ABŞ-ın narkotik bazarında at çapan El Çapo – Yoxsul ailənin milyarder oğlunun həyat hekayəti
Onun əsl adı Xoakin Qusmandır, amma o, daha çox El Çapo ləqəbi ilə tanınır. Planetin ən tanınmış narkobaronu sayılan El Çapo hazırda həbsxanadadır.
Yenixeber.org: Nyu-York məhkəməsi onun haqqında ömürlük azadlıqdan məhrumetmə hökmü çıxarıb. Külli miqdarda narkotik vasitələrin ticarəti, qəsdən adamöldürmə, qanunsuz silah gəzdirmə, azyaşlı qızların zorlanması və s. kimi 10 ağır maddə ilə ittiham olunan El Çaponun məhkəmə materiallarında diqqəti çəkən əsas faktlardan biri onun Meksikadan ABŞ-a 14 milyard dollar həcmində 155 ton narkotik vasitə keçirməsidir.
El Çapo 1954-cü ildə Meksikanın Sinaola əyalətində yoxsul bir ailədə anadan olub. Yaşayış yerlərinə ən yaxın məktəb 60 kilometrlik məsafədə olduğundan o, təhsil almayıb. Atası heyvandarlıq təssərrüfatında işləsə də, arabir gizli olaraq ucqar yerlərdə kiçik miqdarda narkotik bitkilər becərib. Valideyn qayğısından uzaq olan El Çapo tez-tez atası tərəfindən səbəbli-səbəbsiz danlanıb, döyülüb və 15 yaşında evdən qovulub. Bir müddət babasının yanında yaşayan gələcəyin ən məşhur narkobaronu pul qazanmaq üçün narkotik ticarəti ilə məşğul olan dayısına üz tutub. Çox qısa müddətdə çevikliyi və qoçaqlığı ilə seçilən El Çapo Meksikanın tanınmış narkotacirləri ilə ünsiyyət qurmağa, iş görməyə nail olub.
El Çapo ilk gəlirlərini əldə etdikdən sonra narkotik vasitələrin dövriyyəsində öz şəbəkəsəni yaradıb. O, bir-bir rəqiblərini sıradan çıxararaq Meksikadan ABŞ-a narkotik vasitələrin ötürülməsində əsas fiqurlardan birinə çevrilib.
El Çapo öz ticarətində qarşıya çıxan maneələri danışıqsız və müzakirəsiz həll edib, problem yaradanlar onun adamları tərəfindən qətlə yetiriliblər.
Meksikadan ABŞ-a narkotik axınının qarşısını almaqdan ötrü Amerika rəsmiləri El Çaponun həbs olunması üçün bütün vasitələrə əl atıblar, onu beynəlxalq axtarışa veriblər.
El Çapo ilk dəfə 1993-cü ildə Qvatemala Respublikasında həbs olunub. Onu Meksiyata ekstradisiya ediblər. Meksika məhkəməsi El Çaponu 20 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Ciddi rejimli cəzaçəkmə müəssisəndə cəzasını çəkən El Çapo 2001-ci ildə həbsxana əməkdaşları ilə böyük məbləğdə pul qarşılığında razılaşmaya gələrək çirkli paltarların içərisində türmədən qaçmağa nail olub.
Bu qaçışdan sonra ABŞ onun haqqında məlumat verən şəxsə 5 milyon, Meksika isə 3 milyon dollar pul mükafatı vəd edib.
2014-cü ilin fevral ayında El Çapo ikinci dəfə Sinaoladakı villasında həbs olunub. O, bu dəfə də ən ciddi rejimli həbsxanadan qaçmağa nail olub. Belə ki, bu dəfə də böyük məbləğlər sayəsində onun kamerasının altında bir kilometrdən artıq uzunluqda tunel qazılıb və o, bu tuneldən keçərək həbsxananı rahatlıqla tərk edə bilib.
Meksikanın xüsusi xidmət orqanları 2016-cı ilin yanvarında El Çaponun yerini müəyyənləşdirə bilsələr də, onu həbs etmək cəhdləri baş tutmayıb. O, kanalizasiya borusundan keçərək polislərdən yaxa qurtara bilib. Amma narkobaron uzun müddət azadlıqda qala bilməyib. Bir neçə gündən sonra xüsusi xidmət orqanlarının əməkdaşları belə bir məlumat əldə ediblər ki, Hollivud aktyoru Şon Penn ondan populyar “Rolling Stone” jurnalı üçün müsahibə alacaq və onlar El Çapo haqqında filmin çəkiləcəyi məsələsini müzakirə edəcəklər. El Çaponun ən böyük arzularından biri onun haqqında filmin çəkilməsi olub. Bu görüş vasitəsi ilə narkobaronun yeri müəyyənləşdirilərək həbs olunub.
Digər bir versiyaya görə isə, El Çaponun xidməti personalında işləyənlərdən biri ərzaq almağa gedərkən onun yeri haqqında polislərə məlumat verib.
Həbsindən iki gün sonra El Çaponun ABŞ-a ekstradisiyasına hazırlıq işləri başlayıb. Uzun-uzadı yazışmalardan, müzakirələrdən sonra 19 yanvar 2017-vi ildə El Çapo ABŞ-a ekstradisiya olunub.
El Çapo Amerikaya təhvil verildikdən sonra Meksikada narkotacirlər arasında sözün əsl mənasında müharibə başlanıb. El Çaponun mükəmməl və dəqiq işləyən şəbəkəsini ələ keçirmək üçün tərəflər bir-birinə müharibə elan ediblər. Təkcə 2017-ci il ərzində Sinaloa ştatında bu mübarizədə 764 qətl hadisəsi qeydə alınıb.
ABŞ-da El Çaponu Amerika ərazisində davamlı cinayət törədən bir şəxs qismində ittiham ediblər. Məhkəmə prosesində 56 şahid iştirak edib. Prosesdə narkobaronun törətdiyi cinayətlərin yeni detalları üzə çıxıb, onun əvvəl deyildiyi kimi 30 yox, 150 nəfəri öldürməsi faktı səsləndirilib. Daha sonra şahidlər El Çaponun Meksikanın sabiq prezidenti Enrike Penyaya 100 milyon dollar verməsi faktını da məhkəmənin diqqətinə çatdırıb.
17 iyul 2019-cu ildə 6 gün davam edən məhkəmə məşvərətindən sonra hakim Brayn Koqan El Çapo haqqında hökmü bəyan edib, ömürlük azadlıqdan məhrumetmə, cəzasının 30 ilini xüsusi rejimli türmədə keçirmək, ABŞ-a 12 milyard təzminat ödəmək.
Məhkəmə prosesinin maraqlı məqamlarından biri El Çaponun ABŞ-da 155 ton kokain və heroinin satılması ilə bağlı suala cavabı olub:
“Amerikada narkotik vasitələrə bu qədər tələbat olmasaydı, təbii ki, mən də 155 ton narkotiki sata bilməzdim. Bu rəqəm hər gün böyüyür və mənim də ticarətim bu tələbata görə hər gün genişlənir...”
Bununla da, ABŞ 30 il müddətində həbs etdirmək istədiyi planetin bir nömrəli narkobaronunu dəmir barmaqlıqlar arasına sala bilib. El Çaponun növbəti dəfə həbsxanadan qaçıb-qaça bilməyəcəyini isə zaman göstərəcək...(musavat)
İlham Cəmiloğlu