu 128 m uzunluğundakı hava yoluyla Sinqapurun gözəlliyini yüksəklikdən seyr etmək başqa bir zövqdür...


Kiçik olmasına baxmayaraq, Sinqapur müxtəlif dillər, dinlər və mədəniyyətlərə malikdir. Elə ən böyük dini təriqətlər Sinqapurdadır. Burada dinsizlərlə bərabər buddizm, xristian, hinduizm, taoizm, İslam dininə mənsub insanlar yaşayır. Hər birinin də ibadət məkanı – məbəd, kilsə, məscidi var. Kiçik Sinqapurda çoxlu sayda məbəd, kilsə ilə bərabər məscidlərin də sayı az deyil.

                      Göylərə ucalan "Allahu Akbar" sədası

Tekstil məhsulları, əl ilə toxunmuş fars xalçaları, aromatik ərəb çayları, suvenir, ətir, zərgərlik və gözəl dəri çantalar olan dükanları, kafe-restoranlarla əhatə olunmuş “Arab Street” (“Ərəb məhəlləsi”) Sinqapurun müsəlman məhəlləsidir. Nəhəng qızıl günbəzləri və böyük ibadət zalı ilə Sultan Məscidi və ya Məscid Sultan şəhərin ən tanınan məkanıdır. “Arab Street” kimi tanınan Kampong Qlamın mərkəzində yerləşən məscid Sinqapurun ilk sultanı Sultan Hussian Şah tərəfindən 1824-cü ildə tikilib. Məscid müxtəlif illərdə bir neçə dəfə təmir olunub. Müsəlmanlar hər gün ibadət üçün məscidə gəlir. Ramazan ayında bu küçələrdə tıxaclar olur. Həmin ərazidə ətrafdakı kafe və restoranlarda spirtli içkilərin satılmaması ilə bağlı ciddi qayda var... Budur, namaz vaxtıdır, azan çəkilir. Göylərə ucalan "Allahu Akbar" sədası dərin bir sükutla ətrafa yayılır. Hamı namaz qılmaq üçün məscidə tərəf tələsir. Kişilər birinci, qadınlar ikinci mərtəbədə namaz qılır.

Məhəllənin “Arab Street” adlandırılması vaxtilə orada yaşayan ərəb taciri Seyid Əli bin Mohamed Al Juniedin bütün əraziyə sahib olmasıyla əlaqələndirilir. Digər ehtimal isə Yəmən və Yaxın Şərqdən gələn tacirlərin həmin ərazidə məskunlaşması ilə bağlıdır. Sinqapurun ərəb icmasının əksəriyyəti bu yəmənli tacirlərin nəslindəndir və təxminən 15.000 nəfərin olduğu güman edilir. Sinqapur müsəlman icmasının qalan hissəsi ilə evləndikləri və müəyyən bir ərazidə yaşamadıqları üçün mühacirlər və ərəb tacirləri, iş adamlarının yeni gələnləri istisna olmaqla, özlərini xarici görünüş və ya dil baxımından fərqləndirə bilmirlər.

Hazırda həmin ərazidə dükan və restoran işlədən türk iş adamları da var. Deyirlər digər qonşu ölkələrdən, məsələn Malayziyadan fərqli olaraq bahalı ölkə olmasına baxmayaraq, Sinqapurda iş qurmaq daha təhlükəsiz və sərfəlidir. Bizneslə məşğul olmaq üçün yerli kimsənin dəstəyinə ehtiyac yoxdur. Rüşvət olmayan bu ölkədə işləmək üçün bütün sənədlər qaydasındadırsa, iş zamanı heç bir nöqsanlara yol verilmirsə, rahat fəaliyyət göstərmək olar. Malayziyada isə tam tərsi: iş qurmaq üçün yerli birinin "krışa”lığına ehtiyac var, bunsuz mümkün deyil. Vergi, yüksək məbləğdə icarə haqqı istənilir. Bundan əlavə yerli kriminal qruplar, polis, bələdiyyə, səhiyyə nazirliyinin nümayəndəsi gəlib rüşvət tələb edir və bunu verməlisən.

