Yenixeber.org: Dünya bazarında Brent markalı etalon neftin qiyməti 76 dolları ötüb. Ölkələr pandemiyadan çıxdıqca, iqtisadi canlanma yarandıqca, avtomobil nəqliyyatı və avinəqliyyata tələb artdıqca, turist səfərləri genişləndikcə, bir sözlə, həyat normala döndükcə enerji daşıyıcılarına tələbat da artır. Bu isə qiymətin yüksəlməsinə səbəb olur.
Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafından çox danışılsa da, heç kimə sirr deyil ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı davam edir. Neftin qiyməti düşəndə iqtisadiyyatımız kollapsa girir, zəncirvari şəkildə bütün sahələrə bunun mənfi təsiri olur, əhalinin rifahı aşağı düşür, gəlirlər azalır.
Bəs, neftin qiymətinin qalxması Azərbaycan iqtisadiyyatı üçün hansı perspektivlər vəd edir? Neft gəlirlərinin artması xalqın həyat səviyyəsini yüksəltmək üçün yetərlidirmi və bu istiqamətdə nələr edilməlidir? Hökumət keçmiş dönəmdə olduğu kimi, neft gəlirlərinə arxayın olmalıdır, yoxsa real iqtisadi islahatlar həyata keçirməlidir? Neftin hazırkı yüksək qiymətlərinin uzun müddət davam edəcəyinə ümid etmək olarmı?
Suallarımızı ekspertlərə ünvanladıq.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirdi ki, neftin qiymətinin gündəlik dəyişməsi Azərbaycana daxil olan gəlirlərin artması-azalması anlamına gəlməməlidir:
“Neftdən gələn qazanc müxtəlif faktorlardan asılıdır. Dövlət Neft Şirkəti özünün müəyyən miqdarda hasil etdiyi, qurudakı yataqlardan çıxarılan neftini satır. Onu isə əsasən Rusiyanın Novorossiysk limanı vasitəsilə “Urals” markası adı altında satır. Bizim əsas qazanc mənbəyimiz “Azəri-Çıraq Günəşli” müqaviləsi çərçivəsində ixrac olunan və Azərbaycanın payına düşən mənfəət neftidir. Əldə edilən mənfəətə baxmaq üçün Dövlət Neft Fondunun açıqlamalarına nəzər salmaq lazımdır. “Azəri-Çıraq Günəşli” və “Şahdəniz” layihəsindən 5 ayın məlumatı mövcuddur ki, orada nə qədər mənfəət əldə etdiyimiz barədə qeydlər var. Ötən il orta qiymət 42 dollar olub, indi isə neftin qiyməti 75 dolları ötüb. Bu, 60 faiz çox deməkdir. Ancaq mənfəətimizin az olduğunu görürük. Mənfəətin azalmasının da bir çox səbəbləri var. Statistika Komitəsinin qeyd etdiyi rəqəmlərə baxsaq, görərik ki, 5 ayda neft hasilatında 6 faiz azalma var və bu azalmada əsas yük “Azəri-Çıraq Günəşli” yatağının üzərinə düşür. Azərbaycan Energetika Nazirliyi xam neft və kondensatın hasilatını göstərir. Kondensatın hasilatı da azalır. Kondensat əsasən “Şahdəniz”də hasil edilir. “Şahdəniz-1” layihəsi çərçivəsində hasilat müəyyən qədər azalır, çünki aprelin ortalarından əvvəllər Türkiyəyə ixrac olunan qaz həcmləri dayandırılıb və xərclərin artımı baş verib. Pandemiya ilə əlaqədar olaraq işlər səngimişdi. Cari xərclər çıxılır, dövlətin və daha sonra şirkətlərin payı qalır. İstənilən halda, qiymətin artımı xeyirdir. Onsuz da xərclər var. Biri var, həmin xərcləri 50 dollardan çıxasan, biri də var, 75 dollardan. Bu, müsbət haldır. Mənfi hal ondan ibarətdir ki, qiymət artdıqca mal və onun xidmətləri də artır”.
İ.Şabanın sözlərinə görə, insanlar neftin qiymətinin stabil olmadığını və daimi dəyişdiyini başa düşməlidir:
“Neft meyvə-tərəvəz deyil ki, orta stabil qiyməti olsun. Neftin qiyməti 20 dollara da düşə bilər, 120 dollara da qalxa bilər. Nefti satana daha çox problemlər yaranmış olur. Satan proqnozlaşdırdığı qiyməti komfortlu şəkildə həyata keçirə bilmir. Bir məqamı da qeyd edim ki, neft layihələrini həyata keçirən şirkətlər onun 30 faiz xərcini özü ödəyir, qalan 70 faizi isə kredit şəklində götürür. Ona görə də iqtisadiyyatın şaxələndirilməsi mütləqdir. 20 il qazmaçı işi ilə məşğul olan adam iş bitdikdə, qalır işsiz və həmin işdən də başqa iş bacarmadığı üçün depressiyaya düşür. Həmin insana deyirlər ki, iş nə zaman başlasa və olsa, səni çağıracağıq. İqtisadiyyat da yalnız neftə bağlı olduqda həmin qazmaçıya bənzəyir. Bütün normal ölkələrdə iqtisadiyyat diversifikasiya olunur. İnsan daim öz-özünə sual verməlidir ki, öz bilik və bacarıqlarını kapitala çevirə bilirmi? Əgər insan bilik və bacarığını kapitala çevirə bilmirsə, o zaman ona çox çətin olacaq”.
