Manat necə xilas oluna bilər?
Noyabrda Azərbaycan Mərkəzi Bankının (AMB) strateji valyuta ehtiyatları 589 milyon dollar azalaraq 6,245 milyard dollara düşüb.
Xeberinfo.com: Məlumata görə, bu ilin 11 ayında isə strateji ehtiyatlar 7,5 milyard dollar azalıb. 2015-ci ilin əvvəlində strateji valyuta ehtiyatları 13,758 milyard dollara bərabər idi. AMB-nin təqdim etdiyi məlumatlardan görünür ki, Azərbaycanın strateji valyuta ehtiyatları ən çox bu ilin yanvar-aprel aylarında azalıb. Həmin aylarda ehtiyatlrın təxminən 4 milyard dollar, yəni orta hesabla ayda 1,5 milyard dollar azalması müşahidə edilib. Həmin aylarda dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşaraq barrel üzrə 65 dollardan 45 dollara düşdüyü nəzərə alınarsa, AMB-nin strateji valyuta ehtiyatlarının dolayısı ilə dünya bazarındakı neft qiymətləri ilə bağlı olduğunu ehtimal etməyə imkan verir.
AMB-nin strateji valyuta ehtiyatlarının dəyişməsi (milyon dollarla)
Apreldən sonra dünya bazarında neft qiymətlərinin yenidən qalxaraq barrel üzrə 68 dollara yaxınlaşmasının verdiyi nəticələr bu qənaəti doğruldur - may, iyun və iyul aylarında strateji valyuta ehtyiatları azalmayıb və əksinə bəzi aylarda hətta 90 milyon dollara qədər artıb. Amma bu, uzun çəkməyib və avqustdan başlayaraq neft yenidən ucuzlaşaraq barrel üzrə 50 dollardan aşağı düşüb. Uyğun olaraq strateji valyuta ehtiytları da azalmağa başlayıb və 4 ayda daha 2 milyard dollar geriləyib.
İlin əvvəlindən Brent markalı neftin qiymətinin dəyişməsi (barrel/dollar)
Son günlərdə Brent markalı neftin ucuzlaşaraq barrelinin 37 dollara düşməsi Azərbaycanın strateji valyuta ehtiyatlarının yeni azalma riski ilə üz-üzə olduğunu düşünməyə imkan verir. Yəni azalma yuxarıda təsvir edilən sürətlə davam edirsə, bir ildən sonra Azərbaycan bütün valyuta ehtiyatlarını itirə bilər.
Ekspertlər problemin həlli üçün müxtəlif variantlar təklif edirlər. Məsələn, İqtisad Universitetinin professoru Zahid Məmmədov Azərbaycanda Valyuta Şurasının yaradılmasını təklif edir. Professorun fikrincə, Şura şirkətlər arasında sorğu aparmalıdır və valyutaya tələb yaradan malların strukturunu öyrənməlidir. «Valyutaya tələb yaradan bəzi malların, məsələn lüks avtomobillərin, yaxtaların, bahalı siqar və konyakların ölkəyə gətirilməsini yüksək aksiz vergisi tətbiq etməklə azaltmalıyıq”,- deyə Zahid Məmmədov ANS PRESS-ə bildirib.
Zahid Məmmədov - İqtisad Universitetinin professoru
Professor bu sahədə Türkiyə təcrübəsindən yararlanmağı məsləhət görür. Məsələ bundadır ki, hələ 1994-cü ildən başlayaraq Türkiyə hökuməti mütəmadi olaraq valyutaya olan tələbi öyrənir. Həmin vaxt aparılan araşdırma nəticəsində məlum olub ki, dollara tələbin 40%-ə qədəri lüks mallara görədir. Türkiyə hökuməti həmin vaxt lüks malların idxalını azaltmaq üçün aksiz dərəcələrini yüksəltmişdi.
Nazirlər Kabinetin sabiş şöbə müdiri, iqtisadçı ekspert Oqtay Haqverdiyev isə strateji valyuta ehtiyatlarını manatın məzənnəsini qorumağa sərf etməkdənsə, milli valyutanı üzən məzənnə reciminə keçirməyi məsləhət görür. «Manatı neft qiymətlərindən asılılıqdan xilas etmək üçün güclü neftdən kənar iqtisadiyyat qurulmalıdır ki, bu da uzun illər nəticəsində mümkündür. Biz aqrar sektora və elmtutarlı sənaye malları istehsalına diqqətimizi yönəltməliyik. Yaxın perspekğtivdə isə bizim əsas işimiz manatı üzən məzənnə recimində tənzimləmək olmalıdır»,- deyə Oqtay Haqverdiyev ANS PRESS-ə bildirib.
Oqtay Haqverdiyev - Nazirlər Kabinetinin sabiq şöbə müdiri
İqtisadçı ekspertin fikrincə, bir neçə il ərzində manat real qiymətinə çatdırılmalıdır: «Mən hesablamışam, 1 dolların qiyməti təxminən 3-5 manat arasında dəyişməlidir. Amma buna dərhal keçmək olmaz. Bir neçə il ərzində yumşaq recimdə manatı öz qiymətinə çatdırmaq lazımdır. Təbii ki, bu illər ərzində manatın məzənnəsi azaldıqca əhalinin maddi rifahının artırılması üzrə qərarlar verilməlidir - pensiyalar və müavinətlər, minimum əmək haqqı və s. artırılmalıdır».
Əslində, 2000-ci illərin əvvəlinə kimi Azərbaycanda üzən məzənnə siyasəti vasitəsi ilə manatın qiyməti müəyyən edilirdi. Həmin vaxt il üzrə 5-7% təşkil edən devalvasiyanı sadə insanlar heç vaxt hiss etmirdilər. Amma bunun yerli istehsalın dəstəklənməsi baxımından böyük faydası var idi. Sahikarlar idxaldan çəkinərək ölkə daxilində istehsala üstünlük verirdilər. Bu isə minlərlə insan üçün iş yeri demək idi. Azərbaycan elə də uzaq olmayan bu təcrübəsini yenidən təkrarlamalıdır.