               Ən böyük kazino - qumar bazarı Sinqapurdadır

Sinqapurda “Arab Street”lə bərabər “Chinatown”, “Little İndia” və s. məhəllələr var. Müasir Sinqapurun əsasını qoyan Stemford Rafflz 1822-ci il Baş Şəhər Planında Sinqapur çayının qərbindəki bütün ərazini Çin Düşərgəsi kimi tanınan Çin yaşayış məntəqəsi üçün ayırdı. Bu, çinlilərin gələcək şəhər sakinlərinin əsas hissəsini təşkil edəcəyini nəzərdə tuturdu. “Chinatown” (“Çin mahalı”) daxil olan insan özünü kiçik Çində hiss edir. Yanı, “kitayski” istənilən hər şeyi burda tapmaq mümkündür. Çinlilərin ticarət mərkəzləri, dükanları, restoranları, məbədləri olan bu “Chinatown”da hind məbədləri, müsəlman məscidi yerləşir.

“Little İndia” (“Kiçik Hindistan”) Sinqapurda etnik rayondur. “Little İndia” Sinqapur icmasında adətən Tekka kimi tanınır. Mərkəzdən bir az aralıda yerləşir. Bu səs-küylü rayon ədviyyat dükanları, restoranlar və rəngli bazar dükanları ilə doludur. Burada həm də bir neçə Hindu məbədi və məscidi var. 1859-cu ildə tikilmiş və Tamil hüquqşünasının məmurunun adını daşıyan Abdul Gafoor Mosque (Əbdül Qafur məscidi) hindistanlı müsəlmanların ibadət yeridir. Məscid ərəb və intibah üslubunda memarlığa malikdir. Günorta saatlarında ərtaf insan izdihamı ilə müşahidə olunur. Həm Hindistan müsəlmanları, həm də ətrafda yaşayan müsəlmanlar namaz qılmağa bu məscidə gəlir.

Dünyanın ən böyük valyuta, maliyyə mərkəzləri, dünya səviyyəli ticarət mərkəzləri və ən böyük kazino - qumar bazarı da elə Sinqapurdadır.

Sinqapurun simvoluna çevrilən “Marina Bay Sands” otel-kazinonun layihəsinin memarı yəhudi əsilli Moşe Safdidir. 191 metr hündürlüyü olan “Marina Bay Sands”un geniş müşahidə meydançası və hovuzu var ki, burdan Marina Bay körfəzinə və şəhərin digər göydələnlərinə gözəl mənzərə açılır. Otelin hovuzundan istifadə ancaq otel müştəriləri, orda qalan turistlər üçündür. Oteldə qalmayanlar isə 27 SGD ödəyərək binanın damına, müşahidə meyançaına çıxaraq 15-20 dəqiqə hovuzu və şəhəri seyr edə bilər. Otelin aşağı mərtəbələrini gəzmək, digər səmtlərə, “Gardens by the Bay” parkına keçmək hamı üçün nəzərdə tutulub: burda yüzlərlə restoran, ticarət mərkəzləri, əyləncə məkanları, qayıq gəzintisi, kazino, fitnes və s. yerləşir.

Sinqapur Aslan şəhəri kimi tanınır. Aslan şəhəri təbiətin gözəlliyinin müasir dünya ilə qovuşduğu yerdir. Şəhərin memarlığı gözəllik və müasirliyin qarışığıdır. Bu kiçik şəhər o qədər gözəldir ki, insanı darıxmağa qoymur. Şəhərin gözəlliyini sözlə təsvir etmək mümkün deyil. Sinqapurun gündüzü də, gecəsi də gözəldir. Gündüzü hərəkətli, gecəsi işıqlı və parlaqdı. Sinqapur, heç vaxt yatmayan bir şəhərdir. Asiyanın bu xoşbəxt şəhəri daim yeniliklər kəşf edir, irəliləyir. Elə ölkənin gerbində də yazılıb: “Majulah Singapura”- “İrəli Sinqapur”...