Neftin qiymətinin uzun müddət indiki diapazonda qalması ehtimalına gəldikdə, Neft Araşdırmaları Mərkəzinin rəhbəri qeyd etdi ki, neftin qiymətinin uzun müddət yüksək səviyyədə qalması bir dəfə olub:
“2010-cu ilin ikinci yarısından 2014-cü ilin sentyabr ayına qədər neftin qiyməti 100 dollardan yuxarı olub. Ondan sonra qiymətin hansısa nöqtədə dayanması müşahidə edilməyib. Biz “trade”lərə baxsaq, görərik ki, neftin qiyməti 80 dolları da keçə bilər, 100 dollara da çata bilər. Çünki 2020-ci ildə çox təlatümlü bir dövr yaşadıq. Dünya fantastik bir çökmə yaşadı. İndi isə oyanma yaşanır. Bazarda nəyisə satmaq istəyirsənsə, qiyməti əlçatan etməlisən. Hər şey bazara uyğun olmalıdır”.
İqtisadçı ekspert Natiq Cəfərli neftin qiymətinin 120 dollar olduğu vaxtları xatırlatdı:
“2008-ci ilin iyul ayında neftin qiyməti maksimum həddə – 148 dollara çatmışdı. O vaxt Azərbaycan neftinin hasilatının da yüksək olduğu dövrlərindən biri idi. Neftin qiyməti Azərbaycana müsbət təsir edir, valyuta gəlirlərinin artmasına səbəb olur, amma əhalinin həyat səviyyəsinə birbaşa təsir etməsi barədə birmənalı cavab vermək olmur. Çünki büdcə vasitəsilə neft pulunun sosial layihələrə, təmir-tikinti işlərinə, iqtisadiyyatın canlanmasına xərclənməsinin şahidi oluruq. Neftin qiymətinin 75 dollar olması əlavə valyuta gəlirlərinin əldə edilməsinə səbəb olacaq. Bu ilin sonuna qədər Dövlət Neft Fondu daha çox gəlir əldə edəcək. Amma bu, birbaşa dövlət büdcəsinə təsir etmir. Bu il Neft Fondundan dövlət büdcəsinə büdcənin yarısı qədər vəsait transfer olunacaq. Neft Fondunun öz büdcəsinə isə qiymət artımı pozitiv təsir edəcək”.
Ekspertin fikrincə, neftin qiymətinin qalxması hökumətə psixoloji təsir edir və onu tənbəlləşdirir:
“Biz bunu 2007-2008-ci illərdə də görmüşdük. Qiymət yüksələn kimi, islahat və qeyri-neft sektorunun inkişafı ilə bağlı addımlar kölgədə qaldı. 2014-cü ildə neft qiymətləri düşən kimi, yenidən islahatla bağlı məsələlər gündəmə gəldi və bununla əlaqədar müəyyən söhbətlər də oldu. Amma real sektorun inkişafında ciddi nəticələrə hələ də gəlib çıxmamışıq. 17 il bundan öncə büdcənin formalaşmasında faiz etibarilə neftin iştirak payı nə qədər idisə, indi də faiz etibarilə o qədər qalıb. Yəni ciddi dəyişiklik olmayıb. Ona görə də neft bahalaşan kimi, təəssüf ki, hökumətdə tənbəlləşmə sindromu yaşanır və qeyri-neft sektorunun inkişafına dair müxtəlif layihələr, perspektivli istqiamətlər bir çox hallarda yaddan çıxır. Ümid edirik ki, bu dəfə belə olmayacaq. Ümumiyyətlə, neft-qaz gəlirlərini unudub, gələcək nəsillər üçün düşünüb, normal və real iqtisadi proseslərə start verməli və real iqtisadiyyatın gücləndirilməsinə xidmət etməliyik”.
N. Cəfərli neftin qiymət artımını OPEK ölkələri və Rusiyanın anlaşması ilə izah edir:
“Başlıca səbəb OPEK+ ölkələrinin hasilatı keçən ildən kəskin azaltmasıdır. Hələ də süni qiymət artımı davam edir. Bu gün OPEK+ anlaşması olmasa, bütün ölkələr bacardıqları qədər neft çıxarıb satsalar, neftin qiyməti təqribən 45-50 dollara qədər enə bilər. Ona görə də, OPEK+ anlaşması bitənə qədər neftin qiymətində yüksək qiymət dalğalarını görə bilək. Amma bu anlaşma gələn ilin aprel ayında bitir. Bu on ay ərzində müəyyən dərəcədə OPEK+ anlaşması ilə əlaqəli neft qiymətlərinin daha da yüksəlməsini (80 dollar civarında) görə bilərik. Amma uzunmüddətli düşünsək, bahalaşma üçün şərait yoxdur. Bir çox fundamental səbəblər var ki, onlar neft bazarına orta perspektivdə təsir göstərəcək. Bu, İranın bazara çıxması, Liviya və ABŞ-da hasilatın artması, dünyada olan yaşıl enerji trendi, daxili yanma mühərrikindən daha az istifadə və ekoloji məsələlərin önə çıxmasıdır. Bütün bunlar neftə olan tələbatı orta-uzaq perspektivdə azaldacaq. Nəticə etibarilə də qiymətlər düşəcək”.(pressklub)
Ülviyyə Şahin