Yenixeber.org “Məlum olduğu kimi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən “2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” hazırlanıb və 08.09.2021-ci il tarixində Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib. Sənəd 2022-ci ilə və ortamüddətli dövrə dair makroiqtisadi proqnozları, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafı ilə bağlı milli xərc prioritetlərini, buna uyğun olaraq büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir. Sənəd Maliyyə Nazirliyinin internet səhifəsi vasitəsilə açıqlandıqdan sonra kütləvi informasiya vasitələrindən 2021-ci ildə dövlət büdcəsinə daxilolmaların artım mənbələri ilə bağlı çoxsaylı sorğular daxil olmaqdadır.
Qanunvericiliyin tələblərinə görə, növbəti il və sonrakı üç il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin parametrlərinə dair məlumatlar, həmçinin bu dövr üçün makroiqtisadi proqnozlar Milli Məclisə təqdim edilənədək ictimai müzakirələr üçün açıqlanmalıdır.
Mövcud praktikaya əsasən, sənəd dərc olunmamışdan əvvəl əsas iqtisadi göstəricilər aidiyyəti dövlət qurumları, o cümlədən İqtisadiyyat Nazirliyi ilə razılaşdırılır. Qeyd edək ki, əvvəlki illərdə məhz bu praktika tətbiq olunub.
Cari ildə də sənədin əsas parametrləri ilə bağlı müzakirələr keçirilib. Bununla belə, bəzi göstəricilər, o cümlədən dövlət büdcəsinin gəlirləri üzrə göstəricilər yekun olaraq hələlik razılaşdırılmayıb. Sənəd ilkin xarakter daşıyır və qarşıdakı günlərdə Maliyyə Nazirliyi və digər aidiyyəti strukturlarla müzakirələr davam etdiriləcək”.
İlk baxışda İqtisadiyyat Nazirliyinin ötən gün yaydığı açıqlamanı oxuyan istənilən şəxs sanki burada qeyri-adi heç nə yoxmuş kimi davranış sərgiləyər. Amma görünən odur ki, məsələ düşünüldüyündən də qəliz və mürəkkəbdir və ölkə iqtisadiyyatının lokomotivi hesab olunan İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi arasında soyuq küləklər əsməyə başlayıb. Məsələ burasındadır ki, istənilən şəxs yuxarıdakı xəbərlə tanış olduqdan sonra tərəddüd etmədən İqtisadiyyat Nazirliyinin haqlı olduğunu görür və Maliyyə Nazirliyinin, şəxsən nazir Samir Şərifovun “qırmızı xətt”i keçdiyi qənaətinə gəlir. Əslində burada qeyri-adi heç nə yoxdur və Samir Şərifov illərdi dövlət büdcəsini öz arşını ilə ölçərək öz üsulları ilə bölürdü, bu zaman kimsə ona “gözün üstə qaşın var” da demirdi. Məhz buna görə onda ölkənin baş xəzinədarı kimi elə bir ərköyünlük yaranmışdı ki, hətta baş nazirə belə hesabat verməyi, yaxud nələrisə onunla müzakirə edib razılaşdırmağı artıq hesab edirdi. İllərdi parlamentdə verdiyi hesabatlarda və istər dövlət büdcəsinin qəbulu, istərsə də büdcəyə əlavə və dəyişikliklərin qəbulu zamanı Samir Şərifov öz ötkəm çıxışları, deputatların qaldırdıqları məsələrə bəzən köntöy, bəzən atmacalı-tikanlı cavabları ilə maliyyə sahəsində fövqəlnazir obrazını hər kəsə diqtə edirdi.
Yeri gəlmişkən, ötən ilin büdcə müzakirələri zamanı Samir Şərifov bir az da qabağa gedərək İlham Əliyevin gənclərdən ibarət deputat korpusunu məsxərəyə qoymuşdu və verilən suallara, qaldırılan problemlərə cavab vermək əvəzinə onları açıq-aşkar ələ salmışdı. Bununla da kifayətlənməyərək BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin haqlı iradına hədsiz dərəcədə aqressiv tonda şantaj xarakterli cavab vermişdi. Halbuki Q. Həsənquliyev 2 milyard manat büdcə vəsaitinin niyə parlamentlə razılaşdırılmadan təyinatının dəyişdirilməsi səbəbini soruşmuşdu və bunun yolverilməz olduğunu bildirmişdi. Deputatın qaldırdığı məsələyə təmkinli cavab vermək əvəzinə S. Şərifov əslində təkcə deputata deyil, parlamentə meydan oxumaqdan çəkinməmişdi. Təəssüf ki, o zaman spiker Sahibə Qafaraova da ərköyün nazirin bu davranışlarına haqq edilən cavab verməyi lazım bilməmişdi.
