Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Amerikaya sığınan məşhur, xəfiyyə qalmaqalı, acı son… -Moskvadan qaçan balet ustasının film kimi həyatı

1979-cu il avqustun 1-də Moskvanın Böyük teatrının ABŞ-a qastrol səfəri başladı. Teatr bir müddət Nyu-Yorkda çıxış edəcək, daha sonra isə Çikaqo və Los-Ancelesə yollanacaqdı.

Yenixeber.org: Nyu-Yorkdakı son günlərin birində, avqustun 23-də məlum oldu ki, teatrın aktyoru Aleksandr Qodunov siyasi sığınacaq üçün Birləşmiş Ştatlara müraciət edib. Bu insident nisbətən səs-küysüz də ötüşə bilərdi, amma bir problem olmasaydı: teatrın heyətində Qodunovun arvadı Lyudmila Vlasova vardı. Aktyor onun da Amerikada qalmaq istədiyini deyir, sovet səfirliyi isə əksini iddia edirdi. Nəticədə iki ölkə arasında bir neçə gün davam edən və gələcəkdə filmə süjet olacaq gərginlik yaşandı.

*** 

Lyudmila Vlasova (qızlıq soyadı Markova) 1942-ci ildə Moskvada anadan olub. Rəqslərə olan həvəsini görən anası onu xoreoqrafiya məktəbinə qoyur. Buranı bitirəndən dərhal sonra Böyük teatra qoşulur. Stanislav Vlasov adlı baletmeyster ilə ailə qurur, nəticədə daha çox bu soyadla tanınır.

Aleksandr Qodunov 1949-cu ildə Saxalində anadan olub. Üç yaşı olanda valideynləri boşanıb və Saşa anası ilə Riqaya köçüb. 1958-ci ildən Riqa xoreoqrafiya məktəbində məşğul olmağa başlayır. Burada sovet baletinin daha bir gələcək ulduzu Mixail Barışnikovla dostlaşır. 

1967-1971-ci illərdə Moskvada fəaliyyət göstərən “Gənc balet”də işləyir. 1971-ci ildə Böyük teatra qoşulur. Burada Lyudmila Vlasova ilə tanış olur və ona vurulur. Aleksandrın yeddi yaş kiçik olmasına baxmayaraq, Lyudmila da onu sevir və ərindən boşanır. Onlar elə həmin il evlənirlər. 

***

Böyük teatrda Qodunov əfsanəvi balerina Mayya Plisetskayanın partnyoruna çevrilir. Onlar 1974-cü ildə “Anna Karenina” film-baletində baş rolları ifa edirlər. Plisetskayanın dediyinə görə, çəkilişdən az sonra getdikləri xarici qastrolda Qodunov xaricdə qalmaq barədə düşündüyünü deyir. Plisetskaya isə onu dilə tutur ki, bu dəfə qalma, qoy çəkildiyimiz film ekranlara çıxsın.

Elə həmin il başqa bir balet ulduzu, Aleksandrın uşaqlıq dostu Mixail Barışnikov  ABŞ-dakı qastrol səfərindən qayıtmır və orada qalır. Bu hadisə Qodunova da təsirsiz ötüşmür. Barışnikovdan nümunə götürə biləcəyini düşünən sovet rəsmiləri bir müddət onu xarici qastrollara buraxmırlar. 

Nəhayət, 1979-cu ildə Amerikaya getmək fürsəti yaranır. Bəzi ehtimallara görə, bu fürsətin yaranmasına səbəb Amerika tərəfinin qəti şərti idi – əgər məşhur Qodunov iştirak etməsə, müqavilə ləğv olunacaq. 

***

1979-cu il avqustun 19-da Aleksandr Böyük teatrın tərkibində son dəfə səhnəyə çıxdı, “Metropoliten-opera”da nümayiş etdirilən “Romeo və Cülyetta”  baletində Tibaltın rolunu oynadı. Ertəsi gün isə tezdən, Lyudmila hələ yuxuda ikən qaldıqları oteli tərk etdi. Deyilənlərə görə, o, Amerikada qalmaq haqqında daha əvvəl arvadı ilə danışmış, amma Lyudmila Moskvadakı anasını tək buraxmayacağını demişdi. 

Başqa bir ehtimala görə, hələ də tərəddüd keçirən (yəqin ki, Lyudmilanın mövqeyinə görə) Qodunov Amerikada yaşayan Vladimir Bliox adlı fotoqrafın qonağı olur və onun mənzilində xeyli içib, döşəmədə “sönür”. Bliox da onun şəklini çəkib, qəzetə satır. Bu, Qodunovun daha SSRİ-dən buraxılmayacağı demək idi, çünki sovet vətəndaşı “çürüməkdə olan kapitalist ölkəsində” özünü belə apara bilməzdi.  

Növbəti üç gün ərzində Qodunovun iştirak edəcəyi tamaşa yox idi, buna görə onun yoxluğu müəyyən narahatlıq doğursa da, hər şeyin yaxşı bitəcəyinə ümid vardı. Avqustun 23-də isə Qodunovun siyasi sığınacaq üçün müraciət etdiyi məlum oldu. Üstəlik, o bildirir ki, arvadı da Amerikada qalmaq niyyətindədir. Görünür, Milanın fikrini dəyişəcəyinə ümid edirdi. 

Amerika ictimaiyyəti hadisəyə adəti üzrə çevik reaksiya verir. “Meyflauer” otelinin önündə “Free Ludmila” plakatı tutan şəxslər peyda olur. Sovet təhlükəsizlik xidmətinin (KQB) əməkdaşları aktrisanı qaraj vasitəsilə oteldən çıxararaq, konsulluğa aparırlar. ABŞ hökuməti isə sovet səfirliyinə xəbərdar edir ki, onların nümayəndələri Vlasova ilə danışmamış balerinanın ölkəni tərk etməsinə imkan verməyəcəklər. 

*** 

Ertəsi gün Dövlət departamentindən sovet səfirliyinə bir daha bildirildi ki, onlar Vlasova ilə danışmalıdırlar, sovet diplomatı Vladilen Vasev də bunun üçün problem görmədiyini bildirdi. Departamentin iki əməkdaşı aktrisa ilə danışmaqdan ötrü Nyu-Yorka uçdu.

İlk baxışda bu məsələdə hər hansı çətinlik olmamalı idi. Zatən Vlasova ölkəsinə qayıtmaq istədiyini söyləmişdi. Eyni fikri amerikalılara deyəndən sonra sərbəst şəkildə Moskvaya uça bilərdi. Amma görünür, ruslar balerinanın fikrini dəyişə biləcəyindən ehtiyat edirdilər. 

Elə həmin gün Lyudmilanı səfirlik maşınında Kennedi aeroportuna gətirdilər və səkkiz kişinin əhatəsində sovetin “Aeroflot” şirkətinə məxsus, Moskvaya uçan İl-62 təyyarəsinə oturtdular. Amerika rəsmiləri bundan xəbər tutdular və artıq terminaldan ayrılıb uçuş zolağında dayanan təyyarənin havaya qalxmasına icazə vermədilər. Bununla da qarşıdurma başladı.

Miqrasiya idarəsinin işçiləri və tərcüməçi Vlasovaya yaxınlaşaraq, onun Amerikada qala biləcəyini söylədilər. Aktrisa isə ölkəsinə qayıtmaq istədiyini söylədi. Bu zaman sovet konsulluğunun işçiləri də özlərini yetirdilər. Amerikalılar Lyudmilanın fikrini eşitsələr də onun sovet təyyarəsində təzyiq altında ola biləcəyini güman etdilər. Onlar aktrisaya təyyarədən çıxmağı və öz qənaətini sovet nümayəndələri olmadan izhar etməyi təklif etdilər. Bununla isə ruslar razılaşmadılar. 

Amerikalıların növbəti təklifi təyyarənin qapısına səyyar salon yapışdırmaq və orada danışıqlar aparmaq oldu. Amma sovet tərəfi buna da razı olmadı. Beləcə, qarşıdurmanın ilk günü nəticəsiz yekunlaşdı. Təyyarədə olan 112 sərnişin (və 11 heyət üzvü) burada gecələməli oldular. Onlar uzun müddət niyə ləngidiklərini anlamırdılar. Yalnız onlardan biri əl radioqəbuledicisini dinləməyə başlayandan sonra beynəlxalq qalmaqalın mərkəzində olduqlarını öyrəndilər.

Növbəti iki gün ərzində bir şey dəyişmədi. Ruslar səyyar salon təklifini qəbul etmədilər, amerikalılar isə yenisini irəli sürmədilər. Yalnız birinci gün SSRİ vətəndaşı olmayan 44 sərnişin başqa təyyarə ilə Londona, oradan da Moskvaya uçdular. İkinci gün isə 15 sovet vətəndaşı da başqa təyyarə ilə uçmağa üstünlük verdi. Beləcə, cəmi 53 sərnişin qaldı.

SSRİ-nin mətbuat orqanları sərnişinlərdən biri ilə danışmaq “bəhanəsi”  ilə sovet təyyarəsinin amerikalılar tərəfindən saxlanılması haqqında məlumat yayırdılar. Amma məsələnin kökü, həmin sərnişinin həyat yoldaşının Amerikada qalması barədə bir söz deyilmirdi. 

Nəhayət, avqustun 27-də ruslar səyyar salonda danışıqlara razılaşdılar. Günorta saat 3-ə qalmış salon ön qapıya yapışdırıldı. Söhbət saat 3-də başladı və cəmi 20 dəqiqə davam etdi. Həm Amerika, həm də sovet tərəfdən bir neçə nəfərin olduğu salonda yalnız Lyudmila Vlasova və ABŞ diplomatı Donald Makhenri, bir də tərcüməçi danışırdı. Aktrisa əvvəl də səsləndirdiyi fikirlərini təkrar etdi və öz seçimi ilə Moskvaya qayıtmaq istədiyini bildirdi.

Makhenrinin Dövlət departamentinə məruzəsindən sonra təyyarənin uçuşuna icazə verildi, amma indi də tufan üzündən ləngimə baş verdi. Nəhayət, saat 18.39-da İl-62 təyyarəsi havaya qalxdı və ertəsi gün səhər Moskvaya endi. 

***

İnsidentə baxmayaraq, Böyük Teatrın qastrolu davam edirdi. Qodunovun rolları Leonid Kozlova həvalə edildi. Sentyabrın 16-da o da Los-Ancelesdə olarkən siyasi sığınacaq istədi. Həm də Qodunovdan fərqli olaraq, Kozlovun arvadı Veronika da onu dəstəklədi.

***

Kennedi hava limanında Lyudmila Vlasova ilə baş verənlər əsasında 1985-ci ildə SSRİ-də  “Reys 222” adlı film çəkildi. Burada, əlbəttə, sovet tərəfi tam haqlı göstərilirdi, halbuki məsələni qalmaqala çevirmədən həll etmək olardı. Film təyyarənin havaya qalxması ilə bitdi və təbii ki, Kozlovların Amerikada qalmasından bəhs etmədi.

*** 

Qodunovun isə Amerika həyatı o qədər də uğurlu olmadı, baxmayaraq ki, qısa müddətdə artıq milyonçu idi. O, Lyudmilanı sevirdi və həsrətini içki ilə söndürməyə çalışırdı. Bu da onun fiziki formasına təsir etdi. Aleksandr 1985-ci ildə baletdən getdi.

Həmin ildən etibarən bir sıra Hollivud filmlərində çəkildi. Onlardan da ən məşhuru 1988-ci ildə çəkilən, baş rolun ifaçısı Bryus Ullisi superulduza çevirən “Məğlubedilməz” filmi idi. 

Aleksandr Qodunov 1995-ci ildə vəfat etdi. Ekspertiza rəyinə görə, ölüm səbəbi “xroniki alkoqolizm üzündən hepatitin ağır forması” idi…

Yadigar Sadıqlı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam