Azərbaycan Memarlıq və İnşaat Universitetinin 210000 manatlıq layihəsi-MÜƏMMA/YENİLƏNDİ
Azərbaycan Memarlıq və İnşaat Universiteti Qrant layihəsi ilə Dayanıqlı Şəhərsalma və Regionların Planlaşdırılması layihəsinə start verib.
Yenixeber.org: Azərbaycan Memarlıq və İnşaat Universiteti Dayanıqlı Şəhərsalma və Regionların Planlaşdırılması işi ilə bağlı "Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu" MMC ilə müqavilə bağlayıb. 23.11.2021-ci il tarixdə start götürən müsabiqəyə 3 gün əvvəl-04.02.2022-ci ildə yekun vurulub.
"Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu" MMC Azərbaycan Memarlıq və İnşaat Universitetinin sifarişi ilə Dayanıqlı Şəhərsalma və Regionların Planlaşdırılması xidmətlərini həyata keçirəcək və qarışılığında 210000 manat alacaq.
Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... Azərbaycan Memarlıq və İnşaat Universiteti bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)
“Dövlət Satınalmaları Haqqında” qanuna uyğun olaraq tender sorğusu elan edilmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunun səbəbləri, eləcə də görüləcək işlərin həcmi barədə məlumat verilmədən...(?) Azərbaycan Memarlıq və İnşaat Universiteti ad ilə eynilik təşkil edən "Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu" MMC ilə 21000 manatlıq müqavilə bağlayıb!
Azərbaycan Memarlıq və İnşaat Universiteti həm də görüləcək işlərin təfərrüatını açıqlamır(?) Baxmayaraq ki, dövlət qurumu olaraq qrant layihəsi olsa da belə, şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət təşkilatının da vəzifə borclarından biridir... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...
Elə isə sual olunur: Azərbaycan Memarlıq və İnşaat Universiteti nədən bu qanunu “unudub” və müvafiq tender sorğusu baş tutmadan hansısa şirkətlə birbaşa müqavilə bağlayıb? Burada hansı bir istisna mümkündür ki? Əgər söhbət hansısa qrant layihəsindən gedirsə belə, nədən görüləcək işin detalları açıqlanmır? Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə "Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu" MMC-ni adlarındakı eynilikdən başqa daha hansı tellər bağlayır? "Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu" MMC nə zaman, hansı zərurətdən və hansı məqsədlərlə yaradılıb? Və s.
Amma suallar bununla bitmir...Biz Yenixeber.org olaraq bu və digər suallara aydınlıq gətirmək məqsədi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru hörmətli Gülçöhrə xanım Məmmədovaya elektron sorğu ünvanladıq. Təəssüf ki, 3 gün ötməsinə baxmayaraq hələ də sorğumuza cavab yoxdur(?)
"Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu" MMC ilə isə əlaqə yarada bilmədik. Heç də az olmayan vəsaitin etibar edildiyi bu şirkətin internet üzərindən heç bir əlaqə vasitəsi ilə rastlaşmaq mümkün olmadı(?)
***
Bu gün (08.02.2022) saat 1607-də yazıda yer alan iddalarla bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetindən redaksiyamızın elektron poçtuna cavab yazısı daxil oldu. Bəlli qayda və prinsiplərə uyğun olaraq cavab məktubunun əhəmiyyətli hissəsini dərc edirik:
Saytınızın 07.02.2022-ci il buraxılışında yayımlanan “Azərbaycan Memarlıq və İnşaat Universitetinin 210000 manatlıq layihəsi-MÜƏMMA” adlı yazıda bəzi məlumatlar təhrif olunmuş formada ictimaiyyətə təqdim olunub. Yazıda Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Dayanıqlı Şəhərsalma və Regionların Planlaşdırılması” layihəsinin icrası ilə bağlı Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu MMC ilə 210 000 manatlıq müqavilə bağlaması faktına irad bildirilir. Qeyd olunur ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti “Dövlət Satınalmaları Haqqında” Qanuna uyğun olaraq tender sorğusu elan etmədən, tələbat və satınalmada bir mənbədən istifadə edilməsi metodunu seçib Layihə İnstitutu MMC ilə müqavilə bağlayıb və görüləcək işlərin həcmi barədə məlumat vermir.
Diqqətinizə çatdırmaq istəyirik ki, “Dövlət satınalmaları haqqında” Qanunda göstərilir ki, malların (işlərin və xidmətlərin) dövlət satınalmaları bu Qanunun 17-21-ci maddələrində qeyd olunan tətbiq şərtlərindən asılı olaraq açıq tender, ikimərhələli tender, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir (II fəsil, maddə 16.1). Digər bir əsassız irad "Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu" MMC-nin satınalma müsabiqəsinin qalibi olması ilə bağlıdır. Yazıda bildirilir ki, guya bu müəssisə barədə hər hansı məlumat əldə etmək mümkün olmayıb.
"Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu" MMC son 5 il ərzində kifayət qədər intensiv fəaliyyət göstərib, dəfələrlə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində olan müəssisələr tərəfindən keçirilən tenderlərin qalibi olub. "Memarlıq və İnşaat Universitetinin Layihə İnstitutu" MMC ilə bağlanan müqavilələrin məbləğinə gəlincə isə, demək lazımdır ki, bu müəssisə Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə bağlanan müqavilədə nəzərdə tutulmuş məbləğdən çox artıq məbləğlərdə də sifarişlər alıb. Bunun təsdiqini də internetdə yayımlanan məlumatlardan tapmaq olar.
Bir faktı da diqqətinizə çatdıraq ki, “Dayanıqlı Şəhərsalma və Regionların Planlaşdırılması” layihəsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən keçirilən “Magistratura səviyyəsində yeni məzmun hazırlığı” adlı qrant müsabiqəsində AzMİU tərəfindən təklif olunub və müsabiqədən keçib. Layihənin həyata keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən 210 000 manat vəsait ayrılıb. Qrantın məqsədi “Dayanıqlı Şəhərsalma və Regionların Planlaşdırılması” adlı beynəlxalq standartlara uyğun olan və Azərbaycan Respublikasında qələbədən sonra yaranmış şəraitə uyğunlaşdırılan yeni innovativ ixtisaslaşma üzrə SABAH magistratura proqramının məzmununu hazırlamaqdır.
Həmin layihəni həyata keçirmək üçün Azərbaycan Memarlıq və İnşaat Universiteti “Layihə İnstitutu” MMC ilə müqavilə bağlayıb. Müqavilənin bağlanması və İqtisadiyyat Nazirliyində qeydə alınması qanun çərçivəsində həyata keçirilib. Sözügedən qrant müqaviləsinin İqtisadiyyat Nazirliyi tərəfindən qeydə alınması barədə bildirişlərin surətini məktubun sonunda Sizə təqdim edirik: