Yenixeber.org: Dneprdən Ukraynanın nəzarətində olan Donetsk vilayətinə yola düşürük. Radioda musiqi dinləyirik, birdən musiqi kəsilir və onun yerinə elan verilir: “Pavloqrad Şəhər Şurasının məlumatı. Əziz vətəndaşlar, hava həyəcan siqnalı verilirsə, qazı, işığı söndürün, ən zəruri əşyalarınızı və sənədlərinizi götürün, yaşlılara və xəstələrə yardım edin”.
Dnepr Ukraynanın şərqində yerləşir. Amma buraya çatdığımız ilk gün fərqli mənzərə ilə üzləşdik – şəhərdə, demək olar ki, müharibə ab-havası yoxdur. Doğrudur, Rusiya gəmisinin məşhur ünvana göndərilməsi plakatlarına rast gəlinir, amma məsələn, şəhərin içərisində polis və hərbçilərin dayandığı yoxlama postları yoxdur. Belə postlar şəhərin giriş-çıxışında quraşdırılıb. Kafelər, restoranlar və digər obyektlər fəaliyyət göstərir, insanlar çay boyunca gəzir. Burada da ara-sıra həyəcan siqnalı eşitmək mümkündür. Komendant saatı da öz yerində. Maraqlıdır ki, Pavloqrad Rusiya sərhədinə və rus qoşunlarının yerləşdiyi məntəqəyə ən yaxın şəhərdir. Bizim gəlişimizdən iki gün öncə, aprelin 24-də dəmiryoluna raket atılıb, nəticədə bir nəfər həlak olub, səkkiz binaya zərər dəyib.
Yolumuza davam edirik. Radiodan sürpriz – rusca xəbərlər buraxılışını dinləyirik. Putin BMT Baş Katibinə müraciət edib, Ukraynaya hücumuna haqq qazandırır… Yəni, Pavloqradda Rusiya radiotezlikləri dominantlıq edir.
Müharibə dövründə Ukraynaya ikinci səfərim ərzində məni müşayiət edən könüllü Anar adlı həmyerlimizlə qərara gəlmişik ki, hələlik sonuncu olan bu səfərimizi 2014-cü ildə münaqişənin başladığı əsas nöqtələrdən birində yekunlaşdıraq.
Artıq “Donetsk vilayəti” plakatını görürük və ilk daxil olduğumuz məntəqə Pokrovsk şəhəridir. Dneprin səs-küyü və tünlüyündən sonra bura bizə çox fərqli emosiyalar yaşadır. Şəhərdə əsasən hərbi, hərbi tibbi yardım, o cümlədən polis maşınlarının hərəkətinin şahidi oluruq. Qarşımızdan hərbi maşın keçir. Mərmilərdən dəlik-deşik, ön şüşəsi çat-çat olub. Xarici görünüşü “yaralı” olsa da, sürətindən hiss olunur ki, işlək vəziyyətdədir. Şəhərdə işlək obyekt görmədik. Binaların qarşısı bom-boş, həyət evləri də həmçinin. Ara-sıra tək-tük insan, ya da mülki avtomobillər gözə dəyir. Yanacaqdoldurma məntəqələri qapalıdır. Bunu təxmin edib, Dneprdən tərpənəndə avtomobilimizi yanacaqla tam doldurmuşuq, üstəlik, ehtiyatimiz da var.
Pokrovskdan sonra Dobropolye şəhərinə daxil oluruq. Burada da yanacaqdoldurma məntəqələri işləmir. Amma az-maz həyat əlamətləri var. Məsələn, küçədə itlə gəzən insanlar, oraya-buraya şütüyən azsaylı mülki maşınlar. Hərbi və polis maşınları da öz yerində. Çoxmərtəbəli yaşayış binalarının həyətində kimsə yoxdur.
Kramatorsk 2014-cü ilin oktyabrından Donetsk vilayətinin mərkəzidir. Həmin il aprelin 12-də şəhər şurası və polis idarəsini “DXR” separatçıları işğal edərək, buranı tanınmamış ərazinin bir hissəsi elan etmişdilər. 2014-cü ilin iyulunda Ukrayna ordusu şəhəri geri azad edib.
Rusiyanın bu il aprelin 8-də Kramatorsk dəmiryolu vağzalına atdığı raket nəticəsində hadisə yerində 38 nəfər həlak oldu. Sonradan onların sayı 50 nəfər çatdı. Ölənlərin 5-i uşaq idi. 98 nəfər isə yaralandı. Şəhər rəhbərliyindən Pressklub.az əməkdaşına verilən məlumata görə, yüngül xəsarət alanlar ambulator müayinədən sonra evə buraxılıblar. Ağır yaralılar isə dərhal Dneprə aparılıb, çünki Kramatorskda onların müalicəsi üçün imkanlar məhdud idi.
Kramatorskda mart və aprel aylarında yaşayış və inzibati binalar, idman məktəbi və s. mülki obyektlər atəşə tutulub. Ölənlər və yaralılar var. Raket-artilleriya zərbəsinə məruz qalan hərbi obyektlərdə isə çəkiliş aparmağa icazə verilmədi.
