Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

Susqunluğu pozan və mafiyanı çökdürən “Tanrı” –“İki dünyanın bossu” niyə hamını polisə satdı?

I HİSSƏ


Yenixeber.org: Bir vaxtlar qorxunc qüvvəyə çevrilmiş, metastaz verən xərçəng kimi İtaliyanın bütün qurumlarına, hətta başqa ölkələrə nüfuz edən Siciliya mafiyası indi tam məhv edilməsə də, qüdrətinin çox hissəsini itirib. Bunun bir sıra obyektiv səbəbləri vardı, məsələn, İtaliya ictimai rəyinin mafiyaya qarşı köklənməsi və bəzi mafiya liderlərinin öncədən proqnozlaşdırdıqları kimi, Koza Nostraya ağlagəlməz sərvət qazandırmaqla yanaşı, daxili ziddiyyətləri də kəskinləşdirən narkotik ticarəti. 

Bundan əlavə, üç nəfər var ki, onlar mafiyanın çöküşünə böyük töhfə verdilər. Bunlardan biri cinayətkar qurumla mübarizənin əfsanəvi personajı hakim Covanni Falkone idi. Digər iki nəfər isə özləri mafiozo idi. Korleone ailəsini başçısı, özünün hakimiyyət hərisliyi ilə atdığı addımlarla mafiyaya dözümlü münasibəti mümkünsüz edən Salvotore (Toto) Riina və bir də polislə əməkdaşlığa razılıq verərək mafiyanın bütün sirlərini açıb-tökən Tommazo Buşetta.

Tommazo Buşetta və ya don Mazino mafiyada böyük vəzifə tutmurdu, sıravi üzv idi. Amma özü istəmədiyinə görə tutmurdu, yoxsa bir çox boslardan daha hörmətli və nüfuzlu idi. Buna görə də təşkilatın bütün sirlərini bilirdi. Bəs necə oldu ki, belə bir adam mafiyaya xəyanət etdi? Hərçənd, don Mazino hesab edirdi ki, o yox, təşkilatda bütün hakimiyyəti ələ keçirən Toto Riina ona və mafiyanın dəyərlərinə xəyanət edib. 

*** 

Tommazo 1928-ci ildə Palermoda anadan olub, 17 uşaqlı ailənin sonbeşiyi kimi. Atası şüşəçi idi və ailə çox çətinliklə dolanırdı. Uşaq yaşlarından xırda-para oğurluqla məşğul olub, elə o vaxt artıq hörmətcil “don Mazino” ünvanını qazanıb. Onun hətta 15 yaşı olarkən Neapolda almanlara qarşı məşhur dörd günlük üsyanda iştirak etdiyi söylənilir. Cəmi 17 yaşında isə mafiyaya qəbul edilir və Porto Nuovo ailəsinin üzvü olur.

Cinayət aləmində belə “ümidverici” starta və bəzi yazılarda “mafiya bossu” adlandırılmasına, hətta “iki dünyanın bossu” ləqəbinə baxmayaraq, Buşetta heç vaxt mafiyada yüksək vəzifələr tutmayıb və sıravi üzv - amma çox hörmətli, fikrinə mafiya liderlərinin qulaq asdıqları üzv kimi qalıb. Buna səbəb yəqin ki, onun xasiyyəti idi. Mafiyada nə qədər yüksək vəzifə tutdun, bir o qədər ayıq-sayıq olmalı, bütün diqqətini öz təşkilatına və rəqiblərinə verməli idin. Tommazo isə həyatın başqa üzünü -  gəzməyi, yeyib-içməyi, qadınları sevirdi.

Sonuncu xasiyyəti artıq 16 yaşında, hələ mafiozo olmadan evlənməsinə səbəb olmuşdu. Siciliyada qızlarla gəzib dolananda ehtiyatlı olmalı idin, yoxsa evlənmək qaçılmaz idi. Don Mazino da 1944-cü ildə Melxiorra Kavallaro ilə evlənir və bu nikahdan bir qızı, üç oğlu olur.

***

ABŞ-da mafiyanın qüdrətli təşkilata çevrilməsində 1919-1933-cü illərdə spirtli içkilərə qoyulan qadağa böyük rol oynamışdı. Mafiya spirtli içki idxalından və istehsalından ağlagəlməz qazanc əldə etdi. Bu da dövlətin bir çox qurumlarına nüfuz etmək, polisi, məhkəməni, siyasətçiləri satın almaq imkanı verdi. 

