Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Azərbaycanda qızıl hasilatı -ARAŞDIRMA

Azərbaycanın qızıl yataqlarının atlası hazırlanıb

Azərbaycanda qızıl hasilatı - Azərbaycanda sənaye üsulu ilə qızıl metalının hasil edilməsi prosesi.

                            Tarixi

Yenixeber.org: Böyük Britaniyanın "Anglo Asian Mining Plc" şirkəti 1997-ci ilin avqustunda Azərbaycan hökuməti ilə imzalanmış müqaviləyə əsasən, Azərbaycanın cənub-qərbindəki altı yataqda - GədəbəyOrdubad, QoşaBulaq, QızılBulaq, Vejnəli və Söyüdlüdə işləmək hüququna malikdir.

Azərbaycan hökuməti ilə Azərbaycan Beynəlxalq Mədən Əməliyyatı Şirkəti arasında 30 il müddətinə imzalanan hasilatın pay bölgüsü haqqında müqavilədə Azərbaycanın pay hissəsi 51 faiz, Böyük Britaniyanın "Anglo-Asian Mining plc" şirkətinin pay hissəsi isə 49 faizdir.

Müqaviləyə əsasən, yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil etmək planlaşdırılır.

İlk qızıl və gümüş 2009-cu ilin mayında "Gədəbəy" yatağından hasil edilib. Şirkət yatağın bütün sahəsi üzrə məsafədən zondlama işləri apararaq orada bəzi potensial anomaliyalar aşkar edib və ərazinin gələcək tədqiqatını 2012-ci ilə planlaşdırıb.[1]

                  Hasilat

Azərbaycan 2012-ci ildə daha bir yataqda qızıl hasilatına başladı.

Yataqlardan 400 ton qızıl, 2500 ton gümüş və 1,5 milyon ton mis hasil etmək planlaşdırılır. Azərbaycanda qızıl istehsalçısı "Anglo Asian Mining Plc" 2012-ci ilin ikinci yarısında Qoşa yatağında qızıl hasilatına başladı.

Bundan əvvəl şirkət bu yataqda qızıl ehtiyatlarının mövcud olması barədə hökumətə sənəd təqdim edib və sənəd Azərbaycan tərəfindən qəbul olunub.

        Azərbaycanın faydalı qazıntıları

Böyük və Kiçik Qafqaz dağ sistemlərinin şərq hissəsini əhatə edən Azərbaycan Respublikasının ərazisi mürəkkəb geoloji quruluşa malik olması, faydalı qazıntıların müxtəlifliyi və rəngarəngliyi ilə fərqlənir. 

Azərbaycan çox qədim dövrlərdən neft diyarı kimi tanınmışdır. Belə ki, tarixi məlumatlara görə hələ bizim eramızdan əvvəl VII-VI əsrlərdə Abşeron yarımadasında neft çıxarılmışdır.  

Bununla bərabər, Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı yerli xammallardan hazırlanması birmənalı təsdiq edilmiş əmək alətlərinin və bəzək əşyalarının tapılması bu ərazilərdə hələ eramızdan əvvəl dağ - mədən işlərinin aparıldığını göstərir. Orta əsrlərə aid edilən tarixi mənbələrdə Azərbaycanda mis, qızıl, gümüş, qurğuşun mədənlərinin olması və istismar edilməsi barədə məlumat verilir. Sonradan neftin istifadə dairəsinin genişlənməsi ilə əlaqədar təbii neft təzahürlərinin, neft yataqlarının və Azərbaycanın neftli-qazlı vilayətlərinin geoloji öyrənilməsinə maraq artmış, ərazinin digər faydalı qazıntılara nəzərən perspektivliyinin müəyyən edilməsi bir növ arxa planda qalmışdır.
Qeyd olunmalıdır ki, ümumən keçən əsrin 20-ci illərinə qədər Azərbaycan ərazisi geoloji cəhətdən çox zəif  öyrənilmişdir. 

XIX əsrin 40-cı illərindən XX əsrin 20-ci illərinə qədər alman, rus və qismən yerli sənayeçilər Daşkəsən kobalt, Gədəbəy, Bittibulaq və Balakən mis yataqlarında istismar və axtarış işləri aparmışlar.  

1867-1914-cü illər ərzində alman firması «Siemens» tərəfindən Gədəbəy yatağından 56000 ton mis, təqribi hesablamalara görə isə 6,3-12,7 ton qızıl, 120,6-126,1 ton gümüş; Bittibulaq yatağından tərkibində 2% mis olan 16000 ton mis filizi; Daşkəsən kobalt yatağından isə tərkibində 10-18% kobalt olan 608 ton kobalt filizi çıxarılmış və Almaniyaya aparılmışdır. 

XX əsrin əvvəllərində digər alman firması «Vagau» Balakən rayonu ərazisində əlvan metal yataqlarının axtarışı və istismarı ilə məşğul olmuş, Cixix və Köhnəmədən yataqlarından hasil edilmiş filizləri yerindəcə emal edərək, alınmış misi yerli iş adamlarına satmışdır.  

1862-72–ci illərdə Naxçıvan şəhərinin yaxınlığında, Tumbul kəndində selitra istehsal edən zavod fəaliyyət göstərmişdir. XIX əsrin 80-ci illərində Şan Qirem tərəfindən, 1914-cü ildə isə ingilis Atterton tərəfindən Gömür kükürd yatağının (Naxçıvan MR) bazası əsasında kükürd istehsal edən zavod fəaliyyət göstərmişdir.  

Azərbaycan ərazisinin məqsədyönlü geoloji öyrənilməsinə XX əsrin 30-cu illərindən başlanmış, az vaxtda sənaye əhəmiyyətli bir neçə dəmir, molibden, kobalt, polimetal yataqları aşkar edilmiş və istismara cəlb edilmişlər. 

Böyük Vətən Müharibəsi illərində geoloji tədqiqat işləri əsasən müdafiə əhəmiyyətli mineral xammal ehtiyatlarının axtarılmasına yönəldilmişdir. Bununla əlaqədar 1939-cu ildə kəşf edilmiş Parağaçay molibden  yatağında istismar işlərinə başlanılmış,  istismar edilən Şimali Daşkəsən yatağında kobalt filizinin çıxarılması sürətləndirilmişdir. Ümumiyyətlə, 1941-45-ci illərdə keçmiş SSRİ-də hasil edilən kobaltın 60%-i Azərbaycanın (Daşkəsən yatağı) payına düşmüşdür.

              Gədəbəy mədənində mis istehsalı təşkil edilmişdir.

O dövrdə Ittifaq üzrə istehsal olunan bütün yanacaq-sürtkü materiallarının 75%-ni verən Azərbaycan neft sənayesinin ehtiyacları üçün qeyri–filiz yataqlarına (barıt, kükürd kolçedanı, kaolin, odadavamlı gil və s.) kəşfiyyat işlərinin aparılması və istifadəyə verilməsi intensiv davam etdirilmişdir.

Sonradan Daşkəsən dəmir filizi və Zəylik alunit yatağının istismara cəlb edilməsi ilə Azərbacanda dağ-mədən sənayesinin əsası qoyulmuş oldu.         

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Respublika iqtisadiyyatının mineral-xammaldan istifadəyə əsaslanan bir sıra sahələrinin stabil inkişafını və mineral-xammala artmaqda olan tələbatın ödənilməsini təmin edən etibarlı baza yaradılmışdır.   

