Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

2022-ci ilin maliyyə yekunları

 

Yola salmağa hazırlaşdığımız 2022-ci il Azərbaycanın maliyyə sektoru üçün zəngin il oldu, bir sıra maraqlı yeniliklərlə yadda qaldı.

Yenixeber.org: İlin ən mühüm hadisəsi şübhəsiz ki, Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinin dəyişdirilməsi oldu. 27 ildir ki, maliyyə bazarına nəzarət orqanına sədrlik edən Elman Rüstəmov Milli Məclisin qərarı ilə vəzifəsindən kənarlaşdırıldı və əmək fəaliyyətini Baş nazirin müşaviri kimi davam etdirdi. AMB-yə rəhbərlik isə indiyə qədər “PAŞA Bank”ın İdarə Heyətinin (İH) sədri olan Taleh Kazımova həvalə olundu. Paralel olaraq AMB-də İH yenidən formalaşdırıldı. E.Rüstəmovun komandasına daxil olan Alim Quliyev və Vadim Xubanov səlahiyyət müddətinin bitməsi, Aftandil Babayev isə təqaüdə çıxması ilə əlaqədar işdən çıxdılar, onları qurumun baş direktoru Rəşad Orucov və keçmiş sədrin müşaviri Əliyar Məmmədyarov əvəz etdilər.

Bu il Pakistan Milli Bankının Bakı filialı bağlandı. AMB onun lizensiyasını öz müraciəti əsasında ləğv etdi. Son nəticədə ölkədəki bankların sayı 2020-ci ildən bəri ilk dəfə azalaraq 26-dan 25-ə düşdü. Əvəzində tənzimləyici qurum “SF Azerbaijan” bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verdi, “Omni Finance” BOKT-un lisenziyasını isə ləğv etdi. Bu il yaradılmış “Home Finance”, “Payonix”, “Marja İnvest”, “Alfa Credit”, “Caspian Finance” və "Puldeks" BOKT-lara isə lisenziya verilməsi gələn ilə qaldı. Beləliklə, ilin yekununda BOKT-ların sayı dəyişməyərək 55 oldu. Kredit ittifaqlarının sayı isə 43-dən 40-a düşdü – “Nuranə”, “Qoşqar” və “Yüksəliş” kredit ittifaqları bazardan kənarlaşdırıldı.

İl ərzində Azərbaycanın valyuta bazarında vəziyyət sabit qaldı, manatın məzənnəsi dəyişmədi. AMB-nin Dövlət Neft Fondu (ARDNF) ilə birgə keçirdiyi valyuta hərraclarında tələbat həmişə ikincinin hesabına tam ödənildi, başqa sözlə, birincinin valyuta ehtiyatlarından istifadə etməsinə ehtiyac qalmadı. Son nəticədə AMB valyuta ehtiyatlarını təxminən 1 milyard ABŞ dolları artıraraq 8 milyard ABŞ dollara çatdırdı. Əvəzində ölkədə pul bazası 1 milyard manatdan çox azaldı və ilin yekununda 17 milyard manata yaxın oldu. Valyuta bazarından söz düşmüşkən, bu il banklardan kənarda valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan şirkətlərin sayı 2-dən 5-ə çatdı. AMB “Zuhur”, “Bakı Mərkəzi Valyuta” və “Meta-Kapital” şirkətlərinə lisenziya verdi. Manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra əhəmiyyətini itirmiş “Bakı Banklararası Valyuta Birjası”nın isə ləğv olunmasına başlanıldı.

 

Azərbaycan bankları öz aralarında valyuta alıb-satmasalar da, 2022-ci ildə ölkədə banklararası pul bazarı aktivləşdi. Bu, AMB-nin həyata keçirdiyi yeni pul siyasəti çərçivəsində baş verdi. Bankların həm “Bloomberg” ticarət platformasında, həm də repo bazarında bağladıqları əqdlərin sayı kəskin artdı. AMB-nin faiz qərarları isə banklararası bazarda orta faizləri yüksəltdi. Yeri gəlmişkən, 2022-ci ildə qurumun rəhbərliyi faiz dəhlizinin parametrlərini əvvəlki illərdə olduğu kimi 8 dəfə nəzərdən keçirdi. Ölkədə uçot dərəcəsi tədricən 7,25 %-dən 8,25 %-ə, faiz dəhlizinin yuxarı həddi 8,25 %-dən 9,25 %-ə, aşağı həddi isə %-dən 6,25 %-ə qaldırıldı.

Bu il Azərbaycanın kapital bazarının iştirakçıları da maraqlı yeniliklərin şahidi oldu. Bazarda fəallığı artırmaq üçün mühüm addımlar atıldı. AMB-nin Qiymətli Kağızların Emissiyası Sistemi istifadəyə verildi. Milli Depozit Mərkəzi isə yeni “Marja” subhesabını istifadəyə verdi, Türkiyənin mərkəzi depozitarı olan “Merkezi Kayıt Kuruluşu”nda nominal hesab açdı. "Bakı Fond Birjası" isə ilk dəfə listinqə daxil edilən səhmlərin emitentlərini gələn ilin sonuna qədər listinq üzrə xidmət haqqından azad etdi. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə isə gələn il fevralın 1-dən 5 il müddətində yalnız kütləvi təklif edilmiş, tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə dividend, diskont və faiz gəlirləri vergidən azad ediləcək. Kapital bazarından söz düşmüşkən, bu ölkədəki investisiya şirkətlərinin sayı 11-dən 13-ə çatdı. AMB “Troni” və “Kapital Partners” investisiya şirkətlərinə lisenziya verdi.

 

İl ərzində sığorta bazarına iri oyunçu daxil olmasa da, sektor yeniliklərdən kənarda qalmadı. Yanvarın 1-dən Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) səlahiyyətlərinin çoxunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna verməli oldu və səhmdar cəmiyyətinə çevrilərək kəskin rəqabət şəraitində fəaliyyət göstərdi. AMB sığorta üzrə “şikayət indeksi” açıqlamağa, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyi ilə birlikdə ölkədə müasir bilik və bacarıqlara malik aktuarilərin yeni nəslinin formalaşdırılması məqsədi ilə Aktuari İnkişaf Proqramına başladı. "Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" üzrə qaydalar yeniləndi və vətəndaşlar sığorta hadisəsi vaxtı ödəniş almaq üçün şəhadətnamə aldıqları şirkətə müraciət etmək imkanı əldə etdi. Daha bir yenilik isə icbari avtosığorta haqlarının risk amilləri əsasında hesablanması oldu. Azərbaycan – İcbari Sığorta Bürosu "Yaşıl Kart" beynəlxalq sığorta sisteminin tam hüquqlu üzvü seçildi, bu çərçivədə Türkiyə ilə əməkdaşlığa başladı, eyni zamanda Gürcüstan və Qazaxıstanda qeydiyyatdan keçmiş nəqliyyat vasitələrinin sürücülərinə "Yaşıl Kart” satmaq üçün Beynəlxalq Bürolar Şurası (BBŞ) ilə razılıq əldə etdi.

AMB isə 2022-ci ildə Türkiyənin Prezident Administrasiyasının yanında Maliyyə Ofisi və Çinin Bank və Sığorta Tənzimləmə Komissiyası ilə əməkdaşlığa dair Anlaşma Memorandumları imzaladı, “Beynəlxalq Pul Nişanları Assosiasiyası”nın Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanını “Dünyanın ən yaxşı yeni banknotu” elan etməsinə nail oldu. Bundan başqa, qurum 10 və 20 manatlıq, eləcə də 1020 və 50 qəpiklik pul nişanlarını yenilədi, Qətərdə keçirilmiş futbol üzrə dünya çempionatına həsr olunmuş qızıl və gümüş xatirə pul nişanlarını, eləcə də Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyi münasibətilə nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanını tədavülə buraxdı, həmçinin xatirə və yubiley pul nişanlarının satışını asanlaşdırdı.

 

Azərbaycanda əhali üçün xüsusilə həssas məsələ olan ipoteka kreditləşməsində də yeniliklər baş verdi. “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması Qaydası” qaydası dəyişdi, ipoteka kağızı elektronlaşdırıldı. Daha bir maraqlı yenilik isə “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi oldu ki, bununla da azı 5 il jurnalist işləyən, gənc ailənin üzvü olan şəxslər, eləcə də azı 15 il jurnalist işləyən, gənc ailənin üzvü olmayan şəxslər güzəştli - illik %-lə ipoteka krediti almaq imkanı qazandı. Amma bunun üçün jurnalist Media Reyestrinə daxil edilmiş olmalıdır.

Bu il ARDNF-in də aktivləri yerində saymadı. Qurumun valyuta ehtiyatları yüksək neft qiymətləri fonunda 45 milyard ABŞ dolları keçdi. Bu, Azərbaycanın da valyuta ehtiyatlarının artmasına səbəb oldu. Ən son məlumata görə, ölkə təxminən 56 milyard ABŞ dolları strateji ehtiyata malikdir. Fondla bağlı maraqlı yenilik isə onun ilin əvvəlində Türkiyə Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirməsi oldu. Depozitin müddəti bu ilin iyul ayının sonuna qədər olsa da, sonradan daha 5 ay uzadıldı. ARDNF-dən söz düşmüşkən, bu il həm onun büdcəsinə, həm də Azərbaycanın dövlət büdcəsinə dəyişiklik olundu və neftin (“Azeri Light”) 1 barelinin büdcə qiyməti 50 ABŞ dollardan 85 ABŞ dollara qaldırıldı. Gələn il isə qiymət 50 ABŞ dolları/barel olacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam