Yenixeber.org: Oktyabrın 6-da Azərbaycan ictimaiyyətinin diqqəti Çexiyanın paytaxtı Praqaya yönəldi. Burada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş keçirildi. Görüşdən sonra Yelisey sarayından verilən açıqlama bir andaca yerli mətbuatda “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı” başlığı ilə tirajlandı. 

“Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiq etdilər. Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və sərhəd komissiyalarının növbəti iclası oktyabrın sonunda Brüsseldə keçiriləcək” – Yelisey sarayının rəsmi saytında dərc edilmiş bəyanatda qeyd olunmuşdu. 

Beləliklə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, lakin məhz Alma-Ata bəyannaməsi əsasında…

Bəs nədir bu Alma-Ata bəyannaməsi?

Bəzilərinə görə zəfər, bəzilərinə görə xəyanət. 1991-ci ilin 21 dekabrında postsovet ölkələrini bir arada toplayacaq yeni bir təşkilat olan MDB məhz bu bəyannamə əsasında formalaşdı. O dövrdə Azərbaycan Prezidenti olan Ayaz Mütəllibov sammitdə iştirak edib, yekun sənədə qol çəkdi. 

“Alma-Ata bəyannaməsi”ndə deyilir ki, MDB üzvlərinin (Yəni həm də Azərbaycanla Ermənistanın) münasibətləri dövlətlərin suverenliyini, öz müqəddəratını təyin etmək hüququnu, bərabərlik və daxili işlərə qarışmama prinsiplərini qarşılıqlı tanıma və hörmət əsasında inkişaf edəcək.

“Alma-Ata bəyannaməsi”ndə həmçinin, bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyi də tanınıb.

Yəni, ilk dəfə Alma-Atada Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü mövcud sərhədlər daxilində tanıyıb. Amma Qarabağın əksər rayonlarının Azərbaycanın tərkibində olduğu bir dövrdə ərazi bütövlüyünün iddiaçı dövlət tərəfindən tanınması prezident Mütəllibov və xarici işlər naziri Hüseynağa Sadıqovun diplomatik uğuru kimi yox, dövlətçiliyə xəyanət kimi şərh edildi. Belə ki, müxalifət, yəni Azərbaycan Xalq Cəbhəsi dövlətin MDB-yə daxil olmasını yenidən Rusiyanın boyunduruğuna girmək olduğunu bildirən bəyanat verdi və iqtidarı xəyanətdə ittiham etdi. Nəticədə, Milli Məclis bu deklarasiyanı ratifikasiya etmədi. (Ratifikasiya 1993-cü ilin 20 sentyabrında reallaşıb) 

Məqsədimiz tarixi-nadir açmaq deyil. Əsas olaraq bu bəyannamənin mahiyyətini öyrənmək, onun müasir sülh gündəliyinə daxil edilməsinin ölkəmiz üçün faydalı-olub-olmayacağını aydınlaşdırmaqdır. 

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Alma-Ata bəyannaməsi” əsasında rəsmi İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımasının real hüquqi mahiyyət daşımadığını bildirib:

“Doğrusu, mən böyük təəccüb içindəyəm. Çünki Praqa görüşlərinin yekunu olaraq təqdim edilən bəyanatın heç bir hüquqi əsası yoxdur. Bu isə tarixi faktlarla bağlıdır. Belə ki, 1 dekabr 1989-cu ildə Ermənistanın Ali Soveti və Dağlıq Qarabağın vilayət sovetinin tərkibində birgə iclas keçirilib. Burada Ermənistan respublikası elan edilib. Və sonra, 1991-ci ilin sentyabrında rəsmi İrəvan öz müstəqilliyini elan edib. Yəni müstəqillik aktı qəbul edilərkən, 1989-cu ildəki sənədə istinad edilib. Bununla da rəsmi İrəvan birmənalı şəkildə göstərib ki, keçmiş Dağlıq Qarabağ regionu onun tərkib hissəsidir. Eyni mövqe əsasında Ermənistan BMT-nin üzvü olub və Alma-Ata bəyannaməsinə qol çəkib. Təbii ki, Azərbaycan da BMT-yə üzv olarkən və Alma-Ata bəyannaməsinə qol çəkərkən Dağlıq Qarabağı öz tərkibində hesab edib. Qısası, hər iki prosesdə tərəflər Qarabağ məsələsində ciddi fikir ayrılığında olub. 

Ona görə də indiki Praqa bəyanatında bu sənədlərə istinad edilməsi ilə o dövrə aid fikir ayrılığı bir daha təsdiq olunub. Yəni, beynəlxalq hüquq baxımından, hələ də Ermənistan tam olaraq Azərbaycanın ərazi bütövlüyünü tanımayıb. Praqadaki bəyannamə hüquqi baxımdan əsassızdır. Ona görə də mən sülh naminə bir irəliləyiş görmürəm” – deyə Zülfüqarov bildirib.

Sabiq nazirinin bu fikirləri tarixi baxımdan doğrudur. Amma 31 il sonra Ermənistanın yenidən beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycanın ərazi bütövlüyünü tanıması hüquqi baxımdan olmasa da, siyasi baxımdan böyük hadisədir. Bununla birlikdə Ermənistandakı mövcud şəraiti nəzərə alsaq, biz Paşinyandan bundan artığını da gözləyə bilmərik. Gəlin xatırlayaq, 12-13 sentyabr toqquşmalarından sonra o nə demişdi?

“Biz elə bir sənəd imzalamaq istəyirik ki, bəlkə də buna görə çoxları bizi tənqid edəcək, lənət edəcək, bizi satqın adlandıracaq, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmaq qərarına gələ bilər, amma biz əgər Ermənistan Respublikası 29,8 min kvadrat kilometr ərazidə davamlı sülh və təhlükəsizlik əldə edərsə, minnətdar olacağıq.”

Lakin bu açıqlamadan sonra Ermənistanda baş verən mitinqlər onu geriyə addım atmağa məcbur etdi. 30 sentyabrda isə baş nazir danışıqlarda “Qarabağ məsələsinin olmaması ehtimalını” ictimaiyyətin diqqətinə çatdırdı, yenə tənqid və təhqirlərə məruz qaldı. 

           Onunla paraleldə opponenti İlham Əliyev nə dedi? 

“Qarabağ erməniləri bizim vətəndaşımızdır. Biz onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bu, bizim daxili işimizdir. Hər hansı bir ölkə ilə bunu müzakirə etmək fikrində deyilik”.

Nəticədə, tərəflərin sülhlə bağlı razılaşması şübhə doğurmur. Lakin Paşinyanın Qarabağla bağlı hər açıqlamasından sonra Ermənistanda və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan torpaqlarımızda baş verənlər göz qabağındadır. Beləliklə, Rusiyanın Ermənistandakı 5-ci kolonu Paşinyanı yekun sülhə imza atmağa qoymur, ona görə də Əliyev bu prosesi Avropanın vasitəçiliyi ilə birbaşa yox, tədricən həyata keçirmək niyyətindədir…

Nicat İsmayılov