Yenixeber.org: Bakı ilə İrəvan arasında sülhə ən yaxşı təminatın hərbi paritet olması tezisi Ermənistanda çox populyardır. Ən azından, siyasətçilərin açıqlamalarını oxuyanda, ekspertlərin çıxışlarını dinləyəndə, kütləvi informasiya vasitələrinin materiallarına və sosial şəbəkələrdə onlara verilən cavablara baxanda belə təəssürat yaranır. Üstəlik, bunu təkcə erməni mətbuatından oxumursan. Mövzu Azərbaycan mətbuatında da əksini tapıb.
Münaqişə davam edən illərdə Ermənistan və Azərbaycanın hərbi potensialı necə inkişaf edib? İkinci Qarabağ müharibəsi ərəfəsində bu potensiallar hansı səviyyəyə çatıb və indi hansı istiqamətdə irəliləyir? Bu gün hansı tərəf daha intensiv silahlanır? Və ümumiyyətlə, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında hərbi paritetə nail olmaq nə dərəcədə realdır? Sualın bu formada qoyulmasının nəyə gətirib çıxara biləcəyi hesablanıbmı, bunun üzərində düşünülübmü?
Bəlkə həqiqətən Ermənistan yeni dostlarının köməyi ilə qısa zamanda hərbi gücünü Azərbaycanla bərabərləşdirsə, o zaman dişinə qədər silahlanmış iki dövlət başa düşər ki, artıq bu ölümcül texnikadan istifadə etməyin mənası yoxdur. Siz zərbənizə adekvat cavab alacaqsınız və məsələ qarşılıqlı qırğınla yekunlaşacaq. Məntiqi olaraq, biz dinc birgəyaşayışın qaçılmazlığını dərk edəcəyik! Ola bilsin, biz hətta “paritet” tərksilahla bağlı razılıq əldə edəcəyik. Çünki hərbi xərclərin pik nöqtəsində balansı saxlamaq gənc iqtisadiyyatlar üçün çox ağır yükdür. Bu gün bir təyyarə eskadrilyasının yaradılması və saxlanması bütöv bir şəhərin və ya kənd təsərrüfatı rayonunun saxlanmasından daha çox xərc tələb edir.
Yeri gəlmişkən, Azərbaycanla Ermənistan arasında hərbi paritet bir dəfə mövcud olub, lakin problemin həllinə kömək etməyib. 1994-cü ildə atəşkəsdən sonra münaqişə tərəflərinin müdafiə xərclərində bir neçə il ərzində balans qorunub. Sülh Problemlərinin Araşdırılması üzrə Stokholm Beynəlxalq İnstitutunun (SIPRI) məlumatına görə, 90-cı illərin sonlarında balans nəzərəçarpacaq dərəcədə pozulmağa başlayıb və artıq 2001-ci ildə Azərbaycan hərbi potensial fərqini iki dəfə artırıb. 2010-cu illərin əvvəlində bu fərq 8,5 dəfəyə çatıb. Lakin Azərbaycanın hərbi xərcləri tarixi maksimuma 2014-cü ildə çatıb – Ermənistan büdcəsində 0,46 milyard dollara qarşı 3,43 milyard dollar.
Nəticədə, islahat və yenidən silahlanmaya 32 milyard ABŞ dollarından çox vəsait sərf edən Azərbaycan əsrin dörddə biri qədər müddətə yeni şəraitdə döyüşə hazır olan müasir ordu yaradıb. Bu müddət ərzində Ermənistanın müdafiə xərcləri 7 milyard dollardan bir qədər çox olub.
Bu silahlanmanın taleyüklü 2020-ci ildə necə başa çatdığı hamıya məlumdur.
Prosesi analiz etdikdən sonra dərhal Ermənistan liderlərini öz ordularına pulu xəsisliklə ayırmaqda və Azərbaycanla hərbi pariteti unutmaqda ittiham etmək lazım deyil. Paradoks ondadır ki, bütün bu 25 il ərzində, o cümlədən 2020-ci ildə Ermənistan dünyanın ən hərbiləşdirilmiş dövlətlərindən biri olub, hətta faiz etibarilə orduya Azərbaycandan daha çox büdcə vəsaiti ayırıb. Bunu Bonndakı Münaqişələrin Öyrənilməsi Beynəlxalq Mərkəzinin (BICC) tərtib etdiyi Qlobal Silahlanma İndeksi (GMI) sübut edir. Reytinq ölkələrin hər birinin büdcəsində hərbi xərclərin payına əsaslanaraq onların dünyanın 194 dövləti arasındakı yerini göstərir.
