Hitlerin cəza dəstələrinin cəzalanan komandiri –Rem “uzun bıçaqlar gecəsi”ndən sağ çıxmayıb
Yenixeber.org: Ayrı-ayrı dövrlərdə dünyanın bir sıra ölkələrində hakimiyyət daxilindəki çəkişmələr bir çox hallarda qanlı hadisələrlə yekunlaşıb. Adolf Hitlerin Almaniyada hakimiyyətdə olduğu dövrdə də nasist partiyasının daxilindəki gərginlik sakitliklə ötüşməyib.
30 iyun 1934-cü il Almaniya tarixinə “uzun bıçaqlar gecəsi” kimi düşüb. Həmin gecə “uzun bıçaqlar” nasist partiyasında kütləvi qırğınlara səbəb olub.
1921-ci ildə Adolf Hitler partiya rəhbərliyinə gələndə, onun göstərişi ilə partiyanın sıralarına fiziki cəhətdən güclü almanlar da çəlb edilib ki, həmin şəxslərdən ibarət hücum dəstələri “SA” yaradılıb. 1931-ci ildə Ernest Rem “SA” qüvvələrinə başçı təyin edilib. Onun gərgin fəaliyyəti nəticəsində qısa müddət ərzində “SA” hücum dəstələrinin üzvlərinin sayı 400 min nəfərə çatıb.
1933-cü ildə nasistlərin hakimiyyətə gəlişindən sonra “SA” qüvvələrində struktur islahatları aparılıb, nasist partiyasının tabeliyində olan bu qurum tam hərbiləşdirilib və döyüşçülərin sayı 2 milyona çatdırılıb. Məhz Hitlerin hakimiyyətə gəlməsində “SA”-nın rolu böyük olub.
Ernest Remin günü-gündən artan nüfuzu və böyük güc strukturuna rəhbərlik etməsi Almaniyanın hakim dairələrində təmsil olunan yüksək ranqlı məmurların qısqanclığına səbəb olub. Digər tərəfdən, Hitler hakimiyyətinin ilk illərində partiya daxilindəki qruplaşmalar, hakimiyyətə can atanlar Remi özlərinə real maneə və təhlükə sayıblar. Məhz belə gərgin bir vəziyyətdə fürerin yaxın ətrafı Ernest Rem haqqında yeni rəy formalaşdırmağa çalışıblar, onun çevriliş etmək cəhdində olduğunu dilə gətirməkdən çəkinməyiblər. Hətta dövriyyəyə belə bir informasiya da buraxılıb ki, guya “SA” qüvvələri Almaniya ordusuna qarşı təxribat planları hazırlayıb.
Ernest Rem haqqında dolaşan fikirlər bunlarla yekunlaşmayıb. 1934-cü ilin iyun ayının 2-də Adolf Hitlerə Herinq və Himmler tərəfindən məxfi məlumat təqdim edilib. Həmin məlumatda Ernest Remin hakimiyyəti devirəcəyi haqqında informasiyalar yer alıb. Fürer heç bir fakta əsaslanmayan bu informasiyanı ciddi qəbul edib. Eyni zamanda Ernest Rem də onun haqqında dolaşan informasiyalardan ciddi narahat olub. O, füreri “sakitləşdirmək”, heç bir qiyam planının olmadığını sübut etmək üçün “SA” döyüşçülərinin hamısını bir aylıq məzuniyyətə buraxıb və fürerdən icazə alaraq Münhen yaxınlığındakı Bad-Visze kurortuna istirahətə yollanıb. Rem elə düşünüb ki, bununla da dolaşan bütün söz-söhbətlərə son qoyulacaq.
Hitler Ernest Remin bu “səmimiyyətinə” inanmayıb. “SA”-nın şəxsi heyətinin məzuniyyətə buraxılmasını növbəti oyun kimi qəbul edib. Fürer son qərarını verib: Rem məhv edilməlidir.
Böyük hərbi qüvvələrə malik olan Ernest Remi zərərsizləşdirmək üçün xüsusi əməliyyat planı hazırlanıb. İyunun 30-da gecə saat 2-də fürerin təyyarəsi Münhen aeroportuna eniş edib. Hitlerin ilk göstərişi “SA”-nın Münhen bölmələrinin başçılarını həbs etmək olub. Əmr 30 dəqiqə ərzində icra olunub.
Əsəblərinə hakim kəsilə bilməyən Hitler Münhendə növbəti qərarını verib: Ernest Remin həbs olunmasında şəxsən iştirak etmək qərarını. Beləliklə, gecə saatlarında Hitler Bad-Viszeyə yollanıb.
Fürerin mühafizəçisi həmin anları belə xatırlayıb: “Saat 6.30-da biz Remin qaldığı mehmanxanaya çatdıq. Hitler yuxarı qalxdı. Polislərdən biri Remin qaldığı nömrənin qapısını döydü. Qapı açılanda Hitler əlində tapança içəri daxil oldu. O, Remi satqın adlandırdı və onun həbs olunmasını əmr etdi...”
Bu ərəfədə Remin döyüşçüləri mehmanxananın qarşısına toplaşıblar. Hitler çəkinmədən onların qarşısına çıxıb: “Mən sizin fürerinizəm, siz mənə tabesiniz. İndi isə dağılışın və mənim əmrlərimi gözləyin...”
Əməliyyat zamanı Ernest Remin bütün tərəfdarları həbs edilib. “Uzun bışaqlar gecəsi”ndə ümumilikdə 205 (bəzi mənbələrə görə isə 287) nəfər həlak olub ki, onlar hamısı nasist partiyasının üzvləri olublar. O, cümlədən Ernest Rem də güllələnib.
Bu hadisə ilə Adolf Hitler partiya rəhbərliyinə, Almaniyada ayrı-ayrı güc strukturlarına, o cümlədən Almaniya xalqına öz “qətiyyət”ini, mütləq hakimliyini sübut edib.
“Uzun bıçaqlar gecəsi”ndən sonra “SA” hücum dəstələrində kütləvi ştat ixtisarları aparılıb. Bu qüvvələrdən yalnız əsir düşərgələrində mühafizəçi və nəzarətçi kimi istifadə olunub.
Araşdırmaçıların qənaətinə görə, bu əməliyyatdan sonra Hitler partiya daxilində də “təmizlik” işləri apardıqdan sonra öz vəzifə mövqeyini daha da möhkəmləndirib.
İlham Cəmiloğlu