Müharibəyə qədər şəhərin 200 min nəfər əhalisi olub. Onlardan 50 min nəfəri 2014-cü ildəki müharibədən sonra buraya gələnlər idi. Hazırda 40 min nəfərə qədər əhali qalıb. Mülki nəqliyyat vasitələrinə az rast gəlinir. Tramvaylar və avtobuslar işləyir, amma onlar da demək olar, bomboş hərəkət edir. Kramatorskda səslənən həyəcan siqnalı Ukraynanın başqa şəhərlərindəkindən daha gurdur. Şəhər bu bölgədə münaqişənin episentridir, təmas xəttindən 35 kilometrlik məsafədə yerləşir və ən çox atəşə məruz qalan bölgədir. Çəkiliş zamanı eşidilən raket-artilleriya səsləri barədə xüsusi qeydə ehtiyac yoxdur. Daha buna təəccüblə yanaşmaq olmur.
Az-az rast gəldiyimiz insanlar da harasa tələsir. Burada da ən ciddi qıtlıq yanacaqla bağlıdır. Yalnız bir məntəqə fəaliyyət göstərir ki, o da məhdud – ancaq 20 litrədək yanacaq verir və qarşısında uzun növbə var. Bir də çörək mağazasının qarşısında növbənin şahidi olduq.
Orta məktəbin qarşısındayıq. Bina mərmi təsirindən tamamilə yararsız hala düşüb. Mərmi gecə saatlarında düşdüyündən, binada kimsə olmayıb. Dağıdılmış məktəb binasının qarşısında iki nəfər dayanıb. Mərminin nəhəng dəlik açdığı yeri göstərərək, zarafatla, “baxın, bizə burada hovuz düzəldib ruslar”, – deyirlər.
“Biz Slovyansk şəhərindənik. Buraya qonaq gəlmişik. 2014-cü ildə ilk dəfə müharibə ilə üzləşdik. O vaxt da qorxulu idi. Anam hamilə idi. Xarkova, İzyuma getdik və uşağı orda dünyaya gətirdi. İzyum özü indi işğaldadır. İndi də problem yaşadıq. Mən neft emalı firmasında işləyirdim. Onlar müharibə başlanan kimi şəhəri tərk etdilər” – Polina Buynina deyir.
Onun rəfiqəsi İrina Potapova da Slovyanskdandır. Kramatorska qohumlarını görməyə gəlib. Qohumu burada tibb xidmətində könüllü fəaliyyəti ilə məşğuldur. İrina müharibəyə qədər şirniyyatçı işləyib, indi isə işsizdir, çünki iş yeri bağlanıb.
Bizim də növbəti – sonuncu dayanacağımız Slovyansk olur. Şəhərdə qarşımıza çıxanlar əsasən hərbçilər və polislərdir. Şəhəri avtomobillə dolanırıq. Küçələr bomboş, insanlar demək olar, görünmür. Mağazalar qapalıdır. Hökumət binalarının qarşısında polis və hərbçilər keşik çəkir. Aprelin 26-da Britaniya kəşfiyyatı xəbər yaymışdı ki, Rusiya ordusu Slovyansk və Kramatorsk istiqamətində irəliləməyə çalışır. Elə həmin tarixdə də Slovyanskda kurorta raket atılıb. Ölən və yaralanan yoxdur. Əldə etdiyimiz məlumata görə, Slovyanska son raket hücumlarından biri aprelin 22-də olub. Şəhərin bir neçə rayonunda binalar xəsarət alıb. Əsasən kasetli bombalardan istifadə olunub, itki yoxdur.
Slovyanskı da da Kramatorsk kimi, 2-14-cü il aprelin 12-də “DXR” separatçıları işğal edibmiş. Üç ay sonra Ukrayna ordusu şəhəri azad edib.
Slovyanskdan sonrakı məntəqələrə daxil olmaq mümkün deyil – Liman və Severodonetsk ətraflarında döyüşlər gedir, Rubejnoe isə demək olar ki, işğal olunub.
Geriyə qayıdırıq. Radionu açırıq və rus dilində “Radio Respublika”nın xüsusi buraxılışını dinləyirik. Əhalini həyəcan siqnalı zamanı sığınacaqlara səsləyən mətn oxunur. Bu, “DXR” radiosu idi, “Ukraynanın hücumundan qorunmaq yolları” barədə məlumat verirdi.
Rusiya prezidenti Vladimir Putin 21 fevral 2022-ci ildə Ukraynanın şərqində yerləşən, separatçıların idarə etdiyi “Donetsk Xalq Respublikasını” “müstəqil dövlət” kimi tanınma müraciətini müsbət cavablandırıb. Ukraynanın şərqində özünü müstəqil elan etmiş bu qurumu 8 il müddətində kimsə tanımamışdı. Dünya ictimaiyyəti Donetski Ukraynanın ayrılmaz tərkib hissəsi kimi qəbul edir.
***
Donetsk vilayətinə Anar Rəfiyevin təsisçisi olduğu “Ukrayna Enerji Səmərəliliyi və Enerjiyə Qənaət Fondu”nun təşkilatçılığı ilə getdik. Bu təşkilat Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündən xeyriyyə işi ilə məşğuldur; əsasən hərbi qulluqçular və mülki şəxslərə qida, gigiyenik vasitələr, tibbi ləvazimatların verilməsi, o cümlədən hücumdan zərərçəkən şəhərlərin rəhbərliyinə Star-Link avadanlıqlarının hədiyyə olunması, əhalinin təhlükəli zonalardan evakuasiyası, yardımların rahat çatdırılması üçün yol xəritələrinin hazırlanması kimi işlər görür.