Stalinin şəxsi tərcüməçisi –Valideynlərinin ABŞ-a köçməsi onu ölüm təhlükəsi qarşısında qoyub
O, öz dövrünün ən nəhəng siyasətçilərinin hamısını görüb, onların bir addımlığında dayanıb, dövlət başçılarının məxfi söhbətlərini eşidib və ən əsası, öz işini yüksək səviyyədə icra edib...
Yenixeber.org: Uinston Çörçill Stalinə Valentin Berejkov haqqında yüksək fikirlərini bildirib: “Berejkov tərcüməçidən daha çox diplomat səviyyəli bir şəxsdir. O, siyasi terminləri mükəmməl bilir, tərcümə etdiyi fikirləri əsl diplomat kimi ifadə edir.”
Franklin Ruzvelt də Berejkovu yüksək qiymətləndirib: “Berejkov gələcəkdə böyük diplomat olacaq. Stalinin tərcüməçi sarıdan bəxti gətirib. Berejkovun fikirlərini ifadə etmək bacarığı bir çox dövlət başçılarından üstündür”.
Nəhəng siyasətçilərin dedikləri illər sonra reallaşıb, Berejkov təkcə SSRİ-də deyil, Amerika Birləşmiş Ştatlarında da tanınmış diplomatlardan biri sayılıb. Amma bu səviyyəyə çatmaq Berejkova asan başa gəlməyib, sərt Stalin rejimi onun həyatında da qara izlər buraxıb.
Valentin Berejkov 1916-cı ildə Petroqradda (indiki Sankt-Peterburq) anadan olub. Vətəndaş müharibəsi illərində ailə Ukraynaya, Kiyev şəhərinə köçüb.
Berejkov orta təhsilini Kiyevdə alıb. Eyni zamanda o, 3 il Kiyevdə fəaliyyət göstərən xarici dillər məktəbində alman və ingilis dillərini öyrənib. Daha sonra təhsilini Kiyev Politexnik İnstitutunun axşam şöbəsində davam etdirən Berejkov gündüzlər “Arsenal” zavodunda elektrik işləyib.
1939-cu ildə hərbi xidmətə çağrılması Valentin Berejkovun həyatında yeni mərhələ açıb. Bir neçə ay Uzaq Şərq hərbi dairəsində xidmət etdikdən sonra, onun dil bilgiləri nəzərə alınaraq Moskvaya göndərilib. O, xarici ölkələrdən sovet ordusu üçün ərzaq və əşya alınması prosesində gedən danışıqlarda tərcüməçi qismində iştirak edib. Belə danışıqlar zamanı Valentin Berejkov SSRİ-nin yüksək ranqlı dövlət məmurlarının diqqətindən yayınmayıb və hərbi xidmətini başa vurduqdan sonra onu Xarici İşlər Komissarlığında (nazirliyində) işə qəbul ediblər.
Valentin Berejkovun Xarici İşlər Komissarlığında ilk işi Almaniya və SSRİ arasında bir-birinə hücum etməmə müqaviləsi — nasist Almaniyası ilə Sovet İttifaqı arasında neytrallıq barədə 23 avqust 1939-cu ildə Moskvada Vyaçeslav Molotov və İohan Ribbentrop tərəfindən imzalanmış Molotov-Ribbentrop paktının imzalanmasında iştirakı olub. Məhz Molotovun təşəbbüsü ilə Berejkov bu tədbirdə tərcüməçi kimi iştirak edib.
1940-1941-ci ildə Valentin Berejkov SSRİ-nin Berlindəki səfirliyində 1-ci katib vəzifəsinə göndərilib. Sovet-alman müharibəsi başlanandan sonra o, Moskvaya qayıdıb və Xarici İşlər Komissarlığının mərkəzi aparatında müşavir, eyni zamanda Vyaçeslav Molotovun köməkçisi vəzifəsində işləyib.
1941-ci ildə Berejkovun karyerasında növbəti “yaşıl işıq” yanıb. Stalin Molotova öz tərcüməçisindən narazılığını bildirəndə və onu başqa bir tərcüməçi ilə əvəz edilməsini göstəriş verəndə, Molotov Valentin Berejkovu sovet liderinə təqdim edib. Beləliklə, Berejkov müharibə illərində Stalinin şəxsi tərcüməçisi işləyib, bütün görüşlərində, o cümlədən Tehran konfransında da Berejkov Stalinin yanında olub.
Ətrafındakıları tərifləməyə həmişə “xəsis” olan Stalin tərcüməçisi haqqında xoş sözlər deməkdə səxavətini əsirgəməyib, onun işi haqqında razılıqla danışıb, Berejkova xoş münasibət bəsləyib. Amma 1945-ci ildə bu xoş münasibətlərə birdəfəlik son qoyulub.
Belə ki, Berejkovun Kiyevdə yaşayan valideynləri şəhər işğaldan azad olunduqdan sonra geri çəkilən almanlarla birgə Almaniyaya qaçıblar, oradan isə Amerikaya mühacirət ediblər. Lavrenti Beriya bu haqda Stalinə məruzə edəndə, Berejkov Stalinin qəzəbinə tuş gəlib və o, Berejkovu vəzifəsindən azad edərək bir neçə nəfərin yanında onu Kremldən qovub. Berejkov həmin günlər haqqında öz xatirələrində yazıb:
“Məni nə gözlədiyini yaxşı bilrdim. Stalinin şəxsən özü tərəfindən işdən azad olunan bir şəxsi nə gözləyə bilərdi? Güllənlənmə, ən yaxşı halda isə sürgün. Bütün günü Moskvanın küçələrində dolaşırdım. Hər dəfə gecələr evə qayıdanda düşünürdüm ki, mənzilimdə məni “NKVD”-nin əməkdaşları qarşılayacaq. Amma belə olmadı. Günlərin birində evə dönəndə poçt qutusunda məktub gördüm. Məktubda mənə yeni iş təklif olunmuşdu. “Novoe vremya” jurnalında işə dəvət olunmuşdum. Sonralar bildim ki, bu işi Molotov təşkil edib. O, məni Stalinin cəzasından xilas etmişdi...”
Stalinin vəfatından sonra Berejkov yenidən Xarici İşlər Nazirliyində fəaliyyətini davam etdirib. Namizədlik və doktorluq dissertasiyası müdafiə edərək elmi dərəcələr alıb. 1979-cu ildə SSRİ-nin Vaşinqtondakı səfirliyində 1-ci katib vəzifəsinə təyin olunub və 1983-cü ilə qədər bu vəzifədə çalışıb.
1990-ci illərdən sonra Valentin Berejkov ABŞ-a köşüb, Amerikanın nüfuzlu ali təhsil ocaqlarında mühazirələr söyləyib. Onun II dünya müharibəsi, ABŞ-SSRİ münasibətləri, Stalinlə işlədiyi dövrlə bağlı yazdığı kitablar böyük oxucu auditoriyası qazanıb.
Valentin Berejkov 1998-ci ildə. 82 yaşında Kaliforniyada vəfat edib. Onun nəşi Moskvaya gətirilərək Vaqankovo qəbirstanlığında dəfn edilib.
İlham Cəmiloğlu