"Neft Fondunu ciddi təhlükələr gözləyir"
“Dünyanın əmtəə və maliyyə bazarlarında baş verən proseslər, daha dəqiq desək, neftin və qızılın ucuzlaşması, dolların isə bahalaşması Neft Fondunun vəsaitlərinə təsirsiz ötüşməyib”.
"Xeberinfo.com": Axar.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev öz Fesybuk səhifəsində yayıb.
O, 2014-cü ilin 3-cü rübünün Neft Fondu üçün o qədər də uğurlu olmadığını bildirib:
“Dünən Dövlət Neft Fondunun 2014-cü ilin doqquz ayı ərzində gəlir və xərclərinə dair məlumat açıqlandı. Məlum oldu ki, 2014-cü ilin 9 ayı ərzində Fondun aktivləri 3,98% artaraq $35877,5 milyondan $37305,3 milyona yüksəlib. Ancaq məlumatların analizi göstərir ki, 3-cü rüb Fond üçün bir o qədər də uğurlu olmayıb”.
Samir Əliyev Neft Fondunu gözləyən təhlükələri belə izah edib:
“1. Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər azalıb. Yanvar-sentyabr aylarında Fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 162,3 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,9% azdır. 2013-cü ilin yanvar-sentyabr aylarında Fondun gəlirləri 311,2 milyon manat olub. 2012-ci ilin uyğun dövründə isə bu göstərici daha yüksək - 440,4 milyon manata bərabər olub.
2. Fondun investisiya portfelinin gəlirliliyi azalıb. Əgər ötən ilin 9 ayında portfelin gəlirliliyi 1,1% idisə, cari ilin analoji dövründə gəlirlilik 0,6%-ə düşüb. Halbuki 2012-ci ilin müvafiq dövründə gəlirlilik 1,7% olub.
3. Qızılın gəlirliyi azalıb. Ötən ilki 243,2 milyon manatlıq zərərdən sonra Fonda gəlir gətirməyə başlayan qızıl yenidən itki verməyə başlayıb. Qızılın qiymətinin dəyişməsindən yaranan gəlir I rübdə 60,8 milyon manat, II rübdə 78,1 milyon manat olduğu halda, III rübdə 3,7 milyon manata düşüb.
4. Fondun aktivləri 0,8% azalıb. Cari ilin 3-cü rübündə Fondun aktivlərinin həcmi əvvəlki rübə nisbətən 317,1 milyon dollar azalaraq oktyabrın 1-i tarixinə 37305,3 milyon dollara düşüb. Aprelin 1-i tarixinə aktivlərin həcmi 37622,4 milyon dollar olub.
5. Valyutaların məzənnələrinin dəyişməsindən yaranan zərər artıb. Fondun hesabatına görə, yaranan fərq üzrə zərər 966,4 milyon manat olub. Halbuki ötən ilin uyğun dövründə zərərin həcmi 38,7 milyon manat təşkil edib. Zərərin bu həddə çatmasına səbəb Fondun valyuta ehtiyatına daxil edilən valyutaların əksəriyyətinin il ərzində ucuzlaşmasıdır. İkinci ən böyük paya malik avronun (35,4%) manata olan məzənnəsi 2014-cü ilin 9 ayında təxminən 7% ucuzlaşıb. Zərərin məhz böyük hissəsi 9,7 milyard avroluq valyutanın dəyərsizləşməsi hesabına yaranıb. Bu müddətdə Britaniya funtu (5,3%-lik pay) 1,2%, Avstraliya dolları (0,5%-lik pay) 1,8%, türk lirəsi (1,2%-lik pay) 5%, rus rublu (1,3%-lik pay) 16% ucuzlaşıb. Yeganə olaraq 1,2%-lik paya malik Cənubi Koreya vonu 0,5% bahalaşıb. Ehtiyatın 51,7%-nə malik ABŞ dolları son aylar əhəmiyyətli dərəcədə bahalaşsa da manata nisbətən məzənnəsi sabit qalıb”.
O, son hesabatda Neft Fondunun investisiya portfelinin gəlirlərinin azalmasının müşahidə edildiyini də vurğulayıb:
“Son hesabat göstərdi ki, Neft Fondunun investisiya portfelinin gəlirliyinin azalması müşahidə edilir. İnvestisiya siyasətinə edilmiş dəyişiklik nəticəsində portfelə daxil etdiyi yeni valyutalar 2014-cü ildə xeyli ucuzlaşıb. Əgər türk lirəsi və avronun ucuzlaşması əsasən dolların bahalaşması ilə bağlı idisə, rus rublunun dəyərsizləşməsi həm də Rusiyaya tətbiq edilən sanksiyaların nəticəsi idi. Situasiyanı düzgün qiymətləndirən Fond ilin əvvəlində rus rublunun müəyyən hissəsindən imtina edə bilmişdi. Ən böyük paya malik ABŞ dollarının (51,7%) bahalaşması digər valyutaların ucuzlaşmasını kompensasiya edir. Ancaq dolların manata olan məzənnəsinin sabit qalması Fondun valyuta ehtiyatlarının manat ifadəsində milyarda yaxın zərərə düşdüyünü göstərir...
Neft Fondu üçün qarşıda çətin günlər durur. Güman ki, bir tərəfdən neft hasilatının və onun ucuzlaşması nəticəsində daxilolmaların azalması, digər tərəfdən dövlət büdcəsinin gələn il pula ehtiyacın daha da artması Fondun aktivlərinin azalmasına gətirib çıxaracaq. Üstəgəl, Fondun puluna Rusiya şirkətlərinin göz dikməsi vəsaitlərin səmərəsiz istiqamətə yönəldilməsi ilə nəticələnə bilər. Fond Çin yuanını valyuta ehtiyatına daxil etmək planını açıqlayıb. Bu təqdirəlayiqdir, ancaq onun məbləği müzakirə mövzusudur. Çünki Çin iqtisadiyyatında müşahidə edilən zəifləmə yuanın məzənnəsinə mənfi təsir göstərə bilər. Məncə, yuanın daxil edilməsi avronun payının azaldılması hesabına baş verməlidir. Yəqin ki, yaxın 1-2 ildə Rusiya aktivləri cəlbediciliyini itirəcək. Müşahidələr göstərir ki, yaxın dövrdə ən etibarlı valyuta məhz ABŞ dolları olacaq”.