Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

ELMİN “MEHDİYEVŞİNA KABUSU”... – Xalid Niyazov Ramiz Mehdiyevi darmadağın etdi

Ramiz Mehdiyev Azərbaycan elminin tabutuna vurulmuş sonuncu mismardır... həm də paslısından

Mehdiyev harada işləyibsə, ətrafına ləyaqətin nə olduğunu bilməyən, simasız, kişiliyi sadəcə cinsi mənsubiyyəti ilə bəlirlənən, satqın, antimilli ünsürləri toplayıb 

   I yazı 

Bu gün yerindən duran Elmlər Akademiyasından yazır. Onun lüzumu barədə mühakimə yürüdənlər də var, düşdüyü mağmun durumdan səmimi təəssüfünü bölüşənlər də, “suç keçisi” axtaranlar da, hələ desən ölkə elminin qərargahını mübtəla olduğu bəladan xilas etmək üçün alternativ variantlar, konsilium təklif edənlər də. Bir qisim adamlar da var ki, “qonşudan qalma dala” təfəkkürü ilə qoşulublar axına ... yəni “qoy desinlər ki, Xaçaturun da xəncəri var” misalı.

Bütün bu söz-söhbətlərin məxrəcində isə ölkə ziyalılarının, indifferent olmağı bacarmayan və bunu heç istəməyən vətəndaşların içdən, candan gələn, ən səmimi istəklərindən körüklənən patriotik hədəfi durur. Elmi elmdən bixəbərlərin şərindən qorumaq məqsədi artıq ümummilli ideyaya çevrilir. Cəmiyyətin intellektual kəsimindən tutmuş ən müxtəlif sosial təbəqələrin nümayəndələrinədək – hər kəs müasir dövrdə inkişafın, tərəqqinin generatoru sayılan elmi naşı idarəçilərin heyvani şəhvətindən qorumaq üçün qol çırmalayıb, qələmə sarılıb, həyəcan təbili döyür. Situasiyanın dramatikliyini tündləşdirənsə problemin obyektdə – elmdə deyil, subyektdə – konkret fərddə ifadə olunmasıdır.

Kifayət qədər ciddi bir məsələdən bəhs edirik, qanımız hələ çox qaralacaq və sadiq oxucularımızı tonusda saxlamaq üçün təxminən 30 il əvvəl “Millət” qəzetində dərc edilmiş bir yazını diqqətinizə təslim etmək istəyirəm... dodaqlarınız qaçsın deyə. Qısaca xülasə verim ki, AXC-Müsavat cütlüyü iqtidarda olarkən Elmlər Akademiyasını ləğv etməklə bağlı bir xeyli səy göstərdi. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin! Qayıtmasa idi, nə Azərbaycandan əsər-əlamət qalmışdı, nə də ki, onun Elmlər Akademiyasından.

 

Nə isə, hələlik ixtisarla verdiyimiz, zikrini etdiyimiz yaz ilə tanış olun:

“Haci Əbdül xəbərdarlıq edir: akademiyani bağlayın, yoxsa yenə inqilab olacaq!

Qeyri-mötəbər mənbələrdən aldığımız qeyri-rəsmi məlumata görə artıq tarix səhnəsindən getmiş demblokun orqanı adlanan “Müxalifət” qəzetinin Azərbaycan Elmlər Akademiyası haqqındakı silsilə yazılarından sonra Milli Məclisin cümhur başkanımızın və dövlət katibinin iştirakı ilə keçirilən qapalı iclaslarından birində “xəstə” EA-nın məsələsi müzakirə olunmuşdur. Müzakirələr zamanı hakimiyyət koridorlarına EA-nın koridorlarından gələnlər xüsusi fəallıq göstərmişlər. Stenoqrafik mətni tam şəkildə əldə edə bilməsək də, ayrı-ayrı çıxışlardan parçaları sizə təqdim edirik.

Əbülfəz Elçibəy: - Bəy, indi bu məsələyə münasibət belədir. Qəti ola bilməz. Mən bir dəfə televizorda da demişəm. Yolumuz demokratiya yoludur. Yolumuz Məmməd Əmin yoludur. Qaldı akademiya məsələsinə, bu, çox ciddi məsələdir. Peyğəmbərimiz də buyurub ki, elm ibadətdən irəlidir. Bəli, biz təriqətçilərik, amma kim deyir ki, bizə akademiya lazım deyil?...

Arif Hacıyev: - Mənim bu məsələyə münasibətim bir qədər başqadır. Hörmətli millət vəkillərinin də bildiyi kimi, indi respublikanın yeni inzibati-ərazi bölgüsü üzərində işləyirəm. Həmin bölgüyə görə akademiyanı müstəqil rayona, onun institutlarını və konstruktor bürolarını isə kolxoz və sovxozlara çevirməyi nəzərdə tuturam. Akademiyaya prezident yox, icra başçısı rəhbərlik etməlidir. Ölkədə bir prezient olar. Tezliklə bu barədəki konkret təkliflərimi Milli Məclisə təqdim etmək niyyətindəyəm...

 

Hacı Əbdül: - Bismillahir-rəhmanir-rəhim! Qərdeşlər, yəqin gözləyirsiniz mən deyəcəyəm ki, Ayaz Mütəllibovu respublikadan qovub Azərbaycanı ağ günə çıxartdınız, Eldar Salayevi də akademiyadan uzaqlaşdırıb akademiyaya gün ağlayın. Onun yerinə də vəzifə davası döyən cəbhəçilərdən birini qoyub, bir güllə ilə iki quş vurun. Yox, bu leylək məsələsi deyil, səhvsiniz. Hə, qərdeşdər, əgər belə fikirləşirsinizsə, düz tapmamısınız. Demək istədiyim mətləb başqadır. Əgər istəyirsinizsə ki, başınız ağrımasın, bu akademiyanı birdəfəlik bağlayın... Soruşursunuz niyə? Bu dəqiqə ərz edim qulluğunuza. Bax, sizin çoxunuz vaxtı ilə akademiyada işləmisiniz. Amma orada özünüzə bir iş tapmadığınızdan inqilabçılığa qurşanmısınız. Nəticəsi də göz qabağındadır. Elə bilirsiniz, indi akademiyada oturan boş-bekarlar sizdən ağılsızdırlar? Bəlkə allah eləməmiş, birdən onlar da inqilab eləmək fikrinə düşdülər? Bağlayın akademiyanı, işçilərini də elə dağıdın ki, ikisi bir-birinə rast gələ bilməsin. Əgər bu dəfə leylək gəlsə, mütləq akademiya tərəfdən gələcək...

 

İsa Qəmbərov: - Məncə, biz başqa məsələlərdə olduğu kimi, akademiyaya münasibətdə də mövcud reallıqdan çıxış etməliyik. Məsələnin müzakirəsi ilə əlaqədar müvafiq qərar layihəsi hələ ki, hazırlanmayıb. Ona görə də Hacı Əbdülün başçılığı ilə xüsusi komissiya yaratmağı və akademiya ilə əlaqədar son söz demək səlahiyyətini həmin komissiyaya verməyi təklif edirəm. Yetərsay var, səsə qoyuram. Kim bu təklifin lehinədir? Yekdilliklə! Keçək növbəti məsələyə”.

***

Bəli, yazı baməzə, personajlar da biri-birindən maraqlı. İndi burada həqiqət payı nə qədərdir, zarafatınkı nə qədər, insafı buraxırıq “yoldaş Kamilovun tərəzisi”nə. Bizsə zəruru bir sözardı verib keçirik əsas mövzuya.

P.S. Bu yazıdan əxz ediləsi çox mətləblər, dərslər var. Məsələn, hesab edirik ki, illər öncə “cəbhə hakimiyyəti” ona görə iqtidarda duruş gətirə bilmədi ki, uzağı görə bilmirdi. Ağılları olsa idi, baxmazdılar partokratdı-nədi, elə Fəlsəfə İnstitutunun dəhlizlərində ayaqqabı dağıdan Ramiz Enveroviçi akademiyaya prezident qayırardılar. Buldozerə-filana ehtiyac qalmayacaqdı, bircə ayın içində akademiyanın “vayına oturub” fatihəsini verərdi.

P.P.S. Görünəni budur ki, 30 ildən sonra da olsa “Enveroviç” Arif Hacıyevin “innovativ” təşəbbüsünə “kreativ” yanaşma sərgiləyib – özü prezident kreslosuna yayxanıb tabeliyindəki institutlara da icra başçısı təyin edir.

P.P.P.S. Hə, bir də rəhmətlik Hacı Əbdülün sözlərini qəribçiliyə salmayın. “Əgər bu dəfə leylək gəlsə, mütləq akademiya tərəfdən gələcək” fikrini deyirəm. İllər öncə söylənsə də, aktuallığını itirməyib. Sadəcə, Hacı bilmirdi ki, haçansa akademiyaya Ramiz Mehdiyev kimi adı o vaxtlar heç bir dəftərdə olmayan bir şər tuluğu rəhbərlik edəcək və bu məxluq ölkənin alim-ziyalılarını dövlətdən, iqtidardan, ölkə başçısından narazı salmaq xəttini davam etdirəcək. Bu isə artıq siyasətdir, dövlətlə, hakimiyyətlə, milli təhlükəsizliyimizlə, sabitliklə bağlı məsələdir. Bu barədə bir ayrı yazımızda.

Elmin “ölüm mələyi”

Evklid həndəsəsində kəsişməyən xəttlər təlimi mövcuddur. Müstəviləri sürüşdürək. Mehdiyev və elm! Mehdiyev və zəka! Mehdiyev və dəyər!

... Mənim üçün həmişə irreal, latent, bəlkə də kosmosda mövcud olan bir nonsens təəssüratı yaradıb belə bir paralel.

Ramiz Mehdiyevin Akademiyaya prezident “seçildiyi” o lənətullah gün ölkədən kənarda idim.

 

 

Qayıtdıqda eşitdiyim ilk qeyri-adi xəbər oldu. Qulaqlarıma inanmadım. Üç dəfə bismillah! Dedim bəlkə şayiədir, yaxud qabrovalıları kölgədə buraxmaq üçün bu cür istiotlu bir zarafat uydurmuşdular. Heyhat, gerçək imiş! Adam Prezident Administrasiyasından birbaşa haqq etmədiyi istirahətə yollanmaq əvəzinə, yenə də şakərindən əl çəkməmişdi, mərdiməzarlıq edib AMEA-nın prezidenti akad. Akif Əlizadənin yerində gözü olduğunu dilə gətirmişdi.

Əslində, təəccüblülənəsi bir şey yoxdur da... bu cür “qurşaqdan aşağı” jest, zatən, “enveroviç”in həyat kvintessensiyasıdır. Filosofluğa az-çox dəxli varsa, bu kəlmənin mənasını bilməmiş olmaz. İnsanların taleyi ilə oynamaq, inkişafına badalaq vurmaq, karyerasını sındırmaq – Mehdiyevin patentləşdirdiyi və yalnız özünə məxsus iş üslubudur. O üzdən harada işləyibsə ətrafına ləyaqət nə olduğunu bilməyən, simasız, kişiliyi sadəcə cinsi mənsubiyyəti ilə bəlirlənən, satqın, antimilli ünsürləri toplayıb ... eynən “atı atın yanına bağla...” məsəlindəki kimi.

Sadəcə, bir sual! Mehdiyev elmə nə verə bilərdi? İndiyədək ortaya qoyduqları nədən ibarətdir?

Hansısa bir obıvatel – Məqalələri, kitabları! – deyə bilər. Bəli, bu sətirlərin müəllifi də az günahkar deyil. Zamanında mən də “Mehdiyev” imzası ilə dərc edilən əsərlərə məqalə həsr etmişəm. Eynisindən olsa, bu gün də edərəm. Çünki həmin əsərlərin Mehdiyevin ağlının məhsulu olmadığını bilirdim. Həqiqi müəllifsə hər cür tərifə layiqdi... kimisi rəhmətə gedib, kimisi qalır. Yoxsa ki, öz predmetini düz-əməlli bilməyən adamın ən müxtəlif sahələrə aid sanballı əsərlər yazmasına bir kimsəni inandırmaq fəzanın çömçə ilə ölçülməsinə oxşayardı.

