Nazim Bəydəmirli ilə Rasim Məmmədov arasında məhkəmə qalmaqalı
İqtisadçı alim Nazim Bəydəmirli ilə “Baku Steel Company” MMC-nin sahibi Rasim Məmmədov arasında məhkəmə çəkişməsi davam edir. Sabah Bakı Apellyasiya Məhkəməsində tərəflərin qarşılıqlı iddiasına baxılacaq.
Yenixeber.org: Bu barədə məlumatı saytımıza Nazim Bəydəmirli verib. Onun sözlərinə görə, məhkəmə çəkişməsinə Facebook-da yazdığı status olub. “Təqribən bir il əvvəl “Facebook” profilimdə yazdığım statusa görə “Baku Steel Company” MMC kimi tanıdığınız şirkətin və onun sahibi kimi qeyd olunan Rasim Məmmədov tərəfindən məhkəməyə verilmişəm. Həmin status bu fikirlərdən ibarət idi: Monopoliya imkan vermir ki, Azərbaycana İrandan daha keyfiyyətli , daha ucuz armatur, katanka idxal olunsun. Təsəvvür edin ki, “Baku steel ” deyilən şirkət metallomdan hazırlanan malını daxili bazara 780 dollara ekvivalentində manata satır, İranın dəmir filizindən istehsal olunan malın biz Gürcüstan bazarına yol xərci daxil 385 dollara o da ƏDV-sini ödəyib inşaata başlayandan 454 dollara maya dəyəri ilə keyfiyyətli mal ilə. Aradakı 326 dollar Gürcüstanda evləri ucuz edir, Bakıda isə bahalaşdırır. Baxın Azərbaycanda bahalığın daha bir səbəbinə.
P.S Bizdə Gürcüstandan fərqli olaraq “monopolistə” xidmət etmək üçün 15 %-lik idxal gömrük rüsumu da var. Hətta onu da alıcı ödəmiş olsa, hal-hazırda Azərbaycan bazarına daha keyfiyyətli və “Baku Steel”-in malından 250 dollar ucuz mal idxal etmək olar. Ancaq imkan verilmir”
Rasim Məmmədov mənimlə yanaşı fikirlərimi öz yazılarına əlavə etmiş media orqanları “Yeni Musavat” qəzeti və “Azpolitika” saytını da məhkəməyə verilib”.
Nazim Bəydəmirli bildirib ki, Rasim Məmmədovun iddiasına baxılarkən o da şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. “Lakin Nizami rayon Məhkəməsinin hakimi Fikrət Mirzəyev qarşılıqlı iddiamızı rədd etdi. İlkin iddianı isə qismən təmin edərək ədalətsiz, sifarişli qərar qəbul edib”.
İqtisadçı alimin sözlərinə görə, o Rasim Məmmədovu 2015-ci ildə məhkəməyə versə də, onun ünvanı müəyyən edilmədiyindən iddia baxılmamış saxlanılıb. “Həmin vaxt Rasim Məmmədov Haqqin.az və Virtualaz.org saytlarına müsahibə vermişdi. Bu müsahibədən dərhal sonra mən şərəf və ləyaqətin müdafiəsinə dair məhkəmədə iddia qaldırdım. Lakin onun yaşayış yeri müəyyən edilmədiyindən iddia baxılmamış saxlanıldı. Növbəti iddiada isə bildirdilər ki, guya iddianın vaxtı keçib. Halbuki, arxivə baxılsa, mənim müsahibədən dərhal sonra iddia qaldırdığım aydın olar.
Ümid edirəm ki, Prezidentin monopolistlərlə bağlı sərt fikirlərindən sonra məhkəmə tərəfkeşlik etməyəcək və işə obyektiv baxacaq”.(yenisabah)