Onlar koronavirusa məğlub oldular... - SİYAHI
Artıq bir aydır ki, dəhşətli bəlaya çevirilən koronavirus pandemiyası həyatın bütün sahələrinə, o cümlədən idman dünyasına da təsir etməyə başlayıb. Virusdan həyatını itirənlər içində idman nümayəndələri də var.
İspaniyanın həvəskarlar liqasında mübarizə aparan "Atletiko Portado Alta" klubunun futbolçusu Fransisko Qarsiya ötən həftə koronavirusdan həyatını itirib. Bu yaxınlarda onkoloji xəstəliyinin olduğu aşkarlanan 21 yaşlı oyunçu həm də "Atletiko Portado Alta"nın gənclərdən ibarət komandasının baş məşqçisi idi.
İspaniyanın "Real Madrid" klubunun sabiq prezidenti Lorenso Sans da ötən həftə koronavirusun qurbanı olub. L.Sans 76 yaşında dünyasını dəyişib. O, ölümündən bir neçə gün əvvəl yüksək temperaturla xəstəxanaya çatdırılıb. Sabiq funksionerin koronavirus analizi müsbət nəticə verib.
Qeyd edək ki, Lorenso Sans 1995 - 2000-ci illərdə "Real Madrid"ə rəhbərlik edib. Bu müddətdə "kral klubu" 1966-cı ildən həsrət qaldığı Çempionlar Liqasını iki dəfə (1998, 2000-ci illər) qazanıb. Daha sonra L.Sans yerini hazırkı klub prezidenti Florentino Sansa verib.
İranın qadın futzalçılardan ibarət yığma komandasının sabiq üzvü Elham Şeyxi də pandemiyadan həyatını itirən idmançılardandır. 23 yaşlı futzalçı ölümündən 10 gün əvvəl Qum şəhərində xəstəxanaya yerləşdirilib. Onda koronavirus testi müsbət nəticə verib.
Koronavirun yayıldığı Çinin Uhan şəhərində yaşayan 72 yaşlı idmançı Qiu Jun maska taxmağı rədd etdiyi üçün ölüb. O, koronavirusdan ölən ilk idmançıdır. Virusa yoluxan bodibildinq müəllimi fevralın 6-da dünyasını dəyişib.
Qeyd edək ki, 2003-ci ildə təqaüdə çıxdıqdan sonra 56 yaşında bədən tərbiyəsi ilə məşğul olan Qiu Jun bir çox medallar qazanıb.
İtaliyanın “Atalanta” klubunun 4 əməkdaşı da koronavirus pandemiyasının qurbanı olub. Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Öncə klubun gənclərdən ibarət komandalarında çalışan Enso Donina və Enso Marandonun pandemiyanın qurbanı olduğunu açıqlayan “Atalanta” daha sonra menecer Albino Broqni ilə masajçı Severino Possentinin də dünyasını dəyişdiyini bəyan edib. Bununla əlaqədar klub prezidenti Antonio Perkassi başsağlığı verib.
İspaniyanın “Espanyol” klubunun sabiq qapıçısı və məşqçisi Benito Xoanet də koronavirusdan həyatını itirən idman nümayəndələrindəndir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə Benitonun 84 yaşında bu xəstəlikdən vəfat etdiyi qeyd olunub. Bir neçə ay əvvəl isə Xoanet insult keçiribmiş.
İranda futzal və futbol məşqçisi kimi fəaliyyət göstərən Əhməd Taheri də koronavirusdan həyatını itirib. Taheri dörd ay əvvəl immunitet sistemini zəiflədən beyin şişi əməliyyatı keçirib.
İspaniyalı məşhur idman jurnalisti Joze Maria Kandela da pandemiyanın qurbanı olub. O, 54 yaşında həyatını itirib.