"UBER" ŞIRKƏTİ İLƏ BAĞLI BEYNƏLXALQ SKANDAL -Texnologiya nəhənginin hamiləri arasında Bayden, Makron da olub...
"Uber" texnologiya nəhənginin qanunları pozması, polisi aldatması, sürücülərə qarşı zorakılıqdan sui-istifadəsi, hökumətləri gizli ələ almasına dair gizlin sənədlər mediaya sızdırılıb.
Yenixeber.org: “Uber faylları” şirkətin beynəlxalq ekspansiya naminə prezidentlərə, baş nazirlərə, digər aparıcı rəsmilərə çıxış əldə edərək imtiyaz, nüfuz qazanmağa çalışdığını göstərir.
Elektron yazışmalar, tekst mesajlar, daxili memolar və digər sənədlər "Uber" rəsmilərinin yerli qanunları pozduğunu, hökumətləri aldatdığını, vergilərdən yayındığını, sürücülərə qarşı zorakılıqdan təzyiq vasitəsi kimi yararlandığını ortaya qoyub.
“The Guardian” qəzetinə sızdırılmış 124 mindən çox sənəd Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu (ICIJ) ilə paylaşılıb, 29 ölkədə 180-dən çox jurnalist birgə tədqiqat aparıb. “The Guardian” yazır ki, bu sənədlər "Uber"in Silikon Vadisinin ən məşhur şirkətlərindən birinə çevrilməsilə bağlı etik baxımdan mübahisələri sualları üzə çıxarıb.
Sənədlər şirkətin həmtəsisçisi Travis Kalanikin beşillik idarəçilik dövrünü əhatələyir. Kalanik taksi çağırma xidmətini dünyanın müxtəlif şəhərlərinə qanunları pozmaq bahasına belə yaymağa çalışırdı. Sızdırımış mesajlardan görünür ki, şirkət rəsmilərindən biri zarafatla “pirat”a çevrildiklərini deyib, digəri isə “qanunsuz” işlədiklərini dilə gətirib.
2015-ci ilin aprelində "Uber"in Amsterdam ofisində yerli orqanlar reydə başlayandan 20 dəqiqə sonra şirkətin kompüter ekranları qaralır. Kalanik şirkətin daxili şəbəkəsini söndürmək əmri veribmiş. “Təcili, ‘rubilnik’i (elektrik cərəyanını kəsən açar) söndürün. AMS-da (Amsterdamı nəzərdə tutur) çıxış kəsilməlidir”, – Kalanik emailində yazıb.
“Washington Post” belə hallarda hakim orqanların istədikləri datanın hamısına çıxış əldə edib-etmədiyini öyrənə bilməyib. “Bloomberg News” isə yazıb ki, azı bir halda "Uber" hakim orqanların birinci mərhələdə ala bilmədiyi sənədləri ikinci axtarış orderindən sonra təqdim edib.
2013-2017-ci illəri əhatələyən emaillərdən birində Kalanik Fransada Uber sürücüləri etiraza çıxarlarsa, taksi biznesindəki qəzəbli rəqiblərinin zorakılığı riski ilə üzləşə biləcəkləri fikrilə razılaşmır, digər rəsmilərin bu məsələdən narahatlığını rədd edir. “Məncə, buna dəyər. Zorakılıq uğurun zəmanətidir”, – o yazıb.
Kalanikin sözçüsü isə bəyanatında bildirib ki, o, “heç vaxt "Uber"in sürücülərin təhlükəsizliyi bahasına zorakılıqdan yararlanmalı olduğunu nəzərdə tutmayıb”, belə iddialar tamamilə saxtadır.
Sənədlərdə Kalaniklə Emmanuel Makron arasında yazışmalar da var. O zaman Fransanın iqtisadiyyat naziri olan Makronun "Uber"in bu ölkədə fəaliyyətini genişləndirməsinə gizli kömək etdiyi, "Uber"in onun özünə və əməkdaşlarına mütəmadi və birbaşa çıxışın olduğu bildirilir.
Hazırda prezident olan Makron "Uber"ə deyirmiş ki, şirkətə kömək üçün Fransa hökumətindəki opponentləri ilə gizli razılaşma da əldə edib.
Almaniyanın indiki kansleri, o zaman Hamburqun meri olan Olaf Şolts "Uber"in lobbiçilərinə qarşı çıxaraq sürücülərə minimum əməkhaqqı verilməsində təkid edəndə, şirkət rəsmilərindən biri həmkarlarına deyib ki, o, əsl komediyaçıdır.
Həmin dövrdə ABŞ-ın vitse-prezidenti olan Co Bayden də "Uber"i dəstəkləyirmiş. O, Davosda Dünya İqtisadi Forumunda şirkətlə görüşə gecikəndə Kalanik həmkarına mesaj göndərib: “Adamlarıma tapşırdım ona desinlər ki, gecikdiyi hər dəqiqə mənimlə görüşündən kəsilir”.
Kalaniklə görüşdən sonra Bayden Davosdakı çıxışında dəyişiklik edib, milyonlarla işçiyə istədikləri qədər işləyərək öz həyatlarını istədikləri kimi idarə etmək azadlığı verəcək şirkət başçısından danışıb.
Sənədlərdən birinə görə, "Uber" 2016-cı ildə lobbiçilik və ictimaiyyətlə münasibətlərə 90 milyon dollar xərcləməyi planlaşdırıb. Şirkətin strategiyasına şəhər merlərinə, nəqliyyat orqanlarına çıxış əldə etmək daxil olub.
"Uber" sızdırılan sənədlərə cavab bəyanatında səhvlərini və yanlış addımlarını etiraf edib, 2017-ci ildən bəri, indiki rəhbər Dara Xosrovşahinin liderliyi altında transformasiya olunduğunu bildirib.
“İndiki dəyərlərimizə uyğun olmayan keçmiş davranışa görə üzr istəməyəcəyik. Əvəzində ictimaiyyətdən xahiş edirik ki, bizi son beş ildə etdiklərimiz və gələcəkdə edəcəklərimiz əsasında dəyərləndirsinlər”, – bəyanatda deyilir.
Kalanikin sözçüsü isə "Uber"in ekspansiya təşəbbüslərinin dünyanın onlarla ölkəsində yüzlərlə lider tərəfindən, birbaşa nəzarət altında həyata keçirildiyini qeyd edib.Hazırda dünyanın ən böyük iş platformalarından olan "Uber" 43 milyard dollarlıq bir şirkətdir, günə 19 milyona yazın taksi səyahəti gerçəkləşdirir.