Amma 44 günlük savaşdan sonra təkcə zaman dəyişmədi, eyni zamanda dövlət büdcəsinin yeni parametrlər üzrə xərclənməsi reallığı yeni idarəetmə fəlsəfəsini ortaya qoydu. Nəticədə samir Şərifovun “burda mənəm Bağdadda kor xəlifə” dönəmi sona yetdi, buna görə də üstüörtülü də olsa ona ayağını yorğanına görə uzatmaq, səlahiyyət həddini aşmamaq göstərişi verildi. Amma görünür ya mesaj düşgün anlaşılmadı, ya da əhəmiyyət verilməməsi yolu tutuldu. Ötənlərdə bir çox bəlalardan qurtulmağı bacaran və Eldar Mahmudov kimi cəlladın qılıncından, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı kimi fitnəkarın yağlı kəndirindən salamat qurtulmağı bacaran maliyyə naziri bu dəfə sanki minaya basdı və bununla da həyatının səhvini etdi…
Yuxarıda qeyd edildiyi kimi zaman dəyişib və çevik qərarlar verilməsinə ehtiyac yaranıb və tutaq ki, hansı meqalayihəyə hansı məbləğin ayrılmasının Samir Şərifovla razılaşdırılmasına, onun illərdi formalaşmış bürokratik məngənəsindən keçməsinə gərək qalmayıb. Görünür, maliyyə naziri baş verənləri həzm edə bilmədiyindən müqavimət göstərmək qərarına gəlib və bu zaman obrazlı ifadə olunsa daş qayaya rast gəlib. Özünü ölkədə maliyyə sahəsində məğlubedilməz hesab edən Samir Şərifov Mikayıl Cabbarov kimi bir islahatçı fiqurun zühur etməsi və onu proseslərdən qismən də olsa kənarlaşdırması “çest”inə dəyib.
İndi bu iki qurum arasındakı soyuq münasibətlər ilkin mərhələsindədir və bu ilki dövlət büdcəsinin parlamentdə müzakirəsi zamanı daha da dərinləşəcəyini proqnozlaşdırmaq olar. Təbii ki, Mikayıl Cabbarov bu gün öz parlaq karyerasının zirvəsindədir və prezident İlham Əliyevlə I vitse prezidentin ona olan aşırı simpatiyası M. Cabbarovu gerçək fövqəlnazirə çevirib. Bu baxımdan Mikayıl Cabbarov – Samir Şərifov qarşıdurmasının kimin başında çatlayacağı gün kimi ortadadır. Əslində yuxarıda da qeyd olunduğu kimi görünən odur ki, burada İqtisadiyyat Nazirliyi haqlı tərəfdir və Maliyyə Nazirliyi rəhbərliyi saymazyana davranışı ilə gövdə nümayişi sərgiləməkdən çəkinməyib…
Sabiq maliyyə naziri, iqtisadçı alim, professor Fikrət Yusifov da Maliyyə Nazirliyinin davranışlarının məntiqsizliyi qənaətindədir. Moderator.az-a açıqlamasında F. Yusifov deyir ki, Maliyyə Nazirliyi pandemiyanın sarsıdıcı zərbəsindən özünə gələ bilməyən iqtisadiyyata süni nəfəs vermək əvəzinə iş adamlarının vergi yükü ilə nəfəsini kəsir:
“Beynəlxalq Valyuta Fondunun ənənəvi “Qlobal İqtisadi Mənzərə” hesabatına əsasən Azərbaycanda iqtisadi artımın 2021-ci ildə 2,3 faiz, 2022-ci ildə isə 1,7 faiz olacağı proqnozlaşdırılır. Dünya Bankı Qlobal iqtisadi artım proqnozunda isə xammal ixrac edən ölkələr üzrə iqtisadiyyatın 2022-ci ildə 3,3%-dən çox artmayacağı proqnozu verilir. Belə olan halda gələn il üçün iqtisadiyyatın qeyri – neft sektorundan büdcə daxilolmalarının birdən birə 19,3 % – 1 844 milyon manat artırılmasının necə baş verəcəyi məlum olmur.
Dövlət büdcəsi iqtisadiyyatın güzgüsüdür, onun gəlirləri bu iqtisadiyyatın necə işləməsindən asılı olaraq müəyyən edilməlidir. Bu səbəbdən təklif olunan proqnozlara yenidən və məhz 2022-ci il üçün işlənib hazırlanmış iqtisadi proqnozlar əsasında baxılması və Dövlət büdcəsinin gəlirləri üzrə göstəricilərin məhz bu proqnazlarla uzlaşdırılması şərtdir. Bu elə bir “velosiped”dir ki, onu bütün dünya qəbul edib və burada yeni heç nə icad etməyə ehtiyac yoxdur – büdcə gəlirləri iqtisadi fəaliyyətin nəticəsidir və nöqtə!
İki ilə yaxındır ki, Pandemiya səbəbindən bütün dünyada olduğu kimi Azərbaycanda da real olaraq iqtisadi tənəzzül prossesləri yaşanır. Bu gün qeyri-neft sektorunun onurğa sütunu olan kiçik və orta biznes müəssisələrinin əksəriyyəti ciddi maliyyə çətinlikləri yaşayır. Cari ilin başa çatmasına bir rüb qalmasına baxmayaraq bu müəssisələrin əksəriyətinin dövlət sifarişi ilə yerinə yetirdikləri işlər üzrə büdcədən maliyyələşmə bu günə qədər açılmayıb. Elə bu səbəbdən də çoxsaylı kiçik və orta biznesə müəssisələri ağır maliyyə durumuna düşüblər. Belə bir vəziyyətdə növbəti ildə onlardan alınacaq vergilərin 20%-ə qədər artırılmasının hansı məntiqə söykəndiyi aydın deyil”.
Sonda qeyd edək ki, bu “dəyirman”ın nə qədər su aparacağını indidən proqnozlaşdırmaq o qədər də asan deyil. Amma bəri başdan iddia etmək olar ki, qarşıdakı dönəmdə Samir Şərifov üçün heç də hər şey asan olmayacaq. Hətta bu dəfə Eldar Mahmudov – Rüfət Aslanlı tandemindəki özünümüdafiə taktikası da keçərli deyil, çünki görünən odur ki, o çağırışlara məhəl qoymayaraq çoxdan minalı sahəyə daxil olub… (moderator)