Ölkə/il | 1995 | 2000 | 2005 | 2010 | 2015 | 2016 | 2017 | 2018 | 2019 | 2020 |
Ermənistan | 15 | 20 | 15 | 9 | 6 | 7 | 7 | 4 | 3 | 2 |
Azərbaycan | 25 | 31 | 26 | 22 | 10 | 16 | 16 | 15 | 15 | 10 |
Ermənistan orduya maksimum pul ayırmağa çalışıb: həyatın digər sahələrini tam kənara atmayaraq, büdcənin imkan verdiyi qədər ayırıb. O, dövlət xərclərində hərbi xərclərin çəkisinə görə həmişə Azərbaycanı qabaqlayıb və hətta planetin ən hərbiləşmiş ölkələri siyahısında 2-ci yerə də çıxıb. Ancaq hər şey hesablama nöqtəsi ilə bağlıdır. Sənin ümumi büdcən düşmənin təkcə müdafiə xərclərindən azdırsa, burada hansısa faiz göstəriciləri ilə heç nə əldə edə bilməyəcəksən. 2010-cu illərin əvvəllərində Qafqazda vəziyyət məhz belə idi.
Bundan əvvəl yazmışdıq ki, Azərbaycan və Ermənistan arasında 2020-ci il müharibəsi “sahədə” çox şeyi dəyişib, lakin təəccüblü olsa da, insanların düşüncəsində heç nəyi dəyişməyib. Qarşıdurma ruhu bir müstəvidən digərinə keçib, problemin həlli üsulları əsasən eyni olaraq qalıb. Münaqişə beyinlərdə hələ də davam edir. O beyinlərdə ki, müharibədən əvvəl də eyni fikirlərlə dolu idi: əzələləri şişirtmək, daha çox silah almaq, yeni hərbi müttəfiqlər əldə etmək.
Yeri gəlmişkən, bu vəziyyət “müttəfiqlər”i də qane edir. Son illərdə qlobal silah bazarı yüksək sürətlə inkişaf edir. Bəs sizcə, bu bazar kimin idarəsi altındadır? Bizim Minsk Qrupundakı “sülhməramlı” üçlüyümüzün! Onlar hətta Minsk Qrupunun dərin komaya düşməsindən sonra belə, hər biri təklikdə Ermənistan-Azərbaycan münaqişəsinin həllində “vasitəçi” roluna iddialarını saxlayırlar: ABŞ, Fransa, Rusiya. Bax belə: bir əllə silahlandırır, o biri əllə barışdırırlar. Və bir-biri ilə həm hərbi təsir zonasını genişləndirməkdə, həm də sülhməramlı rolunda rəqabət aparırlar.
Müharibələr arası fasilə: Azərbaycan
Bu gün Ermənistan, hərbi təchizat məsələsi də daxil olmaqla, Rusiyadan asılılığını aradan qaldırmaq istəyir. Bu, daimi qalmaqallarla müşayiət olunan yüksək tonda baş verir. Azərbaycan bu yolu 7-8 il əvvəl heç bir səs-küy olmadan keçib. Artıq 2016-2020-ci illərdə Bakının hərbi satınalmalarının yalnız 16%-i Rusiyanın payına düşüb. Ondan bir il əvvələ qədər – 2011-2015-ci illərdə bu rəqəm 79% olub. Prezident İlham Əliyev 2016-cı ilin dekabrında İsrailin baş naziri ilə birgə mətbuat konfransında ilk dəfə olaraq Tel-Əvivlə 4,85 milyard dollar dəyərində böyük hərbi müqavilə bağlandığını və çatdırılmaların böyük hissəsinin artıq icra olunduğunu elan edib. SIPRI-nin məlumatına görə, Azərbaycan növbəti beş ildə bu ölkənin ixrac etdiyi bütün silahların 16%-ni əldə edib. Ümumilikdə isə 2016-cı ildən İkinci Qarabağ müharibəsinə qədər ölkənin əsas hərbi təchizatçıları İsrail (68%), Rusiya (16%), Türkiyə (6%), Belarus (4,6%), Slovakiya (2,6%) olub.