Siciliya mafiyası elə deyildi. Onun əsas qazanc yeri siqaret qaçaqmalçılığı idi. Burada nə güclü iqtisadiyyat vardı ki, sərmayə qoyub qazanc əldə edəsən, nə də varlı biznesmenlər ki, qorxudub, ayda kalan pul alasan. Buna görə də Siciliya mafiozoları çox da varlı həyat sürmürdülər.

Tomazzo Buşetta da 1948-ci ildə hələ iki uşaq atası ikən Argentinaya gedir və irsi peşəsi ilə məşğul olur - xırda şüşə fabriki açır. Amma burada rəqabət güclü olduğundan iki il sonra Braziliyaya köçür və biznesini daha uğurla davam etdirir. Bununla belə, arvadının Braziliyanı sevməməsi üzündən 1952-ci ildə Palermoya qayıdır. Burada yenə dolanışıq olmadığını görüb, 1955-ci ildə ikinci dəfə Argentinaya gedir, amma hərbi çevriliş vaxtına düşdüyündən iki ay, demək olar, hoteldən çölə çıxmayıb, geri dönür. 

Siciliyada o, Qaetano Badalamenti, Ancelo La Barbera, Salvatore Qreko kimi boslarla xüsusən yaxın olur. Bu zaman siqaret qaçaqmalçılığına görə iki dəfə qısamüddətli həbs olunur. 

1950-ci illər Siciliya mafiyasının varlanması yolunda iki mühüm hadisə baş verir: Palermoda inşaat bumu baş verir və mafiya satın aldığı siyasətçilərin - xüsusən də Palermo meri, gələcəkdə İtaliya və Avropa parlamentinin deputatı olacaq, axırda elə mafiyanın öldürəcəyi Salvo Limanın -  köməyi ilə bundan böyük qazanc götürməyə başlayır. Bu proses tarixə “Palermonun talanması” adı ilə düşür. 

İkinci hadisə isə heroin ticarəti idi. Amerikadakı mafiyanın boslarından biri Co Bonanno və ABŞ-dan qovulmuş Laki Luçano Siciliyadakı boslarla görüşərək, narkotrafik barədə danışıqlar aparırlar. Bu ticarət həm də böyük qazanc demək idi, bu isə kəskin rəqabətə, düşmənçiliyə və qan tökülməsinə səbəb ola bilərdi. Amerikalılar bunun qarşısını almaq, ziddiyyətləri dinc yolla həll etmək üçün ABŞ-da çoxdan etdiklərini - Komissiya yaratmağı təklif edirlər.

Mühafizəkar və qeyri-demokrat Siciliya boslarını Komissiyanın yaradılmasına razı salmaqla məhz Buşetta məşğul olur. Onun diplomatik bacarığı öz sözünü deyir, boslar xeyli tərəddüddən sonra razılıq verirlər. Ümumiyyətlə, tanıdıqlarının fikrincə, don Mazino normal təhsil alıb siyasətə qoşulsaydı, böyük diplomat olardı. 

Bununla belə, Komissiyanın yaradılması ziddiyyətləri həll etmədi və 1962-ci ildə Birinci mafiya müharibəsi başladı. Tommazo da bu müharibədə iştirak edir və bir neçə nəfəri qətlə yetirir. Həbs təhlükəsi qarşısında əvvəlcə İsveçrəyə, sonra ABŞ-a gedir. Burada Qambino mafiya ailəsinin köməyi ilə pizzeriya açır və Vera Cirotti adlı bir qadınla yaşayır. Onun bu qadından Liza və Aleksandra adlı iki qızı olur. Bir müddət sonra Melxiorra və dörd uşağı da Nyu Yorka gəlir və don Mazino iki ailəli vəziyyətə düşür. 1960-cı illərin sonlarına doğru isə yenidən Braziliyaya köçür, bu zaman Vera Cirotti ilə əlaqələrini kəsir.

Braziliya çimərliklərinin birində o, özündən 22 yaş kiçik Kristina Qimaraeş adlı qızla tanış olur. Kristina elə ilk gündə ona dəlicəsinə vurulur. Özü bu haqda belə deyirdi: “Əgər tanrı olduğunu iddia etsəydi, mən ona inanardım”.