                   Malayziya – Malayların torpağı

Ərazisi kiçik olduğu üçün Sinqapuru gəzməyə 3-4 gün kifayət edir. Turistlərin çoxu burdan birbaşa qonşu Malayziyaya səfər edir. İstəyən avtobusa (4-5 saat), istəməyən təyyarəyə (50 dəqiqə) üstünlük verir.

...Malayziyaya səfər etmək üçün viza tələb olunmur. Kuala Lumpur Beynəlxalq Hava Limanı (KLIA) ölkənin ən böyük və ən işlək əsas beynəlxalq hava limanıdır. Ölkəyə giriş və çıxışda pasport nəzarəti proseduru zamanı əcnəbilərin hər iki şəhadət (ikinci) barmağının izi götürülür, qalma müddəti ilə bağlı suallar verilir.

Malayziya iqtisadi və sənaye sahəsində dünyada inkişaf etmiş ölkələr sırasındadır. Elektrik mallar qonşu ölkələrə nisbətən burda ucuz hesab edilir. Pul vahidi Malayziya Rinqqitidir – MYR. 100 ABŞ dolları 475 MYR-dır. Otellərdə, ticarət mərkəzlərində, hava limanında valyutadəyişmə məntəqələrində dolların kursu aşağı qiymətlə hesablanır – 455, 460, 465. Ən ucuz kursla hava limanında götürülür - 420. Buna görə də bu ölkəyə səfər edənlərə hava limanının valyuta məntəqəsindən istifadə etmək tövsiyə olmunmur. Şəhərin müxtəlif yerlərində, ticarət mərkəzlərindən kənarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrində pul dəyişmək daha sərfəlidir.

Şəhərin, ümumiyyətlə Malayziyanın adalarını, gəzməli, görməli yerlərini saymaqla bitməz. Ultra müasir binaların bolluğuna, qədim məbədlərin, abidələrin və yaşıllıqlarla dolu prospektlərin mövcudluğuna baxmayaraq, Kuala Lumpurun görünüşü heyrətamizdir. Kuala Lumpura gələnlərin ilk görmək istədiyi yer ölkənin simvolu sayılan Menara Petronas - Petronas qüllələridir. 88 mərtəbəli, 32 min pəncərəsi olan bu göydələn 20 il əvvələ kimi dünyanın ən hündür tikilisi hesab olunurdu. Menara Petronasın ətrafına o qədər insan toplanır ki, onun axşam saatlarında bərq vuran işıqları altında şəkil çəkdirmək istəyənlər basabas yaradır. Ən yaxşısı elə səhər saatlarında gəlməkdir, Menara Petronasın parlaq işıqları olmasa da olar. Bu möhtəşəm göydələnin yanında gündüz vaxtı xatirə şəklin olması hər şeyə dəyər.

               Daş Mağaralar və Lord Muruqanın qızıl heykəli

Kuala Lumpurdan Gombak rayonuna taksi ilə 20-25 dəqiqəlik məsafə qət etməklə hinduların məşhur Batu Caves – Daş Mağaralarına gəlmək mümkündür. Puluna qənaət etmək istəyənlər bura metro ilə də gələ bilər. Bu mağara hindular üçün xüsusi ibadət yeri kimi həm bu ölkədə, həm də bütün dünyada insanlar arasında məşhurdur. Batu Cavesin girişini qoruyan əzəmətli 42,7 metr hündürlüyündə Lord Muruqanın qızıl heykəli, həm də dünyanın ən hündür Lord Muruqan heykəlidir. Mağaraların zirvəsinə rəngli 272 pilləkənlə qalxmaq olar.