Keçən əsrin 90-cı illərinədək filiz yataqlarından Daşkəsən dəmir filizi, Zəylik alunit, Gümüşlü, Ağdərə polimetall, Parağaçay molibden filizləri yataqlarında istismar işləri aparılmışdır. 

Mineral-xammal resursları mürəkkəb təbii məhsul olmaqla cəmiyyətin texniki-iqtisadi və sosial inkişafında olduqca əhəmiyyətli rol oynayır.

Bu səbəbdən müasir dövrdə mineral-xammal resurslarının əhəmiyyəti durmadan artmaqdadır.  

Yerin təkindəki mineral-xammal ehtiyatları ümumi təbii sərvətlərin tərkib hissəsi olmaqla ölkəmizin iqtisadi və sosial-siyasi müstəqilliyini müəyyənləşdirən əsas amillərdən biridir.

Azərbaycan Respublikasının iqtisadi potensialının yüksəldilməsi onun ərazisində kəşfiyyatı başa çatdırılmış müxtəlif faydalı qazıntı yataqlarının   resurslarından səmərəli istifadə olunması, dağ-mədən və emal sənayesi sahələrinin inkişaf etdirilməsi ilə bağlıdır. 

Sənaye ehtiyatları təsdiq olunmuş və dövlət balansında qeydə alınmış faydalı qazıntı yataqları ilə yanaşı, bir çox filiz təzahürləri üzrə axtarış və geoloji-kəşfiyyat işləri aparılmış, onların ilkin ehtiyatları qiymətləndirilmişdir. Əsas  yataqlar haqqında qısa məlumat aşağıda verilir. 

Əsas yataqlar

  • Qara metallar
  • Əlvan və nadir metallar
  • Nəcib metallar
  • Qeyri-filiz xammalı və tikinti materialları
  • AZƏRBAYCANIN FAYDALI QAZINTILARI
  • Yanar faydalı qazıntılar
  • Azərbaycan Respublikasındakı yanar faydalı qazıntılar neft, qaz, şist, torf və s-dir. 
  • Bunlardan neft və qaz sənaye əhəmiyyətlidir. Neft həm qurudakı yataqlardan, həm də Xəzər dənizi yataqlarından çıxarılır. Azərbaycan Respublikasının ərazisi (xüsusi ilə Abşeron yarımadası) dünyanın ən qədim neft çıxarılan rayonlarından biridir. Hələ e.ə. VII-VI əsrlərdə Abşeronda neft çıxarılmış və bir çox ölkələrə daşınmışdır. 1985-ci ilədək Azərbaycan Respublikasında təqribən 1,2mlrd. t. neft (25%-i dəniz neft yataqlarından) hasil edilmişdir. Azərbaycan Respublikasının nefti yüksək keyfiyyətli, azkükürdlü və azparafinlidir. Sıxlığı böyük diapazonda (780-940kq/m3) dəyişir. Naftalanda Maykop və Ağçaqıl çöküntülərindən özünün müalicə xüsusiyyyətlərinə görə dünyada yeganə olan neft də hasil edilir. Respublikada çıxarılan yanar qazlar karbohidrogen tərkiblidir. Onlar neftin tərkibində həll olmuş, sərbəst («qaz örtüyü»), xalis qaz halında olur. Son 30-50 il ərzində çoxlu qaz-kondensant yatağı kəşf olunub, istifadəyə verilmişdir. Azərbaycan Respublikasında hazırda 8 neftli-qazlı (Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı, Gəncə, Yevlax-Ağcabədi, Quba-Xəzəryanı, Kür-Qabırrı çaylararsı) və 2 perspektivli (Acınohur və Cəlilabad) rayon ayrılır. Abşeron, Şamaxı-Qobustan, Aşağı Kür, Bakı arxipelaqı rayonlarında əsas neftli-qazlı dəstə «məhsuldar» qatdır. Qum, qumdaşı və gil təbəqələrinin növbələşməsindən ibarət olan bu dəstənin qalınlığı 4000m-ə (bəzi yerlərdə daha artıq) çatır. Məhsuldar qatla əlaqədar olan yataqlar (Balaxanı-Sabunçu-Ramana, Suraxanı-Qaraçuxur-Zığ, Qala, Bibiheybət, Neft Daşları, Puta, 28 May, Lökbatan-Binəqədi, Səngəçal-dəniz-Duvannı-dəniz-Bulla, Bulla-dəniz və s.) çox horizontlu və antiklinal quruluşludur. Ən böyük neft-qaz-kondensant yataqları Abşeron, Bakı arxipelaqları və Aşağı Küryanı rayonlarındadır. İşlənən yataqlarda məhsuldar qatdan başqa, əsas neftli-qazlı çöküntülər Maykop dəstəsi, Eosen şöbəsi və Üst Təbaşir çöküntüləridir. Quba Xəzəryanı rayonunda Siyəzən monoklinalı ilə əlaqədar olan yataqlarda Samrat mərtəbəsindən başlayaraq Üst Təbaşir çöküntülərinə qədər bütün çöküntü kompleksləri (Sarmat, Çokrak, Maykop dəstəsi, Eosen, Paleosen, Üst Təbaşir) neftli-qazlıdır. Kür-Qabırrı çaylararsı rayonunda da kəşf olunmuş yataqlarda neft-qaz Eosen yaşlı çöküntülərlə (Tərsdəllər yatağı) əlaqədardır. Respublika ərazisində Maykop-Abşeron yaşlı çöküntülərdə bir sıra yanar şist və liqnit-qonur kömür təzahürləri aşkar edilmişdir.

 

QARA METALLAR
Dəmir filizləri
 Dəmir filizləri bu gün də sənayenin, iqtisadi inkişafın əsas dayaqlarından biri sayılır. Hazırda Azərbaycanın ərazisində 3 dəmir filizi yatağının sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilməklə etibarlı mineral-xammal bazası yaradılmışdır. Onların hər üçü Daşkəsən filiz rayonunda yerləşməklə Daşkəsən, Cənubi Daşkəsən və Dəmir kobaltlı-maqnetit yataqları ilə təmsil olunurlar. 
Qeyd etmək lazımdır ki, Daşkəsən qrupu (Daşkəsən, Cənubi Daşkəsən, Dəmir) yataqları respublikanın mineral-xammal bazasında uzun illər ərzində özünəməxsus yer tutmuşlar. Bu yataqların bazasında son illərə qədər Azərbaycan Filizsaflaşdırma Kombinatı fəaliyyət göstərmiş və onun məhsulu (dəmir konsentratı) Gürcüstanın Rustavi metallurgiya kombinatının təlabatını tam ödəyirdi. Yaxın illərdə Daşkəsən filizsaflaşdırma kombinatının fəaliyyəti bərpa olunacağı təqdirdə 70-80 il müddətində etibarlı ehtiyatla təmin ediləcəkdir.

 Xromit filizləri
1960-1964-cü illərdə aparılmış geoloji-axtarış işləri nəticəsində Kəlbəcər rayonu ərazisində Göydərə qrupu xromit filizi təzahürləri, Laçın rayonu ərazisində isə Ipək qrupu xromit filizi təzahürləri aşkar olunmuşdur.

Göydərə xromit təzahürləri qrupu – Istibulaqsu çayının suayrıcında, Kəlbəcərin rayon mərkəzindən 21 km şimal-qərbdə yerləşir.
Xromit filizləşməsi linzavari dunit kütlələrinin yayılma zonasında təşəkkül tapmış və 350 m-dən çox məsafədə izlənmişdir. Filiz cisimləri biri-birindən təcrid olunmuş oval və linza morfologiyalı yuvalarla təmsil olunurlar.
Onların qalınlığı 0,5 m-dən 15 m-ə qədərdir. Filizdə xrom oksidinin (Cr2O3) miqdarı 43,5-52,6%; Cr2 O3: FeO – nisbəti 3,5-4,0 arasındadır ki, bu da sənayenin tələbinə tam cavab verir.
  
Ipək xromit təzahürləri qrupu – Laçın rayonunun Ipək kəndi yaxınlığında yerləşir. Burada da xromit minerallaşması hiperbazitlər içərisində yerləşmiş dunit linzalarında yayılmışdır. Xromit minerallaşması nodulyar teksturaya malik olaraq ayrı-ayrı linzaların qalınlığı 0,5 m-dən 3-5 m-ə qədərdir. Linzalarda xrom oksidinin miqdarı (Cr2O3) – 25,0-39,5% təşkil edir. Bu rayonda xrom filizləşməsinin yayılma sahəsi 500 kv. km-ə qədərdir. 

ƏLVAN VƏ NADİR METALLAR. Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin metallogenik əyalətlərində əlvan metallardan mis, qurğuşun, sink, kobalt, civə, sürmə filizlərinin yataq və təzahürləri geniş yayılmış və əsasən Balakən-Zaqatala, Gədəbəy və Ordubad filiz rayonlarında cəmlənmişdir.

Mis

Respublikanın mis ehtiyatları əsasən Balakən-Zaqatala, Gədəbəy, Qarabağ və Ordubad filiz rayonlarında cəmləşmişdir.

Balakən-Zaqatala filiz rayonunda misin əsas ehtiyatları mis-kolçedan, kolçedan-polimetal tipli, Kiçik Qafqaz və Naxçıvan qırışıqlıq zonasının filiz rayonlarında isə əsasən mis-porfir, molibden-mis-porfir və qızıl-mis-kolçedan tipli yataq və təzahürlərdə cəmləşmişdir.

Respublikada sənaye ehtiyatları təsdiq edilmiş bir mis-porfir yatağı (Qaradağ mis-porfir yatağı) vardır ki, bu da ümumi filiz ehtiyatlarının 4,7%-ni təşkil edir. 

Balakən-Zaqatala filiz rayonunda üç kolçedan-polimetal yatağında-nəhəng Filizçay, orta miqyaslı Kasdağ və Katex yataqlarında misin sənaye ehtiyatları təsdiq edilmiş və faydalı qazıntı yataqlarının dövlət balansında qeydə alınmışdır. Saqator mis-sink, Mazımçay mis-kolçedan və Aşağı Karabçay kolçedan-polimetal yataqlarının C2 kateqoriyası ilə qiymətləndirilmiş ehtiyatları sahə balansında qeydə alınmış və proqnoz ehtiyatları hesablanmışdır.

Kiçik Qafqazda misin sənaye ehtiyatları Qaradağ mis-porfir yatağı ilə yanaşı Qarabağ filiz rayonunda yerləşən Qızılbulaq qızıllı mis-kolçedan yatağında və cüzi miqdarda Vejnəli qızıl yatağında təsdiq edilmişdir.
Qarabağ filiz rayonunda Dəmirli mis-porfir, Gədəbəy filiz rayonunda Gədəbəy mis-kolçedan yataqlarının ehtiyatları qiymətləndirilmiş və proqnoz ehtiyatları hesablanmışdır.

Naxçıvan qırışıqlıq zonasında Göydağ, Diaxçay, Misdağ-Şəlalə mis-porfir, Ağyurd qızıl, Nəsirvaz-Ağdərə polimetal yataqlarında misin ehtiyatları qiymətləndirilərək sahə balansında qeyd edilmiş və proqnoz ehtiyatları hesablanmışdır. 

Kiçik Qafqazın mis yataqları əsasən Gədəbəy filiz rayonunda cəmlənmişdir. Bu regionda əsasən mis-porfir, qismən mis-kolçedan yataqları inkişaf tapmışdır.

Gədəbəy rayonunda Qaradağ mis-porfir yataqlarının mərkəzi hissəsinin ilkin kəsfiyyatı aparılmış və ehtiyatları sahə balansına götürülmüşdür.

Gədəbəy filiz rayonu geoloji-struktur quruluşuna, geofiziki və geokimyəvi anomaliyaların intensivliyinə görə mis-porfir, mis-kolçedan, mis-qızıl filizlərinə ən perspektiv rayonlardan biridir.

Mis minerallaşmasına Kiçik Qafqazın Qarabağ filiz rayonunun da perspektivliyi yüksəkdir. Bu filiz rayonunda əsasən mis-porfir, qızıl-mis-kolçedan və digər geoloji-sənaye tipli filizləşmə növləri geniş yayılmışdır. Qızılbulaq qızıl-mis-kolçedan yatağının dəqiq kəşfiyyatı başa çatdırılmış və sənaye ehtiyatları Dövlət balansına götürülmüşdür. Yataq Ağdərə rayonunda yerləşir. Misin orta miqdarı 1,38% təşkil edir.

Daşkəsən filiz rayonunda mis-porfir və mis-kolçedan filizlərinə perspektivli sahələr - Qoşqarçay və Qoşqardağ sahələri aşkar olunmuşdur.

Naxçıvan MR ərazisində - Ordubad filiz rayonunda ehtiyatları təsdiq olunmuş Parağaçay mis-molibden yatağı əsasında eyniadlı filiz-saflaşdırma mədəni fəaliyyət göstərirdi. Son illərdə müəssisənin təlabatı kasıb filizlər hesabına ödənilirdi və Ermənistan tərəfindən blokada şəraitinə düşəndən sonra fəaliyyəti tam dayandırılmışdır. Mədənin etibarlı xammalla təchiz edilməsi üçün, istismar kəşfiyyatının və yatağın ətrafında planlı şəkildə axtarış işlərinin davam etdirilməsi zəruri hesab olunur.

Naxçıvan qırışıqlıq vilayətində sənaye əhəmiyyətli mis yataqlarının aşkar edilməsi üçün Misxana-Zəngəzur metallogenik xanasında yerləşən Ordubad filiz rayonu yüksək perspektivli hesab edilir. Son illərdə aparılmış axtarış işləri nəticəsində bu ərazidə Parağaçay, Misdağ, Göydağ, Göygöl, Şəlalə, Diaxçay, Kotam-Kilit filiz sahələrində çoxsaylı mis-molibden təzahürləri aşkar edilmişdir. Bunlardan əlavə, Culfa rayonunun Xanağa-Ordubad filizləşmə sahəsində eosen yaşlı vulkan-plutonik kompleksi daxilində, hidrotermal dəyişilmiş süxurlarda xeyli miqdarında proqnoz resursları gözlənilir. 
 
Qurğuşun və sink

 Ehtiyatları təsdiq edilmiş polimetal filiz yataqları aşağıdakılardır: Filizçay, Kasdağ, Katex, Mehmana və Gümüşlük.

Kiçik Qafqazın Qazax filiz rayonunda Şəkərbəy, Naxçıvanın Ordubad filiz rayonunda Nəsirvaz-Ağdərə polimetal filiz yataqlarının qurğuşun ehtiyatları qiymətləndirilmiş və proqnoz resursları hesablanmışdır.

Avropada ən nəhəng yataq hesab olunan və dünyanın ən iri yataqları sırasına daxil olan Filizçay kolçedan-polimetal yatağının dəqiq kəşfiyyatı başa çatdırılmış və sənaye ehtiyatları   təsdiq edilmişdir. Yataq yeganə kompakt filiz kütləsindən ibarət olmaqla 95 mln. ton miqdarında filiz ehtiyatına malikdir. Filizdə əsas qiymətli komponentlər mis (filizdə orta miqdarı 0,59%), sink (3,63%), qurğuşun (1,43%), gümüş (44,2 q/t), bismut, kadmium, kobalt, selen, tellur, indium və s. ibarətdir ki, onların da sənaye ehtiyatları hesablanmışdır. Filizlərin texnoloji xüsusiyyətləri 34 laborator (çəkisi 7 tona qədər) və 2 yarımsənaye (çəkisi 1-3,6 min ton) sınaqları üzərində öyrənilmiş və filizsaflaşdırma fabrikində qurğuşun-sink, mis və pirit konsentratlarının alınması və onların metalloji emalı nəticəsində son məhsulun-metalların alınması tövsiyə edilmişdir.

Filizçay yatağının ehtiyatları dağ–mədən müəssisəsinin yüksək rentabelli fəaliyyətini 60 ildən artıq müddətə təmin edə bilər. Yatağın istismarı yeraltı üsulla nəzərdə tutulur. Filizçay yatağının həndəvərində, miqyaslarına görə nisbətən kiçik olan, dəqiq kəşfiyyat işləri aparılmış, sənaye ehtiyatları təsdiq edilmiş və qiymətləndirilmiş Kasdağ və Katex polimetal, Saqator mis-sink və Mazımçay mis-kolçedan filiz yataqları yerləşir. Bu yataqlar nəzərdə tutulan mədən-metallurgiya kompleksinin əlavə xammal bazası kimi nəzərdə tutulur.  

Zaqatala qoruğunun mühafizəsi zərurəti Filizçay yatağının istismarı ilə əlaqədar kompleks ekoloji problemlərin həlli, bütünlüklə ətraf mühitin təhlükəsizliyi məsələləri gündəlikdən  çıxarılmamalı, birinci növbədə daha mütərəqqi emal texnologiyasının tətbiqi, istifadə olunacaq texniki avadanlıq, enerji daşıyıcılarının, material və xidmətlərin mövcud dünya bazarı qiymətləri əsasında texniki-iqtisadi əsaslandırmanın (TIƏ) yenidən tərtib edilməsi zəruri sayılır.

 Kiçik Qafqaz ərazisində qurğuşun və sink filizləşməsi əsasən damar tipli kütlələr şəklində yayılmışdır və çox da böyük yataqlar əmələ gətirmir. Belə yataqlardan biri Qarabağ filiz rayonunda, rayon mərkəzi Ağdərə şəhərindən 25 km cənub-qərbdə aşkar olunmuş Mehmana yatağıdır. Yatağın əsas ehtiyatları (80%-ə qədəri) 3 əsas damarda toplanmışdır. Onların uzunluğu 100 m-dən 1500 m-ə qədər, qalınlıqları isə 0,4 m-dən 0,85 m-ə qədər, filizdə qurğuşunun orta miqdarı-6,87%; sink-2,9% təşkil edir. Qeyd olunan elementlərlə yanaşı filizdə gümüş, kadmium, qızıl, selen və tellurun yüksək miqdarı qeyd olunmuşdur.

  Naxçıvan MR ərazisində sənaye ehtiyatları təsdiq edilmiş qurğuşun-sink yataqları Şərur və Ordubad rayonlarında yerləşirlər.

1952-ci ildən Şərur rayonunda gündəlik gücü 50 ton filiz olan Gümüşlük mədəni fəaliyyət göstərirdi. Yataq üzrə əsas faydalı komponentlər qurğuşun və sink, yanaşı komponentlər kadmium, qallium, gümüşdür. Yatağın I, II,III sahələrində sənaye əhəmiyyətli ehtiyatlar tam istismar edilmiş, son illərdə mədəndə kasıb filizlər çıxarılırdı.  

Balakən-Zaqatala filiz rayonunda - Saqator mis-sink yatağında, Naxçıvan MR-da - Nəsirvaz-Ağdərə polimetal yataqlarında sinkin ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz ehtiyatları hesablanmışdır.

Kobalt

Kobaltın təsdiq edilərək dövlət balansında qeydə alınmış sənaye ehtiyatları Daşkəsən filiz rayonunda - «Hamamçay» və «Dəmir» dəmir filizi yataqlarında, Balakən-Zaqatala filiz rayonunda - Filizçay kolçedan-polimetal yatağında cəmləşmişdir.  

Qeyd etmək lazımdır ki, uzun illər ərzində Daşkəsən yatağının istismarı dövründə Qoşqarçayın dərəsində 30 mln. tondan artıq tullantılar yığılmışdır ki, bu tullantıların tərkibində külli miqdarda  qiymətli kobalt vardır.
«Hamamçay» yatağında kobalt minerallaşması 2 formada - məxsusi kobalt mineralı-kobaltın, qlaukodat mineralları formasında və maqnetit filizi tərkibində kobaltlı piritin möhtəvi və damarcıqları şəklində qeyd olunur.

«Dəmir» yatağında da kobalt kobaltlı pirit formasında maqnetit filizlərinin tərkibində yerləşir.

«Cənubi Daşkəsən» dəmir filizi yatağında sərbəst kobalt mineralları ilə əlaqədar olan kobaltın   miqdarı 0,139%-təşkil edir. Kobaltlı piritlə bağlı olan hissəsinin orta miqdarı 0,025% təşkil edir.

  Maqnetit filizi ilə bağlı olan kobalt ehtiyatları ancaq bu sahələrdə dəmir filizi istismar olunan vaxt götürülə bilər.

Ordubad filiz rayonunda əvvəllər aparılmış geoloji-axtarış işləri nəticəsində bir sıra mis-kobalt təzahürləri aşkar edilmişdir ki, onlardan da ən böyük maraq doğuranı Kotam və Kilit təzahürləridir.

Kotam mis-kobalt təzahürü Kotam kəndindən 2,5 km şimal-şərqdə yerləşir. Yer səthində qalınlığı 20-80 m olan filizləşmə zonası 2,5 km məsafədə izlənilir. Filizləşmə damarcıq-möhtəvi teksturaya malik olub, xalkopirit-pirit tərkiblidir. Filizləşmə daxilində kobaltın miqdarı 0,06-0,3%, nikel-0,1%, mis-0,3-1,12% arasında dəyişir.

  Kilit mis-kobalt təzahürü Kotam filiz rayonu daxilində yerləşməklə, kobalt, nikel saxlayan pirit-xalkopirit tərkibli damarcıq-möhtəvi formalı filizləşmə zonalarından təşkil olunmuşdur. Filizləşmə zonaları 3-8,6 m qalınlıqla 20 m-dən 1000 m-ə qədər izlənilir. Elementlərin orta miqdarı: kobalt-0,028-0,115%, mis-0,07-0,43%-dir.

Respublikada yüksək keyfiyyətli polad istehsalı xammalı bazasının yaradılması zərurəti gələcəkdə kobalt filizinə geoloji-kəşfiyyat işlərinin aparılmasını zəruri edir. 1993-cü ildən əvvəllər ehtiyatları qismən istismar edilmiş «Şimali Daşkəsən» kobalt yatağının cinahlarında aparılmış axtarış işləri nəticəsində burada intişar tapmış zonaların parametrləri müəyyənləşdirilmiş və ilk dəfə olaraq bu zonalar üzrə kobaltın yüksək miqdarı təyin edilmişdir (4 m qalınlığında 0,41%, 1,25 m qalınlığında 0,37%). 

Molibden

Molibdenin dövlət balansında qeydə alınmış ehtiyatları Ordubad filiz rayonunda Parağaçay (Qapıcıq sahəsi ilə birgə) yatağında cəmləşir. Naxçıvan qırışıqlıq zonasının Ordubad filiz rayonunda Göydağ, Diaxçay, Misdağ-Şəlalə və Kiçik Qafqazın Qarabağ filiz rayonunun Dəmirli mis-porfir yataqlarında yanaşı komponent kimi molibden ehtiyatları qiymətləndirilərək sahə balansına qəbul edilmiş və proqnoz resursları hesablanmışdır. 

 Alüminium xammalı

Respublika ərazisində əvvəllər aparılmış geoloji-kəşfiyyat işləri ilə Zəylik alunit filizləri yatağı aşkar edilmiş və kəşfiyyatı aparılmışdır. Yataq  Daşkəsən rayonunda, Quşçu körpüsündən 18 km  məsafədə yerləşir. Alunit filizləri üst yura yaşlı tufogen çöküntülərdə intişar tapmışlar və lay formalı iki filiz qatı ilə təmsil olunurlar. Filizlər əsasən alunitdən və kvarsdan ibarətdir. Alunitin miqdarı 10-80% arasında dəyişməklə, yataq üzrə orta miqdarı-53%-dir.

Alunit filizləri Respublika üzrə ümumi filiz ehtiyatlarının 29,7% -ni təşkil edir.

Zəylik alunit yatağı Gəncə gil-torpaq kombinatının mineral-xammal bazası kimi 1964-cü ildən istismar olunur. Hər il alunitdən  200 min ton gil-topraq, 385 min ton sulfat turşusu, 78 min ton kalium gübrəsi alınırdı və o illərdə əsasən Krasnoyarsk və Irkutsk alüminium zavodlarına göndərilirdi.

 Bu yatağın ən cəlbedici amillərindən biri də odur ki, alunit filizlərinin tərkibində nüvə reaktorlarında, təyyarə və raket texnikasında, ərinti birləşmələrində istifadə edilən   vanadium və    qallium metalları vardır.

 Civə

Sənaye ehtiyatları dövlət balansında qeydə alınmış civə yatağı Kəlbəcər filiz rayonunda yerləşən Levçay yatağıdır. Həmin rayonda yerləşən digər civə yatağınin (Ağyataq) ehtiyatları istismar nəticəsində tükənmişdir.
Bu yataqlardan başqa, Kiçik Qafqazın Kəlbəcər filiz rayonunda Narzanlı, Sarıbulaq, Çilgəzçay, Qamışlı və Şorbulaq civə yataqlarının ehtiyatları qiymətləndirilərək sahə balansında qeydə alınmış, proqnoz resursları hesablanmışdır.     

Levçay civə yatağı - Kəlbəcər rayonunun Lev kəndindən 15-20 km şimal-qərbdə yerləşir. Filiz kütlələri kiçik linzalar şəklində təbaşir yaşlı karbonat süxurlar içərisində yerləşir. Filiz kütlələrinin uzunluğu 20 m-dən 70 m-ə qədər, qalınlıqları isə 2,5 m-dən 6,5 m-ə qədərdir. Filizdə civənin orta miqdarı 0,261-0,497% arasında dəyişir. 

Ağyataq civə yatağı - Kəlbəcər şəhərindən 12-15 km şərqdə, cənub-şərqdə yerləşir. Yataq 1984-cü ilə kimi Şorbulaq dağ-mədən müəssisəsi tərəfindən istismar olunmuşdur.   Filizdə civənin orta miqdarı 0,3%-dir.

Çilgəzçay yatağı -Laçın rayonunun Ələkçi kəndi yaxınlığındadır. Civə minerallaşması əzilmiş, kvarslaşmış santon yaşlı süxurlar içərisində yerləşir. Civənin əsas mineralı olan kinovar ayrı-ayrı yuvacıqlar, möhtəvilər və damarcıqlar şəklində filizdaşıyan süxurlar içərisində qeyri-bərabər paylanmışdır. 

Narzanlı yatağı - Laçın rayonunun Kalafalıq kəndi yaxınlığındadır.  Civənin əsas mineralı kinovar ayrı-ayrı linzalar, yuvacıqlar və damarcıqlar şəklində əhəngdaşları içərisində yerləşir.    

 

NƏCİB METALLAR    

 Qızıl

 Azərbaycan ərazisi davamlı və uzunmüddətli qızılçıxarma sənayesinin yaradılması üçün böyük perspektivliyə malikdir. Son onilliklər ərzində aşkar edilmiş çoxsaylı qızıl yataqları və təzahürləri (həm məxsusi qızıl, həm də digər metallarla kompleksdə) bunu təsdiq edir, zira onlar potensial filizli regionlarda proqnozlaşdırılan qızıl filizləşməsinin az bir hissəsini təşkil edir.

Qızıl yataq və təzahürlərini iki qrupda birləşdirmək olar. Birinci qrupa dağ süxurlarında bilavasitə formalaşma yerində aşkar olunan köklü qızıl yataqları aid edilir. Ikinci qrup köklü qızıl yataqlarının aşınması, çöküntülərin onlardan müxtəlif məsafələrə daşınması nəticəsində əmələ gəlmiş səpinti qızıl yataqlarıdır. Səpinti qızıl yataqlarının işlənməsində əlavə texnoloji emal tələb olunmadığından iqtisadi cəhətdən çox əlverişlidir.

01.01.2006-cı il tarixinə Respublika faydalı qazıntı ehtiyatlarının dövlət balansında kəşfiyyatı aparılmış və sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilmiş üç məxsusi qızıl yatağının (Qızılbulaq, Vejnəli və Zod (Söyüdlü) ehtiyatları, Filizçay, Katex və Kasdağ polimetal, Qaradağ mis-porfir yataqlarının filizlərində yanaşı komponent kimi hesablanmış və təsdiq olunmuş qızıl ehtiyatları qeydə alınmışdır.

Bunlardan əlavə Qoşa, Ağyurd, Pyəzbaşı, Dağkəsəmən, Gədəbəy və Ağduzdağ yataqlarının C2 kateqoriyası ilə qiymətləndirilmiş ehtiyatları sahə balansında qeydə alınmışdır.

Respublikada qızılçıxarma sənayesinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə» 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş «Azərqızıl» DŞ ilə ABŞ-ın «RV Investment Group Sevrvices LLS» arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmış və 2005-ci ildən ermənilər tərəfindən işğal edilmiş ərazidə yerləşən Söyüdlü(Zod), Qızılbulaq və Vejnəli yataqları istisna olmaqla, digər yataqlarda əlavə öyrənilmə işlərinə başlanılmışdır və bu işlərin 2008-ci ildə başa çatdırılması nəzərdə tutulur. 

 Qızılbulaq yatağı – Ağdərə rayonu ərazisində, Ağdam şəhərindən 63 km şimal-qərbdə yerləşir. Yataqda dəqiq kəşfiyyat işləri aparılmış, ehtiyatları hesablanmış və təsdiq edilmişdir. Yataq qızıl-mis-kolçedan geoloji-sənaye tipinə aiddir. Filizlər əsasən piritdən, xalkopiritdən, markazitdən, sfaleritdən, xalkozindən, kvarsdan və s.-dən ibarətdir. Filizdə qızılın orta miqdarı 4,0 q/t, gümüş - 5,4 q/t, mis – 1,41 % təşkil edir. Yatağın əsas faydalı komponentləri qızıl, gümüş və mis; yanaşı komponentlər selen, tellur və kükürddən ibarətdir.

 Dağkəsəmən yatağı – Qazax çökəkliyinin mərkəzi hissəsində, Qazax şəhərindən 1,5-2 km cənubda yerləşir. Yataqda 10-dan artıq kvars-qızıl-polimetal damarı aşkar olunmuşdur.  Zonaların ümumi uzunluqları 1300 m-ə qədərdir. Yatağın əsas faydalı komponentləri qızıl, gümüş, mis, qurğuşun və sinkdir. Filizdə qızılın miqdarı 1 q/t-dan 30 q/t-a qədər, gümüş 10 q/t-dan 50 q/t-a qədərdir.

  Qoşa yatağı – Gədəbəy filiz rayonunun qərb hissəsində, Tovuz şəhərindən 30 km cənubda yerləşir. Yataq daxilində 9 damar tipli qızıllı sulfid zonaları ayrılmışdır. Bu zonaların əksəriyyəti şimal-qərb və meridiana yaxın istiqamətdə uzanırlar, onların qalınlığı 2,0 m-dən 15 m-ə qədərdir. Bu zonalarda filiz kütlələrinin qalınlığı 0,5-3,0 m təşkil edir. Yatağın əsas faydalı komponentləri qızıl və gümüşdür. Şimal qərb istiqamətləri zonalarda qızılın miqdarı 4-8 q/t; meridional zonalarda isə 10 q/t-a qədər olmaqla tək-tək sınaqlarda 1000 q/t-a çatır. Laboratoriya şəraitində hazırlanmış texnoloji sxemə əsasən flotasiya üsulu ilə tərkibində 35,6 % qızıl olan konsentrat alınır.

Gədəbəy yatağı – Gədəbəy şəhərinin şimal-qərb kənarında yerləşir. Hələ XIX əsrin ortalarından Gədəbəy yatağında istismar işləri aparılmış, böyük miqdarda  mis, qızıl və  gümüş çıxarılmışdır.

Zod yatağı - Azərbaycan Respublikasının Kəlbəcər və Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonlarının sərhəddində yerləşir. Yataq 1951-ci ildə «Qafqazqızılkəşfiyyat» Idarəsi tərəfindən aşkar olunmuş, yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistan SSRI Geologiya Idarəsi və Ermənistan Əlvan Metallurgiya Idarəsi tərəfindən aparılmışdır. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilmişdir. Yatağın istismarına 1976-cı ildən başlanmışdır.

Vejnəli yatağı – Zəngilan rayonunda, Ağbənd dəmir yolu stansiyasından 4-5 km məsafədə yerləşir. Yataq kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataq daxilində 25 qızıllı damar aşkar edilmiş və qiymətləndirilmişdir. Sənaye əhəmiyyətli qızıl ehtiyatları kvars-xalkopirit, kvars-karbonat-pirit-xalkopirit tərkibli 6 damarda toplanmışdır. Bütün filiz damarlarının ətraf süxurlarla təması kəskindir və qalınlıqlarının 10 sm-dən 4,0 m-ə qədər dəyişkən olması ilə səciyyələnirlər. Filizdə əsas faydalı komponent qızıldır. Ondan əlavə çıxarıla biləcək miqdarda gümüş, mis, tellur, bismut iştirak edirlər. Qızıl filizdə böyük ölçülüdür, «sərbəst» qızılın miqdarı 9,8 %, birləşmə halında isə 85,3 % təşkil edir. Filizlərin qravitasiya-flotasiya sxemindən istifadə edilməklə zənginləşdirilməsi nəzərdə tutulmuşdur. 96,52 % qızıl, 97,38 % gümüş, 95,9 % tellur və 65 % bismut çıxarıla bilər. Yataq sənaye istifadəsinə hazırlanmışdır.

Ağyurd yatağı – Ordubad rayonunda, Ordubad şəhərindən 40 km şimal-qərbdə yerləşir. Yataq Mehri-Ordubad qranitoid massivinin endokontaktında təşəkkül tapmışdır. Damar və damar zonalarından ibarət filiz kütlələri qızıl-sulfid-kvars formasiyasına aid edilirlər. Filizdə əsas minerallar pirit və xalkopirit, ikinci dərəcəli minerallar – maqnetit, pirrotin, sfalerit, molibdenit və s.-dirlər. Qızıl filizdə əsasən sərbəst şəkildə (54 %) və sulfidlərdədir (50-55 %). Əsas faydalı komponentlər qızıl, gümüş və misdir. Filizlər qravitasiya+flotasiya sxemi əsasında zənginləşdiriləcəklər ki, bu zaman filizdən qızılın 85 %-ni çıxarmaq olar.

Pyəzbaşı yatağı – Ağyurd yatağından 2,0-2,5 km qərbdə, Mehri-Ordubad massivinin ekzokontaktında, paleogen yaşlı vulkanogen-çökmə süxurlarda yerləşir. Yatağın daxilində 50-yə qədər kvars-sulfid damarları məlumdur. Onlardan 5-i nisbətən dəqiq qiymətləndirilmiş və sənaye əhəmiyyəti kəsb edir. Damarların qalınlığı 0,2 m-dən 1,5-2,0 m arasında dəyişir və əsasən kvars və piritdən təşkil olunmuşlar.  Yatağın istismarı Ağyurd yatağı ilə birgə, eyni texnoloji sxem üzrə vahid saflaşdırma fabrikində həyata keçiriləcəkdir.

Şəkərdərə yatağı – Pyəzbaşı yatağından1,8-2,0 km cənubda yerləşir və yer səthindən 60-100 m dərinlikdə mağaralarla öyrənilmişdir. Əsas filizdaşıyan və filizsaxlayan struktur şimal-qərb istiqamətli (2900-3200) Nüsnüs-Kələki-Məzrə dərinlik qırılmasıdır ki, o andezit tərkibli lava-piroklastik süxurların böyük qalınlıqda kvarslaşmış, kaolinləşmiş və dəmirləşmiş zonası ilə təmsil olunmuşdur.

Filiz kütlələrinin iki morfoloji tipi ayrılır: uzunluğu 1000-1200 m, qalınlıqları 2-5 m-dən 13-20 m-ə qədər dəyişən damar zonaları və 850-900 m məsafədə uzanan və dəyişgən qalınlıqlı (90-100 m-dən 300-350 m-ə qədər) damarcıq-möhtəvi sulfid minerallaşması daşıyan metasomatitlər zolağı. Əsas faydalı komponentlər – qızıl, gümüş və misdir.

Ağduzdağ yatağı – Kəlbəcər rayonunun cənub-şərqində yerləşir. Yataq ərazisində 100-ə qədər qızıllı kvars, kvars-karbonat damarı ayrılmışdır ki, onlardan 5-də sənaye əhəmiyyətli qızıl minerallaşması müəyyən olunmuşdur. Qızılın orta miqdarı 6.72 q/t olmuşdur. Asan zənginləşməsini və qızılın çıxarılmasını, eləcə də topa qələviləşdirmə texnologiyasının tətbiqinin mümkünlüyünü nəzərə alaraq, qızılın nisbətən aşağı miqdarı (1.5 q/t-a qədər) qeyd olunan damarların və damarətrafı süxurların hesabına yatağın ehtiyatlarının 3-4 dəfə artırılması ehtimalı mövcuddur.  

Çovdar yatağı – Daşkəsən rayonu ərazisində yerləşir. Qızıl filizləşməsi üst bayos yaşlı törəmə kvarsitlərdə təşəkkül tapmışdır. Yataq sahəsində bu tip törəmə kvarsitlərin bir-neçə çıxışı müəyyən olunmuşdur.  Yatağın geoloji quruluşunun xüsusiyyətləri – hidrotermal-dəyişmə süxurlarının geniş yayılması, barit-polimetal damarlarının, polimetal və mis-sulfid tərkibli damarcıq-möhtəvi filizləşmə sahələrinin mövcudluğu onun yüksək perspektivliyə malik olduğunu göstərir. Hüdudlandırılmış və qismən (150 m-ə qədər) dərində öyrənilmiş «Mərkəz» filiz cismində qızılın miqdarı böyük amplitudada dəyişməklə (1 q/t-  dan – 100 q/t-a qədər və daha çox), orta hesabla 8-10 q/t təşkil edir. 

Başkəndçay səpinti qızılı yatağı – Naxçıvan MR-da Başkəndçayın aşağı axımında, onun Əlincəçayla birləşdiyi yerdən Xoşkeşin şəlaləsinə qədər 1500 m-lik intervalı əhatə edir. Allüvial çöküntülərin müxtəlif terras səviyyələrində və delüvial çöküntülərdə sənaye əhəmiyyətli səpinti qızıl toplantıları müəyyən edilmişdir. I terras səviyyəsində qızılın miqdarı 294-448 mq/m3, II terras səviyyəsində 248-464 mq/m3arasında dəyişir. Delüvial çöküntülərdə qızılın miqdarı ayrı-ayrı sınaqlarda 172-685 mq/m3-a çatır. Yuxarı terras səviyyələrində qızılın daha çox toplandığı yatacaq səthinin açılmadığını nəzərə alsaq yatağın ehtiyatlarının daha çox olduğunu güman etmək olar.

Kürəkçay səpinti qızılı yatağı – Kürəkçay hövzəsində eyniadlı çayın Çaykənd-Dozular kəsimində yerləşir. Yataqda axtarış-qiymətləndirmə işləri aparılmış və o sənaye istismarına hazırlanmışdır. Allüvial çöküntülər kənar miqdar 50 mq/m3 qəbul edilməklə hüdudlandırılmışdır. 

Qızıl Haqqında 10 Maraqlı Fakt 

Qızıl yer üzündəki ən çox axtarılan faydalı qazıntılardan biridir. Hələ qədim dövrlərdən başlayaraq insanlar min illər boyu qızıl ticarəti ilə məşğul olmuş və bu faydalı qazıntıya sahib olmaq üçün mübarizə aparmışlar. Bu gün bu dəyərli metal bəzəkli zinət əşyasından tutmuş, smartfonlara və tibbə qədər hər sahədə istifadə oluna bilir. Bəs bu metalı bu qədər qiymətli edən nədir?

Qızıl haqqında 10 maraqlı fakt ilə siz də tanış olun:

  1. Sarı Rəngdə Olan Yeganə Metal

Qızıl sarı rəngdə olan yeganə metaldır. Digər metallarda da sarımtıl rəng yarana bilər. Lakin, o sarı rəngi ancaq oksidləşdikdən və ya digər kimyəvi maddələrlə reaksiya girdikdən sonra ala bilərlər. Başqa cür bu rəngdə olmaları mümkün deyil.

  1. Kosmosdan Gəliblər.

Yer üzündəki qızılların demək olar ki, hamısının iki milyard il əvvəl meteorit fırtınaları zamanı gəldiyi düşünülür. Bu meteoritlərin isə bir neçə milyard il əvvəl ekzotik ulduzların toqquşması nəticəsində meydana gəldiyi düşünülür.

  1. Nə Qədər Safdır?

Qızıl saflığı, metalın min dəyərində bir hissəni kəmiyyət sayaraq, bir millimetr zəriflik dəyəri ilə ifadə edilir. Zərgərlik ticarətində məlum olduğu kimi 24 karatlıq qızıl 99.99% olaraq qəbul edilib və saf metal kimi tanınır. 22 karat (91.6%), 18 karat (75%) və 9 karat (37.5%) kimi digər karatlıqda olan qızılların tərkibində isə daha sərt olmaları üçün mis və gümüş kimi metallar əlavə olunur.

  1. Dünyada Nə Qədər Tapılıb?

Bu günə qədər təxminən 180.000 ton qızılın çıxarıldığı təxmin edilir. Qızıl bütün metallar içində ən asan döyülən metaldır. Bir troy qızıl təxminən beş mil uzunluğa çatan bir ipə çevrilə bilər. Buna görə də qızıl, mürəkkəb zərgərlik və saatlar üçün ideal bir material halındadır.

  1. Ən Böyük Ehtiyatı Haradadır?

Rusiya və bir çox Asiya ölkələri qızıl alış-verişini sürətləndirmək istədikləri üçün yaxın zamanda demək olar ki, bu fakt dəyişəcək. Lakin hal-hazırda Nyu-Yorkdakı ABŞ Federal Ehtiyat Bankı, yəni, ən böyük vahid qızıl anbarı, təxminən 6.8 min ton qızılla ən böyük rezervə sahibdir. Bu dünya qızılının 25% -dən çoxu deməkdir. Baxmayaraq ki, bu qızılın böyük hissəsi əslində xarici hökumətlərə məxsusdur.

  1. Yeməlidirmi?

Bəli, qızılı az miqdarda yemək mümkündür. Bir çox Asiya ölkələrində meyvə və şirniyyat kimi yeməklərin tərkibinə əlavə olunur. Dünyada qızıl tərkibli bir çox içki var. Hətta bəzi dərmanların tərkib hissəsində də tapıla bilər.

  1. Hansı Temperaturda Əriyir?

Saf qızılın ərimə temperaturu 1064.43  dərəcədir.

  1. Niyə Tez-Tez AU Adlanır?

AU, dövri cədvəldə qızıla verilən ‘kimyəvi parlaq şəfəq’ mənasını verən aurum sözündən götürülmüşdür. Həmçinin, Roma mədəniyyətindəki şəfəq ilahəsi Aurora’nın adından alınan kimyəvi simvoldur.

  1. ABŞ Dolları Qızılın Qiymətinə Sabitlənibmi?

İkinci Dünya Müharibəsindən sonra Amerika Birləşmiş Ştatları qızılın qiymətini Bretton Woods Sistemi altında dollara sabitlədi. ABŞ nəhayət 1971-ci ildə dövriyyədə olan kağız pulun dəyərini ödəmək üçün kifayət qədər qızıl olmadığını görüb bu sistemi ləğv etdi.

  1. Ağırlığı

Dünyadakı ən sıx metallardan biridir. Bir kubmetrinin çəkisi 19,300 kiloqramdır və dünyanın ən ağır və ən sıx metalı olan Osmiumdan çox da uzaq deyil.

Qızıl haqqında bilmək istədiyiniz hər şey.

Qızıl bahalı metal olmaqla yanaşı, xanımların sevimlisi və vazkeçilməz bəzək əşyasıdır. Qızıl metalı həmişə oz gözəlliyini və aktuallığını qoruyub saxlayır. Bəzək əşyalarını seçərkən insanlar məhz bu nəcib metala üstünlük verirlər. Qızıl paslanmır, allergiya vermir və rəngi solmur. Yəni allergiyadan əziyyət çəkən insanlar üçün qızıl bəzək əşyası kimi mükəmməl seçim olardı.

Ərintidə qızılın miqdarı ölçü vahidi kimi karat hesab edilir. Dünya bazarında qızıl məmulatlarının keyfiyyəti qəbul edilmiş vahid 24 karat sisteminin köməyi ilə təyin edilir. Karatın vahidinin miqdarı nə qədər çox olarsa, bu zaman, ərintidə qiymətli metalın faiz miqdarı o qədər çoxdur. Zərgərlik məmulatlarında "proba", yəni əyyar anlayışı hər kəsə məlumdur. O, ərintinin 1000 hissəsinə düşən qiymətli metalın miqdarını bildirir.

Qızılın görünüşünün bir qayda olmasına yəni ağ və qara qızılı rənginə hər birimiz alışmışıq. Qızıla əlavələr etməklə ağ, çəhrayı, və ya qara rəngi dəyişə bilir. Belə ki, qızılın rəngi tərkibinə daxil olan mis, platin, gümüş kimi metalların sayəsində dəyişir. Məsələn, qızıla nikel, palladium əlavə edərək ağ rəngdə, mis əlavə edərək çəhrayı rəngdə qızıl almaq olar. Zərgərlik məmulatının istehsalı vaxtı onların tərkibinə gümüş əlavə olunarsa, bu zaman həmin metal yaşımtıl çalar əldə edəcək.

Bəzən alınan qızılın sonradan heç də həmin tərkibə malik olmadığı müəyyən edilir. Beləliklə qızıl alan zaman nəyə diqqət edilməlidir?

Qızıl alan zaman insanlar daha çox 2 məsələyə diqqət etməlidirlər. Problemin birincisi qızılın əyyarı ilə bağlı olur. Belə ki, saxta probla aşağı əyyarlı bir məhsulun yüksək əyyar adı ilə satılma halları baş verə bilər. Belə məmulatlar daha çox sexlərdə hazırlanır və zavod məhsulu kimi alıcılara təqdim olunur.

İkinci məqamı isə qızılın tərkibinə nəzərdə tutulan həddən çox əlavə qatqılarla olur. Bu zaman daha çox misdən istifadə edilir və qızılın çəkisini artırmaq məqsədi daşıyır. Bu hallar çəkisi çox olan yəni nisbətən böyük bəzək əşyalarında daha çox müşahidə edilir. Belə hallarla qarşılaşmamaq üçün xüsusi bir daşla yağlar var ki, bunun vasitəsi ilə qızılın orjinal olub-olmaması müəyyən edilir. Bunlardan əlavə kislota vasitəsilə də bu təcrübəni aparmaq mümkündür. İstənilən şəxs bunları alıb qızılın saxta və ya orijinal olmasını rahatlıqla ev şəraitində yoxlaya bilər.

Bundan başqa Nazirlər Kabinetinin 2008-ci ildə təsdiqlədiyi qızıl və digər qiymətli əşyaların istehsalı və satışı ilə bağlı yeni qaydalara görə, ölkədə qızıl və digər qiymətli məişət əşyaları satışa çıxarmamışdan əvvəl Dövlət Əyar Palatası (DƏP) tərəfindən damğalanır.
Qızıl alan zaman qızıla verilən müxtəlif problarla diqqət etmək lazımdır. Həmin probla qızılın tərkibinin nə qədər qızıldan olduğu və hansı ölkəyə aid olduğu qismən bilinir. Keçmiş SSR ölkələrində o cümlədən, Azərbaycanda 1000-lik prob sistemindən istifadə edirlər. Qərb ölkələrində isə qızılı karat sistemi ilə sayırlar. Bu hesablamaya əsasənn təmiz qızıl 24 vahiddən yəni karatdan ibarətdir. Bir qayda olaraq, qızıl məmulatlarının üzərində, qızılın çəkisi, probu, yəni əyyarı bəzən firma nişanı göstərilir. Qızılın əyyarına baxıb hansı ölkənin istehsalı olduğunu müəyyənləşdirə bilərik. Belə ki, aşağı hissəyə nəzər salmaqla qızılın probu və karatı haqqında məlumatlanmaq olar.

24k – təmiz qızıl. Tərkibi 100% qızıldan ibarətdir.

18k – bizim 750 prob qızıla bərabərdir. 24 vahiddən 18-i qızıl qalanı isə digər metallardır. Tərkibində 75% təmiz qızıl var.

14k – bizim 583 prob qızıldır. Tərkibində 58,3% təmiz qızıl var. Bəzi ölkələrdə isə 585 prob kimi qəbul olunub.

12k – tərkibində 50%-i qızıl, qalanı ise digər dəyərli metallarla zəngindir.

10k – bizim 417 prob qızıldır. Tərkibində 41,7% təmiz qızıl var.

ABŞ-da qızılları bu sistemlə hesablayırlar. Avropada isə yuxarıda sadalananlardan yalnız 18k, 14k ve 10k qızıl istifadə olunur. Gündəlik isifadə üçün məsləhət görülən qızıl probu 750-dir(18k).

Hər kəsə maraqlı suallardan biri də qızılı nəyə görə başqa metallarla qatırlar?

Qızıl əsas xüsusiyyətlərindən biri onun plastikliyi və yumşaqlığıdır ki, bu xüsusiyyətlərin sayəsində bəzəklərə lazımlı formanı vermək olur Satışda temiz qızıldan(24k) olan zinət əşyaları da tapmaq mümkündür. Lakin qızıl yumşaq metal olduğundan, gündəlik istifadə üçün yararız olur. Buna görə, qızılın tərkibinə müxtəlif metallar qatılır. Zərgərlər bu vasitə, yəni metalların köməyi ilə nəinki qızılın möhkəmliyini artırır, rəngini də dəyişə bilirlər. Lakin bu müəyyən miqdarda edilir, çəkini artırmaq üçün edilmir. Qızıl çox sürtünmə nəticəsində yeyilə bilən qiymətli metaldır. Həmçinin, qızıl alıb saxlıyan zaman bu metalı bir qabda digər metallarla yanaşı qoymaq olmaz. Buna gümüş, və bujuteryalar da daxildir.

(Ardı var)

Rövşən Novruzoğlu: AMEA-nın əməkdaşı (xüsusi olaraq Yenixeber.org üçün)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam