Hitlerin intiharı ilə bağlı yeni arxiv sənədləri-"O, generallarının qurbanı oldu”
Rusiya Federal Təhqiqat Xidməti (FTX) faşist Almaniyasının lideri Adolf Hitlerin 1945-ci il aprelin sonunda baş vermiş intiharı ilə bağlı yeni arxiv materiallarını dərc edib.
Yenixeber.org: Arxiv materiallarını təqdim edirik..
Söhbət Hitlerin keçmiş şəxsi pilotu, SS-in qruppenfüreri, polis general-leytenantı Hans Baurla bağlı FTX-nın Novqorod vilayəti üzrə şöbəsində saxlanılan istintaq materialından gedir.
Baurun alman dilindəki tərcümeyi-halı və 1945-ci ilin dekabrında NKVD-də dindirilərkən verdiyi ifadəsi ilk dəfə təqdim olunub.
Hans Baur vaxtilə SSRİ-dəki Butırka həbsxanasında saxlanılıb.
Hitlerin titrəyən əlləri…
Dindirmə zamanı Hans Baur bildirib ki, 1945-ci il aprelin sonuna qədər Berlindəki bunkerdə gizlənən Hitlerin yaxın ətrafı Fürerin son niyyətindən xəbərsiz olub.
"Aprelin 30-da günorta saatlarında o, məni və adyutantım, polkovnik Betzi yanına çağırdı. Hitler məni dəhlizdə qarşıladı və otağına apardı. O, əlimi sıxıb dedi: "Baur, mən sizinlə vidalaşmaq istəyirəm. Sizə, bütün xidmət illərindəki fəaliyyətinizə görə təşəkkür etmək istəyirəm”, - eks-pilot yazıb.
"O çox qocalmışdı və əlləri titrəyirdi, mənə aydın oldu ki, Hitler intihar etmək barədə son qərarını verib", - Baur ifadəsində bildirib.
Hitler ona sevimli tablosunu - otağında asılmış Rembrandtın "Böyük Kral Frederik" portretini yadigar kimi bağışlamaq istədiyini söyləyib. Baur Hitleri intihar etmək fikrindən daşındırmağa çalışıb. Amma Reyx kansleri onunla razılaşmayıb
"Mənim əsgərlərim daha dayana bilmir və mübarizə aparmaq istəmirlər. Mən buna dözə bilmirəm" deyə Hitler cavab verib.
General-leytenant Hans Baurun sözlərinə görə, Hitler daha sonra deyib ki, ruslar artıq Berlindəki Potsdam meydanındadırlar və guya, yuxu qazından istifadə edərək onu diri-diri ələ keçirə bilərlər. Hitler söyləyib ki, o, öz meyitini və arvadı Eva Braunun meyitini yandırmağı əmr edib, çünki onların nümayiş məqsədilə asılacağından qorxurmuş. Hitler xatırladıb ki, italyan partizanları əvvəllər faşist İtaliyasının lideri Benito Mussolininin cəsədini asmışdılar, o da bu aqibəti yaşamaq istəmir.
"Bir gün nə vaxtsa məzar daşıma yazılacaq: "O, generallarının qurbanı oldu” – bunlar Baurun Hitlerdən eşitdiyi son sözlər olub.
“Betz və mən səssizcə Hitlerin əlini sıxıb onu tərk etdik", - keçmiş pilot bildirib.
Hitleri tərk edən Baur və Betz daha sonra sənədləri məhv etməyə və Reyx kanslerliyindən getməyə hazırlaşıblar. Söhbətdən bir neçə saat sonra o, əşyalarını yığıb Hitlerin ona vəd etdiyi portreti götürmək üçün bunkerə qayıdıb.
"Şəxsi otaqların qabağı çox qafrışıq idi. Bir neçə SS mühafizəçisi həyəcanla aşağı-yuxarı qaçırdı. Mən soruşdum: "Hər şey bitdi?”. "Bəli" dedilər. "Cəsədlər haradadır?",-deyə soruşdum. Cavab verdilər ki, “onları odeyala bükdülər, üstlərinə benzin töküb yandırdılar və kanslerliyin bağçasında dəfn etdilər”,- Baur ifadəsində yazıb.
O, baş verənlərdən çox sarsıldığını ifadəsinə əlavə edib.
Hans Baur intiharın nə vaxt baş verdiyini xatırlamağa çalışıb. "Hitlerlə vidalaşanda saat 18-19 idi. Saat 21-də isə sığınacağa qayıtmışdım",- deyə o qeyd edib.
Reyxin liderlərini axtarın!
1945-ci ilin aprelində Berlin döyüşü ərəfəsində Sovet hərbi əks-kəşfiyyatı “Smerş”in qarşısına Hitleri və nasist Almaniyasının digər liderlərini tapıb həbs etmək tapşırığı qoyulub.
1-ci Belorusiya Cəbhəsinin hərbi əks-kəşfiyyat zabitləri Reyxstaqa və Reyx Kanslerliyinin həyətində təchiz olunmuş "Fürerbunker"ə - betonlandırılmış yeraltı tikiliyə basqın ediblər. Bu, həmin bunker idi ki, Hitler və Üçüncü reyxin təbliğat naziri Yozef Gebbels müharibənin son aylarında orada gizlənirdi.
2 may 1945-ci il tarixində əks-kəşfiyyat zabitləri “Furerbunker”i ələ keçiriblər.
Bunkerdə olan və Berlindən qaçmağa çalışan SS zabitləri həbs olunub. Sovet hərbçiləri onlardan faşist Almaniyasının yüksək liderləri barədə məlumat toplamağa çalışıb. Həbs olunanlar arasında Hans Baur da olub.
Hadisə şahidlərinin ifadələrindən belə məlum olub ki, Adolf Hitler və onunla evli olan Eva Braun 1945-ci il aprelin 30-da intihar ediblər. Mayın 1-də isə digər ər-arvad - Yozef və Maqda Gebbels intihar edib. Sovet əsgərləri onların bunkerdə öldürülən altı uşağının cəsədini tapıblar.
13 may 1945-ci ildə “Smerş”in əks-kəşfiyyatçıları Reyx kanslerliyinin bağında Hitler və Braunun yanmış cəsədlərinin basdırıldığı yeri aşkar ediblər. Bu cəsədlərin həqiqiliyini sonradan çoxsaylı məhkəmə tibbi ekspertizaları ilə təsdiqləyib.(RİA Novosti)