Rusiya prezidenti Vladimir Putinin Vladivostokda keçirilən iqtisadi forumda ilk dəfə olaraq keçmiş xüsusi nümayəndəsi Anatoli Çubaysın Rusiyanı tərk etməsinə münasibət bildirməsi göstərdi ki, Rusiyada doğrudan da heç kəsi unutmur, heç nəyi yaddan çıxarmırlar.
Yenixeber.org: Putin unutmayıb ki, Rusiyanın Ukraynada başlatdığı müharibənin 1 ayı tamam olanda ölkədən qaçan ilk yüksək vəzifəli və böyük sərvətli şəxs məhz Çubays olub. İndi RF prezidenti onun niyə qaçdığını başa düşmədiyini deyir və ehtimal edir ki, bu, Çubaysın rəhbərlik etdiyi “Rusnano”dakı maliyyə yeyintiləri ilə bağlıdır, amma Putin də, Çubays da bu “hicrət”in əsl səbəblərini yaxşı bilirlər.
“Mənə onun şəklini göstərdilər, bu, artıq Çubays deyil, Moşe İzrailoviç kimi bir şeydir”, - deyən Putin onun "cinayət işlərinin ortaya çıxmasından" qorxduğunu desə də, gerçək səbəb budur ki, Çubays Ukraynada törədilən hərbi və anti-bəşəri cinayətlərə ortaq olmaq istəmədiyi üçün vəzifəsini və vətənini də tərk edib.
Amma doğrudan da Rusiyada Çubaysa aidiyyatı olan cinayət işi açılıb. 2022-ci ilin oktyabrında, Çubaysın gedişindən altı ay sonra Rusiyada “Rusnano” dövlət korporasiyasından 50 milyon dollar oğurlanması ilə bağlı açılan cinayət işində Çubaysin adı çəkilməyib, lakin onun nümayəndəsi bildirib ki, 2010-2020-cu illər arasında şirkətə dəymiş zərərin ödənilməsi istiqamətində iş davam etdirilir. Həmin dövrdə isə “Rusnano”ya Çubays rəhbərlik edib.
İndi baxaq, görək, “Kürən” ləqəbli, oddayanmaz-sudabatmaz, adı odioz və mafioz kimi çıxmış bu adam kimdir?
Anatoli Çubays əslən moskvalıdır, amma 1955-ci ildə Belarusda doğulub. O, 1-ci sinifə Ukraynanın Odessa şəhərində gedib, amma 1-ci sinifi Lvovda bitirib. Anatoli 5-ci sinifə Lvovda başlayıb, amma 10-cu sinifi Leninqradda başa vurub.
Bu, ona görə belə olub ki, onun atası, polkovnik Boris Çubays peşəkar hərbçi olub və onu müxtəlif şəhərlərdə xidmətə göndəriblər. O da ailəsini özü ilə şəhər-şəhər gəzdirib.
Hazırda İsrailə sığındığına görə elə çıxa bilər ki, o, milliyyətcə yəhudidir. Amma Anatoli Çubaysın anası Raisa Saqal yəhudidir, özü, necə deyərlər, metisdir. Çubays hərbçi atasından çox, iqtisadçı anasına çəkib.
Çubays 1977-ci ildə Leninqrad Mühəndis-İqtisad İnstitutunun maşınqayırma fakültəsini bitirib. 1977-1982-ci illərdə maşınqayırma zavodunda mühəndis işləyib. 1982-1990-cı illərdə maşınqayırma institutunda dosent olub.
O, 36 yaşından başlayaraq hökumətdə yüksək vəzifələr tutub, 1991-ci ildə RSFSR Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri təyin edilib. 1992-ci ildə o, həm də Rusiya Federasiyası baş nazirinin iqtisadi və maliyyə siyasəti üzrə müavini olub. 1992-ci ilin dekabrında Rusiya Federasiyası Nazirlər Soveti sədrinin müavini, eyni zamanda Rusiya Federasiyasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Bir sözlə, Rusiyada dövlət əmlakının özəlləşdirilməsi işinə Anatoli Çubays baxıb və təbii ki, şəxsi varidatının artmasının qayğısına da qalıb. Necə deyərlər, “bal tutanın barmaq yalaması” hadisəsi baş verib.
O, bu vəzifəni qəbul edəndə baş nazirin 1-ci müavini Yeqor Qaydar ona xəbərdarlıq edib ki, onu ömrü boyu Rusiyanı satmaqda günahlandıracaqlar, Çubays dərindən, ağır-ağlr ah çəkib, bir söz deməyib. Doğrudan da çox keçmədən onu da, elə Qaydarı da mətbuatda Rusiyanın ümdə problemlərinin baş baiskarı elan edib, özəlləşdirmə prosesini isə “qamarlama” prosesi (“privatizasiya”-“prixvatizasiya”) adlandırıblar.
Çubays müəssisələrin əmlakının əmək kollektivlərinə pulsuz verilməsinə qarşı çıxıb, deyib ki, əmək kollektivləri mülkiyyətçiyə çevrilərək mənfəətin əsas hissəsini istehsalın inkişafına deyil, fərdi istehlaka yönəldəcəklər. “Çubays komandası”nın üzvü M.Boyko bu barədə sonradan yazıb ki, yeganə çıxış yolu direktorları həqiqi sahibə çevirmək idi. Beləliklə, keçmiş direktorlar biznesmen olublar, fəhlələr isə əliboş qalıblar.
Ona görə də bu gün Çubays Rusiyada ən sevilməyən dövlət xadimlərindən biridir. 2006-cı ilin dekabrında keçirilən sosial sorğunun nəticələrinə görə, rusların 77%-i Çubaysa etibar etmədiyini bildirib. 2000-ci il sorğusunda respondentlərin böyük əksəriyyət Çubaysın hərəkətlərini mənfi qiymətləndirib. Onu "Rusiyanın ziyanına hərəkət edən şəxs", "islahatları gözdən salan", "oğru" və "fırıldaqçı" kimi xarakterizə ediblər.
Təsadüfi deyil ki, anti-hökumət mitinqlərində ona qarşı sərt transparantlar qaldırılırmış: “Kürəni türməyə basın”.
Çubaysın həyatına ən azı 3 dəfə sui-qəsd təşkil olunub və hər dəfə də şansı gətirib. Ona sui-qəsdin təşkilində ittiham olunan istefada olan kəşfiyyatçı zabit Vladimir Kvaçkov onu “Rusiyanı satdığına görə” öldürmək istəyib, tutulub, cəzasını çəkəndən sonra Dövlət Dumasına namizədliyini irəli sürüb və xalqdan xeyli (29 faiz) səs alıb.
Əslində Çubaysı Çubays edən Boris Yeltsin və Yeqor Qaydar olub. O, baş nazirin müavini vəzifəsindən istefa verdikdən az sonra 1996-cı ildə Yeltsinin seçki qərargahına rəhbərlik edib.
Yeltsinin seçki qərargahının üzvü olan Tatyana Dyaçenko 2009-cu ilin dekabrında Çubaysın Yeltsinin ikinci dəfə prezident seçilməsində mühüm rol oynadığını qeyd edərək deyib: “1996-cı ilin əvvəlində hamıya məlum oldu ki, seçki qərargahına rəhbərlik edən baş nazirin müavini Oleq Soskovets işini yarıtmır. Anatoli Çubays atamı analitik qrup adlanan yeni, qeyri-rəsmi qərargah yaratmaq zərurətinə inandırdı”.
Bundan sonra Yeltsinin reytinqi artmağa başlayıb və o, seçkinin ikinci turunda 53,8 faiz səslə qalib gəlib.
Yeltsinə qələbə qazandıran Çubays bizneslə məşğul olmaq istəyib, amma prezidentin xahişi ilə 1996-cı ildən administrasiyaya rəhbərlik edib.
Bir sözlə, hökumətdə nazir, baş nazirin müavini, Prezident Administrasiyasının rəhbər kimi mühüm vəzifələr tutan, ölkənin sözü ötən üç adamından biri olan Çubays axırda olduqca uzun adı və az məsuliyyəti olan bir vəzifəyə qonub, Rusiya Federasiyası Prezidentinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi (qısaca “Rusnano”) təyin edilib.
O, bu vəzifədə də kifayət qədər başı-qulağı dinc şəkildə fəaliyyət göstərib və sərvətini artırıb, təhlükə yaranan kimi də aradan çıxıb.
O vaxt onun Rusiyanı tərk etməsini “batan gəmidən birinci qaçan siçovullar”ın qaçışına bənzədənlər də vardı. Zaman onların da haqlı olduğunu göstərdi.
İndi Putin demişkən, “Moşe İzrailoviç kimi bir şey” olan Çubays Kipr vətəndaşıdır, İsraillə yaxşı əlaqələri var, lazım gələndə Avropa ölkələrində müalicə olunmağa da gedə bilir.(musavat)
Araz Altaylı