“QARABAĞDA 21-ci ƏSRİN MÜHARİBƏSİ OLUB” -“Forbes” Azərbaycanın qələbəsini "heyrətamiz uğur" adlandırdı
“Forbes” məcmuəsində müdafiə məsələlərindən yazan jurnalist Pol İddon yazıb ki, Qarabağ müharibəsində müasir və təkmil hərbi vasitələrdən istifadə Azərbaycana qətiyyətli və dağıdıcı qələbə qazandırıb və onu bahalı və uzun sürən münaqişədən xilas edib.
Yenixeber.org: “Bunu etməklə Bakı döyüş dronları kimi müasir hərbi texnologiyanın kiçik ordulara və ölkələrə döyüş meydanında öz çəkisindən ağır zərbə endirmək imkanı verdiyini nümayiş etdirib”.
Məqalədə deyilir ki, 2020-ci ilin əvvəllərində bir çox erməni əsgərlər 1994-cü ildəkinə bənzəyən müharibə gözləyirdilər.
Onlar Rusiya istehsalı olan “T-72” tanklarının böyük cəbbəxanasının, havadan müdafiə üçün qüdrətli “S-300” raketlərinin şəbəkəsi ilə üstün gələcəklərinə, ən azı cəbhə xəttini saxlaya biləcəklərinə inanırdılar.
Amma nəticədə Ermənistan ordusu Azərbaycan hərbiyyəsi tərəfindən yerlə yeksan edildi.
Hərbi ekspert Erik Çan The “Diplomat” nəşrində yazırdı ki, bu müharibədən əvvəl Azərbaycanın statik səngər müharibəsinə hazırlaşdığına dair təsəvvür yaranmışdı. Ekspertin fikrincə, Ermənistan ordusuna 1994-cü il müharibəsinin veteranları tərəfindən təlimləndirilmiş könüllülərin ilkin axını da bununla əlaqədar idi: “Buna görə də bu qüvvələr Ermənistana 1994-cü ildə qələbə vermiş sovet metodlu müharibəyə heç də bənzəməyən müharibə ilə üzləşəndə tamamilə demoralizə olundular. Erməni qüvvələri əvvəlcə donuxdu, sonra isə məhv edildi. Təkcə mövqe yox, həm də psixoloji baxımdan”.
“Sadə olduğu qədər dahiyanə”
Məqalədə deyilir ki, Azərbaycan buna ilk növbədə həm də çox dəqiq vuran İsrail istehsalı Harop “intihar” dronları və Türkiyə istehsalı Bayraktar TB2 PUA-ları ilə nail olmuşdu.
Müəllif yazır ki, Azərbaycanın Harop dronlarından Erməni qüvvələrinin hava müdafiə sistemlərinə endirdiyi zərbələr sadə olduğu qədər də dahiyanəydi.
Bakı bu məqsədlə məsafədən idarə olunan ucuz “Antonov-2” biplanlarını havaya buraxmış və bu aldadıcı manevrlə ermənilərin bahalı “S-300” komplekslərinin radarlarını hərəkətə gətirmiş, aşkar etmiş və ardınca onlara Harop dronları ilə zərbə endirmişdi.
İddon yazır ki, bu üsulla ən azı altı “S-300” qurğusunun məhv edildiyi məlumdur. Məqalədə qeyd olunduğuna görə, Ermənistan rəsmilərinin bu yaxınlarda açıqladığı videogörüntülər Harop zərbələrinin nə qədər dağıdıcı olduğunu nümayiş etdirib.
Ucuz silahlarla bahalı silahları vurmaq
Müəllif yazır ki, “S-300” müdafiə çətiri zəiflədikdən sonra Ermənistanın quru qüvvələri dron zərbələri qarşısında müdafiəsiz qalıb: “Müharibənin davam etdiyi günlərdə Azərbaycan prezidenti İlham Əliyev deyirdi ki, onun ordusundakı TB2 dronları Ermənistanın 1 milyard dəyərində olan silahlarını məhv edib. Yəqin ki, bu şişirtmə deyil. Çünki Ermənistan təxminən 240 tank itirdiyi bir halda, Azərbaycan təxminən cəmi 36 tankını itirib”.
Məqalədə deyilir ki, Azərbaycan qüvvələri üstəlik Ermənistanın azı 39 tankını və 24 BMP-sini ələ keçirib. İddon yazır ki, Bakı bu heyrətamiz uğuru bu yüksək texnologiyalı silahlara müəyyən zaman müddətində nisbətən az pul xərcləməklə nail olub.
Azərbaycanın 2006 və 2019-cu illər arasında aldığı İsrail silahlarına təxminən 825 milyon dollar xərclənib.
Stokholm Sülh Tədqiqatları İnstitutunun hesablamasına görə 2016-2020-ci illər arasında Azərbaycanın hərbi idxalının 69 faizini İsrail silahları təşkil edib.
Müəllif yazır ki, 2020-ci ilin müharibəyəqədərki 9 ayı ərzində Türkiyə silahlarına 123 milyon dollar xərclənib.
Yenə də “İskəndər” barədə
Məqalədə deyilir ki, Azərbaycan Ermənistanın kəmiyyətcə çox texnikasına üstün gəlmək üçün təkmil texnologiyalı silahlardan 44 günlük müharibənin son gününədək istifadə edib.
İddon iddia edir ki, Azərbaycan qüvvələri Şuşanı tutduqdan sonra İrəvan belə görünür, Bakını atəşkəsə məcbur etmək üçün Rusiya istehsalı qısamənzilli ballistik “İsgəndər” raketi atıb. Onun sözlərinə görə, bu raketlərdən biri Bakıya atılıb, lakin hədəfə dəyməyib, çünki Azərbaycanın onun vurmaq üçün saxladığı daha bir yüksək texnologiyalı silahı vardı.
Məqalədə iddia olunur ki, söhbət İsrailin “Aerospace Industries” şirkəti ilə Hindistanın Müdafiə Tədqiqatları və İnkişaf Təşkilatının birgə istehsalı olan Barak 8 havadan müdafiə raket sisteminin “İsgəndər”i havada vurmasından gedir.
Dronlarsız itkilər daha çox olardı
İddon yazır ki, Azərbaycanın belə bir müharibəni 21-ci əsrdə ilk dəfə olaraq aparmağa necə qabil olması qarşıdan gələn illərdə təhlil ediləcək. Müəllifin fikrincə bu, həm də onu göstərir ki, kiçik ölkələr özləri ölçüdə, hətta özlərindən də böyük ölkələrə müasir silah sistemləri ilə üstün gələ bilər.
Jurnalist Set Frantzman bu yaxınlarda “The Jerusalem Post” qəzetində yazdığı məqalədə belə bir mülahizə irəli sürür ki, Azərbaycanın İsrail silahlarından istifadə etməsi müharibənin müddətini qısaltmaqla hər iki tərəfdən canlı itkilərin nisbətən az olmasına imkan verib.
O bildirir ki, sözü gedən silahların dəqiqliyi habelə mülki əhali arasında itkiləri minimuma endirib. (azadliq.org)