Adamın elmi natəmizliyi və ondan da ötə mövcud hakimiyyətə təhlükəli bir ünsür olduğu barədə hələ 2014-cü il martın 7-si elə dəyərli “Azpolitika.info”da dərc edilmiş (diqqət edin: bəzi söz Koroğluları kimi indi yox, adamın qılıncının qəbzəsinin də kəsdiyi dövrdə - !) “Kod adı 2018! Nurçuların Azərbaycanda hakimiyyət sevdası” adlı məqaləmdə yazmışdım: “… Və bütün bu “dəyirmanları tərsinə fırladan” gizli bir barmaq var. Bu barmaq boş vaxtlarında başqalarının yazmış olduğu səfeh-səfeh məqalələrin altından, kitabların üstündən imzasını qoymaqla yanaşı, iqtidar dəhlizlərindəki “yol hərəkəti qaydalarını”, korrupsiyalaşmış klanlar arasındakı havanın hərarətini, münasiıbətlərdəki gərginliyin “amper”ini, ölkədəki bütün şərəfsizlərin incə bir zövq və ovçu məharəti ilə seçilib cəm olduğu komandasının nimdaşlıq amplitudunu təyin edir.

… Və hər nə qədər ki, həmin tüklü və qoca barmaq köhnə saat kəfkiri kimi Azərbaycanın bundan sonra yaşayacağı ömrün zaman ölçüsünə çevrilməyib, ondan izalə olmaq lazımdır”!

O vaxt Mehdiyev və klanı 15 il çalışdığım “Azərbaycan” qəzetindən getməyimə nail oldu. Çünki ona və qəzetdəki “ruh ekizi”nə sədaqətli Əliyevçilər, dövlətçi təfəkkürlü adamlar deyil, “Mehdiyevşina”nın müti plebeyləri lazımdı. Bu şər çəlləyi hərlənib-fırlanıb akademiyada da məni tapdı. 2013-2014-cü illərdə yazdığım məqalələr yada düşdü, kin, qəzəb, hikkə dəzgahı işə salındı. İstəyimlə ayrıldım institutdan. Təbii, getməyimdə Mehdiyevlə eyni mənəviyyat, əxlaq və dəyərləri bölüşən xanım-direktorun da “duaları” rol oynadı. Zatən, bu cür adamlarla işləmək özünə hörmət etməmək deməkdi.

O vaxt sosial şəbəkədə belə bir status da paylaşdım: “Həzərat, bu Ramiz Mehdiyev ki, var, deyəsən, akademik dühası o qədər qıcqırıb ki, elə bilir akademiya buna dədəsindən miras qalıb. Adam bu qoca yaşında, ömrünün üzü o yana vədəsində rəhmət qazanmaq əvəzinə, lənətə işləyir".

Xislətində, içində yaratmaq, qurmaq adına “damazlığa” bircə hüceyrənin belə olmadığı bu zat ötən günlərinin heyfini qab-qacaq dükanına girmiş nə bilim nə kimi qarşısına çıxan hər şeyi çığnayıb qırmaqla çıxmaqda qərarlıdır. Akademiyanın prezidentindən çox özünü bazar müdürü, “girdovoy” kimi aparan “Enveroviç” insanların söz və fikir azadlığını boğmaqla, düz söz deyəni məhz özünəməxsus çirkin, nalayiq, “yaraşır” üsullarla cəzalandırmaqla məşğuldur.

Adam bəndənizə qızıb ki, bəs niyə haqqında bir-iki tərifli şərh yazmışam. O üzdən çağırıb əshabələrinə tapşırıb ki, bu akademiyada ya mən qalmalıyam, ya da Niyazov.
Siz bir təfəkkürə baxın, ağıla baxın, səviyyəyə tamaşa edin!

Adam bu feodal, hətta bir az da irəli gedək, Azıx təfəkkürü ilə 25 il Prezident Administrasiyasında necə oturubmuş?!

Ölkənin elm qərargahına hansı mənəvi haqq və elmi “kapasitə” ilə başçılıq edir?!

Başdan-ayağa, ruslar demişkən, “yeriyən lətifə” olduğunu nə tez unudub?!

Məgər ailəsinin qudurğan əməllərinə görə bütün ölkənin qınağına tuş gələn, eləmə tənbəllik, yerindən duranın “Nə yemisən? Turşulu aş!” “çilədiyi” bu deyildimi? Adamı göndəriblər ki, get, indiyədək özünə işləmisən, indi də bari, elmin gününə ağla, yaddaqalan bir iş gör akademiya üçün, amma çifayda...

Heç görmüsünüzmü ki, yabanı ot qızılgül bitirsin, mişardan çıxmış “beşlik” taxta bəhərə düşsün?!

Azərbaycan elmi bu gündədir, həzərat! Ümid ya hörmətli Prezidentədir ki, çıxarıb atsın, ya da Allahadır ki, “mələk”lərinə tapşırsın”.

Bəli, Mehdiyevin adı Azərbaycan cəmiyyətində həmişə birmənalı olaraq şərlə, nadürüstlüklə, korrupsiya ilə, pisliklə assosiasiya olunub, bədbəxtçiliyin, qaranlığın, ədalətsizliyin ekizi, vicdan və ləyaqətdən yetimlərin himayədarı təəssüratı yaradıb. Bu məmləkətdə ən aşağı vəzifə bu sətirlərin müəllifində olubsa, təsəvvür edin ki, mənə də həyatımın pisliyini edib, qara daş kimi yüzlərlə mənim kimisinin karyerasının qarşısında “bitib”.

Əvəzində zamanında ulu öndər Heydər Əliyevi, hakimiyyəti söyənlərin, indiki prezidentə istehza edənlərin altına vəzifə kreslosu itələyib, döşünə deputat nişanı taxıb. Təbii ki, məccani də deyil.

Təəssüf! Elmlər Akademiyası artıq müdirinə oxşamağa başlayıb – onun kimi qara, qoca, tükənmiş, barsız, nüfuzsuz, bir qara qəpik hörməti olmayan. Səhər yataqdan qalxıb corabını geyən yerdən bir daş götürüb akademiyaya sarı tolazlamağı boynuna borc bilir. Hədəf elm, alim, ziyalı deyil, Mehdiyevdir! 

COVİD-19 insan cəmiyyəti, bəşəriyyət üçün nə qədər təhlükəlidirsə, “mehdiyevşina” da Azərbaycan elmi, cəmiyyəti, milli düşüncə sistemi üçün odur. Yenə də birincidən qorunmaq üçün peyvənd-filan var, ikinci “zaraza” ümidsizdir!

           Azərbaycan elmində bir kabus dolaşmaqdadır – Ramiz Mehdiyev kabusu!

Sovet təhsilinin şinelindən çıxanlar xatırlayarlar... elmi kommunizmin ilk proqram sənədi olan və K.Marks və F.Engels tərəfindən qələmə alınmış “Kommunist partiyasının manifesti” bu sözlərlə başlayırdı: “Avropada bir kabus dolaşmaqdadır – kommunizm kabusu!”

Həmin tezisi bu gün aktuallığını və mahiyyətini saxlamaqla bir ayrı cür ifadə etmək mümkündür: - Azərbaycan elmində bir kabus dolaşmaqdadır – Ramiz Mehdiyev kabusu!

Yeni Azərbaycan tarixində bir çox kirli işlərin "xaç atası" sayılan adam uzun illər qeyri-rəsmi "kurirovat" elədiyi elmi müstər günə qoyub. 

Fikir verin: hakimiyyətin icra qoluna faktiki rəhbərlik etdi, yetirmələrinin bir qisminin başına qara torba keçirib apardılar. Deputat seçkilərini bazara çevirdi, “Gülərqeyt” fenomeni ölkəni ABŞ Dövlət Departamentinin hesabatlarında ilk sətirlərə qaldırdı. İdeologiya və mediaya başçılıq etdi, heç sağ-salamat etməyəydi, fatihəsini verdi. Trolçuluq təliminin “ideya-nəzəri” əsaslarını işləyib hazırladı. Bu “yeriyən” bəlanı dövlətin başından izalə etmək üçün atdılar elmə(bu ciddi faktın özü ölkədə elmə ögey, "pofiqist" münasibətin bariz təcəssümü idi -!), adam burada da diri ikən elmin canlı başdaşına çevrildi

Yəni, akademik elmi reanimasiya etməklə bağlı strateji bir niyyət vardısa, onun taleyini ilk növbədə canının hayı ilə, ailə sərvətinin maksimum faydalı şəkildə yerləşdirilməsi ilə, hakimiyyət dəhlizlərində ilişib qalmış mühafizəkar komandanın üzvlərini fəallaşdırmaqla məşğul olan mənən və felən yoxsul birinə deyil, işlə, elmlə məşğul olmaq istəyən adamlara tapşırmaq lazım idi.

