Naxçıvan Türkiyəyə ixrac ediləcək məhsul rüsumdan azad edildi –FOTO
Türkiyənin İğdır şəhərində Türkiyə-Azərbaycan biznes forumu keçirilib
Yenixeber.org: İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, İğdırda səfərdə olan İqtisadiyyat naziri Şahin Mustafayevinrəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti və tədbir iştirakçıları əvvəlcə Heydər Parkını ziyarət edib, Heydər Əliyevin büstü önünə əklil qoyublar.
Tədbir iştirakçıları həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün büstünün önünə də əklil qoyublar. Sonra öz işinə başlayan Türkiyə-Azərbaycan biznes forumunda Azərbaycan və Türkiyə tərəfindən rəsmilər, Naxçıvan Muxtar Respublikasından və Türkiyənin müxtəlif bögələrindən olan olan iş adamları iştirak edib. İğdır valisi Ənvər Ünlü tədbir Azərbaycan-Türkiyə əlaqələrinin dinamik inkişaf etdiyini, biznes forumun İgdırda keçirilməsinin əhəmiyyətini vurğulayıb, Türkiyənin İğdır bölgəsi və Naxçıvan Muxtar Respublikası sahibkarlarının bir sıra konkret sahələr üzrə birgə layihələrin həyata keçirilməsini təklif edib.
Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybekci, İğdır Ticarət və Sənaye Palatasının rəhbəri Kamil Arslan çıxışlarında növbəti Türkiyə-Azərbaycan biznes forumunun İğdırda keçirilməsindən və iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlıq imkanlarına, həyata keçirilən layihələrə, ticarət dövriyyəsinin artırılması sahəsində görülən işlərə dair fikirlərini bölüşüblər. N. Zeybəkçi Türkiyə Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikasında istehsal edilən və ya istehsal potensialı olan 43 adda məhsulun (13 kənd təsərrüfatı, 30 sənaye məhsulu) Türkiyənin bütün ərazisinə idxal rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olmasına razılıq verildiyini, bu qərarın ticarət əalqələrinin genişlənməsinə və bölgənin inkişafına əhəmiyyətli töhfə verəcəyini vurğulayıb. Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında istehsal olunan illik təqribən 100 milyon ABŞ dolları məbləğində məhsullar Türkiyəyə rüsum ödəmədən ixrac ediləcək.
Türkiyə Cümhuriyyətinın yaranması günü münasibətilə Türkiyə tərəfini təbrik edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı dünyada bir örnəkdir. İğdırın Naxçıvan Muxtar Respublikası vasitəsilə olmaqla Azərbaycanla Türkiyənin yeganə sərhəd bölgəsi olduğunu qeyd edən Ş. Mustafayev Türkiyənin hər zaman Naxçıvana dəstək göstərdiyini, blokadada olan Naxçıvanın 90-cı illərin əvvəllərində qarşılaşdığı çətinliklərdən çıxmasında Türkiyə ilə olan əlaqələrin, xüsusilə Heydər Əliyevin böyük səyi və Türkiyənin dəstəyi ilə ərsəyə gəlmiş "Ümid" körpüsünün mühüm əhəmiyyətini vurğulayıb. Bildirilib ki, 2016-cı ildə Ankarada keçirilmiş Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclasında dövlət başçılarının təşəbbüsü ilə Naxçıvan istehsalı olan məhsulların Türkiyəyə ixracına iş adamları birlikləri vasitəsilə dəstək verilməsi məsələsi imzalanmış protokolda öz əksini tapıb. Bu müddət ərzində bu tapşırığın icrası məqsədilə bir sıra görüşlər keçirilib, Naxçıvana səfərlər təşkil edilib. Azərbaycan bu istiqamətdə Türkiyənin atdığı addımları yüksək qiymətləndirir. İqtisadiyyat naziri Türkiyənin Nazirlər Kabinetinin Azərbaycanın blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında istehsal olunan bir çox kənd təsərrüfatı və sənaye məhsullarının Türkiyə Respublikasına rüsumsuz ixracı barədə qərarının Naxçıvanın ixrac imkanlarının genişləndirilməsi baxımından xüsusilə önəmli olduğunu və Türkiyənin bölgədə yerləşən İğdir, Qars, Erzurum vilayətlərinin inkişafı üçün də töhfə verəcəyini bildirib.
Ş. Mustafayev diqqətə çatdırıb ki, ölkələrimiz arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası fəaliyyət göstərir, Azərbaycanın strateji layihələri məhz qardaş Türkiyə ilə birgə həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, "STAR", "PETKİM", "Enerji körpüsü" belə layihələrdəndir. Bu günlərdə istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu əlaqələrimizi daha da gücləndirməklə, ölkələrimizin tranzit imkanlarını artıracaq. Türkiyə Azərbaycanın əsas ticarət və investisiya tərəfdaşlarındandır. 2017-ci ilin yanvar-sentyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsində əhəmiyyətli artım müşahidə olunub.
Naxçıvan MR-nin İqtisadiyyat naziri Famil Seyidov çıxışında Muxtar Respublikanın iqtisadiyyatı barədə forum iştirakçılarına məlumat verib, Türkiyə ilə iqtisadi əlaqələrin genişləndirilməsi, o cümlədən Naxçıvan məhsullarının bu ölkəyə ixracı üçün geniş imkanların olduğunu qeyd edib, son dövrdə bu sahədə görülən işləri diqqətə çatdırıb.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Səfər çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayev və Türkiyə rəsmilərinin iştirakı ilə mətbuat konfransı keçirilib, media nümayəndələrinin sualları cavablandırılıb.