Sovet liderlərinin hər birinin ayrı-ayrılıqda özünəməxsus şakərləri olub.
Yenixeber.org: Lenin balıq tutmaqdan, Stalin bağ evində silahdaşlarına ziyafət verməkdən, Xruşov ildə bir-iki dəfə ölkənin tanınmış mədəniyyət və incəsənət xadimlərini öz bağına dəvət eədərk anlayışı olmadığı bu sahə haqqında “mühazirə” oxumaqdan, Brejnev ovçuluqdan həzz alıb. Sonrakı birincilər öz maraq dairələrini ictimaiyyət arasında çox da büruzə verməyiblər.
Konstantin Çernenko isə istər hakimiyyətdə olduğu 13 ayda, istərsə də Mərkəzi Komitənin katibi olduğu illərdə siyasi elitada əyləncələrdən uzaq və daha çox kabinet məmuru kimi tanınıb. Brejnevin sağ əli sayılan Çernenko çox nadir hallarda səfərə çıxıb. Həmin nadir səfərlərdən biri də onun 1981-ci ildə Gürcüstana rəsmi səfəri olub. Həmin dövrdə Konstantin Çernenko Mərkəzi Komitənin katibi vəzifəsində işləyib.
Ali qonağın şərəfinə Gürcüstanda ciddi hazırlıq işləri görülüb. Kreml nümayəndəsinin qarşılanıb yola salınması, görüşləri, gəzəcəyi yerlər, şərəfinə veriləcək ziyafət əvvəlcədən ən kiçik detallara qədər götür-qoy edilib.
Həmin dövrdə Gürcüstanın birinci katibi olan Eduard Şevardnadze Çernenkonu böyük təntənə ilə qarşılayıb. Rəsmi görüşdən sonra moskvalı qonağın gəzinti proqramı başlayıb.
İlk olaraq Çernenkonu Tiflisdəki “Mziuri” uşaq parkı ilə tanış ediblər. Parkın ərazisinə daxil olmaq üçün 10-15 pillədən ibarət keçiddən keçmək lazım gəlib. Pillələr üzüaşağı olduğundan Çernenko pillələri asanlıqla enib. Amma parkdan geri qayıdanda Çernenko pillələri qalxarkən sözün əsl mənasında əziyyət çəkib. Ağ ciyərlərində ciddi problem olan Çernenko təngnəfəs olduğundan iki dəfə dayanmaq məcburiyyətində qalıb. Maşına əyləşən kimi o, Şevardnadzedən gəzinti və görüşlərin sayının azaldılmasını xahiş edib. Şevardnadze elə həmin andaca qonağın şərəfinə veriləcək ziyafətdən başqa nəzərdə tutulan digər tədbirləri ixtisara salıb.
Axşam saatlarında başlanan ziyafətdə Şevardnadze ilk badəni Çernenkonun şərəfinə qaldırıb, sonra moskvalı qonağa bildirib ki, milli ənənələrə görə gürcü ziyafətlərində məclisi idarə etmək üçün tamada seçilir və o, Tiflis şəhər Partiya Komitəsinin birinci katibi Tengiz Menteşaşvilini Çernenkoya həm də tamada kimi təqdim edib.
Tengiz Menteşaşvilinin məclis aparmağı Çernenkonun hədsiz dərəcədə xoşuna gəlib. Təmtəraqlı sağlıqlar, poeziya nümunələri, lətifələr Kreml nümayəndəsinin könlünü xoş edib. Məclisin sonunda Çernenko Menteşaşviliyə tamada peşəkarlığına görə öz minnətdarlığını bildirib. Bununla da Çernenkonun Gürcüstan səfəri sona çatıb, o, bu səfərdən xoş təəssüratlarla ayrılıb.
Həmin səfərdən bir müddət sonra Çernenko Moskvadan Şevardnadzeyə zəng vurub. Hal-əhval tutduqdan, respublikada ümumi vəziyyət haqqında qısa məlumat aldıqdan sonra o, mətləbə keçib:
- Eduard Amvrosieviç, mən Tiflisdə olanda ziyafətdə bir nəfər tamadalıq edirdi. Həmin adam indi haradadır?
Şevardnadze sualın hansı məqsədlə verildiyini anlamayıb, amma cavabsız da qoynayıb:
- Həmin adam Tengiz Menteşaşvilidir, siz gələn vaxtı da, elə indi də o, Tiflis şəhər Partiya Komitəsinin birinci katibidir.
- Bilirsiniz, o şəxs mənim yaddaşımda savadlı, qabiliyyətli, məsuliyyətli bir adam kimi qalıb. Rus dilində də çox mükəmməl bilir. Mən onu SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsinə təyin edilməsi ilə bağlı təklif vermək istəyirəm.
Bu təklif Şevardnadzeni bir az duruxdurub:
- Konstantin Ustinoviç, bir gürcünün yerinə yenidən başqa bir gürcünü təyin etmək nə dərəcədə düzgün olar?
- Siz buna görə narahat olmayın. Onu yanınıza çağırın və söhbət aparın.
Qeyd edək ki, həmin vaxta qədər SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsini uzun illər milliyyətcə gürcü olan Mixail Georqadze daşıyıb. O, korrupsiyada ittiham olunanda intihar edib. Məhz Şevardnadze də telefon danışığında Çernenkoya bu məsələni xatırlatmaq istəyib.
Şevardnadze elə həmin gün Menteşaşvilini yanına dəvət edib, məsələni ona anladıb. Tamada-katib Moskvadan gələn vəzifə təklifini məmnuniyyətlə qəbul edib.
Beləliklə, əldə bir qədəh şərabla Çernenkonun “saqqızını oğurlayan” Menteşaşvili 1982-ci ilin noyabr ayından 1989-cu ilin may ayına qədər SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində işləyib. Bu illər ərzində o, yüksək ranqlı dövlət məmurları arasında bacarıqlı və işgüzar olması ilə tanınıb. Həmçinin qeyri-rəsmi tədbirlərdə Menteşaşviliyə tamadalıq “vəzifəsi” də həvalə edilib.
İlham Cəmiloğlu