Yenixeber.org: Baş nazir Nikol Paşinyan Fransada “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətimizi dondurmuşuq” bəyanatını verdikdən sonra Rusiya Ermənistandan müttəfiqlik münasibətlərinə dair açıq mövqe tələb edir. Ötən həftə Antalya Diplomatiya Forumunda Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın mövqeyini açıqladı:
“İrəvanın hərbi ittifaqdakı statusu ilə bağlı qərar verməsinin vaxtı çatıb. Biz həqiqətən istəyirik ki, erməni tərəfdaşlarımız bizimlə müxtəlif inteqrasiya strukturlarında, o cümlədən KTMT-də bağlanan sazişləri necə həyata keçirmək istədiklərinə qərar versinlər. Ermənistan rəhbərliyinin ağzından hər gün çıxan bəyanatlar bizi real addımlarımızda onları necə nəzərə alacağımız barədə düşünməyə vadar edir”.
Lavrovun Forumda erməni həmkarı Ararat Mirzoyanla görüşməməsi də diqqət çəkdi. Nazir bununla İrəvanla artıq müzakirə ediləsi bir məsələ qalmadığını nümayiş etdirir və xəbərdarlığını publik şəkildə çatdırmağı məqsədəuyğun sayır.
Beləliklə, Moskva topu Paşinyana ötürüb və ondan cavab gözləyir, İrəvandan isə hələlik konkret reaksiya yoxdur. Bu gün Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan jurnalistlərin bu barədə suallarına konkret cavab verməyib. O, bildirib ki, bu barədə açıqlama vermək Müdafiə Nazirliyinin səlahiyyətindədir.
Asryan ümumi şəkildə deyib ki, İrəvan hələ də KTMT-dən çıxmayıb, əlavə edib ki, təşkilatla birgə fəaliyyət yalnız kağız üzərində mövcuddur:
“Biz hələ KTMT-dən çıxmamışıq və bu təşkilatdan çıxmaq nəyə gətirib çıxaracaq, bu sualın da cavabı var. Fakt budur ki, orduda KTMT ilə müştərək strukturlar kağız üzərində mövcuddur”.
Ermənistan parlamentində hakim fraksiyanın deputatı Qaqik Melkonyan deyib ki, Ermənistan “Qərb, yoxsa Rusiya” seçimi qarşısındadır. İrəvan Qərbə doğur getsə, Moskva kimi düşməni olacaq, Rusiyaya dönsə isə bu, Ermənistan Respublikasının itirilməsi deməkdir.
Sergey Lavrovun bəyanatı Kremlin səbrinin tükənmək üzrə olduğunu göstərir. Nazir bəyan edib ki, Ermənistan KTMT ilə bağlı qərar verirsə, bu, təkcə təşkilatın üzvlüyündəın çıxmaqla yekunlaşa bilməz. İrəvan faydalandığı birliklərdə iştirakına da baxmalıdır. Lavrov dolayısı ilə Rusiyanın Ermənistanın Avrasiya İqtisadi Birliyindəki üzvlüyünü gündəmə gətirəcəyinə işarə edib. Qeyd edək ki, ötən il İrəvan bu birlik daxilində sərfəli taariflərlə 7.5 milyard dollardan çox ticarət edib ki, bu da ölkənin ümumi dövriyyəsinin 80 faizini təşkil edir.
Rusiyanın Ermənistana digər təzyiq alətləri məlumdur: Qaz və elektrik satışının monopoliyası, “Metsamor” AES-in fəaliyyəti, dağ-mədən sənayesində böyük investisiyalar, Rusiyada çalışan miqrantların göndərdikləri vəsaitlər və s. Əlbəttə, Rusiya uzun illər ərzində formalaşmış bu əlaqələri bir anda qıra bilməz. Bu, indiki vəziyyətdə onun özünə də sərfəli deyil. Ermənistan hazırda sanksiyalar altında olan Moskva üçün nəfəsliklərdən biridir. Qərb şirkətləri erməni müəssisələri ilə birgə Rusiyaya milyardlarla dollarlıq zəruri mallar göndərir.
Amma Kremlin Ermənistanda digər təzyiq resursları var və Paşinyan hakimiyyəti üçün əsas təhlükə onlardır: hərbi bazalar, sərhədlərin Rusiya tərəfindən mühafizəsi, agentura şəbəkəsi, siyasi partiyalar, vətəndaş cəmiyyəti institutları və çoxsaylı media quruluşları. Bu fiziki və yumşaq güc alətləri yenidən hərəkətə gətirilərsə, Ermənistan iqtidarı yeni siyasi böhranla üzləşə bilər.
ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun rəyində də qeyd olunur ki, Rusiyadan uzaqlaşmaq Ermənistanın Baş naziri Nikol Paşinyana baha başa gələ bilər: “Paşinyan Rusiyanı təhrik edir. Bu, ağır nəticələrə səbəb ola bilər”.
Bu barədə İrəvanın ekspert camiəsində nə düşünürlər? Qərb indiki situasiyada Ermənistanı Rusiyanın təsirindən qoruya bilərmi?
Politoloq Argişti Kiviryan deyir ki, Ermənistan hazırda Rusiyaya qarşı sanksiyaları yumşaltmaq üçün müəyyən addımlar atır, Nikol Paşinyan hələ də bu “qırmızı xətti” saxlayır, lakin rusların İrəvanla münasibətləri pisləşdirməyəcəyini demək çətindir. O xatırladıb ki, Ukrayna da Qərbə enerji satışında Rusiya üçün tranzit rolu oynayıb, lakin Moskva günün birində bunu gözardı edərək ona hücum edib. “Ona görə də Rusiya bizə deyir: hər şeyi açıq deyin, münasibətləri dondurmaq anlayışı yoxdur”, – Kiviryan bildirib.
Argişti Kiviryan Ermənistanın Fransa və Yunanıstanla təhlükəsizlik sahəsində əməkdaşlığı barədə deyib ki, hələlik ortalıqda ciddi bir şey yoxdur:
“Yaxşı, tutaq ki, haradansa 5 növ silah gətirilib, bu, əsas təhlükəsizlik problemini həll edirmi? Məsələn, Süniklə bağlı təhlükə yaranan kimi İran bir neçə dəfə qoşunlarını sərhədə yaxınlaşdırdı, orada hərbi təlimlər keçirdi və çox sərt mətnlə dedi: Sünikə girsən, vəziyyət başqa cür olacaq. İran sizin təhlükəsizliyinizi təmin etmək üçün, yəni Sünikin real təhlükəsizliyini təmin etmək üçün daha çox işlər görüb. Yəni təhlükəsizliyin təmin edilməsi təkcə bir neçə zirehli transportyordan ibarət deyil. Bu müddət ərzində Fransadan və ya Hindistandan nə gətirilib, onlar təhlükəsizliyinizi təmin edirmi? Bu gün Ukrayna müəyyən silah və sursatla təmin edilir, lakin o qədər miqdarda ki, ukraynalılar sadəcə olaraq ətçəkən maşında qalırlar və Rusiyanı məğlub edə bilmirlər”.
Ekspert qeyd edib ki, İranın Ermənistanı silahlandırmaması yalnız İrəvan hakimiyyətinin günahıdır, çünki o, silah və sursatları İrandan deyil, Tehrana qarşı olan düşərgələrdən almağa üstünlük verir: “Ancaq İranın etdikləri Ermənistana nə vaxt çatacağı bilinməyən silah sistemlərindən yüz dəfə vacibdir”.
Müxalifətçi deputat, Respublika Partiyasının üzvü Tiqran Abramyan isə deyib ki, S.Lavrov İrəvandan konkret adım tələb edib: “Ermənistan birmənalı qərar verməlidir – qalır, yoxsa gedir? Əlbəttə, bu kontekstdə Rusiya rəsmisi dolayısı ilə eyham vurdu ki, iştirakdan imtina və ümumiyyətlə, Rusiya Federasiyası ilə münasibətlərin aşağı səviyyəyə salınmasının fəsadları olacaq. Ehtimal olunur ki, bu, Rusiyanın Ermənistanla bağlı siyasətinə, yəni siyasi və hərbi əməkdaşlıqdan iqtisadi qarşılıqlı fəaliyyətə qədər hər şeyə yenidən baxılması deməkdir. Məsələ onda deyil ki, Ermənistan hakimiyyəti bu diskursu təzəcə inkişaf etdirməyə başlayıb və ya ona ciddilik gətirir, məsələ ondadır ki, Rusiya bunun adi şantaj olduğunu, yoxsa Ermənistanın Rusiyaya qarşı yeni kurs olduğunu başa düşmək istəyir. Rusiya, yoxsa Avropa Birliyi?” – deputat vurğulayıb
T.Abramyan hesab edir ki, Ermənistan hakimiyyətinin bu vəziyyətdə nə edəcəyi məlumdur. “Bəli, onlar əvvəlki mühüm qərarlarda olduğu kimi, ən pis yolu tutacaqlar”, – o vurğulayıb.
Beləliklə, Qərbin qısa müddətdə Ermənistanda Rusiyanı iqtisadi, siyasi və hərbi cəhətdən əvəz etməsinə inanmırlar. Elə Qərb siyasi dairələri də indiki halda bunun mümkünsüz olduğunu deyirlər, amma ortada çaba da yox deyil. Bu günlərdə Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndəsi Vasilis Maraqos bildirib ki, “Aİ-nin iqtisadi və investisiya proqramı çərçivəsində Ermənistana nəzərdə tutulan 2,6 milyard avroluq dəstək paketinin 550 milyonunu artıq ayrılıb”.
Fransa və Yunanıstanın Ermənistanla hərbi, təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirmək planları, Hindistan və başqa ölkələrdən müasir silahlar alınmasına dair müqavilələr də Rusiyanın yaratdığı boşluqların doldurulması cəhdləridir.
Ən ciddi addımlardan biri isə Türkiyə ilə sərhədlərin açılmasıdır. Antalya Diplomatiya Forumunda bu məsələ müzakirə olundu. Aİ-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaar bildirdi ki, Türkiyənin Cənubi Qafqazda sülh prosesində fəaliyyətini aktivləşdirməsi vacibdir. Onun sözlərinə görə, Aİ-də Ankaranın sabitləşdirici mövqeyinə ümid bəsləyirlər. İrəvan bəyan edir ki, sərhədlərin açılması üçün bütün texniki məsələlər həyata keçirilib və siyasi qərar gözlənilir. Yaxın zamanlarda Türkiyə XİN-in Ermənistanla əlaqələr üzrə məsul diplomatı Sərdar Kılıçın İrəvana səfər edəcəyi gözlənilir.
Beləliklə, Aİ və ABŞ-ın Türkiyə ilə apardığı danışıqların bir hissəsi Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında təsirini artırmaq, sərhədləri açmaq və İrəvanı blokadadan çıxararaq, Rusiyanın təzyiqlərindən qorumaqla bağlıdır.(pressklub)
Turqut