İndiki situasiyada isə görünən bu idi ki, Mehdiyev akademiyaya elm təsərrüfatını yeni, innovasion trendlər əsasında inkişafa apara biləcək proqram və planlarla deyil, merkantil, miskin, ambisioz hisslərlə gəlmişdir. Adam islahedilməz məxluqdur. 25 illik uğursuz “aparat rəhbəri” dönəmində “saray intriqantlığı”nın fövqündə bir faydalı işin qulpundan yapışmamasına rəğmən az qala Bayılın alçaq təpələrini də özünün yaratdığını düşünür. Bu üzdən son üç onillikdə akademiyaya rəhbərlik etmiş Fərəməz Maqsudov, Mahmud Kərimov, Akif Əlizadə kimi şəxsiyyətlərdən, həqiqi elm zəhmətkeşlərindən sonra nüfuz və elmi çəkicə onların yanından yel olub keçməyə belə layiq olmasa da, eyni kabinetə daxil olar-olmaz özünü elmin deyil, ölkənin prezidenti zənn etməyə başladı.

Elmlə real iqtisadiyyatın inteqrasiyasını təmin etmək adı altında nazirləri, komitə sədrlərini hüzurunda toplamağa başladı. Əcəba, qəribə bir tranformasiyamı baş verirdi? Adam ağlınca İstiqlaliyyət küçəsi, 5-lə İstiqlaliyyət, 31 ünvanını dəyişik salmışdı. Kimlərsə bunu artıq onun qocalığına, yaşla bağlı təzahürü təbii sayıla biləcək patalogiyalarının ayağına yaza bilərdi. Amma hamı bilir ki, bu adam heç “oralı” deyil, bu yaşda belə siyasəti “domino” masasında ustaca “şaqqıldada” bilir. Zatən, şahmata təfəkkür və zehni-koqnitiv imkanları zorlanar.

Bəs məqsəd nə idi? Tətbiqi və fundamental elm sahələrinin real sektorla, iri sifarişçilərlə əməkdaşlığının əsasını qoymaq, ölkə iqtisadiyyatına elmtutumlu töhfənin miqyas və çeşidini artırmaqmı? Cilddə, vitrində ehtimal ediləndir! Lakin əsas hədəf volyuntarizmə köklənmiş revanşizm əhval-ruhiyyəsidir; yəni əfkari-ümumiyyə düşünsün ki, Ramiz Mehdiyevə hələ də, Mirzə Cəlilin Həsən ağası demişkən, “vizit verən” var, ünvanı dəyişsə də, səlahiyyəti, “ehtişamı”, həşəməti əldən verməyib, əksinə, gücünə güc qatıb. Yox bir, fındıq!

Əslində, bu cür bədgümanlıq, təkəbbür dərin və xəstə psixoloji-maniakal durumun nişanəsidir, yaralı eqo və özünəvurğunluğun əndazəni aşan residividir... Enveroviçdən iraq.

 

 

Məşum toy məsələsindən, eks-deputat kürəkəninin həbsindən sonra üzü ictimai tənə və tüpürcəklərdən qabar bağlamış Mehdiyev daha nazirləri kabinetinə toplaya bilmədi, zira, adam bilib dəvətini qəbul edən də olmayacaqdı. Beləcə, “xanəsinə” qapılıb “guşənişin” həyat tərzi keçirməyə məhkum özü boz, əməli qara kardinal ətrafına topladığı bacarıqsız, nəverim, saxtakar, elementar dəyərlərdən məhrum məiyyəti ilə akademiyanın tanınmış alimlərinə “işverənlik” eləməyə başladı.

Vaxtilə iş adamlarını “bandotdel”in “podval”ına saldırıb mal-mülkünü yağmalayan “Enveroviç” indi də hakimlikdən qovulduqdan sonra öz “ruh ekizi”nin yanında lövbər atmış Kamal Əliyev adlı birisinin əli ilə xoşu gəlməyən, “bığının altından keçməyən”, “dikbaş”, ləyaqətli alimlərə qarşı repressiya kampaniyasına start verdi.

 

Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun dediklərindən: “Qəflətən emissar göndərilir ki, bu gün ərizəni yaz və işdən get. Həyatının 20, 30, 40, 50 ilini elm üçün fəda etmiş insanlarla belə rəftarın əsasında nə durur? Elm tariximizdə ilk dəfədir ki, Rəyasət Heyətində illik hesabatların müzakirəsinə müvafiq institutların direktorları çağırılmır. Əgər direktorlar yoxdursa, söhbət hansı müzakirələrdən gedə bilər? Əgər institutların ünvanına iradlar bildirilirsə, bu iradlara cavab verilməlidir. Cavabı da yalnız müvafiq qurumun rəhbəri verməlidir. İnstitut rəhbəri aylarla AMEA-nın prezidenti ilə görüşə bilmirsə söhbət hansı səmərəli idarəçilikdən gedə bilər?”
Fəlsəfə və Sosiologiya İnstitututundan professor Əli Abbasov: “Bir var işləyən institutlar, bir də var işləməyən prezident. Real vəziyyət belədir. AMEA rəhbəri, onun müavinləri hərəsi bir elm sahəsinə baxır. Onlar institutlara gəlib iclaslara qatılırmı? Heç olmasa gəlib öz istiqamətləri üzrə iclaslarda iştirak etsinlər. Belə hallar yoxdur axı. Ramiz Mehdiyev filosofdur, iki ilə yaxındır AMEA prezidentidir. Bir dəfə də olsa Fəlsəfə İnstitutuna gəlibmi, işçilərlə danışıbmı? Yox!”

 

 

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli: “R.Mehdiyev AMEA-nın başına keçəndən sonra da seçki saxtalaşdırmaq adətindən əl çəkməyib və rüşvət müqabilində institut direktoru seçkisinə müdaxilə edib”.

 

Qafqazşünaslıq İnstitutunun direktoru, professor, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Musa Qasımlı daha əvvəl Ramiz Mehdiyevi istefaya çağırarkən bildirmişdi: “O, AMEA prezidenti seçiləndən sonra akademiyada elmi mühit yox olmağa başlayıb, onun yerini inzibati-amirlik idarə üsulu, intriqalar, dedi-qodular, şəxsi haqq-hesabları çürütmək tutub. Bu isə elmlə məşğul olan adamları bezdirib”.

Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin yanvarın 20-də keçirilən iclasında Dilçilik İnstitutu tərəfindən nəşr edilmiş “Orfoqrafiya lüğəti” ilə bağlı mətbuatda yazılanlara və Tarix İnstitutunda baş verən bir sıra xoşagəlməz hallara münasibət bildirərkən qeyd edib ki, orfoqrafiya lüğətinin nəşrinə məsuliyyət daşıyan şəxslərin verdikləri izahatlar AMEA rəhbəri kimi məni qane etmir. Mən onlardan daha ciddi və əsaslı izahatlar gözləyirəm. Həmin lüğətin yenidən nəşrinə qərar verilib. Bu isə külli miqdarda dövlət vəsaitinin havaya sovrulması deməkdir. Necə olur ki, Mehdiyev həzrətləri bu sətirlərin müəllifinin ölkə siyasətşünaslığında ilk dəfə tədqiq edilən “Dövlət informasiya siyasətinin aktual məsələləri” adlı iki dildə təqdim edilmiş monoqrafiyasını nəşr etməyə pul tapmır, ancaq kimlərinsə savadsızlığını və məsuliyyətsizliyini akademiyanın cibindən qarşılamağa göstəriş verir?!

Digər tərəfdən, görəsən, Mehdiyev həmin lüğətlə tanış olubmu? Orada abır-həya, şərəf və ləyaqət, vicdan, ədalət, kişilik ... kimi ülvi dəyərləri təcəssüm etdirən kəlmələrin mənası üzərində düşünübmü? Çətin! Çünki həmin dəyərlərdən yaxından-uzaqdan xəbəri olan kəs, Prezident Administrasiyasında işlədiyi vaxt elədiyi pisliklər gözünə girsin, heç olmazsa akademiyadakı fəaliyyəti dövründə hərəkətlərinə bir çəki-düzən verərdi, özünü hərfən də olsa alim-ziyalı kimi aparmağa alışdırardı, “həştadınadək” işlədiyi günahlardan tövbə yolunu tutardı.

Bundan əvvəl saytlar belə bir xəbər paylaşmışdılar ki, AMEA-nın prezidenti maaşını alan Ramiz Mehdiyev tabe qurumlardan birindəki iclasda Akademiyanın elmi-tədqiqat müəssisələrində son vaxtlar aparılan yoxlamalar zamanı aşkarlanan ciddi qanun pozuntularını, korrupsiya faktlarını və idarəetmədə hökm sürən hərc-mərcliyi kəskin tənqid edib...Allah, sən saxla! Görəcəkli günlərimiz varmış! Gör kim, nədən danışır?!

Uzun illər ölkə elmini qeyri-rəsmi “kurasiya” etmiş, Korrupsiyaya qarşı mübarizə komissiyasına rəhbərliyi (üç kəlmə ixtisar olunsa məzmun lap yerinə oturar - !) həyata keçirmiş bir adam bu gün çox rahatca, vicdanına əziyyət vermədən qanun pozuntusundan, korrupsiya faktlarından bəhs edir. Allah qoymasa, hamımızın qəflət yuxusundaymışıq kimi “idarəetmə ustası” deyib öydüyümüz baş bürokrat indi akademiyanın idarəetməsindəki hərc-mərclikdən gileylənir.

Sən demə, bu adam Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin kölgəsində iri, gövdəli görünürmüş. Onlar çəkildikdən sonra özü olaraq qalıb – zavallı, nəlbəkidə fırtına aşiqi, ömrünün qürub çağında nə xalqa, nə də ki, noizənbillah, elmə verəcəyi bir şeyi olmayan zahid birisi!

Günümüzə qayıdaraq əlavə edək ki, uzun illər ölkədə korrupsioner kadrların yetişdirilməsində akademik təcrübəyə sahib olan “Enveroviç” bu günlərdə yaydığı bəyanatda bir daha bəzi adamları susmayacağı təqdirdə əlindəki “kompromatlarla” təhdid etmişdir.

Biri yandan çimdikləsin ki, qoca, bəsdir, az bu akademiyanı qarışdır, əvvəlcə öz ətrafındakı üfunəti “dezinfeksiya” elə, elmin “fatihə”sini verməyə tələsmə, həyatdır, bir də baxdın ki, inşAllah ki, yaxın zamanlarda kiməsə lazım oldu.

* * *

Həqiqətin ünvanını aşkar etmək üçün müqayisə üsulunu hələ ki, heç kim ləğv etməyib. Bəli, Mehdiyev ər, ata, baba kimi ailəsində, qeyri millətdən olan qohumlarının arasında ideal biri ola bilər, ancaq beləsindən heç vəchlə cəmiyyət qarşısındakı sosial öhdəliklərini dərk edən fərd, vətənpərvər vətəndaş çıxmaz. Mümkünsüzdür!

Adamın dövlət xadimi, ali mənsəb və böyük hakimiyyət resurslarına malik şəxs kimi nöqsanları qədərindən də ziyadə olmuşdur. Antik dövr filosofları Sokrat, Platon, Aristotel, orta və sonrakı əsrlərin mütəfəkkir və dövlət xadimlərindən N.Makiavelli, T.Hobbs, O.Bismark və başqaları bu kimi neqativləri hakimiyyətin verdiyi vəzifənin və vəzifənin verdiyi hakimiyyətin özünün mahiyyətindən doğan imperativlər kimi səciyyələndirmişlər.

Amma və lakin! Mehdiyevdə bu xüsusiyyətlərdən “füzun naqislik istedadı var”. Bu, hüquq ədəbiyyatında ifadə edildiyi kimi, “qazanılmış” deyil, “təbii” – ata belindən, ana südündən gəlmə fitri patologiyadır. Əks halda bir vücudda bu qədər pislik, xılt, qərəz, qəzəb, qaranlıq, nifrət, hikkə ... haradan?!

(ardı var)

Xalid Niyazov

Əməkdar jurnalist, siyasi elmlər doktoru, sabiq AMEA-çı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam