Tehranın hicabı yırtıldı:məqsəd nə idi?
Külli miqdarda pul göyə sovruldu, İsrail “xəritədən silinmədi”...
Yenixeber.org: İranın İsrailə hava hücumu bir daha sübut etdi ki, Yaxın Şərq regionu min ildən artıqdır dünya güclərinin maraqlarının toqquşduğu əsas məkandır.
Bu bölgədə baş verən hər bir hadisə beynəlxalq aləmdə cəbhələşməni, qütbləşməni daha aydın göstərir. Ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu İranı yenə münaqişənin mərkəzinə gətirib. İraq, Suriya və Əfqanıstan olaylarında Tehran rejiminin adı yaxından-uzaqdan hallanırdı. İran İslam İnqilabının Keşikçiləri Qvardiyası (SEPAH) bu ölkələrdə "müqavimət hərəkatı" adı altında "Həşdi-Şəbi", "Zenəbiyyun", "Fatimiyyun", husilərin "Ənsarullah" kimi qruplarını yaradıb. Bununla da o, regionu bu qruplar vasitəsi ilə qarışdırır, hərbi münaqişələrdə iştirak edirdi. Ancaq İsrailə hücumda İran hakimiyyəti özünü gizlədə bilmir. Dəməşqdə Tehranın diplomatik missiyasının binası saydığı yerin bombalanması və SEPAH-ın iki generalı da daxil olmaqla yüksək rütbəli və vəzifəli 7 zabitinin ölməsi son günlərdə gərginliyi daha da artırmışdı. İranın iddiasına görə, İsrail Suriyadakı diplomatik missiyanın binasını vurmaqla İslam Respublikasına hücum edib. Bu səbəbdən də beynəlxalq normalara görə İsraili günahkar sayır.
İranın ali rəhbəri dini, siyasi və hərbi cəhətdən İsraili hədələyərək, qisas alacaqlarını dəfələrlə bəyan edib. Qəribədir ki, son günlər beynəlxalq ictimaiyyət özünü uzunmüddətli İran-İsrail müharibəsinə hazırlaşırmış kimi aparırdı. Sanki İran İslam Respublikasının irəli sürdüyü "İsrailə ölüm!" şüarının gerçək olub-olmadığını görmək istəyirdilər. Tehranın bu sərt addımının qarşısının alınması üçün sərt addımlar atılmaması bu ehtimalımızı daha da gücləndirir.
Bu, ötən 45 ildə Tehran hakimiyyətinin birbaşa iştirak etdiyi ikinci savaşdır. 1980-ci ildə İslam Respublikası onda hakimiyyətə təzə gəlmiş iddialı Səddam Hüseyn rejimi ilə aparıb. Bu müharibədən tərəflər qarşılarına qoyduqlarına nail olmadılar. Müharibə İraqı zəiflətdi, Tehran rejiminin isə gücləndirdi.
1988-ci ildə bu müharibə atəşkəslə dayandı. Səddam Hüseyn devrilənədək tərəflər arasında düşmənlik davam edib. Hazırda İranın İraqda da proksi qüvvə saxlaması Tehranın bu ölkədəki planlarının göstəricisidir.
Birinci müharibə o zamankı İran hakimiyyətinə güclənməsi, toparlanmaq, beynəlxalq aləmdə güc olduğunu göstərmək, regional iddialarını sərgiləmək, habelə daxildə müxalifəti əzmək üçün lazım idi. O, bunu nümayiş etdirdi.
Ötən il İranda baş verən etiraz aksiyaları hakimiyyətə toparlanmaq, boşluqları araşdırmaq üçün fürsət verdi. Bu hadisələr mütəşəkkil müxalifətin yaranmasına, etirazçıların tələblərinin reallaşmasına fayda vermədi. Anti-hicab hərəkatı hakimiyyətə zəıf nöqtələrini aşkarlamağa imkan yaratdı. Hakimiyyətdaxili qovğaların, çəkişmələrin aradan qalxmasına təkan verdi və s. Etiraz aksiyası yatırıldı, hərbi-polis qüvvələri yüzlərlə etirazçını öldürdü, minlərlə insan yaralandı və tutuldu. Hakimiyyət cəmiyyətin tələbləri qarşısında geri çəkilmədi. Habelə daxildəki fəal müxalif qüvvəni müvəqqəti də olsa zərərsizləşdirdi. Bu aksiya daha çox monarxistləri dəstəkləyən qüvvələr tərəfindən keçirildiyi üçün ümumölkə mahiyyəti daşıya bilmədi.
HƏMAS-ın İsrailə hücumu ona regionda və ölkədə özünü 44 ildən sonra göstərmək, habelə sponsorluq edən dövlətlər qarşısında güc olduğunu təsdiqləmək üçün yenidən şərait yaratdı.
İranın İsraillə müharibə xofu yaratmaqla ölkə ictimaiyyətinə, etirazçılara təzyiqi artıracağı istisna olunmur. Bu isə rejimin gələcəyi ilə bağlı yaxşı heç nə vəd etmir.
Bu hadisəyə əsasən onu da ehtimal etmək olar ki, Tehran hakimiyyətinə arxa olanlar Dəməşqdə baş verən hadisələrə görə İsrailin və ABŞ-nin İran tərəfindən "cəzalandırılmasını" istəyiblər. Çünki son günlər hətta ABŞ-nin dövlət katibi Antoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron belə İranı İsrailə hücumdan çəkindirmək üçün cəhdlər göstərib. Rusiya və Çin tərəfindən belə bir addımın atılmasına dair heç bir məlumat yayılmadı. Görünür, HƏMAS-ın İsrailə hücumunda maraqlı olan tərəflər bu dəfə aksiyanın daha da böyüməsini istəyiblər. Odur ki, İsrail istiqamətində Yəməndən husilər, Livandan “Hizbullah”, Suriyadan Bəşşar Əsəd qoşunu, İraqdan isə "Həşdi-Şəbi" birgə fəaliyyətlə İrana dəstək verirlər. Başqa sözlə, Tehran regiondakı bütün komandası ilə birlikdə İsrail dövləti ilə müharibəyə başlayıb.
İran İsrailə 5 saatlıq hücumu həm də bəlli dünya güclərinin İranın əli ilə ABŞ, İsrail və müttəfiqlərinə qarşı müharibəsi kimi də qiymətləndirilə bilər.
Tehranın iddialı hücumu heç nəyi həll etmədi. ABŞ və İsrailin iddiasına görə, İranın atdığı raketlər və uçurduğu dronlar hədəfə çatmadan məhv edilib. Deməli, İranın əsas hədəfi İsrailə ziyan vurmaqdan daha çox özünü göstərmək lazım imiş. Tehran sanki video və şəkil çəkdirmək üçün milyonlarla qiyməti olan raket və dronları göyə sovurdu. Ölkənin indiki ağır iqtisadi vəziyyətində bunun İrana heç faydası olmadığı məlumdur. Ona görə də bu aksiya üçün Tehrana ödəniş edildiyi ehtimalı da gündəliyə gələ bilər.
Rəsmi Təl-Əviv hökuməti İrana cavabın ağır olacağını bildirib.
Hicab sözü həm də "həya" mənasını verir. Dövlətlər bir-biri ilə beynəlxalq normalara uyğun olaraq, yaxud beynəlxalq hüquqa bürünərək, bir-biri ilə həya ilə davranmağa çalışır. Müharibə isə bu hicabın atılması deməkdir. Odur ki, İranın İsrailə hücumu bütün pərdə və niqabların aradan qaldırılmasına şərait yaradıb.
İran bu hücumla heç nəyə nail olmadı. Nə "İsrail siyasi xəritədən silindi", nə Fələstin dövlətinin quruculuğuna müsbət təsiri oldu, nə İsrail mövqeyindən geri çəkildi. İranın hikkəli davranışı HƏMAS-a, Fələstin dövlətinin yaranması məsələsinə İsrailin münasibəti dəyişmədi. 5 saatlıq hücum regiona sabitlik deyil, gərginliyin artması üçün yeni əsaslar verib.(Pressklub)
Sədrəddin Soltan