Təhsil Nazirliyindən Təfəkkür Universitetinə xüsusi qayğı
Təfəkkür Universiteti ilə bağlı Təhsil Nazirliyinə ünvanlanan müraciətlər “daşa dəyir”
Rektor Müşfiq Atakişiyevin Təhsil Nazirliyində xüsusi himayəçiləri olması ilə bağlı məlumatlar var
“Xeberinfo.com”: Son zamanlar mətbuatda ali məktəblər sırasından adı daha çox hallanan Təfəkkür Universitetidir. Bu təhsil müəssisəsi ilə bağlı tədrisin səviyyəsindən tutmuş, “perevod”lara qədər müxtəlif ziddiyyətli məlumatlar dolanmaqdadır. Həm də daha ardıcıl və konkret faktlarla.
Bu faktlar Təfəkkür Universiteti ilə bağlı heç də yeni deyil. İllərdir ki, ara-sıra müxtəlif mətbu orqanlarda bu mövzuda yazılara rast gəlinir. Ukraynanın, Rusiyanın məşəyi bilinməyən ali məktəblərindən Təfəkkürə “perevod”lar haqqında o qədər yazılıb ki, artıq bununla heç kimi təəccübləndirmək olmaz.
Bu istiqamətdə “xeberinfo.com”a daxil olan məlumatda isə “perevod”ların artıq xaricdən deyil, ölkə daxilində gerçəkləşməsindən bəhs olunur. Məlum olduğu kimi, ötən ilin sentyabrındaTəhsil Nazirliyinin Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialında apardığı araşdırmalardan sonra bu təhsil müəssisəsinin fəaliyyətinə xitam verildi. Səbəb kimi isə kütləvi şəkildə saxta yolla tələbə qəbulunun olması göstərildi.
Məlumata görə bundan sonra aldandıqlarının fərqində olan bu “tələbə”lərin valideyinləri filial rəhbərliyinin üzərinə gediblər. Prosesdə iştirakçı olan məsuliyyət sahibləri də narazıları sakitləşdirməklə bərabər, vəziyyətdən çıxış yolu aramaqdadırlar. Sən demə çıxış yolu kimi isə ilk ağıllarına gələn Təfəkkür Universiteti olub. Artıq bu yöndə müəyyən addımların atıldığı da deyilir. Bu ilin yanvarında 400-dən cox “perevod”un baş tutduğu bildirilir...
Biz Təfəkkür Universiteti ilə bağlı bu və digər məlumatlara aydınlıq gətirib, geniş yazı hazırlamaq məqsədi ilə hörmətli rektor Müşfiq Atakişiyevə 24. 10. 2014-cü il tarixli 036/014 rəsmi məktub da ünvanladıq. Məlum qanun və prinsiplərə uyğun. Xahiş etdik ki, məlumatları dəqiqləşdirmək üçün əməkdaşımıza müəyyən şəraitin yaradılmasını təmin etsin. Təəssüf ki, cənab rektor məktubumuzu cavabsız qoydu...
Daha sonra isə təhsil naziri Mikayıl Cabbarova 16. 02. 2015 tarixli 02/015 №-li məktub ünvanladıq. Bu dəfə də hörmətli nazirdən xahiş etdik ki, yazıda toxunduğumuz detalların araşdırılıb, redaksiyamızın məlumatlandırılmasını təmin etsin. Yenə də təəssüf: bu müraciətimiz də Təhsil Nazirliyində “daşa dəydi”. Məlum zamanda məktubumuza cavab verilmədiyindən, nazirliklə əlaqə yaratdıq. Ötür-ötür oyunundan sonra aldığımız cavab belə oldu: “sizin məktubunuz bizə çatmayıb”.
Xatırladım ki, sözügedən məktubu “Azərpoçt” vasitəsi ilə, sifarişlə göndərmişik. Yerli poçt filialı ilə araşdırmamızdan sonra məlum oldu ki, məktub Mikayıl Cabbarovun rəhbərlik etdiyi nazirliyə yetişib. Hansısa səbəbdən məktubumuz nazirlikdə yoxa çıxıb...
Biz rektor Müşfiq Atakişiyevlə Təhsil Nazirliyinin bəzi məsul şəxslərinin dostluğu haqqında məlumatlıyıq. Həm də bu dostluğun “əl əli yuyar, əl də üzü” prinsipinə kökləndiyini də bilirik...
Bütün bunlara baxmayaraq ümüd edirik ki, cənab Cabbarov məlum qanunlara sayqı əlaməti olaraq, növbəti məktubumuzu cavablandıracaq. Və biz də qarşıdakı günlərdə mövzu ilə bağlı geniş yazı hazırlaya biləcəyik.
Rasim