Tomazzo Buşetta məhz bu zaman möhkəm xarici əlaqələrinə görə “iki dünyanın bossu” ləqəbini qazanır: dünyanın biri Siciliya idi, digəri də xaric. Amma 1972-ci ildə narkotik ticarəti ittihamı ilə həbs olunur. Hərçənd, don Mazino həm Braziliya polisinin işgəncələri altında, həm də sonralar istintaqla əməkdaşlıq edəndə bu ittihamı rədd edir. Adam öldürməsini etiraf edir, narkotik ticarətini isə yox. 

İlin sonunda İtaliyaya ekstradisiya olunan Buşetta dörd il əvvəl haqqında qiyabi çıxarılan 10 illik həbs cəzasını çəkmək üçün Palermodakı “Ucciardone” həbsxanasına göndərilir. Burada mafiozolar elə komfortlu şəraitdə cəza çəkirlər ki, onu “Grand Hotel Ucciardone” adlandırırdılar. Buşetta burada istədiyi yeməkləri yeyir, içkilər içir, istədiyi adamlarla görüşür. Hətta rəhbərliyə geri qayıdacağı barədə “şərəf sözü” verib, istəyəndə çölə də çıxır. Bunların müqabilində həbsxana rəhbərliyinin ondan bir istəyi vardı: nizam-intizamın təmini, başlarını ağrıdacaq heç nəyin olmaması. Don Mazino da bunu təmin edir. 

Buşettanın həbsindən bir az keçmiş Kristina dünyaya bir oğlan gətirir və adını Rikardo qoyurlar. Qısa müddət sonra Siciliyaya gələn qadın ərinin Vera Cirottidən qızlarını da himayəyə götürür. Əri demişkən, onların toyu yalnız 1978-ci ildə elə həbsxanada olur. Bəy tərəfdən şahid məşhur qanqster Frensis Turatello idi. 

Buşetta və Turatellonu daha bir maraqlı hadisə bağlayır. Xristian-demokratlar partiyasının lideri, iki dəfə baş nazir olmuş Aldo Moro 1978-ci ilin martında ultrasolçu “Qırmızı briqadalar” tərəfindən oğurlanmışdı. Turatello Buşettadan Moronun azad edilməsində yardımçı olmağı xahiş edir. Tommazo da Koza Nostra boslarının fikrini öyrənir, amma mənfi cavab alır. Deyilənlərə görə, Aldo Moronun siyasi rəqibi, mafiya ilə sıx əlaqələrə malik Culio Andreotti bunu istəmir. Moro da oğurlanmasından iki ay sonra öldürüldü. 

1980-ci ilin fevralında don Mazino Turindəki “Le Nuove” həbsxanasına köçürülür və burada “yarımazadlıq” rejimində olur: gündüzlər çölə çıxıb, axşamlar qayıdır. Amma Palermoda istədiyi vaxt çölə çıxıb qayıdan Buşetta Turində bir müddət sonra həbsdən qaçır. Bir neçə ay Palermoda gizlənir və 1981-ci ilin yanvarında Kristina və dörd uşağı ilə birlikdə Braziliyaya qayıdır. 

Həbs müddətinin bitməsinə az qalarkən baş verən bu qaçış səbəbsiz deyildi. Buşetta mafiya daxilində yeni müharibənin başlyacağını hiss edirdi: Korleone ailəsini bossu Tito Riina bütün mafiyaya nəzarəti ələ keçirmək istəyirdi. Qaçışdan sonra yaxın dostları, Palermodakı ailələrə başçılıq edən Stefano Bontate və Salvatore İnzerillo ondan Siciliyada qalıb gələcək müharibədə kömək etməsini istəyirlər, amma don Mazino bundan uzaq olmaq qərarına gəlir. 

*** 

Hələ 1980-ci ildə xeyli qətllər baş versə də, İkinci mafiya müharibəsinin 1981-ci il aprelin 23-də başladığı hesab olunur. Həmin gün 42 yaşını qeyd edən Stefano Bontate şəhərkənarı evinə gedərkən motosikletdə olan iki nəfər tərəfindən güllələndi. Mayın 11-də isə Salvatore İnzerillo öldürüldü. 

İkinci müharibə Birinciyə nisbətən xüsusi amansızlıqla və qəbul olunmuş qaydaları pozmaqla aparılırdı. Əvvəllər belə savaşlar zamanı mafiyaya aid olmayan “dinc əhaliyə” adətən toxunulmurdu. Hətta öldürüləcək mafiozonun yanında dinc sakin olardısa, qətl təxirə salınırdı. Buşetta bu barədə sonralar deyirdi: “Elə olurdu ki, haqqında ölüm hökmü çıxarılmış şəxs illərlə hər yerə oğlunun əlindən tutaraq gedir və bunun sayəsində sağ qalırdı”.