Beləliklə, SIPRI-nin hesablamalarına görə, Azərbaycan 2011-2020-ci illərdə 3,345 milyard TIV-lə Avropada ən böyük, dünyada isə 23-cü silah idxalçısına çevrilib (Ermənistan həmin dövrdə 398 milyon TIV toplayıb. SIPRI unikal qiymətləndirmə sistemindən istifadə edir: TIV tədarükün maliyyə dəyərini deyil, əməliyyat nəticəsində idxalçıya verilən hərbi potensialı ölçür. Bu, alınan silahın gücü haqqında daha aydın təsəvvür yaradır).
Müharibədən sonra Azərbaycan silah bazarında fəallığını kəskin şəkildə azaltdı, lakin tezliklə də eyni sürətlə fəallığını gücləndirməyə başladı. 2021-ci ilin avqustunda İsrail və Azərbaycan qəzetləri iki ölkə arasında 2 milyard dollarlıq daha bir böyük silah müqaviləsinin hazırlandığını yazmışdılar. İxtisaslaşmış “Defense Industry Europe” nəşri bəzi detalları açıqlayıb: sövdələşmənin bir hissəsi kimi “Barak MX” hava hücumundan müdafiə sistemləri alınacaq. Bu mobil sistemlər müxtəlif modifikasiyalı raketlərdən başqa, təyyarələrdən, helikopterlərdən və PUA-lardan da qoruya bilirlər.
Bir müddət sonra Vaşinqtonda yerləşən “Middle East Institute” İsrailin “Meteor Aerospace” və “SpearUAV” korporasiyalarının 2024-cü ilə qədər Azərbaycana növbəti hərbi texnika partiyası tədarük edəcəyi barədə məqalə dərc edib. “SpearUAV” pilotsuz uçuş aparatlarının işlənməsi və istehsalı ilə məşğuldur, “Meteor Aerospace” isə 30 ildən artıqdır ki, raket sistemlərinin, peyklərin və hava hücumundan müdafiə sistemlərinin yaradılması üzrə ixtisaslaşıb. İnstitut iddia edirdi ki, “Meteor Aerospace” və “Caspian Ship Building Company” (CSBC) hətta gələcək müqavilələri həyata keçirmək üçün Bakıda birgə müəssisə yaradıblar.
2021-ci ilin dekabrında Türkiyə İxracatçılar Birliyi (TİM) Azərbaycanın Türkiyə istehsalı olan hərbi texnika idxalında ancaq ABŞ-dan geri qalaraq ikinci yeri tutduğunu bildirib. Bu gün Azərbaycan ordusunun arsenalında 44 günlük müharibə zamanı istifadə edilənlərdən daha müasir pilotsuz uçuş aparatları var – “Bayraktar TB-3” və “Akıncı”.
Azərbaycan eyni zamanda hərbi təchizat coğrafiyasını genişləndirərək, ilk növbədə Avropa ölkələri ilə yeni müqavilələr bağlamağa çalışır. 2021-ci ilin sentyabrında bir sıra informasiya xidmətləri “La Repubblica” qəzetinə istinadla xəbər verib ki, İtaliya və Azərbaycan Müdafiə nazirlikləri arasında yaradılmış “Texniki masa”da “İtaliyanın Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi planına töhfəsi” müzakirə olunur və 2 milyard dollara qədər “iri çaplı silahların alınması” ilə bağlı danışıqlar aparılır. Ötən il isə Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsinin Azərbaycana özüyeriyən artilleriya qurğularının tədarükü ilə bağlı müqavilə bağladığını bildirib. KİV-in məlumatına görə, söhbət 339 milyon dollar dəyərində 48 ədəd “Nora B52” haubitsasından gedir. Onlar düşmənin artilleriya batareyalarını, bunkerlərini məhv etmək, minalanmış ərazilərdə keçid açmaq üçün nəzərdə tutulub, döyüş şəraitini modelləşdirmək üçün ən son avadanlıq, o cümlədən radarlar və sensorlarla təchiz edilib.
Müharibələr arası fasilə: Ermənistan
İkinci Qarabağ müharibəsi başlayana qədər Ermənistan Rusiya hərbi-sənaye kompleksi ilə sıx bağlı olub. İrəvan 2011-2020-ci illərdə silahların demək olar ki, 94%-ni Moskvadan alıb…(Pressklub)
(Ardı var)
Arif Əliyev,
Turqut