Avropa İttifaqı (Aİ) Trans-Adriatik (TAP) kəməri ilə qaz nəqlinin artırılmasına dair gələn həftə Azərbaycanla danışıqlar aparacağını bildirib. Bu barədə məlumatı Avropa İttifaqındakı mənbələrə istinadən “Financial Times” (FT) qəzeti yayıb. Qəzet yazır ki, Aİ-nin energetika üzrə komissarı Kadri Simson Bakıya səfər edəcək və azərbaycanlı həmkarı Pərviz Şahbazovla, habelə ekologiya və təbii ehtiyatlar naziri Muxtar Babayevlə danışıqlar aparacaq.
Yenixeber.org: Adının çəkilməsini istəməyən Avropa rəsmisi deyib:
“Biz planlaşdırırıq ki, danışıqlar Azərbaycanın Avropanın qaz təchizatının diversifikasiyasındakı roluna həsr olunacaq. Bura Trans-Adriatik boru kəməri ilə qaz təchizatı həcmlərinin artırılması da daxildir. Hazırda TAP kəmərinin gücü ildə 10 milyard kubmetrdir. Azərbaycan Aİ-nin stabil və etibarlı təchizatçısıdır”.
FT yazır ki, keçmiş sovet respublikası olan Azərbaycanın Moskva ilə sıx bağları var. Qeyd olunur ki, hazırda Rusiyanın sülhməramlı qüvvələri Qarabağ münaqişə zonasında yerləşdirilib. “Eurasia Group” analitik mərkəzindən Emre Peker deyib ki, Moskvanın Bakıya müəyyən təsir imkanları var:
“Azərbaycana həmişə Rusiyadan qaz asılılığının azaldılmasının və Aİ-nin enerji diversifikasiyasının yollarından biri kimi baxılıb. Odur ki, indi Azərbaycanın qapısının döyülməsi təəccüblü deyil. Siyasi baxımdan düşünürəm ki, Bakı belə bir ideyaya açıqdır, lakin onlar bunun ətrafındakı dinamikaya göz qoymalıdırlar ki, Moskvanı qıcıqlandırmasınlar”.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov “Bloomberg”ə müsahibəsində bildirib ki, Azərbaycandan qaz tədarükünün dərhal artırılması bütün hallarda məhdud olacaq, tədarük həcminin əhəmiyyətli dərəcədə artırılması üçün uzunmüddətli müqavilələr imzalanmalıdır. Səfir bu fikirlərini uzunmüddətli müqavilələrin zərurətini müvafiq enerji infrastrukturu yaradılması üçün böyük sərmayələrə və xeyli səylərə ehtiyac olması ilə əsaslandırıb. Onun sözlərinə görə, Azərbaycan Avropaya daha çox qaz nəql etməyə hazırdır, amma yenə də regionun əsas qaz təchizatçısı olan Rusiyanı əvəz edə bilməz: “Məsələn, Türkiyədə gördüyümüz kimi hansısa kəskin ehtiyac duyulsa, biz müəyyən əlavə qaz həcmini tədarük edə bilərik”, amma “Azərbaycanın qaz tədarükünün Rusiyadan tədarüklə eyni olmayacağı birmənalıdır”.
Diplomat qeyd edib ki, Azərbaycan qaz hasilatını artıra, habelə tikintisi 7 il davam edərək 33 milyard ABŞ dollarına başa gələn Cənub Qaz Dəhlizini genişləndirə bilər.
“Biz enerji təhlükəsizliyini, infrastrukturun genişləndiriməsilə qaz tədarükünün artırılmasını sırf qısa böhran nöqteyi-nəzərindən görmürük. Çünki bu işlər qısamüddətli planlarla getməz. Burada söhbət uzunmüddətli planlı fəaliyyətdən gedir. Kiminsə gəlib “daha çox qaz ver” deməsilə deyil”, – deyə səfir fikrini tamamlayıb.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, burada yeni bir təklif, yeni baxış yoxdur. Onun sözlərinə görə, 2020-ci ilin sonu, 2021-ci ildən etibarən Azərbaycan faktiki olaraq Avropanın qaz təchizatçılarından biri kimi çıxış edir. O əlavə edib ki, Bakı ötən bir il müddətində qaz bazarında layiqli, sözünün üstündə duran tərəfdaş kimi göstərib.
“2021-ci ildə Avropadakı tərəfdaşları cəmi 5 milyard kubmetr qazın alınması ilə bağlı sifariş vermişdi, amma Azərbaycan ilin yekununda 8 milyard 150 milyon kub metr qazı Avropa bazarlarına tədarük etdi. Bu, onun göstəricisidir ki, Azərbaycan artan tələbatı ödəmək üçün öz imkanlarını səfərbər edə bilir”,- ekspert vurğulayıb.
