Mərkəzi Bankın valyuta ehtiyatları “əriyir”
2015-ci ilin Yanvar ayında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 1 milyard 77,5 milyon dollar və ya 7,8% azalaraq 12 milyard 680.8 milyon dollara geriləmişdir.
"Xeberinfo.com": Məlumata görə, Dekabrın sonunda Bankın valyuta ehtiyatları 13 milyard 758,3 milyon dollar təşkil edirdi. “Marja” Mərkəzi Bankın saytına istinadən xəbər verir ki, son 6 ayda Bankın valyuta ehtiyatları 2 milyard 512,6 milyon dollar və ya 16,5% azalıb. İyul ayında valyuta ehtiyatları 15 milyard 193.4 milyon dollara çatmışdı.
Ötən ilin Yanvar ayının sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 14 milyard 219.3 milyon dollar idi. Hazırda Bankın valyuta ehtiyatları bir il əvvəllə belə müqayisədə 1 milyard 539 milyon dollar və ya 10,8% azdır.
NƏ ÜÇÜN AZALIR?
Mərkəzi Bankın valyuta ehtiyatlarının azalması satış yönlü müdaxilələr və “valyuta diversifikasiyasından irəli gələn amillər” ilə bağlıdır. Mərkəzi Bank Yanvarın 13-də bəyan etmişdi ki, dekabr ayında qonşu ölkələrdə, xüsusilə Rusiya Federasiyasında valyuta bazarında baş verən böhran nəticəsində rublun kəskin ucuzlaşması, o cümlədən digər qonşu olkələrdə milli valyutaların məzənnəsinin əhəmiyyətli düşməsi Azərbaycanın valyuta bazarına psixoloji təsir göstərmişdir. Nəticədə 2014-cü ilin dekabr ayının ortalarında ABŞ dollarına tələbat yaranmış və bazarda yaranan yeni durumu tənzimləmək üçün öz funksiyasına uyğun olaraq Mərkəzi Bank qeyri-nağd və nağd şəkildə bazara 1 milyard 127 milyon ABŞ dolları məbləğində satış yönlü müdaxilə etmişdir. Nəticədə manatın sabitliyi qorunmuşdur.
Mərkəzi Bankın açıqlamasında qeyd edilirdi ki, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının ümumi həcminin statistik azalması isə valyuta ehtiyatlarının idarə edilməsi strategiyasına uyğun olaraq valyuta diversifikasiyasından irəli gələn amillərlə bağlıdır. Belə ki, valyuta ehtiyatları Mərkəzi Bankın investisiya strategiyasına uyğun olaraq ehtiyatların qorunması və gəlirliliyin təmin edilməsi məqsədilə ABŞ dolları ilə yanaşı, əsasən avro və ingilis funt sterlinqi olmaqla müxtəlif sərbəst dönərli valyutalara diversifikasiya olunaraq idarə olunur. Məhz buna görə də ABŞ dollarının bu valyutalara qarşı möhkəmlənməsi təbii olaraq ABŞ dollarında yenidənqiymətləndirmə nəticəsində ehtiyatların nisbi dəyərinin dəyişməsinə gətirib çıxarır.