Qubanın Çiçi kəndinin YOLsuzluq problemi -FOTOLAR
Yenixeber.org: Quba rayonunun qədim Çiçi kəndindən yazmalı olduq… Bu dəfə tarixi qədim bu kəndin zəngin mədəniyyətindən, mənəvi dəyərlərindən, təbii gözəlliklərindən yox, problemlərindən-başlıcası da YOLsuzluğundan bəhs edəcəyik. Yol mədəniyyətdir deyirlər, nə yazıq ki, bu məntiqlə təkcə xalçası ilə dünyaca məşhur Çiçi kəndi “mədəniyyətsiz” qalıb…
Xatırladaq ki, Çiçi kəndi Quba rayonunun inzibati-ərazi vahidində, Çiçi-Səbətlər Bələdiyyəsinin tərkibindədir. Şabran çayının sol sahilində, rayon mərkəzindən 60 km məsafədə yerləşən kəndin əhalisi əsasən tatlardan ibarətdir.
Əvəzsiz sənət əsəri olan “Qollu çiçi” Xalçaları ilə dünyanı fəth edən bu qədim kənd işğal altındakı torpaqlarımızın azad olunmasında da fərqlənib: əhalisinin sayının az olmasına rəğmən, torpaqlarımız uğrunda 6 şəhidi, onlarla qazisi ilə…
Çiçinin yolları burma, burmadı
Çiçi mədəniyyət nümunələri ilə bərabər, həm də turizm potendialı ilə seçilir. Mənşəyini uca dağlardan götürən Şabran çayı, əsrarəngiz meşə zolaqları, dağ silsilələri yerli və xarici turistlər üçün yetərincə cəlbedici sayıla bilər…
Təəssüf ki, bütün bunlarla yanaşı böyük bir AMMA da var-yol, daha doğrusu YOLsuzluq problemi… Çiçi kəndinə gediş-gəliş rayon mərkəzindən yox, daha çox Bakı-Quba magistral yolunun 137-ci km-dən-Şabran rayonunun Gəndov kəndindən ayrılan yolladır. Uzunluğu 19 km olan Gəndov-Çiçi yolu göydə Allahın, yerdə məsuliyyət sahiblərinin “yadından çıxıb”. İlin-günün bu vaxtında, az qala bu ölkənin ən ucqar kəndində belə rast olunmayan yol, haqqında dastanlar yazılmalı olan Çiçi kəndinin payına düşüb. Gəndov-Çiçi yolu sonuncu dəfə əski Sovet dönəmində asfalt görüb… Normalda 20-30 dəqiqəlik olan yol, azı bir saat zaman alır. Ən qiymətli olanı zamandır əlbəttə, amma kənd sakinləri avtonəqliyyat vasitələrinə çəkdikləri xərcdən də dad edirlər…
Çiçi-Səbətlər Bələdiyyəsinin sədri Arif Ömərov deyir ki, bu yol problemi ilə bağlı ən yüksək instansiyadan tutmuş, bütün aidiyyatı dövlət strukturlarına müraciət etmişik, həm də dəfələrlə…Di gəl ki, səsimizi eşidən, dərdimizə əncam çəkən yoxdur ki, yoxdur.
Yenixeber.org olaraq problemlə bağlı Quba Rayon İcra Hakimiyyətindən və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən də açıqlama aldıq...
Rayon İcra Hakimiyyətindən bildirdilər ki, Şabrançay - Çiçi - Təngəaltı yolu 2019 - 2021-ci illərədə Quba Rayon İcra Hakimiyyəti tərəfindən 2 dəfə təmir olunmuş, yolun əsaslı şəkildə təmir olunması ilə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.
Biz bu cavabdakı səmimiyyətə şübhə etmək istəməsək də, müşahidələrimizdən və kənd sakinlərinin verdiyi məlumatlardan belə görünür ki, bu yol olsa-olsa əski Sovet dönəmində "kimlərinsə yadına düşüb".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirdi ki, "Kəndlərarası yolların yenidən qurulması Regionların Sosial İnkişafı Proqramı çərçivəsində öz həllini tapır və bu Proqram çərçivəsində də, Quba rayonunda Çiçi kəndinə gedən avtomobil yolunun yenidən qurulması nəzərdə tutulur. Maliyyə vəsaitinin ayrılması gözlənilir, bu baş tutandan sonra həmin yolun yenidən qurulmasına tərəfimizdən başlanacaq".
Belə məlum olur ki, sayqılı çiçililər hələ gözləməli olacaqlar... O vaxta qədər ki, Allah səlahiyyət sahiblərinə insaf verib, Çiçi kəndini də onların yadına salsın.(Yenixeber.org)
(Mövzu diqqətmizdədir)