İ.Şaban qeyd edir ki, 2022-ci il üçün Avropadan bizə edilən sifariş 9 milyard, 2023-cü il üçünsə 11 milyard kubmetdir: “Bunu Azərbaycan prezidenti İlham Əliyev İtaliya KİV-inə müsahibəsində bildirib. Biz 3 il ərzində Azərbaycan qazının Avropaya nəqlinin get-gedə artdığını görürük. Onsuz da həcmi artırırıq, bəs Avropa bizdən nə istəyir? Avropanın istəyi Cənub Qaz Dəhlizinin genişləndirilməsidir. Fevralın 4-də Avropa İttifaqı enerji komissarının Bakıya səfəri, Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 8-ci iclasında iştirakı da bununla bağlıdır. Prezident İlham Əliyev anons edib ki, bu görüşdə Azərbaycandan əlavə qaz həcmlərinin alınması ilə bağlı Avropadan verilən təkliflərə baxılacaq. Necə ki, 2013-cü ildə hər il 10 milyard kubmetr qazın Avropa bazarlarında satılması üçün müqavilə imzalamışdıq, indi də növbəti 20-25 il müddəti üçün hansısa bir həcmin alınacağı barədə razılıq əldə oluna bilər. Hazırda TAP kəmərinin gücü 10-11milyard kub metr qazı ötürməyə imkan verir. Kəmərin 20 milyard kubmetrə qədər genişləndirilməsi aktualdır, o cümlədən Cənub Qaz Dəhlizinin. Avropanın qaz alıcıları gərək Azərbaycanın qaz istehsalçıları qarşısında hüquqi, kommersiya öhdəlikləri götürsün. Yəni yenidən investisiya yatırıb, həmin həcmləri bazara çıxarıb, təhvil nöqtəsində onlara versinlər. İnamları olsun ki, əldə olunacaq həcmlər satacaqları qiymətin qarşılığında rentabelli olacaq”.
İlham Şaban xatırladır ki, 2018-ci ildə Azərbaycan qazının Avropaya satılacağı nəzərdə tutulurdu, amma bu, baş vermədi: “O zaman Avropada hava şəraiti çox yaxşı idi, onlar bu təklifi qulaqardına vurdular. Rusiya qazı da ucuz idi, avropalılar 200 dollardan da aşağı qiymətə alırdılar. Yalnız 2021-ci ildə gəlib bizdən aldılar. Plan bundan ibarətdir ki, 2023-ci ildə Cənub Qaz Dəhlizi genişləndirilərək, layihə gücü 31 milyard kubmetrə çatdırılmalı idi. Yəni Azərbaycan maksimum 2027-ci ildə bu həcmdə qazını bazara çıxara bilərdi. İndi reallıq necə olacaq, bilmirik. Əvvəllər mövcud olan qrafikə korrektələr edilib, 2023-cü ilə isə cəmi 1 il qalıb. Gələn il genişləndirmə işləri başlasa, ancaq 2025-ci ildə boru kəmərinin ötürmə gücü maksimal layihə gücü olan 31 milyard kubmetrə çatdırıla bilər”.
Bəs həmin tarixdə bizim Avropaya həmin həcmdə qaz satmaq imkanımız olacaqmı? İ.Şaban bu suala cavabında deyir ki, hasilatı artırmaq üçün biz ən azı “Abşeron” yatağının ikinci layihəsini işə salmalıyıq: “Çünki bu layihədən hasil ediləcək 5-6 milyard kubmetr qazın Avropa bazarlarında satılması nəzərdə tutulur. Fransanın “Total” şirkəti bu yataqdan ilkin qazın 2022-ci ilin sonunda hasil olunacağını vəd edir. Amma deyəsən, heç bu il mümkün olmayacaq, çünki əldə edilən qaz daxili bazara gedəcək. Bu qazı almaq ən yaxşı halda 2023-cü ildə mümkün olacaq. Platformanın daha dərində quraşdırılması üçün ən aşağısı 4 il zaman gərəkdir. Deməli, 2023-cü ildə bu işə başlasalar, inşaat 2027-ci ilə qədər çəkəcək. Reallıq ondan ibarətdir ki, 2027-ci ildə “Qarabağ” və “Kəpəz” neft-qaz yataqlarından, paralel olaraq, “Ümid”dən qaz həcmlərini artıra bilərik. Yəni 5-6 ildən sonra bizim imkanımız var ki, Avropaya minimal – 5-7 milyard kubmetr qaz verə bilək. Beləliklə, 10-11 milyard kubmetr gücü olan TAP-ı öz qazımız hesabına doldurmaq real deyil”.
Ekspert bir məqama da diqqət çəkir. Onun sözlərinə görə, kəmərin genişləndirilmiş hissəsi Avropanın üçüncü enerji paketinin sanksiyaları ilə üzləşə bilər: “Çünki Avropanın yanaşması belədir ki, hansısa boru kəmərinə 100 faiz bir ölkədən gələn qaz vurula bilməz. Bu sanksiya TAP-ın birinci hissəsinə ona görə şamil edilməmişdi ki, kəmərlə bağlı razılaşma bu qanundan əvvəl əldə edilmişdi. Həmin kəmərə Türkmənistan, İraq, Rusiya qazı da vurula bilər. Yəni Azərbaycan qarşıda duran bu işləri həll etmək imkanındadır. Səfir Elin Süleymanovun dediyi kimi, razılaşmaların uzunmüddətli müqavilələr çərçivəsində həll olunması düşünülür. Onun dedikləri reallığı əks etdirən diplomatik cavabdır”.
Enerji sahəsi üzrə ekspert Dalğa Xatınoğlu bildirib ki, 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetrdən bir az çox qaz təhvil verib: “2022-ci ilə öhdəlik götürmüşük ki, “Şahdəzniz-2“dən 10 milyard kub metr qaz satacağıq, amma belə görünür ki, daha 1 milyard kubmetr artıq təhvil veriləcək. Hazırda Avropa bir neçə ölkə ilə müzakirələrə başlayıb. O cümlədən, ABŞ-da belə müzakirələrə start verib. Onlardan biri Qətər dövlətidir, məlumdur ki, bu ölkənin 110 milyard kub metr illik qaz ixracı var. Qatar qazı əvvəlcə mayeləşdirir, sonra ixrac edir, bu həcmin də 30 faizi Avropaya gedir. Bu ölkə həcmi artıra bilər və Rusiyanın Avropadakı bazarlarını müəyyən qədər dəyişə bilər”.
Ekspert Azərbaycanın qaz müqavilələri olduğunu xatırladır, əlavə edir ki, Türkiyə ilə razılaşmaya uyğun olaraq, keçən il 8 milyard kubmetrdən çox qaz verdik. Onun sözlərinə görə, öhdəliyimiz var ki, “Şahdəniz-2”dən Türkiyəyə 6 milyard kubmetr qaz verək. D.Xatınoğlu qeyd edir ki, gələcəkdə qardaş ölkəyə əlavə qaz satmağa ehtiyac yarana bilər: “Çox güman, bizdə Avropaya satmaq üçün böyük həcmdə qaz olmayacaq. Amma İran vasitəsi ilə Türkmənistandan alınan svop qaz həcmini artıra bilərik. Qısa müddətdə bizim bazara Rusiya qazına alternativ qaz çıxarmaq imkanımız yoxdur. 2020-ci ilin statistikasına görə, Rusiyadan 40 milyard kubmetrdən çox maye qaz ixrac olunub. Onun da 17 milyard kub metrdən çoxunu Avropaya satıb. Həmin ildə boru kəmərləri vasitəsi ilə 198 milyard kub qaz nəql olunub ki, bu həcmin 168 milyardını Avropa alıb. Görürsünüz ki, hədsiz böyük rəqəmlərdir, nə bizim, nə də Qətərin onu kompensasiya etmək gücü yoxdur. Qətərin sıxılmış qaz satışını artırmaq imkanı var, amma biz 1-2 milyard kubmetr artıra bilərik”.
Ekspert xatırladır ki, Cənub Qaz Dəhlizinin hələlik birinci fazası işə düşüb, bu kəmərlə ixrac olunan 17 milyardlıq həcmin bir hissəsi Türkiyəyə, qalan hissəsi Avropaya satılıb. “Qarşıdakı 3-4 ildə bu kəmərin tutumu təxminən iki dəfə artırılacaq. Dəhlizin maksimal tutumu 31 milyard kubmetrdir ki, bu genişləndirmə başa çatdıqdan sonra biz Avropaya əlavə 10-11 milyard kubmetr qaz verə bilərik. Yəni hazırda texniki baxımdan da mümkün deyil ki, qısa müddətdə Avropaya böyük həcmdə əlavə qaz sata bilək”, – D.Xatınoğlu vurğulayıb.(pressklub)
Elçin Eldaroğlu