Rusiyadan kütləvi axın:Azərbaycanda mənzil qiymətləri KƏSKİN ARTACAQ
Rusiyada qismən səfərbərlik elan ediləndən bəri ölkədən gedənlərin sayı artıb. Yayılan ilkin məlumatlara görə, 1 milyona yaxın insan Rusiyadan çıxıb. Ölkədən xaricə gedən ruslar daha çox qonşu dövlətlərə - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Ermənistana üz tutublar. Məlumata görə, artıq Türkiyəyə pənah gətirən ruslar qardaş ölkədə əmlak sahibi olmağa başlayıblar. Həmçinin zəngin ruslar da xarici ölkələrdə daşınmaq əmlaka daha çox investisiya yatırmağa başlayıblar.
Bəs bu cür vəziyyət Azərbaycanda daşınmaz əmlak bazarına necə təsir edəcək?
Yenixeber.org: Hazırda ölkəmizdə ev alqı-satqısında rus alıcısının olub-olmadığını öyrənmək üçün bir neçə daşınmaz əmlak agentliyi ilə əlaqə saxladıq. Bildirildi ki, qismən səfərbərlik elanından sonra ölkəmizdə əmlak alan ruslar demək olar ki, olmayıb.
Lakin Rusiyada yaşayan, hazırda isə müharibə səbəbindən ölkəmizə qayıdan həmvətənlərimizin kirayə mənzillərə daha çox maraq göstərməsi müşahidə olunur. Əmlak agentlikləri qeyd edir ki, hazırda soydaşlarımız və ölkəmizə pənah gətirən ruslar mülk sahibi olmaqda maraqlı deyillər və kirayəyə üstünlük verirlər.
“Uniprice” Ekspertiza və Qiymətləndirmə Mərkəzinin direktoru, əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə Publika.az-a bildirib ki, Rusiya vətəndaşlarının Azərbaycana axın etməsi ölkəmizin daşınmaz əmlak bazarında qiymətlərin artmasına səbəb olacaq.
Onun sözlərinə görə, Rusiyadan Azərbaycana hələ ki, kütləvi axın müşahidə olunmur. Amma gələcəkdə rusların köçü kütləvi hal alarsa, bu, daşınmaz əmlakın qiymətlərinə təsirsiz ötüşməyəcək.
“Soydaşlarımızın ölkəyə geri qayıtması kirayə qiymətlərinə təsir göstərib, hazırda bu bazarda bir qədər bahalaşma müşahidə olunur. Rusiya vətəndaşları isə daha çox kirayə mənzillərə müraciət edirlər. Hələ ki, onlar bunun müvəqqəti xarakterli olduğunu düşünürlər və kirayə mənzilləri üstün tuturlar. Ruslar 90 gün burada qalacaqlar, bu müddət bitəndən sonra isə ölkələrinə gedəcəklər. Buna görə də onlar üçün hazırda mənzili almaqdan daha çox kirayələmək sərfəlidir”.
Ekspert qeyd edib ki, müharibə uzun müddət davam edərsə, xüsusilə də savaş şiddətli fazaya keçərsə, Azərbaycana rusların böyük axını olacaq. Belə olan halda onlar kirayələrlə yanaşı, daşınmaz əmlaka da sahib olmaq istəyəcəklər: “Eyni zamanda, Rusiyada yaşayan həmvətənlərimizin də arzusudur ki, Bakıdan mənzil alsınlar. Rusiyada iqtisadi proseslər hər zaman ölkəmizin daşınmaz əmlak bazarına təsir edib. Hətta vəziyyət orada sabit olanda ruslar Azərbaycanda daşınmaz əmlaka böyük investisiyalar qoyublar. Buna görə də gözləniləndir ki, rusların, eyni zamanda Rusiyada yaşayan həmvətənlərimizin Azərbaycana gəlməsi mənzil bazarında qiymətləri artıracaq”.
Hazırda rusların daha çox şimal rayonlarımıza axınının olduğunu vurğulayan R.Qasımzadə hesab edir ki, bir müddət sonra həmin ruslar investisiyalarını böyük ehtimalla Azərbaycanın daşınmaz əmlak bazarına yatıracaq: “Belə olan halda qiymətlərdə ciddi dəyişiklik olacaq. Onsuz da, kirayə mənzil bazarında tələb təklifi ödəmir, buna görə də qiymətlər yüksəkdir. Hələ ki, əmlak bazarında təkliflər var, tələb onu bir o qədər də üstələməyib. Amma birdən-birə rusların ölkəmizə kütləvi axını olarsa, onsuz da baha olan evlərin qiyməti daha da arta bilər. Hazırda qiymətlər artan templə davam edir ki, bu da torpağın və tikinti materiallarının qiymətinin qalxması ilə bağlıdır. Yeni çoxmənzilli bina tikənlər təməl qoyan zaman artıq onun qiymətini yüksək hesablayırlar. Bunu nəzərə alarsaq, böyük axın tələbi artıracaq ki, bu da qiyməti artacaq”.
Qeyd edək ki, Rusiyada qismən səfərbərlik elan ediləndən bəri ölkədən gedən insanların sayı haqda ilkin məlumat yayılıb. Bu barədə ekspert Natiq Cəfərli qeyd edib. O, müxtəlif məlumatlar əsasında ölkədən xaricə gedənləri sayını təqdim edib: Antalyaya 441 min, İstanbula 200 minə yaxın; Gürcüstana 82 min; Qazaxstana 100 minə yaxın (çox yerdə sərhəd-keçid məntəqəsi yoxdur, tam sayı bilmək mümkün deyil); Ermənistana - 25 minə yaxın; Azərbaycan - dəqiq say elan edilməyib, amma reys sayına baxsaq 7 minə yaxın; Monqolustana 30 minə yaxın; Avropa Birliyi ölkələrinə 66 min nəfər.