Yenixeber.org: Ötən həftənin maraqlı, amma diqqətdən qaçan hadisələrindən biri də Çinin Fransadakı səfiri Lu Shayenin Fransanın LCI telekanalına müsahibəsi oldu. Səfir birdən-birə Pekinin bu günə qədər yürütdüyü və ifadə etdiyi siyasətin əleyhinə bəyanat verdi. Bu bəyanatın mahiyyəti keçmiş sovet ölkələrinə aid olsa da, həm də beynəlxalq münasibətlər sistemində yeni həmlə sayıla bilər. Səfir deyir: “Keçmiş sovet respublikaları suveren dövlətlər kimi beynəlxalq hüquqda effektiv statusa malik deyillər”. O, bunu Ukraynaya münasibətdə ifadə edərək, sanki Çin siyasətindəki Konfutsiçiliyin şüuraltını ifşa edir. Beləliklə, baxaq görək Çini narahat edən nədir?
Ötən müddətdə Çin Kommunist Partiyasının və ölkənin lideri Si Tsinpinin Rusiyaya səfəri baş tutdu. Ekspertlər hesab etdilər ki, bu səfər məqsədinə çatmayıb. Düzdü, hələ ortada heç bir ciddi nəticə yoxdur, amma tamamən başqa istiqamətlərdən görünür ki, Çin Rusiya ilə nəticə əldə edə bilməməklə kifayətlənmək istəmir. Pekin ikinci addım kimi Qərbi parçalamağı qarşısına məqsəd qoyub. Fransa prezidenti Makronun Çinə səfəri zamanı səsləndirdiyi bəzi fikirlər və müharibənin dayanması üçün Çinin potensialına inam ifadə etməsi Qərb mediasında ciddi tənqidlərə səbəb oldu. Hətta dünyaca məşhur ABŞ alimi Frensis Fukuyama da bu məsələyə “Görünür, Makron Ukrayna müharibəsindən heç nə öyrənməyib” deyə reaksiya verdi. O, bu fikirləri öz tvitter hesabında paylaşıb.
Məsələnin mahiyyəti “Makronun öyrənməməsi” qədər sadə ola bilməz. Çünki hadisələrin tarixçəsi onu deməyə əsas verir ki, əslində Fransa-Çin yaxınlaşması yeni deyil. Əksinə, əvvəllər olmuş, sonradan azacıq məsafə almış münasibətlərdir. Əlbəttə, söhbət AUKS prosesindən və Fransanın Çinlə işbirliyinə görə anqlosakson ölkələri tərəfindən cazalandırılmasından gedir. Fransa isə müvəqqəti geri çəkildi, amma görünən odur ki, əvvəlki niyyətində qətidir.
Paris nə istəyir və nədən narahatdır?
1. Fransa, ənənəvi siyasətinə sadiq qalaraq, dünyada birqütblü siyasi sistemin olmasını istəmir.
2. Çinin hələ ki aktiv qütb olmaq fikrinin olmadığını bildiyi üçün Rusiyanın tam sıradan çıxmasını da istəmir. Xüsusilə, parçalanmasını və kiçilməsini istəmir.
3. Özünün bu məsələdə açıq və aktiv fəaliyyətinin çətinliyini nəzərə alır və buna görə də Çin vasitəsilə məsələni həll etmək istəyir.
4. ABŞ mərkəzli bir geosiyasi məkanın olmasındansa özünün daha neytral qala biləcəyi, Çinin də aktiv olacağı bir sistem istəyir, buna görə də Çin hazır olana kimi Rusiyanı qorumağı doğru sayır.
5. Şərqi Avropanın taleyindən qəti narahat deyil, çünki Rusiya olmasa da ABŞ onlarla daha yaxın olacaq və bu, qlobal anlamda Fransa üçün heç nə demək deyil.
Belə olan halda, əsas pərdəarxası oyunçu sayılan Çin nədən birdən-birə belə bir bəyanata zərurət gördü. Belə başa düşülür ki, ABŞ dövlət Katibi Entoni Blinkenin Orta Asiya ölkələrinə ardıcıl səfərləri Çinin postputin (geopolitik mənada postrusiya) dövründə bu bölgə ilə bağlı planlarına zərbə vurur. Pekin bir neçə ay əvvəl ən yüksək səviyyədə Şanxay əməkdaşlıq təşkilatının toplantısında həm Qazaxıstanın, həm Azərbaycanın suverenliyinə dəstək ifadə etmədimi? O zaman səfir necə Sinin bəyanatının əksinə gedə bilər? Görünür, Pekin artıq başa düşüb ki, əsas rəqib Rusiya deyil və bəlkə də o, artıq yoxdur. İndi strateji mənada Çin siyasətinə maneə Qərbdir. Qərbin isə buradakı əsas silahı nədir? Rusiya təhdidinə qarşı dövlətlərin, əsasən də keçmiş sovet dövlətlərinin suverenliyini bərkitmək. Bəli, Çin indi məhz həmin nöqtədən zərbə endirməyə çalışır. Bununla nəsə edə bilərmi? Elə də perspektivli görünmür. Amma bir məsələ açıq hiss olunur ki, Çin elə bu bəyanatı ilə Rusiyanın yolunu (taktikasını) getdiyini və növbəti legitim hədəf olduğunu əsaslandırır.
Seymur Həzi