Yenixeber.org: Fransa prezidenti Emmanuel Makronun Rusiyaya qarşı döyüşmək üçün NATO-ya üzv ölkələrin Ukraynaya qoşun göndərə biləcəyi ilə bağlı açıqlaması gündəmə bomba kimi düşdü. Bu, həmin Makrondur ki, Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı müharibəsinin ilk ilində Moskvanın maraqlarına daha çox cavab verən açıqlamaları və addımları ilə sərt tənqid olunurdu. NATO-nun və ya Alyansa üzv ölkələrin bir qrupunun hansısa hərbi müdaxiləsinin təşəbbüsçüsü, lideri kimi bir qayda olaraq ABŞ çıxış edib.
İndi isə NATO-nun tarixinə ən ciddi təşəbbüs kimi düşə biləcək təkliflə ABŞ deyil, heç kimin gözləmədiyi halda, Fransa çıxış edib. Bu təşəbbüs Rusiyanın Ukraynada qələbə əldə edərək özünün təsir dairəsini genişləndirmək istəyinin qarşısını almağa yönəlib. Prezident Makron açıq mətinlə bəyan edib ki, Fransa Rusiyanın Ukrayna üzərində qalib gəlməsinə imkan verməyəcək. Bu vəzifənin təmin edilməsi üçün rəsmi Paris Rusiya ordusuna qarşı döyüşmək üçün Ukraynaya ordu göndərməkdən çəkinməyəcəyini bəyan etməklə yanaşı, bu addımı atmaq üçün hazırlıqlar da görməyə başlayıb. İlk öncə Prezident Makron Fransadakı siyasi partiya liderləri ilə görüş keçirərək, Rusiya ordusuna qarşı döyüşmək üçün Ukraynaya qoşun göndərə biləcəyi ilə bağlı siyasi liderləri məlumatlandırıb.
Bunun ardınca isə Fransa Ukraynaya hərbi qüvvə göndərməyə hazır olan dövlətlərdən ibarət koalisiya yaratmaqla bağlı NATO-ya üzv ölkələrlə danışıqlara başlayıb. Fransanın xarici işlər naziri Stefan Sejourne Litvaya səfər edərək, Baltikyanı ölkələrdən və Ukraynadan olan həmkarları ilə görüşüb. Baltikyanı ölkələrin xarici işlər nazirləri görüşdə bu ideyanı dəstəkləyiblər. “Politico” nəşrinin məlumatına görə, Baltikyanı ölkələrin xarici işlər nazirləri “qeyri-standart fikrə” görə Fransa rəhbərliyinə təşəkkür ediblər. Litvanın xarici işlər naziri Qabrielius Landsberqis deyib ki, biz özümüz üçün deyil, Rusiya üçün qırmızı xətlər çəkməliyik: “Ukraynaya dəstəyin hər hansısa bir formasını istisna etmək olmaz”.
Polşa da Fransanın təşəbbüsünü dəstəkləyə və koalisiyaya qoşula bilər. Polşanın xarici işlər naziri Radoslav Sikorski Fransanın təşəbbüsünü yüksək qiymətləndirib və Ukraynaya hərbi qüvvə göndərə biləcəklərini istisna etməyib. Finlandiya, İsveç, Danimarka, Belçika, Niderland, Rumıniya, Çexiya və Norveçin də zamanla Fransanın təşəbbüsünə qoşulacağı ehtimalı böyükdür. Bu dövlətlərin Ukraynaya ordu göndərəcək ölkələrin koalisiyasına qoşulması digərlərini də buna sövq edə bilər.
“F-16 koalisiyası”, “Dron koalisiyası” və “Mərmi koalisiyası” kimi təşəbbüslərə də ilk vaxtlar qoşulan dövlətlərin sayı çox deyildi. Ancaq zamanla onların sayı artdı. Fransa prezidentinin Ukraynaya ordu göndərmək təşəbbüsünün də zamanla daha çox dəstək qazanacağını ehtimal etmək olar. Digər tərəfdən, Rusiyanın hərbi cinayətlərinin miqyasının artma ehtimalın çox böyük olması və digər postsovet ölkələrinə qarşı təcavüzün gündəmə gəlməsi Makronun təşəbbüsünü zərurətə çevirə bilər.
Makronun təşəbbüsündə ən çox diqqət çəkən məqam Fransanın xarici siyasətində baş verən ciddi dəyişiklikdir. Fransanın məqsədi yalnız Rusiyanın Ukraynaya qarşı təcavüzünün cilovlanmasından ibarət deyil. ABŞ-ın seçki ilinə qədəm qoyması nəticəsində daxili siyasi mübarizənin önə çıxması Vaşinqtonun beynəlxalq münasibətlərə təsirini azaldıb. Boris Consonun istefasından sonra Böyük Britaniya hökuməti də liderlik nümayiş etdirə bilmir. Almaniya hökumətinin Ukraynaya uzaqmənzilli “Taurus” raketlərini verməkdən imtina etməsi Berlinin mövqeyini və nüfuzunu zəiflədib. Yəni, Fransanın təşəbbüsü ələ almasına da müsbət zəmin yaranıb. Ukraynaya ordu göndərə biləcəyini bəyan edən Fransa prezidenti Rusiyanın təzyiqlərinə məruz qalan Moldovaya dəstək ifadə edib. Bir neçə gün öncə Parisə rəsmi səfəri zamanı Moldova prezidenti Maya Sandu fransalı həmkarı Emmanuel Makronla müdafiə və iqtisadiyyat sahəsində əməkdaşlıq sazişləri imzalayıblar. Fransa Moldova ordusunun döyüş qabiliyyətini artırmaq üçün müasir silah və texnika ilə təmin etməyə başlayıb. Bundan başqa, Fransa Müdafiə Nazirliyinin Moldova əsgərlərinə təlim keçmək üçün Kişinyovda daimi nümayəndəliyi açılacaq. Sandu və Makron tərəfindən Parisdə imzalanan müdafiə və iqtisadi əməkdaşlıq haqqında sazişdə belə bir bənd var. Fransanın Kişinyovdakı hərbi missiyası Moldova ordusunun daha yaxşı hazırlanmasına və iki ölkənin silahlı qüvvələrinin uyğunluğunun artırılmasına kömək edəcək.
Uzun illər postsovet ölkələri içərisində yalnız Ermənistanla yaxınlaşma siyasəti aparan Fransanın son təşəbbüsləri Rusiyanın təsirinin azaldığı postsovet coğrafiyasında yeni geosiyasi vəziyyət yaratmaqdadır. Ukrayna və Moldovaya yönəlik yeni təşəbbüsləri uğurlu olsa, Paris postsovet məkanında əsas söz sahiblərindən biri ola bilər. Belə görünür, Bakı proseslərin bu istiqamətdə inkişaf edə biləcəyini ehtimal etməyib. Bu isə arzuolunmaz nəticələrə səbəb ola bilər. Hindistanın dünyada və Avrasiyada rolunun artdığı bir zamanda Fransanın da təsir imkanlarının artması ciddi problemlərə səbəb ola bilər. Hindistan gözlərimizin önündə region dövlətindən qlobal gücə çevrilir. Bu barədə növbəti yazıda…