Azərbaycan işğaldan azad olunmuş Vejnəli qızıl yatağında qeyri-qanuni fəaliyyətlə bağlı hüquqi addımlar atacaq
“Cənab Prezident tərəfindən bu gün “Twitter” hesabında verilmiş məlumatlarda Zəngilan rayonunun Vejnəli kəndinin də işğaldan azad olunduğu var”.
Yenixeber.org: Bunu Ermənistan tərəfindən dinc əhaliyə qarşı törədilmiş cinayətlərin istintaqının ilkin nəticələrinə dair brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O, Vejnəli kəndi ilə bağlı faktın üzərində xüsusilə dayanmaq istədiyini bildirib: “İşğal olunmuş Zəngilan rayonunun Vejnəli kəndində Azərbaycanın ən böyük qızıl yataqlarından biri yerləşirdi. Ermənistan tərəfindən üçüncü ölkələrin fiziki və hüquqi şəxsləri cəlb edilməklə Vejnəlidə qanunsuz olaraq Azərbaycanın qızıl yataqlarının istismarı aparılırdı. Bu prosesdə üçüncü ölkənin “GeoProMining” şirkəti var idi, həmçinin də İsveçrə vətəndaşı olan Vardan Sirmax adlı şəxs cəlb olunmuşdu. V. Sirmax dünyada brend saatlar hesab olunan “Franc Muller” saatlarının istehsalçısıdır. Vejnəlidə, o cümlədən Kəlbəcərdə çıxarılan qızıllar həmin “Franc Muller” saatlarının işləmələrində istifadə olunurdu”.
- Haciyev qeyd edib ki, qızıl resursları Ermənistana gətirilir, Ermənistanda müəyyən saflaşdırma mərhələsindən keçdikdən sonra üçüncü ölkələrin bazarlarına çıxarılaraq, orada satışı həyata keçirilirdi: “Sirmaxla əlaqədar Azərbaycan Respublikasının Baş prokurorluğu tərəfindən müvafiq cinayət işi açılıb və hüquqi təqib addımları həyata keçirilib. Amma təəssüflə qeyd etməliyik ki, Azərbaycanın hüquqi müstəvidə olan sorğularına lazımi cavablar verilməyib, hüquqi müstəvidə bu məsələ ilə əlaqədar əməkdaşlıq göstərilməyib”.
- Hacıyevin sözlərinə görə, ölkə prezidentinin bilavasitə tapşırığı əsasında işğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycan vurduğu zərərlərin kompleks qiymətləndirilməsi aparılacaq: “İndiyədək Azərbaycan bunu aparırdı, amma daha səhih formada yox idi. Çünki fiziki olaraq həmin əraziyə nəzarət edə bilmirdik. Amma işğaldan azad olunduqdan sonra və orada olan əvvəlki inventarlar da, o cümlədən vətəndaşlarımızın mülkiyyət hüququnu, mülkiyyətini təsbit edən inventarlar, sənədlər də daxil olmaqla təbii resurslarımız haqqında materiallar bir araya gətirilməklə kompleks qiymətləndirilərək Ermənistanın bu işğalı nəticəsində Azərbaycan vurduğu zərərlər qiymətləndiriləcək və bir dövlət olaraq Ermənistanın məsuliyyəti daha aydın şəkildə müəyyən olunacaq. Xoş haldır ki, Vejnəli yatağı işğaldan azad edilib. Bu yataq da Azərbaycanın digər tərəfdaşlarla imzaladığı müqavilələr çərçivəsində istismar olunaraq Azərbaycan xalqının mənafeyi naminə istifadə olunacaq. Ümumiyyətlə, münaqişələrdə bu kimi mineral yataqlar və resurslar çox vacib elementlərdən biridir. Afrika qitəsində münaqişələrdə “Kimberli” adlanan proses var. Bu, brilyant və almazların münaqişənin davam etməsinə
nə dərəcədə təsir göstərməsidir. Ermənistanın rəhbərliyində təmsil olunmuş, səhra komandirləri adlanan şəxslər də bilavasitə bu çirkab və qeyri-şəffaf biznesdə şəxsi maraqları var idi”.
O bildirib ki, Paşinyan da daxil olmaqla, hazırda Ermənistanın rəhbərliyində təmsil olunan şəxslərin də bu çirkab və qeyri-şəffaf biznesdə şəxsi maraqları olub: “Ona görə onlar hər bir vəchlə bu qanunsuz iqtisadi əməllərin davam etdirilməsində maraqlıdırlar. Bundan sonra bu fəaliyyət dayansa da, cinayət olduğu təqdirdə cəza da olmalıdır. Baş prokurorluq və aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən Vardan Sirmax, onun ətrafında olan və bu prosesdə iştirak etmiş fiziki və hüquqi şəxslərə münasibətdə hüquqi təqib addımlarımız davam etdiriləcək. Həmçinin həmin şəxsin vətəndaşlığını daşıdığı ölkələrin məhkəmə-hüququ sistemini araşdırırıq ki, ondan da istifadə edərək qanun çərçivəsində sivil qaydada hüquqi mübarizə tədbirlərimiz davam etdirək”.
Baş prokuror Kamran Əliyev də Vejnəli kəndinin azad olunmasını çoxdan gözlədiklərini bildirib: “Bizim istintaq-əməliyyat qrupu ora getməyə tələsir. Bizə məlumat verilib ki, orada qızıl istehsalı ilə bağlı iki fabrik tikilib. O işin başa çatdırılması bizim üçün çox vacib idi. Ümid edirəm ki, yaxın vaxtlarda biz bu işləri həyata keçirəcəyik”.