Yenixeber.org: Azərbaycanda növbəti referendum hazırlığına start verilib. Etibarlı mənbələrdən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, payızda (çox güman, oktyabrda – red.) ölkə Konstitusiyasına mühüm dəyişiklər üçün səsvermə keçiriləcək.
Qeyd edək ki, deputatlar, bəzi rəsmi şəxslər Azərbaycanın Əsas Qanununda yeniliklərə ehtiyacın olmasını zaman-zaman dilə gətiriblər. Ötən ilin dekabrında parlamentdə boş qalan deputat yerlərinə seçkilərin nə zaman keçiriləcəyi barədə suala cavabında MSK sədri Məzahir Pənahov “ölkə üçün taleyüklü məsələlər həll olunmalıdır” cavabını verməklə, referenduma işarə etmişdi.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da ötən həftə yerli mediaya referendumun zəruri olması barədə açıqlama vermişdi:
“Düşünürəm ki, ümumxalq səsverməsi Azərbaycanın müstəqillik tarixində bir neçə dəfə olmasına baxmayaraq, cəmiyyət həyatındakı dinamikanı, dövlət və vətəndaş münasibətlərindəki dəyişiklikləri, xüsusilə də artıq Vətən müharibəsindəki qələbəmizin ölkənin həm siyasi idarəetmə, həm inzibati xarakterli məsələlərdə meydana çıxan çağırışları özündə ehtiva edir. Bu anlamda, bunların hamısını hüquqi müddəalara köçürərək, ölkənin ali qanununda nəzərə almaq mühüm bir məsələ kimi qarşıya çıxır”.
Müstəqillik tarixi referendumla zəngindir və 2000-ci ildən sonra hakimiyyət ehtiyac duyduğu üçün Konstitusiyaya 3 dəfə dəyişiklik edib. Payızda gözlənilən səsvermə isə təkcə iqtidarın təməl ehtiyacları, siyasi manevrləri üçün deyil, həm də 44 günlük müharibənin, o cümlədən Rusiya-Ukrayna müharibəsi nəticəsində baş verən geosiyasi dəyişikliklərin ortaya çıxardığı yeni reallıqlarla əlaqəli ola bilər.
Etibarlı mənbə bildirir ki, bu kontekstdə rəsmi Bakı Ermənistanla münaqişənin tam və hərtərəfli həlli ilə bağlı hüquqi əsaslar yarada bilər. Söhbət referendumla ölkənin inzibati ərazi idarəetməsinə dəyişikliklər etməklə, erməni azlığın yaşadığı, 10 noyabr 2020-ci il tarixindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarət etdiyi Azərbaycan ərazilərinin taleyinə aydınlıq gətiriləcəyindən gedir.
Məlumdur ki, müharibədəki qələbədən sonra Azərbaycan birmənalı şəkildə Qarabağda yaşayan erməni azlığına hər hansı status verməyəcəyini bəyan edir. Hazırda bu məsələ sülh danışıqlarında Bakı ilə İrəvan, Brüssel və Vaşinqton arasında əsas mübahisə predmetidir. Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu, amma Qarabağın status məsələsinin tamamilə ayrı mövzu olduğunu bəyan edir. ABŞ və Avropa İttifaqının mövqeyi isə belədir ki, sülh danışıqları Minsk qrupu çərçivəsində aparılmalıdır və erməni azlığına onların təhlükəsizliyinə beynəlxalq təminat yaradacaq status verilməlidir. Bu mövqe Brüssel formatını pozub və ötən ayın 30-da Hikmət Hacıyev və Armen Qriqoryan arasında Avropa İttifaqı paytaxtında planlaşdırılan görüşün baş tutmamasına gətirib çıxarıb.
Rusiyanın mövqeyi xarici işlər naziri Sergey Lavrovun Bakıya ötən aydakı səfərindən sonra xeyli fərqlənib. O, vasitəçilər institutunun prosesə qarışmasını inkar etməklə, eyni zamanda status müzakirələri açmamaqla, mövqeyini rəsmi Bakı ilə qismən yaxınlaşdıra bilib. Ermənistanın Baş naziri N.Paşinyan isə Lavrovu sərt dillə qınayan açıqlama verib.
Qayıdaq əsas mövzuya: Azərbaycan bu şəraitdə Konstitusiyaya hansı dəyişikliklər edə bilər ki, həm status mövzusunda özünün prinsipial mövqeyini qorusun, həm də sülh danışıqları prosesində mövqelərini tam formalaşdısın və onu daha da gücləndirə bilsin.
Xatırladaq ki, 26 noyabr 1991-ci il də Azərbaycan Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında qanun qəbul edib. Həmin qanunda “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş sayılıb. Habelə Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq, Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martuni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırılıb.
Bundan başqa, Əsgəran və Hadrut rayonları ləğv edilib, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilib. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilib. 1991-2021-ci ilə qədər bu ərazilər Azərbaycanda Yuxarı Qarabağ iqtisadi rayonu adlandırılıb.
7 iyul 2021-ci il tarixdə isə Prezident İlham Əliyevin imzaladığı fərmanla yaradılan 14 iqtisadi rayonların ikisi işğaldan azad edilmiş, habelə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgələri əhatə edir. Belə ki, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları;
Şərqi Zəngəzur iqtisadi rayonuna isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir.
Gözlənilən Konstitusiya dəyişikliklərində bu çərçivədə hansı yeniliklər ola bilər?
Aydınlar Partiyasının sədri, Konstitusiya hüququ üzrə mütəxəssis Qulamhüseyn Əlibəyli məsələni şərhində bildirib ki, yeni referendumla Qarabağ ermənilərinə hər hansı statusun veriləcəyini istsna edir: “Çünki ölkə rəhbərliyinin bu məsələdə mövqeyi prinsipialdır, dəfələrlə ən yüksək səviyyədə deyilib ki, erməni azlığa hər hansı status verilə bilməz.
Amma ölkənin inzibati idarəçiliyi dəyişdirilə bilər və rayonların ləğv olunması, əvəzində vilayətlərin yaradılması mümkündür. O cümlədən, vilayətlərdən birinin də erməni azlığın yaşadığı Xankəndi və ətraf ərazilərdə formalaşdırılması mümkündür. Bundan başqa, onlara qanunvericiliklə müəyyən üstünlüklər də verilə bilər, amma bu Konstitusiya səviyyəsində deyil, yeni qanunların qəbul olunması çərçivəsində mümkündür. Bu üstünlüklər də ermənilərin tarixi, milli, dini və s. hüquqlarını əhatə edə bilər”.(pressklub)
Turqut