Qoşqar Təhməzlinin məktubu “Dumanlı Albiona”ya bənzədildi: Bu hadisənin səbəbkarlarından birincisi Sizsiniz! -ŞİKAYƏT
Bəlkə Siz üstümüzü unlu görmüsünüz?... Bəlkə siz məni və oğlumu yazıq görmüsünüz? Unutmayın! Bizim güvəndiyimiz Qanunlarımız var!!!
Yenixeber.org: Xaçmaz rayon sakini Cəbiyeva Validə Eldar qızı redaksiyamıza sayca altıncı müraciətini göndərib. Ötənlərdə olduğu kimi, bu dəfə də Validə xanım Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional Bölməsində işləmiş oğlunun o zamankı sektor müdiri tərəfindən döyülüb, təhqir olunmasından və Bölmə rəhbərliyindən tutmuş Agentlik rəhbərliyinə qədər bütün məsul şəxslərin bu olayı görməzdən gəlməsindən bəhs edir.
Qeyd etdiyimiz kimi, artıq bu yazı olayla bağlı altıncıdır…(Beşinci yazı bu linkdə: https://yenixeber.org/manset/155847-qoşqar-təhməzli-daha-nə-olmalıdır-ki-sizdən-səs-çıxsın-–.html)
Təəssüf ki, hörmətli Qoşqar Təhməzli və aidiyyatı məsul şəxslər hələ də, məsələyə seyriçi qalmaqdadır. Seyriçi demişkən, ilk yazıdan qarşı tərəfin-yazıda adları hallananların mövqeyini öyrənməyə çalışsaq da, nəticə olmurdu. Cənab Təhməzliyə ünvanladığımız məktuba cavab da, çox yubandı… Nəhayət, qurumun Daxili Nəzarət Sektorunun müdiri Elçin Məmmədovun imzasıyla cavab aldıq. Cavabla Siz də tanış olun:
Hörmətli İlqar Müəllim,
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (bundan sonra — Agentlik) infoafsa.gov.az elektron poçt ünvanına daxii olan vətəndaş Cəbiyeva Validə Eldar qızının "Yenixeber.org" İnformasiya Portalında dərc edilmiş yazılarIa bağIı müraciətinizə aidiyyatı üzrə baxıImışdır. Redaktoru olduğunuz "Yenixeber.org" İnformasiya Portalında vətəndaş V.Cəbiyevanın övladı A.Nəsirov haqqında dərc olunmuş məsələyə birinci instansiya məhkəməsi və Apellyasiya məhkəməsində baxılmış, hüquqi qiymət verilmiş və təqsirli hesab edilən şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair müvafiq qərar qəbul edilmişdir. Əlavə olaraq bildiririk ki, sözugedən yazıda vətəndaş V.Cəbiyevanın övladı ilə bağlı qeyd olunan hadisənin baş verməsində təqsirli tərəf öz təşəbbüsü ilə 2023-cü 11 mart tarixindən işdən azad olunmuşdur.
***
Bu da aylarla gözlədiyimiz cavab… Baxmayaraq ki, məktubda toxunulan Məhkəmə ilə də bağlı təfərrüat yoxdur, amma olsun. Bəs Agentliyin mövqeyi, olayla bağlı götürmüş olduğu ölçü və s. Ümumiyyətlə, cavab məktubu olmuş hadisəyə, indiyədək yazılanlara nə dərəcədə adekvatdır?
Buyurun, Validə xanımın növbəti yazısında bu suala cavab axtaraq:
Ay cənab Qoşqar Təhməzli
Oğlumun Sizin rəhbərlik etdiyiniz AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində 28.12.2022-ci il tarixində iş yerində, iş otağında sektor müdiri tərəfindən təhqir olunub, döyülməsinə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması tələbinə qarşı işçilərinizin namüəyyən, dumanlı “araşdırırq” cavabları ilə hadisəni açılmaz “Axillesin dabanı”na çeviriblər. Axırıncı cavab məktubunda “yenixeber.org” saytının redaktoru cənab İlqar Salmanova göndərdiyiniz cavab məktubu olmuş hadisədən sonra mənim və oğlumun hüquq müstəvisində mübarizəmizi əks etdirir. Oğlumu döyən sektor müdiri haqda Bölmənin rəisi Zaur Fərzəliyevin hüquq-mühafizə orqanlarına müsbət xasiyyətnamə verməsi nəticəsində sektor müdiri haqda açılmış cinayət işi bağlanıldı və biz bunun nəticəsində oğlumun tapdanmış hüququnun müdafiəsi üçün məhkəmələrə müraciət etdik.
Zəhmət olmasa deyin, siz hadisədən sonrakı hadisələri yox, məhz bu hadisənin baş verməsinə səbəbkar və məsul rəhbər vəzifəyə təyin etdiyiniz şəxslərə - Zaur Fərzəliyevə, Elçin Rüstəmova hüquq-mühafizə orqanına yalan ifadə verən Nofəl Əlixanova qarşı niyə bir cəza tədbiri görməmisiniz?
Niyə siz bu şəxslərdən soruşmursunuz ki, baş vermiş hadisəni niyə rəhbərliyə xəbər verməyib? Həmin zaman 28.12.2022-ci ilə aid Quba-Xaçmaz Regional Bölməsinin müşahidə kameralarının görüntüləri niyə yoxa çıxıb? Niyə kamera görüntüləri olduğu halda şahidlərin yalan və bir-birilə uzlaşmayan ifadələrinə ehtiyac duyuldu?
Niyə siz bunu nəzərə almırsınız ki, oğlum ən güvənli hesab olunan yerdə - iş yerində döyülüb? Axı insanın təhlükəsizliyinə, şərəf və ləyaqətinin qorunmasına, dövlətimizin qanunları: Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Prosessual Məcəlləsi ilə təminat verilir!!! Sizin rəhbər vəzifəyə təyin etdiyiniz işçilərinizin nə həddi var ki, oğluma dövlətin qanunları ilə tənzimlənən bu təminatı pozublar! Kimdir bu adamlar ki, oğlumun iş yerində döyülməsinə şərait yaradıblar, seyirçi olublar, hadisəni ört-basdır ediblər? Oğlum ora – Quba-Xaçmaz Regional Bölməsinə işə gedəndə özünü gözlənilən təhlükədən qorunmaq üçün branjlet geyinməli idi? Yoxsa ki, qurd-quşdan qorunmaq üçün çomaqla gəzməli idi?
Sektor müdirinin özbaşınalığı, kobudluğu haqda axı dəfələrlə Zaur Fərzəliyevə, Elçin Rüstəmova oğlum və mən bildirmişdik. Lakin bizim şikayətlərimiz bu şəxslər tərəfindən rişxəndlə qarşılandı, tədbir görülmədi.
Sektor müdirinin Alfa olmaq, hər vasitə ilə rəhbərliyin gözünə girmək istəyi o qədər basqın olub ki, bütün əxlaq və ədəb-ərkan normalarını pozmaqdan çəkinməyib!!! Sektor müdiri Zaur Fərzəliyevdən dəstək və himayə görməsə idi, oğlumu işçilərin gözü qarşısında döyə bilərdimi, təhqir edə bilərdimi? Və bütün bunları bildiyi halda həmin sektor müdirinə hüquq-mühafizə orqanları tərəfindən açılmış cinayət işinin bağlanması üçün müsbət xasiyyətnamə verilir və altında imza edir!!! Bəs niyə buna görə Zaur Fərzəliyevdən məsuliyyət tələb etmirsiniz?! Niyə bu məsuliyyətsizliyə yol vermiş bu rəhbər işçinizi cəzalandırmırsınız? Əgər Zaur Fərzəliyev bölmədə işdə olduğu halda bu kobud, qaba, küçə anlayışına uyğun hadisə baş verirsə, həmin bölmədə rəhbərə nə ehtiyac var?! Niyə həmin rəhbər vəzifə üçün dövlət tərəfindən vəsait ayrılır, artıq vəsait xərclənir?! Dövlətin qanunlarına sayğı göstərməyən bu cür rəhbərlərə niyə rahat kabinet, katibə, sürücü, avtomaşın ayrılır?
Bilmək istəyirəm: bu şəxslər hansı xüsusiyyətlərə görə Sizin qiymətlilərinizdir? Bu şəxslərin hansı xüsusi nişanla təltif etmisiniz ki, vəzifə səhlənkarlığını, qanunlara etinasızlıqlarını bağışlayırsınız?!
Bəlkə Siz üstümüzü unlu görmüsünüz?... Bəlkə siz məni və oğlumu yazıq görmüsünüz? Unutmayın! Bizim güvəndiyimiz Qanunlarımız var!!!
Cənab Elçin Rüstəmov! Bu hadisənin baş verməsinin səbəbkarlarından biri də Sizsiniz! Bir də, Bölmənin rəhbəri Siz deyilsiniz ki... Əsas cavabdeh şəxs – Bölmənin rəisi Zaur Fərzəliyev niyə susur?
Oğlumun AQTA-nın Quba-Xaçmaz Regional Bölməsində 28.12.2022 – ci il tarixində sektor müdiri tərəfindən döyülüb. Hadisədən 10 ay keçdikdən sonra – Elçin Rüstəmovun imzası ilə göndərilən məktub “Dumanlı Albiona” cavabından başqa bir şey deyil!
P.S. Cavab məktubunda sektor müdirinin işdən çıxarıldığını yazırsınız. Düz deyil. Sektor müdiri Sizin qurumda hələ də, baytar həkim işləyir.
Redaksiyadan: Mövzunun davamı olacaq. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.