Qatil diktatorların mülayim və qayğıkeş anaları –Mariya Ulyanova, Klara Hitler, Yekaterina Cuqaşvili...
Vladimir İliç Lenin, İosif Stalin, Adolf Hitler, Səddam Hüseyn, Kim İr Sen, Mao Tszedun, Pol Pot, Fransisko Franko, İosip Broz Tito... 20-ci əsrin diktartorlarının siyahısını bir az da uzatmaq olar. Onlar tarixin gedişinə müdaxilə ediblər, təsir göstəriblər. Qanla, qiyamla, üsyanla, inqilabla hakimiyyətə gəliblər, milyonlarla insanın həyatına son qoyublar.
Yenixeber.org: Maraqlıdır, bəs tarixin gedişinə təsir göstərən diktatorların həyatına kim təsir göstərib? Hər halda insan dünyaya gələndə ona ilk təsir göstərən onu dünyaya gətirən anadır. Elə bu yazıda da diktatorların analarından bəhs edəcəyik.
Leninin anası Mariya Ulyanova 1835-ci ildə Sankt-Peterburqda dünyaya gəlib. Bir neçə dil bilən, yaxşı təhsil alan Mariya Ulyanova xarakter etibarı ilə mərhəmətli və mülayim qadın olub. O, İlya Ulyanovla ailə qurduqdan sonra 8 uşaq dünyaya gətirib. Uşaqlardan ikisi körpə yaşlarında ölüb. 1886-cı ildə Leninin atası vəfat etdikdən sonra ailənin bütün yükü Mariya Ulyanovanın üzərinə düşüb. Bir il sonra, 1887-ci ildə Leninin qardaşı Aleksandr Ulyanov imperator 3-cü Aleksandra sui-qəsd cəhdində ittiham olunaraq edam edilib. 1891-ci ildə Leninin 19 yaşlı bacısı Olqa xəstəlikdən vəfat edib. Leninin anası bütün əziyyətlərə qatlaşaraq qalan 4 övladını sağlam və təhlükəsiz böyütməyə çalışıb. Xüsusilə Leninin inqilabi tələbə dərnəklərində iştirak etməsi, siyasi fəaliyyəti Mariya Ulyanovanı ciddi narahat edib. Bu narahatlığa görə o, Samara quberniyasında kiçik bir ev alaraq mərkəzdən övladları ilə birgə ora köçüb. Amma bu uzaqlaşma da Leninin siyasi fəaliyyətinə mane ola bilməyib. Dörd övladının dördünün də inqilabi fəaliyyətdə iştirakı onu narahatlıq içində saxlayıb. Elə vaxtlar olub ki, Mariya Ulyanovanın dörd övladı eyni vaxtda sürgündə, həbsdə olublar. Mariya Ulyanova öz övladlarını, xüsusilə də Leninin siyasi proseslərdən çəkindirmək istəsə də, bunu bacarmayıb. Lenin inqilab etmək fikrindən daşınmayıb. Amma anasına Leninin üsyan və inqilablarla hakimiyyətə gəlməsini, “proletariatın dahi rəhbəri” olmasını görmək qismət olmayıb. O, 1916-cı ildə vəfat edib.
Adolf Hitlerin anası Klara Hitler 1860-cı ildə Avstriyanın Vaytra şəhərində anadan olub. O, 13 yaşından Hitlerin atasının, Alois Hitlerin evində xidmətçi kimi işə başlayıb. Klara ilə Alois yaxın qan qohumu olublar. 1885-ci ildə Alois Hitlerin ikinci həyat yoldaşı vəfat edəndə o, üçüncü dəfə Klara ilə ailə həyatı qurub. Klara Aloisdən 23 yaş kiçik olub. Bu nikahdan cütlüyün 6 övladı olub. 1889-cu ldə isə Adolf Hitler dünyaya gəlib. Klara Hitler qohumlar arasında qayğıkeş ana, ev təsərrüfatını lazımınca idarə etməyi bacaran qadın kimi seçilib və fərqlənib. Onu daha ciddi düşündürən məsələlərdən biri övladlarının təhsili olub. Adolf Hitlerin atası ilə münasibətləri çox da isti olmayıb. O, dərsə davamiyyəti ilə bağlı tez-tez atasından tənbeh alıb və bu tənbehlərə görə atasından çox da razı qalmayıb. Adolf Hitler anasını hədsiz dərəcədə sevib. Məhz anasının təkidi ilə və onu sevdiyinə görə 4 illik təhsilini başa vurub. Hitlerin atası 1903-cü ildə vəfat edib. Bundan sonra Hitler yeniyetməlik yaşından başlayaraq ailə qayğılarında anasına kömək edib. Hitler anasını 17 yaşında olanda, 1907-ci ildə itirib. Klara Hitler 47 yaşında vəfat edib. Anasını müalicə edən həkim Eduard Blox sonralar yazdığı xatirələrində Hitlerlə anasının münasibətlərinə də geniş yer ayırıb:
“Adolf Hitler kənardan qayğıkeş övlad təəssüratı bağılayırdı. Əslində isə heç də belə deyildi. Mən bu ailədə çox tez-tez olurdum və fərqli müşahidələrim var idi. O, kifayət qədər çılğın, həm də qapalı bir yeniyetmə idi. Anası vəfat edəndə Hitler meyitin qarşısında əyləşib çox soyuqqanlıqla kətan üzərində onun cizgilərini yaradırdı və söyləyirdi ki, anasının son vəziyyətini çəkir. Hələ yeniyetməlik illərindən Hitlerin içində heç kimə bildirmədiyi fikirlər, ideyalar qaynayırdı. Çox keçmədən bu qapalılıq açıldı, Hitler içindəki iddiaları büruzə verdi. Hitler heç vaxt anası haqqında danışmayıb, xatirələrini bölüşməyib. Çünki onun içində mənəvi dəyərlərdən üstün tutduğu digər iddialar olub, dünyaya sahib olmaq iddiası, diktatorluq, mütləq hakimlik iddiaları...”
İosif Stalinin anası Yekaterina Cuqaşvili (Geladze) 1858-ci ildə indiki Qorinin Qambareuli kəndində anadan olub. Uşaq vaxtı onu Keke deyə çağırıblar. O, 17 yaşında Vissarion Cuqaşvili ilə ailə həyatı qurub. Onların dünyaya gələn ilk övladları Georgi və Mixail elə uşaq ikən ölüblər. Üçüncü övlad isə sağlamlığı heç də ürək açmayan İosif olub.
Yekaterina Cuqaşvili qətiyyətli və iradəli qadın olub. O, həyat yoldaşının əyyaşlığıyla, tüfeyli həyat tərzi ilə barışmayıb və sonda ayrılıblar. Ana yeganə oğlunu böyütmək, təhsil vermək üçün bütün əziyyətlərə qatlaşıb, dərzilik sənətini öyrənib. Bununla da heç kimə möhtac olmayan Yekaterina Cuqaşvili oğlunun ehtiyac işində yaşamasına imkan verməyib. O, oğluna kilsə təhsili vermək istəsə də, onun keşiş olmağını arzulasa da, Stalin anasının bu arzusunu həyata keçirməyib. Stalin yetkinlik yaşına çatdıqdan sonra anası ilə çox nadir hallarda görüşüb. Stalinin sürgün həyatı, həbsləri, sonra isə hakimiyyətə gəlməsi ana və oğulun görüşlərini məhdudlaşdırıb. Bu illər ərzində Stalin anasına cəmisi 18 məktub yazıb. Sovet hakimiyyəti qurulduqdan sonra o, anasını Qoridən Tiflisə köçürüb. Az-az görüşmələrinə baxmayaraq dünyanı qorxuya salan Stalinin ən qorxduğu şəxs anası olub. Qızı Svetlana Alliluyeva öz xatirələrində bu haqda yazıb:
“Heç kimdən qorxmayan atam yalnız anasından qorxurdu. Planetin altıda bir hissəsinə sahib olan Stalin anasının yanında çox aciz bir uşağa bənzəyirdi. Nənəm onun siyasəti haqqında çox şeyləri anlamırdı, o, yeganə oğlunu hədsiz dərəcədə sevirdi, çarpayısının üzərinə Stalinlə Leninin birlikdə olduğu şəkli vurmuşdu və onun haqqında qürurla danışırdı...”
Stalinin anasının siyasi məsələlərdən anlayışı çox olmasa da, arabir oğlunun çox qəddar olmağı qulağına çatıb və o, görüşlərin birində Stalindən soruşub:
- Oğul, çarı sən öldürmüsən?
Stalin isə özünəməxsus cavab verib:
- Yox, ana, mən öldürməmişəm, amma təxminən onun yerində indi mənəm...
Stalinin anası 1937-ci ildə, SSRİ-də “Böyük təmizlik” işləri aparılanda, repressiya dalğaları ölkəni bürüyən ərəfədə vəfat edib. Stalin anasının dəfninə getməyib, dəfnin təşkilini Lavrenti Beriyaya həvalə edib. Yəqin ki, “xalqlar atası” canından qorxduğundan Tiflisə getməkdən, onu canından çox istəyən anasının dəfnində iştirak etməkdən imtina edib.
Sözsüz ki, heç bir ana oğlunun qansız, qaniçən, qatil, cəllad, diktator olmasını arzulamaz və övladını bu ruhda tərbiyə etməz. Görünür, diktatorlar dünyaya elə diktator kimi gəlir, yuxarıda adlarını qeyd etdiyimiz Lenin, Hitler, Stalin kimi...
İlham Cəmiloğlu