“Gödək” (boyu 158 sm idi) və “Yırtıcı” ləqəbli Toto Riina indi belə etiketə riayət etmək fikrində deyildi. O, nəinki “dinc əhali”ni, hətta uşaqları belə öldürməkdən çəkinmirdi. Şərq despotları kimi düşmənin kökünü kəsməyə, qisas alacaq kimsə saxlamamağa çalışırdı. Bontate və İnzerillo klanından da xeyli adam öldürdü. 

Palermo ailələrinə yaxın olan iki mafiozo-siyasətçi - İqnasio və Antonino Salvo (əmioğlu idilər) Braziliyaya gedərək, Buşetta ilə görüşürlər. Onların fikrincə, yalnız don Mazino özünün zəkası və diplomatik bacarığı ilə korleonlulara qarşı ittifaq təşkil edə bilərdi. Amma “iki dünyanın bossu” imtina edir. 

1982-ci ilin avqustunda Çinizi klanının başçısı Qaetano Badalamenti də Buşetta ilə görüşüb Riinaya qarşı müharibədə kömək istəyir. Həmin il anadan olan oğluna dostu Bontatenin şərəfinə Stefano adını qoyan don Mazino həmin dostunun qisasını almaq üçün ailəsini təhlükəyə atmaq fikrində deyildi və Badalamentiyə də “yox” deyir. 

O, bu dövrdə leqal işlə - ağac tədarükü ilə məşğul idi. Yaxşı əlaqələrə malik olan hüquqşünas qayınatası onun üçün qazanclı sifarişlər təşkil edirdi. Tommazo Braziliya polisinin onu tanımaması üçün plastik əməliyyat etmiş, görünüşünü, hətta səsini dəyişdirmişdi. Sənəddə də adı, təbii ki, başqa idi. 

Amma bitərəf qalmaqla özünü və yaxınlarını mafiya müharibəsinin faciələrindən qoruyacağını düşünən Buşetta yanılır. Toto Riina özünə sədaqət andı içməyən hamını aradan götürmək fikrində idi, belələri qarşı cəbhədə yer almasalar belə. O, düşmənlərinin dostu Buşettanı da preventiv qaydada öldürmək istəyir, amma bunun üçün əvvəlcə onun yerini öyrənmək lazım idi. 

Buşettanın ilk nikahdan olan iki oğlu - Benedetto və Antonio “Yırtıcı”nın əmri ilə 1982-ci ilin sentyabrında qaçırıldılar. Amma onlar atalarının yerini bilmirdilər və işgəncələrə baxmayaraq, heç nə deyə bilmədilər. Onları boğub öldürdülər, meyitlərini də turşuda yox etdilər.

Bu hadisə Tommazo Buşettanı dərindən sarsıtdı. Onun üzv olduğu mafiya sözsüz cinayətkar qurum idi, bununla belə müəyyən çərçivələri, qırmızı xətləri, kodeksi vardı. Toto Riina isə indi təkcə düşmənlərini deyil, mafiyanın öz kodeksini məhv edirdi. Koza Nostra indi heç bir çərçivələri, əxlaq qaydaları olmayan təşkilata çevrilmişdi. Mafiozolar özlərinə “şərəfli adam” (ital: uomo d'onore; Siciliya dialektində: omu d'onuri) deyirdilər. İndi Buşetta özünə sual verirdi ki, uşaqları, “dinc əhali”ni öldürənlər “şərəfli adam” ola bilərlərmi? Bu, onun üzv olmağı qürur bildiyi mafiya deyildi. 

Oğlanlarının qətlindən doğan intiqam hissi və Braziliyadakı ailəsini qorumaq qayğısı ilə yanaşı məhz bu məyusluq onu “omerta” adlanan susqunluq kodeksini pozmağa və hüquq-mühafizə orqanları ilə əməkdaşlığa sövq edəcək. Ondan sonra çoxları bu addımı atacaq. Omerta isə mafiyanın dirəklərindən biri idi, pozulması ilə Koza Nostra çökdü.(Pressklub) 

(ardı var) 

Yadigar Sadıqlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam