Azərbaycanın “qazlı ümidlər”i boşa çıxa bilər
SOCAR qiyməti endirməyəcəyini bəyan etdi
"Xeberinfo.com": Məlumata görə, Ekspertlər isə bildirirlər ki, qaz layihələri uzun illər rentabelli olmayacaq
Azərbaycanın qaz bazarına vaxtı ilə böyük maraq göstərən Qərbin bir müddət öncədən başlayaraq, bürokratik əngəllər yaratması bir sıra suallar ortaya çıxarır. Bildirilir ki, Avropa Birliyi ölkələri iri layihələrə maliyyə qoymaq istəmir. Yunanıstan isə Trans Adriatik Qaz kəməri ilə Azərbaycan qazının daşınması məsələlərinə və DESFA qaz paylayıcı şəbəkəsinin özəlləşdirilməsi mexanizminə yenidən baxmaq niyyətindədir. Yunanıstan hesab edir ki, Azərbaycandan alacağı qazın qiymətləri bahalıdır.
Bu məsələdə son olaraq, SOCAR fevralın 16-da açıqlama yayaraq, qazın qiymətinin aşağı salınmayacağını bildirib.
“Yunanıstanın Trans-Adriatik qaz kəməri (TAP) layihəsi çərçivəsində Azərbaycandan alacağı qazın satış qiymətinin aşağı salınması, kim istəsə belə, mümkün deyil”, – bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.
APA-nın xəbərinə görə, E.Nəsirov qeyd edib ki, bu, qəbul edilən beynəlxalq təcrübənin tələblərinə uyğun gəlmir: “Yunanıstanla 25 il müddətinə müqavilə bağlanılıb. Müqaviləyə görə, tərəflərin qazın alış və ya satış qiymətinin dəyişdirilməsi ilə bağlı danışıqlar aparmasının mümkünlüyü barədə müddəalar var. Bu da bazar vəziyyətində kəskin dəyişiklərin olduğu zaman baş verən bilər. Amma bu proses qazın tədarükündən sonra baş tuta bilər. Yunanıstan tərəfi hələlik qaz almadığı üçün hər hansı qiymətin dəyişdirilməsindən söhbət gedə bilməz”.
Vitse-prezident deyib ki, bundan başqa, qazın qiymətinin düşməsi nə Yunanıstan, nə Azərbaycan, nə də ki, SOCAR-dan asılı deyil: “Qiymətlə bağlı müqavilə Yunanıstan şirkəti ilə Yunanıstana qaz tədarük edəcək 7 şirkətin daxil olduğu konsorsium tərəfindən imzalanıb. Bununla bağlı mexanizm Yunanıstan tərəfi və qazı tədarük edəcək və danışıqları həyata keçirən qrup tərəfindən işlənilib. Müqavilə imzalandıqdan sonra bu qrup öz fəaliyyətinə xitam verib. Məhz buna görə, qazın qiymətinin aşağı salınması ilə bağlı danışıqları aparacaq heç bir tərəf yoxdur”.
E.Nəsirov Yunanıstan tərəfinin Azərbaycan qazını TAP layihəsi çərçivəsində nəql ediləcəyi tranzit haqlarının artımı ilə bağlı irəli sürdüyü tələbə də aydınlıq gətirib. O, bildirib ki, bu məsələ birbaşa Avropa İttifaqına ünvanlanacaq məsələdir, lakin “Avropa İttifaqının şərtlərinə uyğun deyil”.
O, qeyd edib ki, bütün bu şərtlərin qarşılığında SOCAR-ın Yunanıstan tərəfindən əsas tələbi tədarük ediləcək təbii qaza görə vaxtında ödənişin edilməsi və kəmərin tikintisinin gecikməməsidir. E.Nəsirovun sözlərinə görə, SOCAR mütəmadi olaraq, Yunanıstanın yeni hökuməti ilə əlaqədədir: “Əgər Yunanıstan iqtisadiyyatı TAP-ın mövcudluğundan daha intensiv templərlə inkişaf edəcəksə, biz bu layihəyə istənilən dəstəyimizi verməyə hazırıq”.
Ekspertlər isə bildirirlər ki, Azərbaycanın mühüm iştirakçısı olduğu “Şahdəniz-2”, TANAP və TAP layihələri uzun illər rentabelli olmayacaq.
Ekspert Natiq Cəfərlinin sözlərinə görə, Beynəlxalq Energetika Agentliyi və Dünya Bankı yeni və maraqlı bir hesabat yayıb. Hesabatda deyilir ki, yaxın 3 ildə dünyada qazın qiymətləri 30-60 faiz aşağı düşəcək: “Bu, tək neftin ucuzlaşması ilə əlaqədar deyil. Əsas səbəb dünyada yeni, iri qaz hasilatı və ixracı ilə məşğul olan oyunçuların yaranması və qazın tankerlərlə daşınmasına görə baş verəcək. Sıxılmış qazın tankerlərlə daşınması həm qaz təchizatının mobilliyini artırır, həm də tranzit xərclərini azaldır. Üstəlik, boru keçən ölkələrdə baş verən və ya baş verə biləcək siyasi riskləri sığortalayır”.
O, musavat.com-a deyib ki, qazın qiymətlərinin enməsi artıq başlayıb: “2014-cü ildə Rusiyanın Avropaya satdığı qazın ortalama qiyməti hər 1000 kubmetrə görə 387 dollar idisə, yaxın 3 ildə uzunmüddətli kontraktlarda qiymət 302 dollara qədər ucuzlaşacaq. Rusiyanın Çinə 2018-ci ildən sonra satacağı qazın qiyməti isə hər 1000 kubmetrə görə ortalama 256 dollar olacaq. Dünyada ən bahalı qazı Yaponiya alır – 1000 kubmetri 600 dollara… Amma artıq Yaponiya Avstraliya ilə anlaşıb. 2016-ci ildən yeni nəsil tankerlərlə bu ölkədən qaz almağa başlayacaq. İlkin olaraq, qiymətin 400-450 dollar arasında olacağı proqnozlaşdırılıb.
Yəni görünən odur ki, yaxın 5 ildə dünya qaz bazarı köklü şəkildə dəyişəcək. Qiymətlər də xeyli ucuzlaşacaq. Bizim hökumət mütləq bunu nəzərə almalı, TANAP və TAP layihələrində izafi xərcləri azaltmalı, yeni payçılar cəlb etməlidir. Yoxsa 48 milyard dollara başa gələcək “Şahdəniz-2”, TANAP və TAP layihələri uzun illər rentabelli olmayacaq.
Ancaq qoyulan vəsaitin geri götürülməsi üçün çalışılacaq. Halbuki ölkəmiz bu layihələrdən qazanc götürə bilməyəcək. Azərbaycanın bu layihələrdə liderliyi ələ alması çox yaxşıdır və indi çalışmalıdır ki, TANAP-a, sonradan isə TAP-a İran və İraq qazının cəlb olunmasında operator olsun. Bundan da pul qazansın, yoxsa, bu layihələrin səmərəsi olmayacaq”.
Ekspert daha bir təklif də verib: “Azərbaycan gəmiqayırma zavodu tikir və əslində, bu, rentabelli layihə deyil. Xəzər dəniz deyil, okeana çıxışımız yoxdur, gəmiqayırma zavodunun önəmi azdır. Amma yeni yanaşma ilə bu zavodu rentabelli etmək olar. Rusiya Transxəzər kəmərini çəkməyə qoymur. Ona görə də, Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya çatdırılması mümkün olmur. Xəzərin dibi ilə boru çəkməyə Rusiya da, İran da imkan vermir. Amma Azərbaycan Yaponiya və Cənubi Koreyadan mütəxəssislər, texnologiyalar cəlb etməklə, Ələtdəki yeni gəmiqayırma zavodunda Xəzərdə üzə biləcək kiçik tutumlu sıxılmış qaz tankerləri istehsal edə bilər. Bu, yüzlərlə yeni iş yerləri deməkdir. Kəmər çəkmədən Türkmənistan qazının Azərbaycana daşınması, buradan da Avropaya çatdırılması mümkündür. Beləliklə də Rusiya və İranın təzyiqlərindən, boru çəkilməsinə maneələrindən canımız qurtara bilər. Belə olan şəraitdə, Türkmənistan qazı da TANAP və TAP layihəsinə qoşulacaq ki, bu da layihənin gəlirliliyini və cazibəsini artıracaq. Tək bizim 10-12 milyard kubmetrlik kiçik qaz həcmi ilə bu layihələr rentabelli olmayacaq. Uzun müddət gəlir gətirməyəcək, nə də bizim Avropa bazarında söz sahibi olmağımıza imkan yaratmayacaq. Avropanın illik qaz istehlakı indi 490 milyard kubmetrdir. 2020-ci ildə qazımız Avropaya çatanda istehlak 550 milyard olacaq. Yəni, bizim 10-12 milyard ilə bazarda “hava” dəyişməyəcək. Bu da sizə “milyonluq” təklif, götürün, həyata keçirin. Biz də deyək, “sağ olsun hökumət, dinləyir, əməl edir, işləyir”.