Batu Caves Malayziyada Tamil Taypusam Festivalının mərkəzi sayılır. Hinduların bu ziyarətgahı1890-cı illərdən bəri yanvarın sonu və ya fevralın əvvəlində Taypusamın (Thaipusam) rəngarəng hindu festivalının səhnəsinə çevrilib. Festival zamanı xaricdən gələn yerli hindular da ibadət etmək və andlarını ödəmək üçün Batu Cavesin ərazisinə axın edir. Üç gün şənliklər zamanı bir milyondan çox insan Batu Cavesə toplaşır. Festival zamanı keçirilən maraqlı mərasimlər arasında məftil və digər iti əşyalarla gövdəyə bərkidilmiş iri çərçivə olan “kavadi”nin daşınması mərasimidir. Batu Cavesin ərazisi üç əsas mağara və bir neçə kiçik mağaradan ibarətdir. Rəvayətlərə görə, mağaranı meydana gətirən əhəng daşının təxminən 400 milyon il yaşı var.

Ətraf meymunlarla əhatə olunub. Batu Cavesdə olarkən ziyarətçilərdən əllərində ərzaq, meyvə, su aparmamaq tövsiyə olunur. Aclıq hissi duyan meymunlar insanların əllərində olan boş su şüşələrini, gülləri belə dartışdırıb götürüb qaçır. Bu halda əlindəkini onlara verməməkdə mübahisə yersizdir. Əks halda ya qolun çırmaqlanacaq, ya da yerə yıxılacaqsan. Kuala Lumpurda olarkən “Grab” taksi şirkətindən istifadə daha sərfəlidir. Getməli olduğunuz məkana “Grab”a 10 MYR ödəmək lazımdırsa, digər taksilər həmin yerə sizdən 30-40 MYR istəyəcək. “Grab”dan istifadə üçün bu ölkənin yerli mobil operatorundan nömrəsindən istifadə mütləqdir.

Şəhərin küçələri digər qonşu ölkələr kimi natəmiz və çirklidir. Küçə yeməklərinin (Street food) iyi zibil iylərinə qarışıb. Dilənçilərə tez-tez rast gəlmək olur. Malayziya Cənub-Şərqi Asiyada turistlər üçün ən təhlükəsiz ölkələrdən biri sayılsa da, ölkədə cinayət hadisələri az olsa da, turistlər insanların çox olduğu yerlərdə əşyalarına diqqət yetirməlidi. Həmçinin, dələduzlar və oğrulardan ehtiyatlı olmaq tövsiyə olunur. Eyni zamanda avtomobil yolunu keçəndə, alış-veriş edəndə, taksidən istifadə edəndə diqqət tələb edilir. Amma buna rəğmən şəhərdə birinə yaxınlaşıb getmək istədiyiniz bir yeri soruşduqda köməklik edənlər az olmur.

Kuala Lumpurun mərkəzindəki ərəb məhəlləsi suriyalı iş adamlarının ixtiyarına verilir. Onlara məxsus kafe, restoranlarda boş yer çətin taplır. Bəzən uzun-uzadı növbə gözləməlisən. Çünki yeməkləri həm halal, həm də dadlı olur. Burda da maskayla gəzənlər az deyil.

Asiyanın ən yaşıl paytaxtı hesab edilən Kuala Lumpurda isə krandan su içmək tövsiyə edilmir. Qaynadılmış və ya qablaşdırılmış su içmək daha yaxşıdır. Kuala Lumpurda günün istənilən saatı güclü yağış yağır və qısa müddət sonra yerini isti, bürkülü havaya verir.

Şəhərdə çox tıxac var, 30 dəqiqəlik məsafə çox zaman 1 saat 30 dəqiqə çəkə bilər. Məhz bu tıxaclara görə, şəhərin müxtəlif görməli məkanlarını bir və ya iki günə sığdırmaq qeyri-mümkündür.

Malayziyanı kəşf etmək üçün həftələr kifayət etməz...(Azpolitika)

Laçın SƏMLA

Bakı-Sinqapur-Kuala Lumpur- Bakı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam