Yenixeber.org: Aprelin 29-da, demək olar ki, on saat davam edən müzakirədən sonra Gürcüstan parlamentinin Hüquq Komitəsi qalmaqallı “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib. Bu hadisə fonunda Tbilisidə hakim “Gürcü Arzusu” (GA) partiyasının təşkilatçılığı ilə qanun layihəsinin qəbuluna dəstək məqsədilə böyük mitinq keçirilib.
Müşahidəçilərin fikrincə, aksiyada 100 mindən çox insan iştirak edib. GA mitinqdə iştirak etmək üçün on minlərlə rayon sakinini paytaxta daşımaq üçün öz resurslarını səfərbər edib. GA-nın aksiyadan bir neçə gün əvvəl qəbul etdiyi bəyanatda vətəndaşları “Qərb pulu ilə Gürcüstanda hazırlanan inqilabı” rədd etməyə çağırış var.
Hakim partiyanın nümayəndələri əhalini fəal iştirak etməyə və “siyasi və mənəvi cəhətdən iflasa uğramış siyasi azlığın spekulyasiyaya və xalq adından danışmasına imkan verməməyə” çağırıblar. Hakimiyyətin əsas arqumenti odur ki, Gürcüstanda fəaliyyət göstərən QHT-lərin şəffaflığı sual altındadır və bu, ölkənin təhlükəsizliyini təhdid edir.
Bu məqsədlə “Gürcü Arzusu” Gürcüstan əhalisinin daha mühafizəkar hissəsini səfərbər etməyə çalışır, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin dini dəyərləri qorumaq və LGBT-nin, eynicinsli nikahların təbliğatını qadağan etmək üçün nəzərdə tutulduğuna işarə vurur. Bu səbəbdən aprelin 29-da keçirilən aksiyada iştirak edənlərin böyük əksəriyyəti orta yaşlı və yaşlı insanlar olub.
Müxalifət deyir ki, küçə etirazlarından sonra geri götürülən keçənilki sənədlə eyni olan Xarici Təsirlərin Şəffaflığı qanun layihəsi GA-nın dördüncü müddətə hakimiyyətdə qalması üçün həyati əhəmiyyət kəsb edir. Müxalifət partiyaları və müstəqil jurnalistlər bunu Rusiyanın 2012-ci il “xarici agent” qanunvericiliyi ilə oxşarlığına görə “Rusiya qanunu” adlandırırlar, baxmayaraq ki, Gürcüstan hakimiyyəti bunu inkar edir. Rusiyada bu qanundan müstəqil media və müxalif siyasətçilərin təqib edilməsi üçün istifadə olunur.
Qarşıdan gələn parlament seçkilərində Qərbdən maliyyələşən QHT və medianın fəallığının artması gözlənilir. İlk dəfə səsvermə yalnız müxalifətin uzun müddətdir israr etdiyi proporsional sistem üzrə keçiriləcək.
Belə şəraitdə GA-nın hökuməti formalaşdırmaq üçün parlamentdə yerlərin əksəriyyətini əldə etməsi daha çətin olacaq. Bu səbəbdən də GA gəlirlərinin 20%-dən çoxunu xaricdən əldə edən strukturların xüsusi reyestrdə yer almasına və onların xarici qüvvələrin maraqları üçün fəaliyyətini təşviq edən təşkilat kimi qəbul edilməsinə icazə verən qanun qəbul etməklə QHT və medianın fəaliyyətini nəzarətə götürmək qərarına gəlib.
Ədliyyə Nazirliyi vergi bəyannamələrini yoxlayacaq və siyahı yaradacaq. Qeydiyyatın aparılmaması və gəlir mənbələrinin gizlədilməsi qanunla 25 000 lari (təxminən 10 000 ABŞ dolları) məbləğində cərimə ilə nəticələnəcək.
Qanun layihəsinin əleyhdarları əmindirlər ki, layihə qəbul olunarsa, Gürcüstanda fərqli fikirlərə qarşı təzyiq və repressiya alətinə çevriləcək. GA qanun layihəsini qəbul edərkən ötən ilin mənfi təcrübəsini nəzərə alıb və bu müddət ərzində QHT-lərin fəaliyyətini gözdən salmaqla ictimai rəyi manipulyasiya edib. Belə ki, ötən ilin sentyabrında Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti ölkədə dövlət çevrilişi planlaşdırdığı iddia edilən “xarici düşmənləri” müəyyən edib.
Qurumdan verilən məlumata görə, bunlar bütün dünyada demokratik hərəkatlarla işi və qeyri-zorakı mübarizədə təcrübə mübadiləsi ilə tanınan Serb CANVAS təşkilatının üzvləri olub. Səlahiyyətlilərə görə, CANVAS ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir və bu da öz növbəsində ABŞ hökumətinin büdcəsindən maliyyələşir.
Mayın 17-də “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin üçüncü və yekun oxunuşda qəbul edilməsi planlaşdırılır. Prezident Salome Zurabişvili artıq buna veto qoymaq istəyini bildirib. Bunun aradan qaldırılması üçün parlamentə deputatların sadə səs çoxluğu, yəni 150-dən 76-nın səsi lazımdır.
GA-nın parlamentdə 83 deputatı var. Buna görə də Prezidentin vetosunu aşmaq parlament üçün çətin olmayacaq. Belə bir ssenaridə, qanun 2024-cü il mayın sonu - iyunun əvvəlində qüvvəyə minəcək ki, bu da hakim partiyaya parlament seçkiləri ərəfəsində müxalifəti Qərbin maliyyəsindən məhrum etməyə və faktiki olaraq, seçkinin nəticələrini öz xeyrinə çevirməyə imkan verəcək.
Avropa İttifaqına (Aİ) və NATO-ya daxil olmağa can atan bir ölkə üçün bu qanun layihəsinin qəbul edilməsinin dəyəri yüksək ola bilər. Gürcüstan Aİ-yə namizəd statusunu qazandıqdan cəmi dörd ay sonra onun Avropaya inteqrasiyası təhlükə altındadır.
Lakin bu fakt GA-nı dayandırmır. Sosial Tədqiqatlar və Təhlillər İnstitutunun (BSTA) sorğusunun nəticələrinə görə, parlament seçkiləri ərəfəsində vəziyyət yenidən GA-nın xeyrinədir. Seçicilərin 31,4%-i hakim partiyaya, yalnız 9,6%-i onun əsas rəqibi olan Vahid Milli Hərəkata səs verməyə hazırdır.
Eyni zamanda, seçicilərin 40%-ə yaxını hələ öz seçimi ilə bağlı qərar verməyib və GA onları öz tərəfinə çəkməyə çalışır. Məsələn, aprelin əvvəlində Gürcüstan hökuməti 145 min fiziki şəxsə şamil ediləcək irimiqyaslı vergi amnistiyası həyata keçirməyi planlaşdırdığını açıqlamışdı.
Qanun layihəsinin qəbuluna dəstək üçün keçirilən böyük mitinqdən sonra Baş nazir İrakli Kobaxidze müxalifətin reytinqinin aşağı olması səbəbindən, ölkədə inqilabın istisna olunduğu fikrini bildirib. Kobaxidze “İmedi” telekanalına müsahibəsində deyib: “Gürcüstanda müxalifət dəstəyini itirib və ölkədə inqilab təşkil etmək üçün resursları yoxdur”.
Onun sözlərinə görə, bu gün Gürcüstan müxalifəti tamamilə nüfuzdan düşüb: “Müxalifətin ümumi reytinqi 2021-ci il yerli hökumət seçkiləri gününə nisbətən yarı aşağı düşüb. Ona görə də inqilab və buna bənzər proseslər istisna edilir”.
Baxmayaraq ki, Kobaxidze belə bir bəyanatla çıxış edəndə hələ də xatırlamaq lazımdır ki, Gürcüstanın yaxın tarixində hər hansı siyasi qüvvəyə dəstək üçün çoxminlərlə mitinq keçirməsi onun seçkilərdə inamlı qələbəsi demək deyildi. Məsələn, 2003-cü ilin payızında parlament binası yaxınlığında Prezident Eduard Şevardnadzeyə dəstək üçün açıq mitinq keçirildi və bir ay sonra onun hakimiyyəti “qızılgül inqilabı” ilə başa çatdı. Daha sonra, 2012-ci il sentyabrın 28-də Prezident Mixail Saakaşvili “Dinamo” stadionunda rekord mitinq toplasa da, cəmi bir neçə gün sonra onun rəhbərlik etdiyi Vahid Milli Hərəkat parlament seçkilərində məğlub oldu...(AYNA)